Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3473/2025 08.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Astara Regional Təhsil İdarəsinə qarşı «əmrin ləğv edilməsi, mənəvi zərərə görə təzminat və digər » tələblərinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı məhkəməyə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Astara Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 1) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1Astara Regional Təhsil İdarəsinin Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçası müdirinin xx.xx.2025-ci il tarixli 74 saylı əmrinin ləğv edilməsi; 2) əmək məzuniyyətinə görə ödənilməmiş məbləğin gecikmiş məbləğə görə faiz hesablanması ilə ona ödənilməsi; 3) mediasiya üçün ödənilən 60 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi; 4) ona tətbiq olunan qanunsuz töhmət nəticəsində mənəvi zərər dəyərləndirərək cavabdehdən 5000 AZN təzminat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki iddia ərizəsinin xahiş edirəm hissəsində iddiaçının tələbi aydın olmamaqla iddia ərizəsində çatışmamazlıqlar mövcuddur. Belə ki, iddiaçı tələbində cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Astara Regional Təhsil İdarəsinin Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçası müdirinin xx.xx.2025-ci il tarixli 74 saylı əmrinin ləvğ edilməsini xahiş etsə də, cavabdeh tərəf kimi Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasını deyil Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Astara Regional Təhsil İdarəsini cəlb etmişdir. Bundan başqa iddaçı tərəfindən cavabdeh qismində cəlb edilmiş Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Astara Regional Təhsil İdarəsinə yönələn tələb bəlli deyildir. Həmçinin, İddiaçı iddia ərizəsinin xahiş edirəm hissəsinin 2-ci bəndində əmək məzuniyyətinə görə ödənilməmiş məbləğin gecikmiş məbləğə görə faiz hesablanması ilə ona ödənilməsini xahiş etsə də, həmin bənddə tam olaraq kimə yönəltdiyini göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi gələcəkdə hazırki iddia tələbi üzrə qətnamə qəbul ediləcəyi halda qanun tələblərinə tam şəkildə riayət olunması üçün iddia ərizəsinin xahiş edirəm hissəsinin 2-ci bəndindəki tələbin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1Astara Regional Təhsil İdarəsinə yoxsa Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasına yaxud da həmin bağçanın müdirinə yönəldilməsi məsələsi və yuxarda göstərilən digər çatışmazlıqlar dəqiqləşdirilməlidir. Məhkəmə iddiaçının diqqətinə çatdırmağı zəruri bilir ki, məhkəmənin yekun aktının icra edilə bilməsi üçün cavabdehin və ya cavabdelərin dəqiqləşdirilməsi işin tam və vaxtında yekunlaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirən zaman müəyyən olunur ki, İddiaçı cavabdehdən 5000 AZN təzminat tələb etsə də, hazırda iddia ərizəsinə müvafiq məbləğdə dövlət rüsumunun ödənilməsi barədə heç bir sənəd əlavə etməmişdir. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.2, 152.3, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Astara Regional Təhsil İdarəsinə qarşı «əmrin ləğv edilməsi, mənəvi zərərə görə təzminat və digər » tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-3473/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3473/2025
08.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver