Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1881/2025 24.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsindən irəli gələn pul tələbinə» dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 9401.94 USD borcun, ödənilmiş 137.95 manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış BPM**********70 saylı, xx.xx.2023-cü il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh iki tərəfli ödəniş kartı verilmiş, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Texniki overdraft - müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri Banka ödəməyi öhdəsinə götürür. Müştəri Xidməti Departamentinin müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından sui-istifadə edərək ümumilikdə 14900.09 ABŞ Dolları məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsası olmadan 14900.09 ABŞ Dolları məbləği hesabdan çıxarmış, həmin məbləğə 521.85 ABŞ dolları faiz hesablanmışdır. Hüquqi əsası olmadan əldə olunmuş məbləğdən 6020 ABŞ dolları silinmə aparılmışdır. Cavabdeh Banka cəmi 9401.94 ABŞ Dolları borcu mövcuddur. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 3315.09 ABŞ dolları, faiz borcu üzrə 282.94 ABŞ dolları olmaqla, cəmi 3598.03 ABŞ dolları borc tutulsun. Məhkəmə rüsumu kimi ödəniilmiş 137.95 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı cavabdehdən tutulsun. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmənin hazırlıq iclasında iştiak edərkən isə Bank tərəfindən həqiqətən onun hesabına pul köçürüldüyünü lakin həmin pulun əksər hissəsini geri qaytadığını, iddianı qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. BPM**********70 saylı, xx.xx.2023-cü il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən iki tərəfli ödəniş kartı verilmiş, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka cəmi 9401.94 ABŞ Dolları borcu mövcuddur. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh həmin tarixdə əsassız varlanmaya səbəb olmuş pul vəsaitini 3 gün müddətinə geri qaytarmaq barədə xəbərdarlıq edilmişdir. Mədaxil qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə banka Cavabdeh tərəfindən 1980 ABŞ dolları və 3561 ABŞ dolları ödənişlər edilmişdir. Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 137.95 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş üzrə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin göstərilən halları işdə iştirak edən tərəflərin izahatı və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinin məzmunundan görünür ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da aiddir. Həmin məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Beləliklə işin mübahisəsiz halıdır ki, "xxxx" ASC tərəfindən Cavabdeh kart hesabına yalnışlıqla 14900.09 ABŞ Dolları məbləğində vəsait köçürülmüş cavabdeh isə həmin vəsaiti kartdan məxaric etmişdir. Cavabdeh iddiaçıya olan borcunun əksər hissəsini ödəmiş hazırda 3315.09 ABŞ dolları borcu vardır. Lakin qeyd edilən məbləği cavabdeh bugünkü tarixədək geri qaytarmamışdır. Bank isə ümumi məbləğə cəmi 282.94 ABŞ dolları faiz hesablamışdır. Cavabdeh faiz məbləğini mübahisələndirir. Məhkəmə faiz məbləğini münasibətdə bu qənaətə gəlir ki, cavabdeh qalıq məbləğə tələbi tam qəbul edir və bank tərəfindən ona xx.xx.2025-ci il tarixdə xəbərdarlıq edilmişdir. Lakin həmin tarixdən artıq 3 ay müddət keçməsinə baxmayaraq cavabdeh əsas məbləği ödəmir. Buna görə də bankın faiz tələbini məhkəmə əsaslı hesab edir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə borc məbləği xarici valyuta ilə göstərildiyindən qətnamədə alınan məbləğin qərarın icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.1-ci maddələrinin məzmununa görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, artıq ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh "xxxx" ASC-nin xeyrinə BPM**********70 saylı, xx.xx.2023-cü il tarixli Tam kart çərçivə müqaviləsi üzrə əsas borc üzrə 3315.09 ABŞ dolları, faiz borcu üzrə 282.94 ABŞ dolları borcu tutulmalı, həmçinin iddia ərizəsi üçün ödənilmiş 137.95 manat dövlət rüsumunun 81,17 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçıya verilməli, artıq ödənilmiş 56,78 manatdan ibarət hissə dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə BPM**********70 saylı, xx.xx.2023-cü il tarixli Tam kart çərçivə müqaviləsi üzrə əsas borc üzrə qətnamənin icra olunacağı günə tətbiq olunan dərəcədə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 3315.09 ABŞ dolları, faiz borcu üzrə 282.94 ABŞ dolları olmaqla cəmi 3598.03 ABŞ dolları tutulsun. İddiaçı "xxxx" ASC-nin məhkəməyə müraciət etmək üçün ödədiyi 137.95 manat dövlət dövlət rüsumunun 81,17 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqı Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddiaçı "xxxx" ASC-nin məhkəməyə müraciət etmək üçün ödədiyi cəmi 137.95 manat məbləğin artıq ödənilmiş 56,78 manatdan ibarət hissəsi dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-1881/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1881/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver