Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3795/2025 14.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqi əsas olmadan əldə olunan vəsaitə görə 64 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 3.55 manat faiz borcu - cəmi 67.55 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqının Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2025-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehin qeydiyyatda olduğu ünvana göndərilən məhkəmə sənədi onun həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Bundan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehin qeydiyyatda olduğu yer üzrə İcra Nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən məhkəmə sənədlərinin cavabdehin ünvanında onun ailə üzvünə təhvil verilməsinə dair məhkəməyə rəsmi qaydada məlumat verilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin müraciətinə əsasən iddiaçı tərəfindən ona əmək haqqı plastik kartı verilmişdir. Bununla bağlı ’’fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketi” ilə məlumatlar cavabdehin imzası ilə təsdiq edilərək banka təqdim olunmuşdur. Bundan başqa “ASAN” finans sistemi vasitəsilə məlumatların alınmasına dair xx.xx.2021-ci il tarixli razılıq ərizəsi cavabdehin imzası ilə təsdiq edilərək banka təqdim edilmişdir. Cavabdeh ona təqdim edilmiş əmək haqqı plastik kart hesabından (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək xx.xx.2024-cü il tarixdə 64 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 3.55 manat borcu yaranmışdır. Cavabdehin hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə hazırki dövr üçün 64 manat əsas borc və 3.55 manat gecikdirilmiş vaxt üçun faiz borcu olmaqla, cəmi 67.55 manat borcu mövcuddur. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı cavabdehdən cəmi 67.55 manat borc, 30.40 manat dövlət rüsumu və bank xidmət haqqının ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı tərəfindən ona təqdim edilmiş əmək haqqı plastik kart hesabında (********************) sistemdə baş vermiş xəta zamanı xx.xx.2024-cü il tarixdə 64 manat məbləğində vəsaiti məxaric etmişdir. Əlavə olaraq cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 3.55 manat borcu yaranmışdır. Cavabdeh ona xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq yaranmış borc məbləğinin ödənilməsini təmin etməmişdir. İddiaçı da hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı ödəmişdir. Hazırda iddiaçı cavabdehdən əsassız varlanma nəticəsində yaranmış 64 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 3.55 manat faiz borcu - cəmi 67.55 manat borc, 30.40 manat dövlət rüsumu və bank xidmət haqqının ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2 və 14.2.7-ci maddələrinin məzmununa görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən əldə olunan vəsaitə görə 64 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 3.55 manat faiz borcunun tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqının tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 64 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 3.55 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı - cəmi 97.95 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-3795/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3795/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver