Məhkəmə qərarları › İş №e-2(049)-3809/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3809/2024

26.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3809/2024 26.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə qaydalarının məkəmə qaydasında müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşməklə qeydiyyatda olduğu və Lənkəran rayonu, Siyavar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1955-ci il tarixdə Lənkəran rayonu, Siyavar kəndində anadan olmuşdur. Hazırda da, həmin kəntdə balaca bir şəraitsiz daxmada yaşayır. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarı ilə Lənkəran rayonu, Vel kəndi ərazisində onun mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda yaşadığı balaca daxma da, həmin torpaq sahəsində yerləşir. Qeyd olunan torpaq sahəsi Lənkəran rayonu, Siyavar kəndində yerləşir. İcra nümayəndəliyi Vel kəndində yerləşdiyi üçün adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi ərazi də Vel kəndi kimi qeyd edilmişdir. Həmin torpaq sahəsində əvvəllər dədə-babadan qalma bir daxma olmuşdur. Sonradan 2000-ci ildə o, həmin torpaq sahəsində ailəsi üçün 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi inşa etmişdir. Sonradan o, iş üzrə cavabdeh olan oğlu Cavabdeh1 toy eləyib və həmin evə gəlin gətirmiş və onlar birlikdə həmin evdə yaşamağa başlayıblar. Daha sonra iş üzrə Cavabdeh1 Rusiya Federasiyasında yaşayan dayılarının yanına işləməyə gedib. Həmin vaxtı o, əsgərlikdən təzə gəlmişdir. İş üzrə cavabdeh olan oğlu Cavabdeh1 Rusiya Federasiyasında dayılarının yanında olarkən orada qıza sataşdığı üçün dayıları gecə ilə onu Azərbaycana yola salmışlar. İş üzrə Cavabdeh1 Azərbaycana gələndən sonra anası və arvadı ilə birləşərək onu evdən qovmuşlar. Baxmayaraq ki, iş üzrə Cavabdeh1 arvadı və onun gəlini baldızının nəvəsidir. Onun başqa yerdə yaşamağa yeri yoxdur. Yuxarıda qeyd etdiyi kimi evin sənədi yoxdur, evin yerləşdiyi torpaq sahəsi isə Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. Bu barədə adına JN-199F KOD 80221028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə də verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, iki mərtəbəli ev çoxdan tikilib və o, həmin evdə heç bir il yaşamayıb. Hazırda isə çox kiçik olan uçuq bir evdə yaşayır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə komunal və torpaq vergisinin iddiaçı tərəfindən ödənildiyini və evin iddiaçıya məxsus olduğunu bildirdi. Torpağın 1999-cu ildə Səxavətə verildiyi və onun mülkiyyətində olduğunu, həmçinin işin digər hallarını əsas gətirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 evin 2010 və ya 2011-ci ildə anası tərəfindən tikildiyini, ailə qurduqdan sonra 2017-ci ildə övladı dünyaya gəldiyini və həmin vaxtdan atasının onlarla prinsipə düşərək onun yaşadığı evə köçüb 2-3 ay birgə yaşadığını bildirdi. Birgə yaşadıqları dövrdə atası tərəfindən söyüş və təhqirlərə məruz qalması və aralarında baş verən dava-dalaş sonda atasının sahə müvəkkili tərəfindən evdən çıxarılması ilə nəticələnmişdir. Lakin atasının yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Sadalanlara əsasən iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, əvvəlcə ailəvi olaraq həyətdə yerləşən balaca evdə yaşamışlar. Lakin sonradan həmin həyətdə oğlu Vasif üçün iki mərtəbəli yeni ev tikdirmiş və evə gəlin gətirmişdir. “Daxma”da yaşadıqları müddətdə Səxavət evdə bıçaqla gəzmiş və onu döyüb incitmişdir. Məsələ ilə əlaqədar bir neçə dəfə polisə şikayət etmişdir. Lakin Səxavətin yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-199 F nömrəli Şəhadətnamnədən görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarı ilə Lənkəran rayonu, Vel kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsində yaşayış evi yerləşir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Mübahisələndirilməyən hal ondan ibarətdir ki, Lənkəran rayonu, Vel kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla həmin torpaq sahəsində iki ev mövcuddur. Onlardan birini iddiaçı “daxma” adlandırır və hazırda o, həmin “daxma” adlandırdığı evda yaşayır. Digər ev isə iki mərtəbəli olmaqla orada cavabdehlər və digər ailə üzvləri yaşayırlar. Hər iki ev dövlət qeydiyyatına alınmamış, cavabdehlər iddiaçının yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 228.1-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə mübahisəni həll edərkən, ilk növbədə nəzərə alır ki, mübahisələndirilən ev iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilsə də dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikilidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bununla bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli ev mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsə də, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır və cavabdehlərin buna etiraz etmələri iddiaçının evə köçürülməməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-199 F nömrəli Şəhadətnamədə göstərilmiş Lənkəran rayonu, Vel kəndində, 0.06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli evə köçürülməli, həmin evdən və digər yardımçı sahələrdən cavabdehlərlə bərabər istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 217.4-cü maddələriinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. İddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-199 F nömrəli Şəhadətnamədə göstərilmiş Lənkəran rayonu, Vel kəndində, 0.06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli evə köçürülsün, həmin evdən və digər yardımçı sahələrdən cavabdehlərlə bərabər istifadə etsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar