Məhkəmə qərarları › İş №e-2(049)-17/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-17/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-17/2024 15.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onun vəkili Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə Cavabdeh5 kredit üzrə cəmi borcu 31447.28 (otuz bir min dörd yüz qırx yeddi manat 28 qəpik) manat - bundan 17235.46 (on yeddi min iki yüz otuz beş manat 46 qəpik) manat əsas, 10468.21 (on min dörd yüz altmış səkkiz manat 21 qəpik) manat faiz borcu, 1855.51 (bir min səkkiz yüz əlli beş manat 51 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1888.10 (bir min səkkiz yüz səksən səkkiz manat 10 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 184.34 (yüz səksən dörd manat 34 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumunun cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutulması - tutmanın ipoteka ilə yüklü edilmiş, paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəlməsi - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin torpaq sahəsini və fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli İL-02979/14 saylı Əsas Kredit müqaviləsinə əsasən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti ayrılmışdır. Əsas Kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2017-ci il tarixli LAN-141199/17 saylı Əlavə Kredit Müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, 15 (on beş) faiz dərəcəsi ilə 17600 (on yeddi min altı yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh5 kredit verilərkən Bank arasında Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 ilə xx.xx.2017-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka qoyulması barədə Bank ilə borcalan Cavabdeh5 və ipotekaqoyan Cavabdeh4 və ipotekaqoyanlar Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli İpoteka Müqaviləsi imzalanmışdır. Bu razılaşma Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2022-ci il tarixli **********422 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh5 kredit üzrə cəmi borcu 31447.28 (otuz bir min dörd yüz qırx yeddi manat 28 qəpik) manat təşkil edir. Bundan 17235.46 (on yeddi min iki yüz otuz beş manat 46 qəpik) manat əsas, 10468.21 (on min dörd yüz altmış səkkiz manat 21 qəpik) manat faiz borcu, 1855.51 (bir min səkkiz yüz əlli beş manat 51 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1888.10 (bir min səkkiz yüz səksən səkkiz manat 10 qəpik) manat faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixində 290 (iki yüz doxsan) manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər biri ayrıayrılıqda iddia tələbini qismən – onlardan pulun tutulması hissəsində əsas borca münasibətdə iddia tələbində qeyd olunan, faiz borcuna münasibətdə ekspert rəyində göstərilən məbləği qəbul etdiklərini, dəbbə pulunun yüksək hesablandığını, ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsinə münasibətdə isə ekspert rəyində göstərilən məbləğlə razılaşmadıqlarını bildirərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh5 vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin iddia tələbini qismən – cavabdehlərdən pulun tutulması hissəsində əsas borca münasibətdə iddia tələbində qeyd olunan, faiz borcuna münasibətdə ekspert rəyində göstərilən məbləği qəbul etdiyini, dəbbə pulunun yüksək hesablandığını, ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsinə münasibətdə isə ekspert rəyində göstərilən məbləğlə razılaşmadığını bildirərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli İL-02979/14 saylı Əsas Kredit müqaviləsindən görünür ki, Cavabdeh5 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti ayrılmışdır. Əsas Kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2017-ci il tarixli LAN-141199/17 saylı Əlavə Kredit Müqaviləsindən görünür ki, Cavabdeh5 36 (otuz altı) ay müddətinə, 15 (on beş) faiz dərəcəsi ilə 17600 (on yeddi min altı yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış LAN-141199/17 saylı xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, sonuncular İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh5 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. xx.xx.2014-cü il tarixli İL-02979/14 nömrəli ipoteka müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli İL-02979/14 saylı kredit öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2017-ci il tarixli, LAN-141199/17 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh5 36 ay müddətində xx.xx.2017-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialına qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh5 ilə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 17235.46 manat əsas, 10468.21 manat faiz, 1855.51 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 1888.10 manat faiz borcu, cəmi 31447.28 manat məbləğində kredit borcu hesablanmışdır. Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, ipoteka saxlayan LPO İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh4, Cavabdeh2, X3, borcalan Cavabdeh5, zaminlər Cavabdeh6 və Cavabdeh1 məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi təklif edilmiş, əks təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi diqqətə çatdırılmışdır. “Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” haqqında bildirişin qeydiyyata alınmasına dair ərizədən görünür ki, ipoteka saxlayan tərəfindən borcalana bildiriş göndərilmiş və bu bildiriş 03 noyabr 2022-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2013-cü il tarixli, Seriya RX ******* №-li ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Lənkəran rayonu, Ürgə kəndində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 84 kv.m yaşayış, 58.7 kv.m köməkçi sahədən ibarət ümumi sahəsi 142.7 kv.m olan fərdi yaşayış evi və 0.0233 ha torpaq sahəsi Cavabdeh4, 0.0233 ha torpaq sahəsi Cavabdeh2 və Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, hüququ yüklü edilən şəxslər Cavabdeh4 məxsus fərdi yaşayış evi və 0.0233 ha torpaq sahəsi, Cavabdeh2 və Cavabdeh3 məxsus 0.0233 ha torpaq sahəsi 13 mart 2014-cü il tarixli, İL-02979/14 №-li əsas kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən başlayaraq 120 ay müddətinə İddiaçı ASC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu və 15 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 184.34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2014-cü il tarixli İL-02979/14 №-li ipoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, ipoteka predmeti qarşılıqlı razılığa əsasən 12000 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladıqları ərizədən görünür ki, adları qeyd olunan cavabdehlər iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması» tələbinə dair iddia ərizəsinin iddia müddəti ötürülməklə verildiyini nəzərə alaraq, iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş vəsatət təmin edilərək, kompleks məhkəmə-mühəndis və əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/6005 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh5 tərəfindən xx.xx.2020-ci il tarixədək (müqavilə müddəti bitən tarixə) banka olan borcu əsas borc üzrə 17.492,04 manat, faiz borcu üzrə 6.510,03 manat müəyyən olunur. Cavabdeh5 tərəfindən xx.xx.2022-ci il tarixədək (son ödəniş tarixinə) banka olan borcu əsas borc üzrə 17.492,04 manat, faiz borcu üzrə 8.429,30 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə-mühəndis və əmtəəşünaslıq ekspertizası tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/7322-9/7391 nömrəli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus olan 1 mərtəbəli, ümumi sahəsi 142.7 kv.m olan, 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri təqribən 44600 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli İL-02979/14 saylı Əsas Kredit müqaviləsindən görünür ki, Cavabdeh5 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti ayrılmışdır. xx.xx.2017-ci il tarixli LAN-141199/17 saylı Əlavə Kredit Müqaviləsinə əsasən Cavabdeh5 36 (otuz altı) ay müddətinə, 15 (on beş) faiz dərəcəsi ilə 17600 (on yeddi min altı yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 LAN- 141199/17 saylı xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh5 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. xx.xx.2014-cü il tarixli İL-02979/14 nömrəli ipoteka müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli İL-02979/14 saylı kredit öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2017-ci il tarixli, LAN-141199/17 saylı ödəniş cədvəlinə əsasən Cavabdeh5 36 ay müddətində xx.xx.2017-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialına qaytarmağı öhdəsinə götürmüşdür. Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş əsasında müəyyən edilmişdir ki, ipoteka saxlayan LPO İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh4, Cavabdeh2, X3, borcalan Cavabdeh5, zaminlər Cavabdeh6 və Cavabdeh1 məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi təklif edilmiş, əks təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi diqqətə çatdırılmışdır. “Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” haqqında bildiriş 03 noyabr 2022-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan müəyyən edilir ki, hüququ yüklü edilən şəxslər Cavabdeh4 məxsus fərdi yaşayış evi və 0.0233 ha torpaq sahəsi, Cavabdeh2 və Cavabdeh3 məxsus 0.0233 ha torpaq sahəsi 13 mart 2014-cü il tarixli, İL-02979/14 №-li əsas kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən başlayaraq 120 ay müddətinə İddiaçı ASC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.xx.xx.2022-ci il tarixə İddiaçı ASC ilə Cavabdeh5 ilə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 17235.46 manat əsas, 10468.21 manat faiz, 1855.51 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 1888.10 manat faiz borcu, cəmi 31447.28 manat məbləğində kredit borcu hesablanmışdır. Müvafiq ödəniş qəbzləri əsasında müəyyən olunur ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu və 15 manat xidmət haqqı və iddiaçı tərəfindən 184.34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2014-cü il tarixli İL-02979/14 №-li ipoteka müqaviləsində ipoteka predmeti qarşılıqlı razılığa əsasən 12000 manat məbləğində müəyyən edilmişdir. İşin göstərilən halları cavabdehlərin izahatları və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış kredit, ipoteka və zaminlik müqavilələrindən əmələ gəlmiş, cavabdehlər iddiaçı qarşısında götürdükləri öhdəlikləri icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə, cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh5 kredit öhdəliyinin icrası müddətinin xx.xx.2020-ci il tarixdə başa çatmasını, iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsini, Cavabdeh5 kredit öhdəliyi üzrə son ödənişi xx.xx.2022-ci il tarixdə etməsini, Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il təşkil etməsini və iddiaçının iddia tələbini 3 illik iddia müddətinin hüdudları çərçivəsində məhkəməyə ünvanlamasını nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, iddia müddəti ötürülmədiyindən cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh5 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə digər cavabdehlər (zaminlər) Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 31 iyul 2020-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı 31 iyul 2021-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi xitam olduğu üçün cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 münasibətdə iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə xx.xx.2017-ci il tarixli LAN-141199/17 saylı kredit müqaviləsi üzrə 1855,51 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehlərdən 1500 manat həcmində tutulmasını daha ədalətli hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən qeyd olunan normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına yalnız ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda yol verilir. Əgər ev və ya mənzil satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini tərk etməzlərsə, bu halda həmin şəxslər məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh5 17235.46 manat əsas, 6510.03 manat faiz, 1500 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 1888.10 manat faiz borcu, 171,67 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş, paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəlməli, əmlakın likvid dəyəri 44600 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəlməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh5 tutulmalı, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməli, iddia cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 münasibətdə və qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun 12,67 manat hissəsi iddiaçıya aid edilməlidir. Eyni zamanda MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən iş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pul Cavabdeh5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh5 17235.46 manat əsas, 6510.03 manat faiz, 1500 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 1888.10 manat faiz borcu, 171,67 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş, paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Ürgə kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tam mülkiyyət hüququ üzrə yalnız Cavabdeh4 məxsus 1 mərtəbəli ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəlsin. İpoteka predmeti olan əmlakın likvid dəyəri 44600 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsait kredit borcuna yönəlsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh5 tutulsun. İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilsin. İddia cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 münasibətdə və qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 12,67 manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pul Cavabdeh5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar