Məhkəmə qərarları › İş №e-2(049)-2306/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2306/2025

29.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2306/2025 29.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştiraki ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsi, ev 76-də yerləşməklə onun mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1950-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuşdur. Hazırda da yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun qohumlarıdır. Yəni Cavabdeh2 onun doğma qızıdır. Cavabdeh1 isə bacısı oğludur. Cavabdeh2 təsərrüfatları ayrıdır. Rəna Moskva şəhərində yaşayır, digər cavabdeh Nemət Ukrayna Respublikasına getmişdir. İş üzrə cavabdehlər uzun illərdir ki, Ukrayna və Moskva şəhərində yaşayırlar. Cavabdeh1 üç il bundan əvvəl müvvəqəti qeydiyyata düşmüşdür. Lakin hər dəfə bəhanələr edib qeydiyyatdan çıxmaq istəmir. Digər Cavabdeh2 uzun müddətdir ki, o evdə yaşamır. Cavabdeh2 ilə ilə əlaqəsi yoxdur. Bu səbəbdən də mən şəxsi mülkiyyət hüququ əsasında mənə məxsus olan fərdi yaşayış evindən cavabdehlərin qanuni yolla çıxarılmasını tələb edir. Belə ki, məhkəməyə təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, həmin fərdi yaşayış evi onun xüsusi mülkiyyətimndədir. Qeyd olunan faktlar iddia ərizəsinə əlavə etdiyi sənədlərlə də təsdiqini tapır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iş üzrə cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazıradək Azərbaycan respublikasından kənarda yaşayırlar və onların iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olmaları onu mülkiyyət hüquqlarını pozur. Cavabdehlərin sözügedən mənzildə yaşamamaları iş materiallarına əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayıv evi İddiaçı xüsusi mülkiyyətindədir. Asna-Lənkəran Xidmət mərkəzi tərəfindən təqdim edilmiş ******* qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli “Yaşayış yeri üzə qeydiyyat haqqında” arayışdan görünürüki, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.1972-ci il təvəllüdlü Talıbova X1 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 76 ünvanında pasport qeydiyyatındadırlar. Məhkəmə sorğusu əsasında Lənkəran Şəhər rayon Polis Şöbəsindən təqdim edilmiş 96/2-20413/25 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən və Cavabdeh2 Talib qızı xx.xx.2008-ci il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadırlar, lakin qeydiyyata alınmalarına səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş “şəxsin sərhədkeçməsi barədə” məlumatdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh1 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ölkə hüdudlarından kənara getmişdir və xx.xx.2020-ci il tarixdə geri qayıtmışdır. Həmin tarixdən sonra Cavabdeh1 ölkə hüdudlarından kənara getməsi aşkar edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş “şəxsin sərhədkeçməsi barədə” məlumatdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2 Azərbaycan Respublikasının ölkə hüdudlarından kənara getməsi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayıv evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı iddia tələbində onun mülkiyyətində olan cavabdehlərin həmin evdə istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. İddiaçı tələbini əsaslandıraraq qeyd edir ki, cavabdehlər uzun müddətdir xarici ölkəyə getmişlər və orada yaşayırlar. Məhkəmə, iddia tələbinin Cavabdeh2na qarşı olan hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, Cavabdeh2 Talib qızı xx.xx.2008-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının qızı olmaqla, iddiaçı ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə yaşamışdır. İddiaçı bu faktı öz iddia ərizəsində də etiraf edir. Bu baxımdan cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli evdə yaşadığından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onun həmin evə mülkiyyətçi ilə bərabər istifadə hüquqları yaranmışdır. Hazırda isə iddiaçı cavabdehin uzun müddətdir ki, xaricdə yaşadığını iddia edərək, onun istifadə hüquqlarının kompensasiya verilmədən itirilmiş hesab edilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdehin mübahisəli evdən istifadə hüququnun mövcud olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı cavabdehin mübahisəli evə ehtiyacının aradan qalxıb-qalxmamasıdır. İddiaçı tərəfindən hazırda cavabdehin mübahisəli evə olan ehtiyacının aradan qalxmasına dair heç bir mötəbər sübut təqdim edilməmiş, əksinə işin məhkəmə baxışı zamanı iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatların əksinə olaraq, Cavabdeh2 Azərbaycan Respublikasının ölkə hüdudlarından kənara getməsinin aşkar edilməməsi müəyyən edilmişdir. Həmçinin, cavabdehin mülkiyyətində hər-hansı daşınmaz əmlak mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsində yerləşən 76 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirmiş hesab edilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin Cavabdeh1 qarşı olan hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi 27 may 2008-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MMin 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiyahüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh mənzilin mülkiyyətçisinin (əvvəlki və hazırkı) keçmiş ailə üzvləri kateqoriyasına da aid edilə bilməz. Belə ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 mübahisəli evə istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı bir sübut mövcud olmamışdır. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdeh1 pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi, Cavabdeh1 istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi, Cavabdeh1 qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçının ailə üzvü və ya digər qohumu hesab edilmir və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 sözügedən mübahisəli evə istifadə hüququ yoxdur, belə bir hüquq yaranmamışdır. Belə olduğu təqdirdə isə Cavabdeh1 Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsində yerləşən 76 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirmiş hesab edilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar