Məhkəmə qərarları › İş №e-2(049)-2621/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2621/2023

18.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2621/2023 18.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X2 iştirakları, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 15.205 ( on beş min iki yüz beş) manat maddi və 5.000 (beş min) manat mənəvi zərərin, həmçinin yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 100 (bir yüz) manatın, etibarnamə alınması üçün notariusa rüsum kimi ödədiyi 11 manat 50 qəpiyin, məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 153 (yüz əlli üç) manatın, ümumilikdə 20.469.5 (iyirmi min dörd yüz altmış doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq mənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh Əliyev X1 Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2018ci il tarixli hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsindən 30 aprel 2020-ci il tarixdə vaxtından əvvəl şərti azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3cü maddəsinə əsasən ləğv edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü ilə Cavabdeh təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış evlərinə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla yenə də oğurluqlar etmişdir. Belə ki, digər zərərcəkmişlərlə yanaşı 12 noyabr 2020-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evin eyvanında olan plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən çarpayının altında göy rəngli dəri qadın çantasının içərisindən ona məxsus ümumi dəyərləri 13730 manat olan 01 ədəd dəyəri 1680 manat olan 21 qramlıq, 583 əyarlıq qadın boyun bağısını, 01 ədəd dəyəri 800 manat olan 10 qramlıq, 583 əyarlıq zəncir toxunuşlu qadın boyunbağısını, 01 ədəd dəyəri 400 manat olan 5 qramlıq, 583 əyarlıq nazik forma toxunuşlu qadın boyunbağısını, 01 ədəd dəyəri 390 manat olan nazik forma toxunuşlu, 750 əyarlıq boyunbağısını, 01 ədəd dəyəri 1280 manat olan şam toxunuşlu, 16 qramlıq, 583 əyarlıq qadın saatını, 01 ədəd dəyəri 1280 manat olan 16 qramlıq, 583 əyarlıq qadın qızıl saatını, 01 ədəd dəyəri 640 manat olan üzərində zirkon qaşlar olan 583 əyarlıq, 8 qramlıq kişi üzüyünü, 01 ədəd dəyəri 800 manat olan üzərində zirkon qaşlar olan, 583 əyarlıq, 10 qramlıq kişi üzüyünü, 01 ədəd dəyəri 800 manat olan yumru pul formalı, 583 əyarlı, 10 qramlıq qadın kulonunu, 01 ədəd dəyəri 300 manat olan 3 qramlıq, üzərində sarı yantar qaş olan yumru formalı qadın kulonunu, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, ürək formalı 583 əyarlıq qadın kulonunu, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, 583 əyarlıq tək qadın sırğasını, 01 cüt dəyəri 400 manat olan 5 qramlıq, yumru formalı üzərində zirkon qaşlar olan qadın sırğasını, 01 cüt dəyəri 520 manat olan 4 qramlıq, 750 əyarlıq, uzunsov formalı qadın sırğasını, 01 ədəd dəyəri 800 manat olan üzərində qırmızı sadə qaş olan 10 qramlıq, 583 əyarlıq qadın üzüyünü, 01 ədəd, dəyəri 640 manat olan üzərində qırmızı sadə qaş olan 8 qramlıq, 585 əyarlıq qadın üzüyünü, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, 583 əyarlıq, üzərində sarı yantar qaş olan qadın üzüyünü, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, 583 əyarlıq, üzərində bənövşə rəngli sadə qaş olan qadın üzüyünü, 01 ədəd dəyəri 400 manat olan, 4 qramlıq, 583 əyarlıq, paxlava formalı üzüyünü, 01 ədəd 700 manat olan 5 qramlıq, 750 əyarlıq, üzərində ağ brilyant qaşlar olan qadın üzüyünü, 01 ədəd dəyəri 400 manat olan 5 qramlıq, 583 əyarlıq qaşsız nişan üzüyünü, 01 ədəd dəyəri 200 manat olan 10 qramlıq, 925 əyarlıq gümüş qadın üzüyünü, 01 ədəd dəyəri 300 olan 15 qramlıq, 925 əyarlıq gümüş qadın boyunbağını, həmin tarixə Azərbaycan Respublikası manatına olan məzənnəsi 1275 manat təşkil edən 750 ABŞ dolları və 200 manat nağd pulu gizli yolla talayıb iş üzrə zərərçəkmiş şəxs olan ona ümumilikdə 15.205 (on beş min iki yüz beş ) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Xəzər rayon Məhkəməsinin qeyd olunan hökmündən onun tərəfindən apellyasiya şikayəti verilərək, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-139/2021 saylı, 14 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini, daha ağır cəza təyin edilməsi və maddi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası Cavabdeh təyin olunmuş cəzanı onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, bu cinayətin ağırlığına uyğun olmayan cəza hesab edərək həmin cəzanın müddətini artırmaqla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-139/2021 saylı, 14 aprel 2021-ci il tarixli hökmün dəyişdirilməsini və apellyasiya şikayətimizin qismən təmin edərək Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-139/2021 saylı, 14 aprel 2021-ci il tarixli hökmündən onun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə məhkum Cavabdeh aid hissədə dəyişdirilmiş Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 04 (dörd) il 09 (doqquz) aya artırılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü ilə Cavabdeh təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və ona təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Törədilən qeyd olunan cinayət nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Belə ki, məhkəmə qərarlarından da göründüyü kimi cavabdehin cinayətkar əməlləri nəticəsində ona 15.205 (on beş min iki yüz beş) manat maddi zərər vurulmuşdur. Ona maddi ziyandan çox mənəvi ziyan vurulmuşdur. Cavabdehin təqsiri ucbatından onun və ailəsinin maddi vəziyyəti olduqca ağırlaşmışdır. Eləcə də məcburiyyət qarşısında qalıb ibtidai istintaq zamanı müxtəlif istintaq hərəkətlərində, eləcə də çoxsaylı məhkəmə iclaslarında iştirak edilməyə məcbur olunmuşdur. Bütün bunlar həm də onun mənəvi iztirablar keçirməyinə, özünə qarşı inamsızlığına səbəb olmuşdur. Qeyd olunanlar onun güclü mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Cavabdehin törətdiyi cinayətkar hərəkətlər nəticəsində ona vurulmuş mənəvi ziyanı 5000 (beş min) manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X4 ayrı-ayrılıqda iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Sonuncu məhkəmə iclası da daxil olmaqla əvvəlki tarixlərdə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat, eləcə də iddia ərizəsinin surəti Cavabdeh təqdim edilməsi üçün onun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinə göndərilmiş, lakin Cavabdeh iddiaya qarşı münasibətini (etirazını) məhkəməyə təqdim etməmiş, eləcə də məhkəmə iclaslarında iştirak etməklə bağlı ondan hər hansı vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 1(103)-976/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, zərər çəkmiş şəxs İddiaçı nümayəndəsi X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-139/2021 saylı, 14 aprel 2021-ci il tarixli hökmündən zərər çəkmiş şəxs İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə məhkum Cavabdeh aid hissədə dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 04 (dörd) il 09 (doqquz) aya artırılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü ilə Cavabdeh təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərarda Cavabdeh zərər çəkmiş şəxs İddiaçı ümumilikdə 15.205 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etməsi təsbit olunmuşdur. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 153 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il tarixli AR-İİ 226785 №-li etibarnamədən görünür ki, həmin etibarnamənin Bakı şəhəri 25 saylı notariat ofisində təsdiq edilməsindən ötrü İddiaçı 11.50 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia tələbinin maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə diqqətə çatdırır ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı ümumilikdə 15.205 manat dəyərində ziyan dəyməsi işin mübahisə olunmayan halıdır. Belə ki, həmin hal qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri üzündən iddiaçıya maddi ziyan vurulması yuxarıda qeyd olunan məhkəmə qərarı ilə öz təsdiqini tapdığından onun iddiaçı qarşısında maddi məsuliyyət daşımağı qanunidir. Yuxarıda sadalanan maddi hüquq normaları isə iddianın maddi ziyana aid hissədə təmin edilməsini şərtləndirir. Məhkəmə mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə bağlı qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Qanunvericilik zərərin əvəzinin ödənilməsini tələb etməyi nəzərdə tutmuşdur və bu hal yalnız hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmçinin Ali Məhkəmənin Plenumu göstərilən Qərarın 2-ci bəndində göstərmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Adı çəkilən Qərarın 9-cu maddəsində tövsiyə olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.). Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, Cavabdeh 12 noyabr 2020-ci il tarixdə saat təxminən 20 radələrində İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evə qanunsuz daxil olaraq, oradan xeyli miqdar təşkil edən iddiaçıya məxsus qızıl-zinət əşyalarını və müvafiq məbləğlərdə pul vəsaitlərini gizli yolla talaması nəticəsində iddiaçı maddi məhrumiyyətlərlə üzləşmiş, bunun nəticəsində çəkdiyi əziyyətlər səbəbindən düşdüyü arzuolunmaz şərait onun şüurunda davamlı olaraq mənfi emosiya yaratmışdır. Qeyd olunmalıdır ki, cavabdehin cinayət əməli nəticəsində iddiaçı əmlakından məhrum olmuş, nəticədə mənəvi iztirab yaşamışdır. Çünki iddiaçının ondan oğurlanmış qızıl əşyalarını, habelə pul vəsaitlərini özündə cəmləşdirməsi onun illərinin zəhmətinin bəhrəsi kimidir. Hansı ki, cavabdeh qanunsuz hərəkətləri ilə onun zəhmətinin nəticəsini iddiaçı üçün puç etmişdir. Bütün bunlar isə iddiaçıda ruh düşkünlüyünün yaranmasına, habelə insanlığa qarşı olan rəğbətinin azalmasına, eləcə də özünün ətrafdakı insanların yanında ondan oğurluq edildiyi üçün özünü iradəsi zəif insan hesab etməsinə gətirib çıxarmışdır. Ona görə də mənəvi narahatlığın kompensasiyası cavabdeh tərəfindən ödənilməlidir. Qanunvericiliyin göstərilən normalarının tələblərindən görünür ki, iddiaçının ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etməsi əsaslıdır. Lakin bununla yanaşı iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın hansı səbəblərdən məhz 5000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamışdır. Məhkəmə mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 1000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsini işin hallarına uyğun və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələbində yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 100 (bir yüz) manatın da cavabdehdən tutulmasını xahiş etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməki, 15205 manat maddi, 1000 manat mənəvi ziyana görə, notariat xidməti üçün ödənilmiş11.50 manat və 138.70 manat ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 14.30 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15205 manat maddi, 1000 manat mənəvi ziyana görə, notariat xidməti üçün ödənilmiş 11.50 manat və 138.70 manat ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 14.30 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar