Məhkəmə qərarları › İş №e-2(049)-4390/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4390/2025

26.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4390/2025 26.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbinə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Zövlə kənd tam orta məktəbində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı və 12 saat müəllim olmaqla əvvəlki işinə bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə və ödənilən 60 manat mediasiya rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ilin avqust ayından Lənkəran rayonu Zövlə kənd tam orta məktəbində Riyaziyyat informatika müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 2008-ci ilin oktyabr ayından isə Zövlə kənd tam orta məktəbində Uşaqlarla məktəbdənkənar və Sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı-direktor müavini vəzifəsində işə başlamışdır. Məlumat üçün qeyd edir ki, heç bir əsaslı səbəb olmadan xx.xx.2025-ci il tarixində Lənkəran rayonunun Zövlə kənd tam orta ümumtəhsil məktəbinin direktoru X14 tərəfindən Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad olunmuşdur. İşdən azad olunmağına səbəb kimi məktəbdə 14 mart 2025-ci il tarixdə məktəbin 10-cu sinif şagirdi X8 ilə arasında olan mübahisə ilə bağlı olmuşdur. Sonradan bu hal Lənkəran ŞRPŞ-si tərəfindən araşdırılmışdır. Bununla bağlı Lənkəran ŞRPŞ tərəfindən cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və eyni zamanda inzibati xəta tərkibi olmadığından inzibati icraatın açılmasından da imtina olunmuşdur. xx.xx.2025-ci il tarixində qanunsuz işdən azad olunduqdan sonra pozulmuş hüquqlarının bərpası üçün X12 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə və Lənkəran rayon Məhkəməsinə şikayət etmişdir. X12 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin müvafiq qərarı və Lənkəran rayon Məhkəməsinin 2(049)-2299/2025 saylı xx.xx.2025-ci il tarixli Qətnaməsi ilə işə bərpa və məcburi iş braxmağa görə əmək haqqının ödənilməsi tələbi barədə iddiası təmin edilmişdir. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi qüvvəyə minməmiş X12 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin müvafiq qərarı əsasında Zövlə kənd orta məktəbinin direktoru X14 tərəfindən işinə bərpa olunmuşdur. İşəgötürən tərəfindən xx.xx.2025-ci il tarixində verdiyi 24 nömrəli əmr ləğv olunduqdan sonra əmək müqaviləsi xx.xx.2025-ci il tarixində hüquqi qüvvəyə mindikdən sonra işə başlamışdır. İşə başladığı ilk gündən Nemət Cəfərov və Lənkəran-Astara Regional Təhsil idarəsinin Lənkəran təhsil sektorunun müdiri Ağamməd Şənmədov tərəfindən təzyiqlərə məruz qalmışdır. Bununla bağlı xx.xx.2025-ci il tarixində Elm və Təhsil nazirliyinə rəsmi şikayət də etmişdir. xx.xx.2025-ci il tarixində işə başlayandan 4 gün sonra, xx.xx.2025-ci il tarixində yenidən Zövlə kənd tam orta ümumtəhsil məktəbinin direktoru X14 tərəfindən 137 nömrəli əmrlə Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad olunmuşdur. Qanunsuz işdən azad olunmağına səbəb kimi təkrarən əvvəlki əsassız xitam əmrində olan əsasları qeyd etmişdir. Halbuki həmin əsasların heç biri Əmək Məcəlləsinin 70-cimaddəsinin ç bəndi ilə onun işdən azad olunmağına heç bir halda əsas vermir. xx.xx.2025-ci il tarixdə işdən azad olduqdan sonra pozulmuş hüquqlarının bərpası üçün X12 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə müraciət etmişdir. Hal-hazırda şöbə tərəfindən araşdırma davam etdirilir. Bununla bağlı müfəttişliyin cavab məktubu və yekun sənədlər məhkəməyə təqdim olunacaqdır. Bundan sonra tərəfindən Lənkəran 1 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. işəgötürən, yəni Zövlə kənd orta məktəbinin direktoru Nemət Cəfərov mediasiya iclasına gəlməmiş və iştirak etməmişdir. Odur ki, Lənkəran 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İşə bərpa olunduqdan sonra işlədiyi 4 gün müddətində təkrarən qərəzli şəkildə işdən azad olunarkən Əmək məcəlləsinin tələbləri yenidən kobud şəkildə pozulmuşdur. Göründüyü kimi işəgötürən X14 xx.xx.2025-ci il tarixli 137 nömrəli əmrlə əmək müqaviləsinə xitam verərkən təkrarən 14 mart 2025-ci il tarixində Zövlə kənd orta məktəbində baş vermiş hadisəni əsas gətirmişdir. Halbuki, baş vermiş məlum hadisə hüquq mühafizə orqanları tərəfindən də araşdırılmış və əməlində inzibati və cinayət tərkibi olmadığına görə xitam verilmişdir. Əgər işəgötürən Nemət Cəfərovun qərəzli mövqeyi ilə razılaşılsa belə, 6 ay keçdikdən sonra eyni səbəbə görə ona intizam tənbehi verilib əmək müqaviləmə xitam verilə bilməzdi. Qanunvericilikdə qeyd olunur ki, intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. 14 mart 2025-ci il tarixində baş vermiş hadisəyə görə xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə əsassız olaraq xitam verilməsi Nemət Cəfərovun qərəzli olmasını bir daha sübut edir. Bununla bağlı Zövlə kənd orta məktəbinin direktoru X9 qanunsuzluğu X12 Xidmətinin Lənkəran-Astara Regional şöbəsi və Lənkəran rayon Məhkəməsi tərəfindən ona sübut olunmuş və o, bu qanunsuzluğu qəbul edərək xx.xx.2025-ci il tarixində verdiyi 24 nömrəli qanunsuz əmri ləğv etmişdir. Lakin əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra 4 gün müddətində yenə də təkrarən qərəzli şəkildə əmək müqaviləmə eyni qanunsuz əsasla xitam vermişdir. Zövlə kənd orta məktəbinin direktoru X14 tərəfindən qərəzli olaraq təkrarən əmək müqaviləmə qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla xitam vermiş və Əmək məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. Bütün bunlar İşəgötürən tərəfindən əmək məcəlləsinin çoxsaylı maddələrinin kobud pozulması nəticəsində baş verərək hüquqları pozulmuşdur. Hesab edir ki, Əmək müqaviləsinə xitam verilməsi əsassız və qərəzli olmuş, və hüquqları məhdudlaşdırılmışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəfindən cavabdeh Lənkəran rayonu Zövlə kənd tam orta ümumtəhsil məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Zövlə kənd tam orta ümumtəhsil məktəbində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı və 12 saat müəllim olmaqla əvvəlki işinə bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə və ödənilən 60 manat mediasiya rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, işdən çıxarıldığı 10 oktyabr 2025-ci il tarixindən işə bərpa olunduğu tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi və tərəfindən ödənilmiş 60 manat mediasiya rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, X1 rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbinin direktoru olmaqla onu qanunsuz və əsassız olaraq işdən çıxarmışdır. O, qərəzli olaraq işdən azad edilmişdir. İddianın dəyişdirilməsi ilə bağlı ərizəylə məhkəməyə müraciət etməkdə məqsədi odur ki, onun işdən çıxarıldığı 10 oktyabr 2025-ci il tarixdən işə bərpa edilərək, işə başladığı tarixə qədərki məcburi işburaxmaya görə o həm maddi, həm də mənəvi itkiylə üzləşmişdir. Bu səbəbdən ona həmin tarix nəzərə alınmaqla əmək haqqı hesablanmalıdır. Belə ki, məktəb direktorunun 22 dekabr 2025-ci il tarixli, 173 saylı əmr əsasında o, əvvəlki işinə bərpa edilmişdir. Lakin ona işə bərpa edilməsi barədə SMS bildiriş 15 yanvar 2026-cı il tarixdə göndərilmişdir və o, həmin tarixdə işə başlamışdır. Belə ki, işə bərpa edildyi 22 dekabr 2025-cil tarixdən 14 yanvar 2026-cı il tarixədək ona işə bərpa edildiyi barədə işəgötürən tərəfindən müvafiq məlumat verilmədiyindən o, işə başlamamışdır. İşəgötürən tərəfindən işə bərpa edilməsi ilə əlaqədar qəsdən məlumat verilməmiş və o, bu səbəbdən işə başlamamışdır. Buna görə də o, iddia tələbinin işə bərpa hisəsindən imtina edir. Belə ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək məcburi işbiraxmaya görə ona əmək haqqı ödənilməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq cavabdeh Lənkəran rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini və mümkünsüzlüyünü izah etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları : Məhkəmə iclasında elan edilməklə tədqiq edilən : Lənkəran – Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbinin 137 nömrəli 10 oktyabr 2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin surətindən görünür ki, məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək o, işdən azad edilmişdir. İşçi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Həmin əmrdə əsas olaraq göstərilmişdir ki, məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində çalışan İddiaçı işlədiyi dövrdə "Təhsilverənlərin etik davranış Qaydalan"nı dəfələrlə pozmuş və ona edilən şifahi xəbərdarlıqlara əhəmiyyət verməmişdir. Qaydaların 3.11. bəndini pozaraq xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmiş, daimi onun qalıqlarını xidməti otağının pəncərəsində məktəbin həyətinə atmışdır. Belə ki, şagirdlərdən birini və valideynini dərs prosesi zamanı təhqir etmiş, tənəffüs zamanı isə guya övladı ilə münaqişə etdiyinə görə şagirdi döymüş, onu bu işdən çəkindirməyə çalışan məktəbin xadiməsini də döyməkdən çəkinməmiş və bütün bunlar məktəbin müşahidə kamerasında qeydə alınmışdır. Qaydaların 2.5.1. bəndinə görə təhsilverən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı olduğu halda o, döyülən şagirdin təhqir edilmiş valideyni və xadimə onu etdiyi əməlinə görə bağışladığı halda belə televiziyalara müsahibə verərək xidməti araşdırmalarda təsdiqini tapmayan və müşahidə kamerasında qeydə alınmayan yalan məlumatlar verərək şagirdin ona zərba vurduğunu, onu təhqir etdiyini bildirmiş və xadiməyə qarşı etdiklərinə haqq qazandırdığı qeyd etmişdir. Lənkəran ŞRPŞ-nın TB-nin 18 mart 2025-ci il tarixli qərarına əsasən X3, X4 və X2 ərizələri əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2299/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndinə uyğun olaraq işdən azad edilməsinə dair işəgötürən Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd Tam Orta Ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 24 nömrəli əmri ləğv edilmiş, İddiaçı uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı və informatika müəllimi işinə bərpa edilmiş və 17 aprel 2025-ci il tarixdən işə bərpa oluduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2299/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Təhsil İşçiləri X10 Lənkəran şəhər komitəsinin 11 aprel 2025-ci il tarixli məktubunda Zövlə kənd orta məktəbi tərəfindən verilmiş verilmiş təqdimata onların səlahiyyətində olmadığı və yerli məktəbin öz həmkarlar ittifaqı təşkilatında təqdimatın müzakirə olunması bildirilsə də, 5 gün sonra, yəni 16 aprel 2025-ci il tarixdə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qeyri-müəyyən və anlaşılmazdır. Azərbaycan Respublikası Elm və Təhsil işçiləri həmkarlar ittifaqının xx.xx.2005-ci il tarixli nizamnaməsinin İİİ bəndində əsasən, eləcə də Zövlə kənd orta məktəbinin müdiriyyəti ilə Azərbaycan Təhsil İşçiləri X10 Lənkəran şəhər komitəsinin Zövlə məktəbinin ilk həmkarlar ittifaqı arasında bağlanmış 2023-2025-ci illər üzrə “Kollektiv Müqavilə”nin 2.2.12-ci bəndind yuxarı həmkarlar təşkilatının ilkin həmkarlar ittifaqının qərarını ləğv etmək və ya dəyişmək kimi səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə yuxarıdakıları təhlil edərək bu qənaətə gəlir ki, İddiaçı əmək fəaliyyətinə Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd Tam Orta Ümumtəhsil məktəbinin direktoru tərəfindən xx.xx.2025-ci il tarixli, 24 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır və bu səbəbdən də həmin əmr qanuni hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Astara Regional Təhsil idarəsinin əsasnaməsində həmin idarənin orta məktəbdə fəaliyyət göstərən təhsil işçilərini işə götürmək və ya işdən xaric etmək kimi bir səlahiyyəti olmamışdır. Həmin səlahiyyət dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin nümunəvi nizamnaməsinin 5.15.9-cu bəndinə əsasən məktəb direktorunun hüququ kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran – Astara Regional şöbəsinin İddiaçı ünvanlanmış 3-17-5/1-S- 63791/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, onun müraciəti əsasında araşdırma ilə bağlı ünvan 2 ünvanımıza təqdim etdyi xx.xx.2025-ci il tarixli 210 nömrəli məktubuna məktuba əlavə edilmiş sənədlərə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Əmək və Məşğulluq altsistemində olan məlumatlara əsasən müəyyən edildi ki, Lənkəran Rayon Zövlə kənd M.Qarayev adına tam orta məktəbin şirdləri ilə aranızda xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Siz “Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul edılmiş və işəgötürən özünün xx.xx.2025-ci il tarixli 137 nömrəli əmri ilə Sizin əmək müqavilənizə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-çi maddəsinin “ç” bəndinə (işçi özünün əmək funks yasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxın bu Məcəllənin 72-ci maddəshdə sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) əsasən xitam vermişdir. İşəgötürən Sizin əmək müqavilənizə xitam verən zaman Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin və 187-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almamış əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 7 ay sonra Sizə inzibati tənbeh vermişdir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, “Əmək muqaviləsinə eyni zamanda iki və daha artıq əsasla həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində gostərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət gosfərən həmkarlar ittifaqı təskılatlarının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 187-cı maddəsinin 2-ci hissəsinə əsasən, “intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.” Sizin əmək müqavilənizə xitam verilən zaman Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin, 80-cı maddəsinin 1-cı hissəsinin və 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması halı İnzibat Xətalar Məcəlləsinin 192.6-cı maddəsmdə nazərdə tutulmuş xətalara səbəb olmuşdur. Bu halların Lənkəran Rayon Zövlə kənd tam orta məktəbin işəgötürəni X9 vəzifə funksiyalarına aid olduğundan onun inzibatı məsuliyyətə cəlb olunması məqsədi ilə barəsində xx.xx.2025-ci il taroxində tərtib olunmuş MN ******* nömrəli “inzibati xəta haqqında” Protokola əsasən, o, 12.11 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında” Qərarla inzibati cərimə edilmişdir. X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 104837/2025 nömrəli göstəriş xarakterli məktubu ilə Lənkəran Rayon Zövlə kənd tam orta məktəbinin işəgötürəni X6 tələb edilmişdir ki, 20 (iyirmi) gün müddətində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 137 nömrəli əmrini ləğv etməklə onu əvvəlki işininə bərpa edilməsini təmin edib nəticəsi barədə X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə rəsmi məlumat verilməlidir. Lənkəran – Astara Regional Təhsil idarəsi Lənkəran rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbinin direktoru X14 tərəfindən verilmiş 173 nömrəli 22 dekabr 2025-ci il tarixli “əmrin ləğv edilməsi haqqında” əmrdən görünür ki, həmin əmrlə Lənkəran Rayon M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbində işləmiş İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 10 oktyabr 2025-ci il tarixli 137 nömrəli əmr ləğv edilmiş və İddiaçı əvvəlki işlədiyi vəzifəsinə bərpa edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-01240 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə əmək mübahisəsi ilə əlaqadar mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Astara Regional Təhsil idarəsinin əsasnaməsinin 2.1.3-cü maddəsinə əsasən təhsil sahəsi üzrə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir, tabeliyində olan məktəbəqədər, ümumi, məktəbdəkənar təhsil müəssisələrində təhsilin dövlət standartlarına uyğunluğunluğuna nəzarət edir, icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir və.s fəaliyyət istiqamətləri üzrə funksiyalarını icra edir. Həmin əsasnamənin 3-cü və 4-cü bəndlərinə idarənin vəzifələri və hüquqları qeyd edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil işçiləri həmkarlar ittifaqının xx.xx.2005ci il tarixli nizamnaməsinin İİİ bəndində ittifaqın hüquqları kimi öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək, öz təşkilati və maliyyə sərbəstliyini saxlayaraq ölkədə fəaliyət göstərən digər həmkarlar ittifaqları və beynəlxalq həmkarlar ittifaqları ilə əməkdaşlıq etmək və.s hüquqlar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikadı Nazirlər Kabinetinin 13 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin nümunəvi nizamnaməsinin 5.15.9-cu bəndinə əsasən ümumi təhsil müəssisəsinin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu nümunəvi nizamnamənin 5.16-cı və 7.7-ci bəndləri nəzərə alınmaqla), ümumi təhsil müəssisəsinin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul etmək dirüktorun hüququ kimi müəyyən edilmişdir.

Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşin faktiki halları və məhkəmənin mövqeyi :

Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sadıqov X7 rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbinin direktorunun 137 nömrəli 10 oktyabr 2025-ci il tarixli əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran – Astara Regional şöbəsi tərəfindən İddiaçı onun müraciəti əsasında araşdırma aparılarkən müəyyən edilmişdir ki, məktəbin direktoru əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin və 187-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almamış əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 7 ay sonra Sizə inzibati tənbeh vermişdir. Əmək müqavisinə xitam verilən zaman Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin, 80cı maddəsinin 1-cı hissəsinin və 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması halı İnzibat Xətalar Məcəlləsinin 192.6-cı maddəsmdə nazərdə tutulmuş xətalara səbəb olmuşdur. Məktəbin işəgötürəni X9 vəzifə funksiyalarına aid olduğundan onun inzibatı məsuliyyətə cəlb olunması məqsədi ilə barəsində xx.xx.2025-ci il tarixində tərtib olunmuş MN ******* nömrəli “inzibati xəta haqqında” Protokola əsasən, o, 12.11 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında” Qərarla inzibati cərimə edilmişdir. 173 nömrəli 22 dekabr 2025-ci il tarixli “əmrin ləğv edilməsi haqqında” əmrlə 10 oktyabr 2025ci il tarixli 137 nömrəli əmr ləğv edilərək, İddiaçı əvvəlki işlədiyi vəzifəyə bərpa edilmişdir. Məhkəmə yuxarıdakıları təhlil edərək bu qənaətə gəlir ki, İddiaçı əmək fəaliyyətinə Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd Tam Orta Ümumtəhsil məktəbinin direktoru tərəfindən xx.xx.2025-ci il tarixli, 137 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır və bu səbəbdən də həmin əmr qanuni hesab edilə bilməz. Eyni zamanda İddiaçı işə bərpa edilməsi ilə əlaqədar məlumat xx.xx.2026-cı il tarixdə verildiyindən o, xx.xx.2026-cı il tarixədək ondan asılı olmayan səbəbdən işə başlamamışdır. Həmin müddətədək o, məcburi işburaxmaya məruz qalmışdır. Həmçinin cavabdeh tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək işə çıxmaması ilə əlaqədar hər-hansı tədbirin görülməsi ilə əlaqədar heç bir sübut təqdim edilməmişdir. 137 nömrəli 10 oktyabr 2025-ci il tarixli əmr ləğv olunarkən iddiaçının işdən çıxarıldığı 10 oktyabr 2025-ci il tarixdən işə başladığı 14 yanvar 2026-cı il tarixə qədərki dövrdə o, müəyyən maddi məhrumiyyətlərlə üzləşmişdir. Bu da işçinin konstitusional hüquqlarını pozaraq onun üçün arzuolunmaz nəticələrə səbəb olmuşdur. Məhkəmə ədalətli qərar verərkən işin hallarına hərtərəfli baxmalı və nəzərə almalıdır ki, işçinin məcburi işburaxma dövrü ərzində heç bir qazancı olmamışdır. Bu da onun hüqularının kobud şəkildə pozulduğuna dəlalət edir və pozulmuş hüquqlarının bərpa olunması zərurətini yaradır.

Məhkəmənin gəldiyi nəticə :

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 137 nömrəli 10 oktyabr 2025-ci il tarixli əmr əsasında işdən çıxarıldığı 10 oktyabr 2025-ci il tarixindən işə bərpa olunaraq, işə başladığı tarixə qədər, yəni 14 yanvar 2026-cı il tarixinədək məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməli və tərəfindən ödənilmiş 60 manat mediasiya rüsumu ona qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı 137 nömrəli 10 oktyabr 2025-ci il tarixli əmr əsasında əmək müqaviləsinə xitam verildiyi 10 oktyabr 2025-ci il tarixdən işə başladığı 14 yanvar 2026-ccı il tarixindək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq cavabdeh tərəfindən ona ödənilsin. İş üzrə ödənilmiş mediasiya xərcinə dair 60 manat cavabdeh Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd Tam Orta Ümumtəhsil məktəbindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd Tam Orta Ümumtəhsil məktəbindən 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar