Məhkəmə qərarları › İş №e-2(049)-707/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-707/2025

01.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-707/2025 01.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qeydiyyatı Lənkəran şəhəri olsa da, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 3 a, mənzil 14-də yaşayır. Bir qardaşı var və valideynləri vəfat etmişlər. X2 2013-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində bələdiyyədən 2 sot torpaq almış və 2-ci massiv, küçə 4, mənzil 21-də 90 kv., 4 otaqlı ev tikdirmişdir. Həmin mülk onun anasına məxsus olmuş və anası xx.xx.2017-ci ildə dünyasını dəyişmişdir. Anasından qalmış həmin evdə o, qardaşının ailəsilə birgə yaşamışdır. 2020-ci ilin mart ayında ailə qurduğu üçün həmin evdən çıxmış və ərinin evinə gəlin köçmüşdür. Artıq 4 ildir ki, qardaşı Cavabdeh ilə onun həyat yoldaşı onu anasının evinə qoymurlar. Qardaşı Cavabdeh ondan xəbərsiz və icazəsi olmadan anasının adına olan evi satmışdır. Evin sadəcə bələdiyyədən alınan sənədi vardı və qardaşı həmin sənədlə təxminən bir aydır ki, həmin evi 40000 manata satmış, özü də ailəsilə Bakı şəhəri, Binə qəsəbəsinə köçmüşdür. Qardaşı, iş üzrə cavabdeh tərəfindən onun izni olmadan satılan anasına məxsus mülkün satıldığı dəyərinin 1/2 hissəsini, yəni ona düşən payını almaq istəyir. Ona görə də, Cavabdeh 20000 pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mərhum anasına məxsus olan evin yalnız bir sənədi olmuş, o da bələdiyyədən alınan sənəddir. Qardaşı, yəni iş üzrə cavabdeh o, ailə qurub gəlin köçəndən sonra evi saxta yollarla özünün və ailəsinin adına keçirmiş, onun xəbəri və icazəsi olmadan 40000 manata satmışdır. O, evin satılması barədə maklerdən xəbər almışdır. Ev mərhum anasına məxsus olduğu üçün qardaşı, yəni iş üzrə cavabdeh kimi onun da həmin evdə pay hüququ olduğundan evin satıldığı dəyərinin yarısının ona verilməsini ədalətli və qanuni hesab edir. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmənin ona ünvanlanmış suallarına cavab olaraq təqdim etdiyi səs yazılarında makler kimi qeyd edilmiş şəxsin ad, soyad, ata adı və digər məlumatları təqdim etməmiş, eləcə də səs yazılarını təqdim etdiyi şəxslərin konkret kimlər olduğunu, onunla telefon danışıqları aparan şəxslərin səs yazmadan məlumatlı olmalarını təsdiq edəcək sübutları göstərə bilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, iddiaçı onun mərhum bacısının qızı, cavabdeh də oğludur. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Nərgiz ailə qurana kimi məhum bacısına məxsus evdə qardaşı Əlizaminin ailəsilə birlikdə yaşamış, 2020-ci ildə ailə qurub həmin evdən gəlin köçmüşdür. Mərhum bacısından qalan evi Cavabdeh satıb pulu bacısı ilə aralarında böləcəyini vəd etsə də, verdiyi vədə əməl etməmişdir. Cavabdeh onun mərhum bacısına məxsus evi Nərgizin xəbəri olmadan guya Nərgiz Rusiya Federasiyasındadır deyib və ona bildirmədən özü ilə övladlarının adına keçirib sonra da satdığını bilir. Lakin evin hansı məbləğdə satılmasından xəbərsizdir. Bu barədə hər hansı məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: AZ-İİ 353108 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 309 nömrə ilə qeyd edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X3 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin əmlaka, o cümlədən ona çatan paya vərəsəlik qəbul etmişdir və bununla bağlı ona vərəsəlik şəhadətnaməsi verilməsini xahiş edir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, mərhum X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. “İri şəhərlərin birləşmiş təchizatı xidməti” PHŞ-dən İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparıldığı **********199 saylı abonent kodu xx.xx.2014-cü ıl tarixdə müqavilə bağlanaraq xidmətin elektron abonent bazasında X5 adına rəsmiləşdirilmişdir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə gorə bağlanılmış müqavilənin (nömrəsi 26381077 abonent kodu **********199) ləğvi və həmin ünvana məxsus abonent kodunun digər şəxsin adma keçirilməsi yalnız yeni mülkiyyətçinin mülkiyyətə dair hüquq müəyyənedici müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, fərdi yaşayış evinin mülkiyyət hüququna dair sənədinin (çıxarış) rayon Sukanal İdarəsinə və ya ASAN Kommunal mərkəzlərinə təqdim etdiyi halda mümkündür. Mülkiyyət sahibi tərəfindən zəruri sənədlər təqdim edildiyi halda sözügedən ünvanın abonent kodu üzrə ad dəyişikliyi edilə bilər. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, işdə iştirak edən iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin sübut edilməli olan halları, yəni iddianın predmeti olan 20000 (iyirmi min) manat pul vəsaitinin həqiqətən miras əmlakın satılması nəticəsində yarandığının, cavabdehin isə həmin vəsaitə münasibətdə əsassız varlanan şəxs olmasının, bundan əlavə iddiaçı tərəfindən iddia tələbində göstərilən evin həqiqətən anasından qalmış miras əmlak olmasının və o mirasdan da iddiaçının özünə çatmalı olan hissəsi ilə bağlı mirasın qəbul edilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydasına riayət etməklə qəbul edilməsinin təsdiq olunmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı yuxarıda şərh olunan maddi hüquq normalarının tələbinə riayət etməklə anasından qalmış mirası qəbul etməsini sübut edə bilməmişdir. İşin hallarının sübut olunması dedikdə hər bir tərəfin istinad etdiyi halları qarşı tərəfin etirazlarını üstələyən dərəcədə isbat etməsidir. İşin hallarının sübut olunmaması isə iş üzrə faktların qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya mötəbər olmayan, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsidir. Sübutun mötəbərliyi isə onun gerçəkliyə uyğunluğu deməkdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normaya müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Hazırki mübahisə üzrə iddia tələbini təsdiq edən halları sübut etmə yükü iddiaçının üzərindədir. Lakin buna baxmayaraq, iddiaçı öz tələbinin əsaslılığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli Qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə həmçinin araşdırma zamanı İddiaçı özünə və Cavabdeh xx.xx.2017-ci ildə dünyasını dəyişmiş mərhum X2ndan onlara Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən evin miras qalmasını bildirib evin cavabdeh tərəfindən satılmasını və satışdan əldə olunmuş pul məbləğindən 20000 manatın cavabdehdən alınaraq ona verilməsini bildirsə də, evin cavabdeh tərəfindən kimə və nə vaxt, hansı məbləğə, hansı hüquqmüəyyənedici sənədlər əsasında satılmasını sübut edə bilməmiş, sübut kimi təqdim etdiyi link keçidində (QR kod) olan səs yazılarından (ümumilikdə 12 ədəd), yalnız bir ədəd səs yazısının (12 dəqiqə 30 saniyəlik-iddiaçının göstərdiklərinə əsasən Hüseyn Əliyevlə arasında olan telefon danışığı) açılaraq dinlənilməsi mümkün olmuşdur. Məhkəmə, bununla bağlı qeyd edir ki, təqdim olunmuş səs yazılarında olan şəxslərin kimliyi müəyyən olunmur və iddiaçı tərəfindən də sübut qismində təqdim etdiyi səs yazılarında olan şəxslərin kimlər olması aydınlaşdırılmamışdır. Odur ki, məhkəmə həmin səs yazılarının məhz işin hallarının (iddia tələbi daxilində) təsdiq olunması baxımından sübut kimi qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə, həmçinin Şahid ifadəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə görə şahid ifadəsi o zaman mötəbər sübut kimi qəbul edilir ki, onun ifadəsi təqdim olunmuş digər sübutlarla da öz təsdiqini tapmış olsun. Ona görə də məhkəmə Şahid ifadəsini mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, habelə onların tədqiqinə bu Məcəllənin 200-cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. İddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar