Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3735/2025 19.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Astara regional təhsil idarəsinin Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasının nümayəndəsi - bağçanın müdiri X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Astara regional təhsil idarəsinin Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, əmək məzuniyyətinə görə ödənilməmiş məbləğin, mediasiya xərcinin və mənəvi zərərə görə təzminat məbləğinin tutulması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Astara regional təhsil idarəsinin Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, əmək məzuniyyətinə görə ödənilməmiş məbləğin, mediasiya xərcinin və mənəvi zərərə görə təzminat məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran şəhər 12 nömrəli körpələr eviuşaq bağçası müdirinin xx.xx.2025-ci il tarixli 74 nömrəli əmrinin ləğv edilməsi, əmək məzuniyyətinə görə ödənilməmiş məbləğin (gecikmiş məbləğə görə faiz hesablanmaqla), həmçinin, mediasiya xərcinin və ona tətbiq olunan qanunsuz töhmət nəticəsində mənəvi zərərin dəyərləndirilərək 5000 manat təzminat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyir. Həmin bağçanın müdiri onun əmək məzuniyyətinə çıxması barədə xx.xx.2025-ci il tarixli rəsmi ərizəsini qəbul etməyərək xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bağça müdirinə heç bir məlumat vermədən, 8 iş günü özbaşına işə gəlməməsi əsası ilə akt tərtib edib ona xx.xx.2025-ci il tarixli 74 nömrəli töhmət əmri vermişdir. Töhmət işçinin vəzifəsini yerinə yetirməməsi və ya müəssisədaxili intizam qaydalarını pozması halında verilə bilər. O, əmək hüququmun pozulması ilə əlaqədar Lənkəran-Astara regional təhsil idarəsinə, bağçanın həmkarlar təşkilatının sədrinə və Lənkəran-Astara regional əmək müfəttişliyinə müraciət etmişdir. Hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən qanunvericliyə müvafiq qaydada mediasiya təşkilatına müraciət etsə də, cavabdehin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən ona bu məzmunda xx.xx.2025-ci il tarixli arayış verilmişdir. O özü mediasiya sessiyasında iştirak etmək 60 manat vəsait ödəmişdir. Hesab edir ki, cavabdehin xx.xx.2025-ci il tarixli 74 nömrəli əmri ləğv edilməli və əmək məzuniyyətinə görə ödənilməmiş qalan vəsait ona ödənilməlidir. Belə ki, qeyd olunan əmr verilərkən cavabdeh tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. O, mən 34 ildir ki, pedaqoji stajla Lənkəran şəhər 12 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində çalışır. 2023-2024-cü illərdə 6 ay müddətində bağçanın müdiri səlahiyyətlərini də icra etmiş və fəaliyyətini yüksək keyfiyyətlə yerinə yetirmişdir. 2024-cü ildən etibarən bağçaya yeni təyin olunmuş müdir X2 əvvəllər rəhbəri olduğu bağçalardakı əməllərinin davamı olaraq ona qarşı qərəzli münasibət formalaşdırılmış, onu əsassız ittihamlarla işindən uzaqlaşdırmağa cəhd etmiş və bu hal bir ildir ki, davam edir. O, xx.xx.2025-ci il tarixdə təhsil sektoruna dəvət olunmuş, barəsində anonim məktub və 15 işçinin imzası ilə yazılmış şikayət məktubu olduğu ona bildirilmişdir. Hüququ olmasına baxmayaraq, həmin məktublar ona təqdim edilməmiş, yalnız ona qarşı ya başqa bağçaya köçürülməsi, ya da işdən azad olunması barədə tələb irəli sürülmüşdür. Məcbur edilərək ondan izahat alınmışdır. 34 il ərzində hər hansı bir intizam xətasına yol verməyən, həmişə müsbət xarakterizə olunan, körpələrə mənəvi ana olan, müəllimlərin diaqnostik imtahanında 45 bal toplayan savadlı bir işçi olaraq, heç bir əsası olmayan bu xəbər onun səhhətində ciddi gərginlik yaranmasına səbəb olmuş, buna görə də xx.xx.2025-ci il tarixdən əmək məzuniyyətinə çıxmasına ehtiyac yaranmışdır. O, xx.xx.2025-ci il tarixdə bağçanın müdiri Zəminə İsayevanın adına ərizə ilə müraciət edib xx.xx.2025-ci il tarixdən məzuniyyətə çıxmasını xahiş etmiş və ərizəni poçt vasitəsilə bağçaya ünvanlamışdır. Beləliklə, iş üzrə materiallarla sübut olunur ki, o, iş yerində rəsmən qeydiyyata alınması məqsədi ilə xx.xx.2025ci il tarixdə poçt vasitəsilə cavabdehə yazılı ərizə ilə müraciət edib 42 təqvim günü ərzində növbəti əmək məzuniyyətinə buraxılmasını xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin tələblərini (Bu maddəyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.) kobud şəkildə pozaraq ona əmək məzuniyyəti verməmişdir. Əmək məzuniyyətinə qrafik üzrə xx.xx.2025-ci il tarixdə cıxacağı halda, ilk olaraq onun hüququ prinsip zəminində pozulmuş, ikinci olaraq isə xx.xx.2025-ci il tarixi üçün əmək məzuniyyəti ərizəsi qəbul olunmamışdır. Onun ərizəsinə cavab olaraq cavabdeh özünün tarixsiz və nömrəsiz məktubunda qeyd etmişdir ki, “... xidməti zərurətlə əlaqədar olaraq sizin hal-hazırda məzuniyyətə getməyiniz mümkün hesab edilmir.” Bu imtina tamamilə əsassızdır. Belə ki, hansı xidməti zərurətin onun əmək məzuniyyətinə çıxmasına səbəb olduğu məktubda qeyd edilməmişdir. Əgər cavabdeh xidməti zərurət ifadəsiylə əvəzedici tərbiyəçiləri nəzərdə tutmuşsa, iddia ərizəsinə əlavə edilmiş, uşaqların davamiyyət jurnallarında qeyd olunan, iki qrup birləşərsə bir qrup uşaq sayının norması təmin olunmur. Qrupların birləşdirilməsi uşaq sayının azlığı baxımından hər zaman mümkündür. Belə ki, hər qrupda 7-8 nəfər uşağın olması, həmin qrupların birləşdirilməsi zamanı hər bir qrupda uşaq sayının 20 nəfərdən artıq olmaması barədə normativ tələbi aşmır ki, bu da onun məhkəməyə təqdim etdiyi, bağçanın davamiyyət jurnallarının surəti ilə təsdiq edilir. Ona görə də, cavabdehin xidməti zərurət barədə qeydi əsassız və qanunsuzdur . Bundan əlavə, o, 42 gün əmək məzuniyyətində olmasına baxmayaraq həmin günlərə görə cavabdeh ona məzuniyyət pulu ödəməmişdir. O, 34 ildir ki, eyni iş yerində pedaqoji fəaliyyətlə məşğuldur və bu illər ərzində hər hansı intizam tənbeh və ya adi xəbərdarlıq belə almamışdır. Həmişə nümunəvi davranışı ilə fərqlənmiş və bu da bağçanın həmkarlar ittifaqı təşkilatının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktub ilə də təsdiq olunur. Mübahisələndirilən əmrin əsassız və qanunsuz olmasını həm də o hal sübut edir ki, o, yalnız 8 iş günü deyil, 42 təqvim günü (yəni əmək məzuniyyətini tam əhatə edən bir müddətdə) işdə olmadığına baxmayaraq həmin günlərlə bağlı cavabdeh tərəfindən onun işinə xitam verilməmişdir. Bu da təsdiq edir ki, cavabdeh onun barəsində xx.xx.2025-ci il - xx.xx.2025-ci il tarixlərinə aid günlərə görə töhmət əmri verməklə səhv etdiyini anlamış, işə çıxmadığı digər günlərə, yəni xx.xx.2025-ci il - xx.xx.2025-ci il tarixlərinə aid əmək məzuniyyəti günlərinə münasibətdə eyni səhvi təkrar etməkdən çəkinmiş, qanunsuz əməllərinə haqq qazandırmaq məqsədi ilə xx.xx.2025-ci il - xx.xx.2025-ci il tarixlərinə əmək haqqı yazmamışdır ki, bu da Əmək Məcəlləsinin 179-cu maddəsinin tələbinə ziddir. Beləliklə, cavabdeh tərəfindən həmin əmr verilən zaman Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə olan halda, əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qanunsuz töhmət əmri verilməsi səbəbi ilə ona vurulmuş mənəvi zərərin təzminatı da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 151-ci maddəsinə əsasən ödənilməlidir. Qeyd etdiklərinə əsasən ona töhmət verilməsi barədə Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçası müdirinin xx.xx.2025-ci il tarixli 74 nömrəli əmrinin ləğv edilməsi, əmək məzuniyyətinə görə ödənilməmiş məbləğin (gecikmiş məbləğə görə faiz hesablanmaqla), həmçinin, mediasiya xərcinin və ona tətbiq olunan qanunsuz töhmət nəticəsində mənəvi zərərin dəyərləndirilərək 5000 manat təzminat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı uşaq bağçasında 34 illik iş təcrübəsinə malik olmasına baxmayaraq bağçadaxili qaydalara və davranış normalarına riayət etmir. Belə ki, iddiaçı özünün istifadə etdiyi sosial media hesablarında “Youtube Kanal 14” müstəqil telekanalında və "xxxx" MMC informasiya agentliyinə bağçadaxili qaydalara zidd olaraq bağçadaxili məlumatların yayılmasına şərait yaratmışdır. Bununla da o, “Təhsilverənlərin etik davranış qaydaları”nın 4.3-cü bəndində göstərilən “Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomaterialları, təsvirləri paylaşmamalıdır.” normasının tələbini pozmuşdur. İddiaçının bu hərəkətləri bağçadaxili intizam qaydalarına ciddi zərər vuraraq pedaqoji işçilərin iş prosesinə təsir etməklə yanaşı, valideynlər arasında narahatlıq, narazılıq yaratmışdır. İddiaçı 2025-ci ilin iyul ayında bağçanın müdiriyyətinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdən 42 təqvim günü məzuniyyətə buraxılmasına icazə verilməsini istəmişdir. Ərizə poçt vasitəsilə göndərilmişdir. Həmin ərizənin tarixi olaraq xx.xx.2025-ci il qeyd edilməsinə baxmayaraq, ərizə müəssisəyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Qanunvericiliyə görə işçilərin əmək məzuniyyəti növbəlilik prinsipi əsasında təmin edilir və işçinin bu barədə müraciəti (ərizəsi) məzuniyyət müddətinin başlanmasından ən azı 5 gün əvvəl təqdim edilməlidir. Bu səbəbdən iddiaçıya xx.xx.2025-ci il tarixdən məzuniyyətin verilməsi mümkün olmamış, buna baxmayaraq iddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5 iş günü ərzində heç bir üzürlü səbəb olmadan işə çıxmamışdır. Onunla telefon əlaqəsi saxlanılaraq bu barədə soruşulduqda, işə çıxmamasının səbəbini məzuniyyətdə olması ilə izah etmiş, ona görə işə gəlmədiyini və məzuniyyət ərizəsini poçt vasitəsilə göndərdiyini bildirmişdir. Məsələnin ciddiliyi nəzərə alınmaqla, bununla bağlı bağçanın həmkarlar təşkilatınada müraciət olunmuşdur. Bundan sonra müəssisə rəhbərliyinin xx.xx.2025-ci il tarixli 74 nömrəli əmri ilə iddiaçıya töhmət verilmişdir. Bununla yanaşı, xx.xx.2025-ci il tarixdə iddiaçıya rəsmi məktub göndərilməklə, işə çıxmadığı günlərdə bu barədə akt tərtib edildiyi və əmək haqqının dayandırıldığı bildirilmişdir. Bundan əlavə, əmək məzuniyyətinin verilməsi üçün müraciət edilməsinin qaydası, qanunvericiliyə uyğun şəkildə yazılı ərizə ilə müraciət etdiyi halda, onun əmək məzuniyyətinə çıxmasının təmin ediləcəyi də iddiaçıya izah edilmişdir. Eyni zamanda, işə çıxmadığı halda, barəsində qanunamüvafiq tədbirlər görüləcəyi də onun nəzərinə çatdırılmışdır. İddiaçının barəsində xx.xx.2025-ci il tarixli 74 nömrəli əmr verilərkən Əmək Məcəlləsinin tələblərinə, həmçinin, işə davamiyyət jurnalındakı məlumatlara və iddiaçının işə çıxmadığı günlərdə tərtib edilmiş aktlara istinad edilmişdir. Qeyd edilən əsaslara görə iddiaçıya intizam tənbehi verilməsi barədə Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçası üzrə xx.xx.2025-ci il tarixli 74 nömrəli əmri qanuni və əsaslı, həmin əmrdən iddiaçının verdiyi hazırki şikayəti isə əsassız hesab edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, iddiaçı ilə Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçası (bağçanın müdiri X1 şəxsində) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçı həmin müəssisədə 0,75 ştat vahidi tərbiyəçi işləyir və tərəfər arasında qanunvericiliyin tələbinə uyğun şəkildə müqavilə bağlanmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri, öhdəlikləri, işçinin əmək funksiyası, əmək şəraitinin şərtləri, habelə iş və istirahət vaxtı, məzuniyyətə çıxma müddəti və qaydaları tənzimlənmişdir. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən Lənkəran şəhər təhsil sektorunun məktəbəqədər müəssisələr üzrə metodistinə ünvanlanmış ərizənin sonluğunda “...Tərbiyəçi olaraq dedi-qodusuz, rahat şəraitdə işləmək mənim hüququm olduğu halda, dedi-qodudan baş götürüb xx.xx.2025-ci il tarixdə təcili əmək məzuniyyətinə çıxdım.” ifadəsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçası tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, iddiaçının ona məzuniyyət verilməsi ilə bağlı ərizəsi həmin müəssisəyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Qanunvericiliyə görə işçi bu barədə məzuniyyət müddətinin başlanmasına ən azı 5 gün qalmış müraciət etməli olduğuna və xidməti zərurətlə əlaqədar hazırda iddiaçının məzuniyyətə çıxması mümkün hesab edilmədiyinə görə ondan işə çıxması tələb olunmuş, əks halda, barəsində qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən Lənkəran-Astara regional təhsil idarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətdən görünür ki, o, xx.xx.2025-ci il tarixən əmək məzuniyyətində olduğunu bildirməklə, onun işdə olmaması ilə bağlı tərtib edilmiş aktların ləğv edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasının əməkdaşlarının iştirakı ilə tərtib olunaraq təsdiq edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli aktların surətlərindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5 iş günü ərzində heç bir üzürlü səbəb olmadan işə çıxmamış və bunun səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş, Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçası üzrə xx.xx.2025-ci il tarixli 74 nömrəli əmrinin surətindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5 iş günü ərzində heç bir üzürlü səbəb olmadan işə çıxmadığına, onunla telefon əlaqəsi saxlanılmasına baxmayaraq işə gəlməməkdə davam etdiyinə, bununla da onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə əməl etməyərək əmək intizamını pozduğuna görə müəssisə rəhbərliyinin xx.xx.2025-ci il tarixli əmri ilə iddiaçıya töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, iddiaçı ona əmək məzuniyyətinin verilməməsi ilə bağlı adı çəkilən orqana müraciət etmiş, həmin orqandan verilən cavab məktubunda ona izah edilmişdir ki, işəgötürənə əmək qanunvericiliyinin tələblərinə uyğun qaydada ərizə ilə müraciət ediləcəyi təqdirdə, ona əmək məzuniyyəti veriləcəkdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən xx.xx.2025-ci il tarixdə qanunvericliyə müvafiq qaydada mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya təşkilatına 60 manat vəsait ödəmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş sənədlərlə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, iddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5 iş günü ərzində işə çıxmamış, onun işdə olmaması müəssisə rəhbərliyi tərəfindən aktlaşdırılmışdır. Həmin müddət ərzində iddiaçının məzuniyyətdə olması ilə bağlı müdiriyyət tərəfindən hər hansı əmr verilməmişdr. Qeyd olunan əsaslara görə müəssisə rəhbərliyinin xx.xx.2025-ci il tarixli əmri ilə iddiaçıya töhmət verilmişdir. Hazırda iddiaçı ona töhmət verilməsi barədə Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçası müdirinin xx.xx.2025-ci il tarixli 74 nömrəli əmrinin ləğv edilməsini, əmək məzuniyyətinə görə ödənilməmiş məbləğin (gecikmiş məbləğə görə faiz hesablanmaqla), həmçinin, mediasiya xərcinin və ona tətbiq olunan qanunsuz töhmət nəticəsində mənəvi zərərin dəyərləndirilərək 5000 manat təzminat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələblərinin əsasları kimi əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirdiyini, indiyədək hər hansı intizam tənbehi almadığını, əmək məzuniyyətinə çıxması ilə bağlı müəssisə rəhbərinə yazılı ərizə göndərdiyini, lakin ona məzuniyyət verilmədiyini, cavabdeh orqanın rəhbərinin ona qərəzli münasibətinin nəticəsi olaraq intizam tənbehinə məruz qaldığını, eyni zamanda, ona olan qərəzli münasibətinin nəticəsi olaraq mənəvi zərər çəkdiyini və mənəvi zərəri 5000 manat miqdarında qiymətləndirdiyini bildirir. Cavabdeh iddia tələbini əsassız hesab edərək qəbul etmədiyini bildirir və iddia tələbinə etirazlarının əsasları olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə, 2-ci hissəsinin “b” bəndinə, ETN-nin xx.xx.2018-ci il tarixli Kollegiya iclasının 8/1 nömrəli qərarına, məktəbin xx.xx.2025-ci il tarixli 4 nömrəli pedaqoji şurasının qərarına, həmçinin, “Jurnalın aparılması qaydaları”nın tələblərinə istinad etməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işçiyə əmək məzuniyyətlərinin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması qaydaları və əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 138-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 138-ci maddəsinin 1-ci hissəsinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.[382] Həmin maddənin 2-ci hissəsinə görə məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Həmin maddənin 3-cü hissəsinə görə işəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır. Qeyd olunan hüquq normalarının məzmununun ümumi təhlilindən göründüyü kimi, məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi üçün işçinin bu barədə yazılı ərizəsinin olması tələb olunur. Yəni məzuniyyətin verilməsi barədə əmr, işçinin yazılı ərizəsi təqdim edildikdən sonra verilir. Qanunvericilikdə məzuniyyətin verilməsi barədə əmrin (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilməli olması ilə bağlı imperativ normanın mövcudluğu məzuniyyətə çıxmaq üçün işçi tərəfindən ərizənin təqdim edilməsinin də məzuniyyətin başlanmasına ən azı beş gün qalmış verilməli olmasını zəruri edir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdən əmək məzuniyyətinə çıxmaq istədiyi barədə ərizəni, özünün də etiraf etdiyi kimi, xx.xx.2025-ci il tarixdə (yəni xahiş etdiyi məzuniyyət müddətinin başlanmasına cəmi bir gün qalmış) yazaraq poçt vasitəsilə uşaq bağçasına göndərmişdir. Həmin ərizə isə xx.xx.2025-ci il tarixdə (yəni xahiş edilən məzuniyyət müddətinin başlanacağı vaxtdan da sonra) müəssisəyə daxil olmuşdur. Poçt vasitəsilə göndərilmiş məktubun ünvan sahibinə 2 gün ərzində, yəni xx.xx.2025-ci il tarixdə çatdırılmış olması da mübahisə doğurmur. Belə olan halda, müəssisə rəhbərinin iddiaçının həmin ərizəsi nəzərə alınmaqla ona məzuniyyət verilməsi barədə əmr tərtib etməsi də mümkünsüz olmuşdur. Buna baxmayaraq, iddiaçı ona məzuniyyət verilməsi barədə əmr mövcud olmasa da, xx.xx.2025-ci il tarixdən etibarən işə çıxmamış, həmin vaxtlarda işdə olmadığını iddiaçı özü də inkar etməmişdir. Halbuki, iddiaçının həmin günlərdə işdə olmaması üçün heç bir qanuni əsas, o cümlədən, məzuniyyət verilməsi barədə əmr olmamışdır. İddiaçının heç bir üzürlü səbəb olmadan işdə olmaması müəssisə rəhbərliyi tərəfindən aktlaşdırılımış və bunun hüquqi nəticəsi olaraq ona töhmət verilməsi barədə əmr verilmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Həmin məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Lakin buna baxmayaraq bağça rəhbərliyi bu halı kobud pozuntu kimi qiymətləndirməyərək hazırki iddiaçıya “töhmət” intizam tənbehinin verilməsi ilə kifayətlənmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin intizam tənbehinin verilməsi əsaslarını müəyyən edən 186-cı maddəsinin 1-ci hissəsinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci hissəsində işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək (“a” bəndi); sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək (“b” bəndi); kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək (“c” bəndi); əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək (“ç” bəndi) kimi intizam tənbehlərindən birini vermək hüququ müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericilikdə işçi barəsində tətbiq edilə biləcək intizam tənbehi növlərinin sırasında “töhmət” intizam tənbehinin növlərindən biri kimi müəyyən edilmişdir. Həmin intizam tənbehinin verilməsi üçün əsaslar kimi isə qanunvericilikdə işçinin əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, müəssisədaxili intizam qaydalarını pozması və sair hallar nəzərdə tutulmuşdur. İşçinin heç bir üzürlü səbəb olmadan işə çıxmaması işçinin əmək funksiyasını yerinə yetirməməsi kimi qiymətləndirildiyinə görə məhkəmə hesab edir ki, iddiaçı onun barəsində məzuniyyət əmri mövcud olmadığı halda, məzuniyyətə çıxmasını əsas gətirərək işə çıxmamaqla, həqiqətən də əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı 2025-ci ilin iyul ayında işdə olmadığı günlərdə işdə olmamasının səbəblərinin hansı qanuni əsaslarla ifadə olunduğunu və hansı faktlarla əlaqədar olduğunu iddia tələbində və məhkəmə iclasında da mötəbər sübutlarla izah edə bilməmişdir. Məhkəmə araşdırdığı faktlara və tədqiq olunmuş sübutlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, iddiaçının hüquqazidd hərəkətlərinin hüquqi və məntiqi nəticəsi olaraq müəssisə rəhbərliyi tərəfindən xx.xx.2025-ci il tarixli 74 nömrəli əmrlə ona intizam tənbehi verilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçıya intizam tənbehi verilməsi barədə əmrin ləğv edilməsi üçün hər hansı qanuni əsas müəyyən edilmədiyindən iddia tələbinin Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçası müdirinin xx.xx.2025-ci il tarixli 74 nömrəli əmrinin ləğv edilməsinə dair hissəsi təmin edilməməlidir. İddiaçının xx.xx.2025-ci il tarixdən əmək məzuniyyətinə çıxması barədə hər hansı əmr mövcud olmadığından həmin dövr üçün ona ödəniş hesablanması və ödənilməsi üçün də heç bir əsas yaranmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən əmək məzuniyyətinə görə ödənilməmiş məbləğin (gecikmiş məbləğə görə faiz hesablanmaqla) tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi də təmin edilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, mənəvi zərərin ödənilməsini tələb etmək üçün belə bir tələbin əsası olaraq ilk növbədə cavabdehin iddiaçıya münasibətdə hüquqazidd, qanunsuz əməllərinin olması faktı öz təsdiqini tapmalı və bu əməllər nəticəsində iddiaçı mənəvi iztirablar çəkməli, sarsıntı keçirməlidir. Cavabdeh tərəfindən (və ya iş üzrə cavabdeh müəssisənin rəhbərliyi tərəfindən) iddiaçıya qarşı hər hansı hüquqazidd əməlin törədilmiş olması, ona qarşı şərəfini, ləyaqətini, şəxsiyyətini alçaldan, həmin şəxsə sarsıntı, iztirab və ya işgəncə verilməsi ilə müşayiət olunan hərəkətlərə yol verilməsi aşkar edilməmişdir. İddiaçı onun barəsində qanunsuz töhmət əmri verilməsi səbəbi ilə ona mənəvi zərər vurulduğunu iddia etsə də, həmin əmrin qanunsuz olduğu müəyyən edilməmiş, habelə, iddiaçının hansı mənəvi dəyərlərinə zərər dəymiş olmasını təsdiq edən mötəbər sübutlar da onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. İşçinin barəsində töhmət əmrinin verilməsi, həmçinin, işçiyə məzuniyyət verilməsinin qanunauyğun hesab edilməməsi ona mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 5000 manat təzminat məbləğinin tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin təmin edilmədiyi nəzərə alınmaqla, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödənilmiş 60 manat mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Astara regional təhsil idarəsinin Lənkəran şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasına qarşı bağçanın müdirinin xx.xx.2025-ci il tarixli 74 nömrəli əmrinin ləğv edilməsi, əmək məzuniyyətinə görə ödənilməmiş məbləğin (gecikmiş məbləğə görə faiz hesablanmaqla), həmçinin, mediasiya xərcinin və ona tətbiq olunan qanunsuz töhmət nəticəsində mənəvi zərərin dəyərləndirilərək 5000 manat təzminat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödənilmiş 60 manat mediasiya xərci İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-3735/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3735/2025
19.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver