Məhkəmə qərarları › İş №e-2(049)-5/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-5/2024

11.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-5/2024 11.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı2 qanunu nümayəndəsi İddiaçı1 nümayəndəsi, Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi, mənəvi zərərin ödənilməsi və mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması vəzifəsinin qoyulması tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə, Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi, mənəvi zərərin ödənilməsi və mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında əsl olmayan İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Şıxakəran kəndində yerləşən 0,1115 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə özünə məxsusdur. O, ailə üzvləri ilə birlikdə Bakı şəhərində, Səbail rayonu, Xanlar qəsəbəsi, ünvan 1 ünvanında yaşayır. Bir müddət öncə Lənkəran rayonuna gəldiyi zaman ona məxsus Şıxakəran kəndində yerləşən 0,1115 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunduğunu və orada özbaşına olaraq ev tikildiyini görmüşdür. Qohum və tanışlar vasitəsi ilə araşdırma apardıqdan sonra torpağın cavabdeh tərəfindən zəbt edildiyini, orada özbaşına olaraq ev tikərək, ailəsi ilə birlikdə yaşadığını müəyyən etmişdir. Bir neçə dəfə cavabdehə torpaq sahəsini boşaltmaq barədə xəbərdarlıq edilsə də, cavabdeh bu xəbərdarlıqlara məhəl qoymur və həmin torpaqda inşa etdiyi özbaşına tikilidə yaşayır. Hesab edir ki, özünə məxsus Lənkəran rayonu, Şıxakəran kəndində yerləşən 0,1115 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili sökülməli və həmin torpaq sahəsindən cavabdeh çıxarılaraq, torpaq sahəsi boşaldılmalıdır. Bundan başqa cavabdehin bu cür hüquqa zidd əməlləri nəticəsində o, öz mülkiyyətindən məhrum olduğu üçün mənəvi istirablar keçirmişdir. Qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirik ki, cavabdehdən mənəvi zərərin əvəzi qismində 2000 manat tutularaq, ona ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq özünə məxsus Lənkəran rayonu, Şıxakəran kəndində yerləşən 0,1115 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin (evin) sökülməsi və həmin torpaq sahəsindən cavabdehin çıxarılaraq, torpaq sahəsinin boşaldılması, Cavabdeh mənəvi zərərin əvəzi qismində 2000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq cavabdeh tərəfindən iddiaçının azyaşlı oğlu İddiaçı2 torpaq sahəsindən qanunsuz istifadə etdiyini göstərib əsl olmayan iddiaçını əsl iddiaçı olan İddiaçı2 ilə əvəz edilməsini, İddiaçı1 xx.xx.2013-cü il təvəllüdlü İddiaçı2 qanuni nümayəndəsi kimi qəbul etməsini və İddiaçı2 məxsus Lənkəran rayonu, Şıxakəran kəndində yerləşən 0,154 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin (evin) sökülməsi və həmin torpaq sahəsindən cavabdehin çıxarılaraq, torpaq sahəsinin boşaldılması, Cavabdeh mənəvi zərərin əvəzi qismində 2000 manat tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 qanunu nümayəndəsi İddiaçı1 nümayəndəsi və Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə İddiaçı2 qanunu nümayəndəsi İddiaçı1 nümayəndəsi Vəkil dinləyib, ekspert rəylərini tədqiq edib və işdə olan materialları nəzərdən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 azyaşlı olmaqla xx.xx.2013-cü il tarixdə doğulmuş və onun anası (qanuni nümayəndəsi) əsl olmayan İddiaçı1dır. İşdə olan qəbzdən görünür ki, iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan RX seriyalı, ******* saylı ƏMDK yanında DƏDRX-nin “Hüquqların Dövlət qeytdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Şıxakəran kəndində yerləşən 0,154 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və R publik hüquqi şəxsi 10 saylı Lənkəran Əİ-nin xx.xx.2022-ci il tarixli mütəxəssis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8303 saylı rəylərindən görünür ki, daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış və **********47 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı1 mülkiyyətində olan və Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən 0,1115 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilməmişdir. Mübahisə predmeti olan və cavabdeh tərəfindən inşa edilmiş tikili (fərdi yaşayış evi) işdə adı çəkilməyən digər torpaq mülkiyyətçisinə (istifadəçisinə) məxsus torpaq sahəsinin üzərundə inşa edilmişdir. Həmin rəylərə əlavə edilmiş müvafiq olaraq qəbz və bildirşdən görünür ki, İddiaçı1 öz tələbinə görə mütəxəssis rəyinin verilməsi üçün 95 manat ödəmiş, ekspertiza xərci 50 manat təşkil etmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və R publik hüquqi şəxsi 10 saylı Lənkəran Əİ-nin xx.xx.2023-cü il tarixli mütəxəssis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8354 saylı rəylərindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-287 və JN-288 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları əsasında) İddiaçı2 mülkiyyətində olan, Lənkəran rayonu, Şıxəkəran kəndi ərazisində yerləşən 0,154 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,025 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi və orada fərdi yaşayış evinin inşa edilməsi müəyyən edilmişdir. Həmin rəylərə əlavə edilmiş müvafiq olaraq qəbz və bildirşdən görünür ki, iddiaçının qanuni nümayəndəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 95 manat ödənilmiş, ekspertiza xərci 50 manat təşkil edir. Məhkəmə işdə olan digər sübutlarla bağlı qeyd edir ki, həmin sübutların tədqiqi işin obyektiv həlli üçün əhəmiyyət kəsb etmədiyindən, onların tədqiqinə zərurət yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən isə fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsi mülkiyyətçi olmasa da, əmlaka sahiblik hüquqlarını mülkiyyət hüquqları kimi qeyd edir. “Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə yuxanda göstərilən hüquqi əsaslara istinad edib hesab edir ki, azyaşlı İddiaçı2 mülkiyyətində olan və Lənkəran rayonu, Şıxəkəran kəndi ərazisində yerləşən 0,154 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinindən onun qanuni nümayəndəsi İddiaçı1 istifadə etməklə mülkiyyətçi olmasa da, həmin hüquqları həyata keçirir. Buna görə də məhkəmə hesab edir ki, əsl olmayan İddiaçı1 əsl İddiaçı2 ilə əvəz olunduqdan sonra, sonuncunun hüquqlarının müdafiəsi məqsədilə iddianın predmeti də dəyişdirlilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı2 mülkiyyətində olan, Lənkəran rayonu, Şıxəkəran kəndi ərazisində yerləşən 0,154 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,025 ha hissəsini Cavabdeh istifadə edərək orada fərdi yaşayış evi inşa etmişdir. Həmin evin tikintisinə və qeyd olunan 0,025 ha torpaq sahəsindən istifadəsinə dair müvafiq icazə, yəni qərar alınmadığı və iddiaçının buna rəsmi razılığı olmadan tikildiyindən həmin ev özbaşına tikilmiş hesab edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun kateqoriyasını dəyişdirmədən ev tikməyə qanuni əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmin Məcəllənin 13-cü maddəsinin 1-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyalı torpaqlar özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır. Beləliklə məhkəmə iclasında sübuta yetirilkdi ki, cavabdeh tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazə almadan inşa etdirdiyi ev, özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd olunan Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan və Lənkəran rayonu, Şıxəkəran kəndi ərazisində yerləşən 0,154 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,025 ha hissəsindən çıxarılmalı, torpaq sahəsi həmin hissədə boşaldılmalı, orada inşa edilmiş fərdi yaşayış evi sökülməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 2000 manat pulun tələbi ilə bağlı hissəsinə qiymət verərək qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1 maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-ci maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvesiya»-nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Göründüyü kimi, Qərarın 2-ci bəndinin mənasına görə şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi vahid kontekstdə olmalı, yəni, şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Şəxsin öz hüquqlarının pozulmasına qarşı mənfi reaksiya formalarının (mənəvi sarsıntının və iztirabın) bir toplum şəklində mövcud olması, biri digərini tamamlaması mülki mübahisələrin baxılması zamanı «mənəvi zərərin» mövcud olması qənaətinə gəlməyə əsas verir. Plenumun Qərarında daha sonra mənəvi sarsıntının və iztirabın hüquqi anlayışı verilməklə göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüüründa müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yəni, zərərçəkmiş şəxsin mənəvi zərərə məruz qalmasının müəyyən edilməsi üçün, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, eyni zamanda, bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi müəyyən edilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirabla məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərərçəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur». Məhkəmə hesab edir ki, mülki-hüquq məsuliyyəti dedikdə, məhkəmə tərəfindən hüquq pozucusuna münasibətdə zərərçəkmiş şəxsin xeyrinə əmlak sanksiyalarının tətbiqi ilə hüquq pozucusunun üzərinə sərfəli olmayan əmlak nəticələrinin qoyulması və zərərçəkmiş şəxsin əmlak hüquqlarının bərpası başa düşülür. Zərər mülki-hüquq məsuliyyətinin yaranmasının əsaslarından biridir. Mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçıya real zərərin vurulması, əldən çıxmış faydanın müəyyən edilməsi, həmçinin, onun fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçının qanuni nümayəndəsinin nümayəndəsi iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim etməmiş, o, iddia ərizəsində qeyd etdiyi dəlillərini məhkəmə iclasında əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə görə 2000 manat hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilk ekspertiza rəyi ilə əsl olmayan İddiaçı1 torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edildiyindən, həmin tələb üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı1, sonrakı ekspertiza tədqiqatının dəyəri olan 50 manat isə cavabdehə aid edilməli və hər birindən ayrı-ayrılıqda 50 manat, cəmi 100 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iddiaçının qanuni nümayəndəsi İddiaçı1 tərəfindən əsl iddiaçının tələbi üzrə mütəxəssis rəyinin alınması üçün ödədiyi 95 manat cavabehə aid edilməli və sonuncudan tutularaq iddiaçının qanuni nümayəndəsinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi, mənəvi zərərin ödənilməsi və mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması vəzifəsinin qoyulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı2 mülkiyyətində olan, Lənkəran rayonu, Şıxəkəran kəndi ərazisində yerləşən 0,154 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,025 ha hissəsindən çıxarılmaqla torpaq sahəsi boşaldılsın və orada inşa edilmiş cavabdehə məxsus fərdi yaşayış evi sökülsün. İddia qalan hissədə təmin edilməsin. İlk ekspertiza tədqiqatlarının dəyəri 50 manat İddiaçı1, sonrakı ekspertiza tədqiqatının dəyəri olan 50 manat isə cavabdehə aid edilsin, hər birindən ayrı-ayrılıqda 50 manat, cəmi 100 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. İddiaçının qanuni nümayəndəsi İddiaçı1 tərəfindən əsl iddiaçının tələbi üzrə mütəxəssis rəyinin alınması üçün ödədiyi 95 manat cavabehə aid edilsin və sonuncudan tutularaq iddiaçının qanuni nümayəndəsinə verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar