Məhkəmə qərarları › İş №e-2(049)-3812/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3812/2023

06.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3812/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7060,25 (yeddi min altmış manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90,60 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh 08 iyun 2021-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 7.060,25 (yeddi min altmış manat iyirmi beş qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 7060,25 (yeddi min altmış manat iyirmi beş qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, iddianın təmin ediməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək müqavilə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-yə satış üzrə nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə işdən azad edilmişdir. Tam maddi məsuliyyət daşınması barədə xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki,Cavabdeh satış üzrə nümayəndəsi vəzifəsində ona etibar edilmiş maddi sərvətlərin tam qayğısına qalmağı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyini öhdəsinə götürmüşdür. İşəgötürənə dəymiş ziyanın məbləği fatiki itkilər üzrə hesablanır. Avrora MMC tərəfindən Cavabdeh iştirakı ilə tərtib edilmiş Aktdan görünür ki, Avrora firmasının satış şöbəsinin satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair xx.xx.2022-ci il tarixli 078 saylı əmrinə əsasən yoxlama aparılmışdır. Mövcud borcun etirafı haqqında xx.xx.2022-ci il tarixli müqavilədən və ərizədən görünür ki, Cavabdeh Avrora MMC-nin ona təhvil verdiyi malların dəyəri olan 7.060,25 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə satış üzrə nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermiş, aparılmış inventarizasiya yoxlamaları nəticəsində müvafiq malların çatışmadığı aşkar olunmuşdur. Bununla əlaqədar tərtib olunmuş müvafiq akt tərtib edilmiş və cavabdehin 7060,25 manat məbləğində çatışmazlığı aşkarlanmışdır. Lakin sözügedən borc öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 199-cu maddəsinin ç bəndində əsasən işçi qanunazidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam həcmdə maddi məsuliyyət daşıyır Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərfindən tam həcmdə ödənilməlidir. Məhkəmə bu konteksdə ziyan vurma ilə bağlı iddia tələbinə hüquqi dəyərləndirmə verərək belə qənaətə gəlir ki, cavabdehin əməllərində ziyanvurma ilə bağlı mülki-hüquq pozuntusunun (deliktin) tərkibi olmuşdur. Buna görə iddia tələbi əsaslıdır. Belə ki, vurulmuş maddi ziyanla əlaqədar müvafiq akt tərtib edilmiş, həm ziyanın vurulması, həm də ziyanın məbləği ilə əlaqədar cavabdeh razılaşaraq müvafiq akta imza etməklə aktı qəbul etmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7060.25 manat, mediasiya xərcinin əvəzi olaraq 50 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 90.60 manat pul alınaraq, İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 7.060,25 (yeddi min altmış manat iyirmi beş qəpik) manat, mediasiya xərcinin əvəzi olaraq 50 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 90.60 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar