Məhkəmə qərarları › İş №e-2(049)-1711/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1711/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1711/2023 13.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X4, X5, Cavabdeh1 və Cavabdeh3 qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, fərdi yaşayış evindən çıxarılması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 32077.83 (otuz iki min yetmiş yeddi dollar 83 dollar) ABŞ dolları bundan 24.052,84 (iyirmi dörd min əlli iki dollar 84 sent) ABŞ dolları əsas, 5.444,64 (beş min dörd yüz qırx dörd dollar 64 sent) ABŞ dolları faiz borcu, 1.180,89 (bir min yüz səksən dollar 89 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1.399,46 (bir min üç yüz doxsan doqquz dollar 46 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 253.60 (iki yüz əlli üç manat 60 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus olan Lənkəran rayonu, Separadi kəndi 0.12 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarasınız. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli LAN-157177/15 saylı Əsas Kredit müqaviləsinə əsasən cavabdehə 180(yüz səksən) ay müddətinə 100000(yüz min) manat məbləğində kredit xətti ayrılmışdır. Əsas Kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2017-ci il tarixli LAN-157177/17 saylı Əlavə Kredit Müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, 6 (altı) faiz dərəcəsi ilə 24600 (iyirmi dörd min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Bank arasında Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2017-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus olan Lənkəran rayonu, Separadi kəndi 0.12 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə borcalan Cavabdeh2 və ipotekaqoyan Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixli İpoteka Müqaviləsi imzalanmışdır. Bu razılaşma Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2022-ci il tarixli **********710 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 32077.83 (otuz iki min yetmiş yeddi dollar 83 dollar) ABŞ dolları təşkil edir. Bundan 24.052,84 (iyirmi dörd min əlli iki dollar 84 sent) ABŞ dolları əsas, 5.444,64 (beş min dörd yüz qırx dörd dollar 64 sent) ABŞ dolları faiz borcu, 1.180,89 (bir min yüz səksən dollar 89 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1.399,46 (bir min üç yüz doxsan doqquz dollar 46 sent) ABŞ dolları faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixində 58.74(əlli səkkiz dollar 74 sent) ABŞ dolları məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: xx.xx.2015-ci il tarixli № LAN-157177/15 saylı əsas kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə X4 arasında əsas kredit müqaviləsi bağlanaraq əlavə kredit müqaviləsi ilə müəyyən ediləcək, 180 ay müddətinə, 100.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində Cavabdeh2 kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixli № LAN-157177/17 saylı əlavə kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə X4 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 48 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə, cəmi 24.600 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli № LAN-157177/17 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, kredit alan X4 48 ay müddətində hər ay 200 ABŞ dolları olmaqla xx.xx.2017-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2021-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi ləğv prosesində olan İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2017-ci il tarixli № LAN-157177/17 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 24.052,84 əsas borc, 5.444,64 ABŞ dollar faız borcu, 1.180,89 ABŞ dollar cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%lə hesablanmış 1.399,46 ABŞ dolları faiz olmaqla, cəmi 32077.83 ABŞ dolları borcu vardır. xx.xx.2017-ci il tarixli № LAN-157177/17 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 iddiaçı ilə cavabdeh X3 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli № LAN-157177/17 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 iddiaçı ilə cavabdeh X3 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli № LAN-157177/17 saylı zaminlik müqaviləsindən görünür ki, X5 iddiaçı ilə cavabdeh X3 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli kassa məxaric orderindən görünür ki, X4 İddiaçı ASC-dən 24.600 ABŞ dolları məbləğində nəğd pul götürmüşdür. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən və hüquqların Dövlət Qeydıyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan (seriya RX № 0602944) görünür ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh4 məxsus olan Lənkəran rayonu, Separadi kəndi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 91,2 kv.m, yardımçı sahəsi 93,7 kv.m-dən ibarət 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi 180 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, borclu X4 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ipoteka saxlayan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tutmanın ipoteka predmeti olan Lənkəran rayonu, Separadi kəndi 0.12 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün iddiaçı tərəfindən ümumilikdə 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 253,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2015-ci tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh2 100.000 manat və ya həmin məbləğin digər valyutaları ekvivalentində məbləğində 180 ay müddətinə kredit xətti açılmışdır. Həmin kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC ilə X5 arasında eyni tarixli ipoteka muqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh4 məxsus olan Lənkəran rayonu, Separadi kəndi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 91,2 kv.m, yardımçı sahəsi 93,7 kv.m-dən ibarət 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Əsas kredit müqaviləsi əsasında tərəflər arasında xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsi baglanmış, müqaviləyə əsasən Cavabdeh2 48 ay müddətinə, illik 6 faiz ödəmək şərti ilə, 24.600 ABŞ dollar məbləğində kredit verilmişdir. Bundan başqa bağlanmış əlavə kredit müqaviləsi üzrə İddiaçı ASC ilə X5, Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən Zaminlər Kreditor qarşısında xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsüliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqavilələri üzrə götürülmüş öhdəlikləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, Cavabdeh2 Bank qarşısında olan borc öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş və o öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. İddia tələbindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 24.052,84 əsas borc, 5.444,64 ABŞ dollar faız borcu, 1.180,89 ABŞ dollar cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1.399,46 ABŞ dolları faiz olmaqla, cəmi 32077.83 ABŞ dollarının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə, iddianı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsi üzrə əsas, faiz və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış əlavə faiz hissəsində əsaslı hesab edir. Belə ki, təqdim edilmiş sübutlar əsasında məbləğlərin mötəbərliliyini şühbə altına alan hər hansı hal mövcud deyildir. Digər tərəfdən cavabdehlərə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti göndərilməsinə baxmayaraq sonuncular həmin məbləğlərin əsassızlığını nə yazılı, nə şifahi forma etiraz verməklə mübahisələndirməmişlər. Ona görə də iddia tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsi üzrə əsas, faiz və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış əlavə faiz hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının əlavə kredit müqaviləsi üzrə yaranmış 1.180,89 ABŞ dolları məbləğində cərimə tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, dəbbə pulunun məbləği müəyyən edilərkən məhkəmələr kreditorun və borclunun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdırlar. Odur ki, göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının «cərimənin ödənilməsi barədə» tələbi qismən təmin edilməli, dəbbə pulunun məbləği 100 ABŞ dolları məbləğində müəyyən edilməli və Bankın xeyrinə ödənilməlidir. Məhkəmə iddianın kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tutulması hissəsinə münasibətdə qeyd edir ki, zaminllərin öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin (əlavə kredit müqabiləsi üzrə ) yarandığı andan əmələ gəlmişdir. Əlavə kredit və zaminlik müqavilələrindən görünür ki, xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı xx.xx.2022-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə Cavabdeh4 (zamin olaraq), Cavabdeh1 və Cavabdeh3 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, MM-nin 477.0.4-cü maddəsinə görə məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi xitam olduğu üçün iddia tələbi xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh4 (zamin kimi), Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması hissəsində əsassız və həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə bildirir ki, iddia tələbinə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi də daxildir və bununla bağlı qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. MM-nin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1, 59.3, 59.3.1 və 59.4-cü maddəsində göstərilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən qeyd olunan normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına yalnız ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda yol verilir. Əgər ev və ya mənzil satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini tərk etməzlərsə, bu halda həmin şəxslər məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qeyd edilən maddi hüququ normalarının tələbindən çıxış edən məhkəmə hesab edir ki, iddia əsaslıdır və iddiaçı Bankın tələbi üzrə tutma ipoteka predmeti olan və Cavabdeh4a məxsus Lənkəran rayonu, Separadi kəndi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 91,2 kv.m, yardımçı sahəsi 93,7 kv.m-dən ibarət 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməlidir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edilən maddi hüquq normasının tələbini nəzərə alaraq ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və bununla bağlı ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirlyii Məhkəmə Ekspertiza Mərkəzinin 10/4961- 9/5209 №-li, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan Lənkəran rayonu, Separadi kəndi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 91,2 kv.m, yardımçı sahəsi 93,7 kv.m-dən ibarət 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin orta bazar qiyməti 55.000 manat, likvid dəyəri isə 49.000 təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə qeyd olunan ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın təqdim edilməməsini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində həmin rəyə istinad edilməsini məqsədəmüvafiq sayır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 24.052,84 əsas borc, 5.444,64 ABŞ dollar faız borcu, 100 ABŞ dollar cərimə, kredit müqaviləsi bitdikdən sonra illik 5%-lə hesablanmış 1.399,46 ABŞ dolları, həmçinin iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 253,60 manat, tutmanın ipoteka predmetinə yönəldilməsi üçün bildiriş verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 45 manat cavabdeh X1 tutularaq iddaçının xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Lənkəran rayonu, Separadi kəndi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 91,2 kv.m, yardımçı sahəsi 93,7 kv.m-dən ibarət 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəlməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməli, ipoteka predmetinin ilkin satış qiyməti 49.000 manat kimi müəyyən edilməli, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməli, cavabdeh X1 tutulacaq 30.996,94 ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanmalı, iddia qalan hissədə və cavabdehlər Cavabdeh4 (zamin kimi), Cavabdeh1 və Cavabdeh3 münasibətdə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 24.052,84 əsas, 5.444,64 ABŞ dollar faız, 100 ABŞ dollar cərimə və kredit müqaviləsi bitdikdən sonra illik 5%-lə hesablanmış 1.399,46 ABŞ dolları əlavə faiz olmaqla, cəmi 30.996,94 ABŞ dolları, həmçinin iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 253,60 manat, tutmanın ipoteka predmetinə yönəldilməsi üçün bildiriş verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 45 manat cavabdeh X1 tutularaq iddaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Lənkəran rayonu, Separadi kəndi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 91,2 kv.m, yardımçı sahəsi 93,7 kv.m-dən ibarət 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satışa çıxarılsın və ipoteka predmetinin ilkin satış qiyməti 49.000 manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan əmlak - Lənkəran rayonu, Separadi kəndi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 91,2 kv.m, yardımçı sahəsi 93,7 kv.m-dən ibarət 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna təhvil verilsin. Hərracdan əldə olunmuş vəsait kredit müqaviləsi üzrə yaranmış borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehlər X1 oğlundan tutulacaq 30.996,94 ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. İddia qalan hissədə cavabdehlər Cavabdeh4 (zamin kimi), Cavabdeh1 və Cavabdeh3 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar