Məhkəmə qərarları › İş №e-2(049)-852/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-852/2025

14.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-852/2025 14.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Bakı şəhəri 18 nömrəli Vəkil Bürosunun vəkili Nümayəndə, cavabdeh X3 nümayəndəsi, Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Vəkil2 Ziya oğlu və müstəqil tələb irəli sürməyən 3-cü şəxs - "Bank Respublika ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 3-cü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 10 saylı Lənkəran Ərazi İdarəsinin cəlb etməklə cavabdeh X4 qarşı servitut hüququnun müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında, 14 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus Lənkəran ravonu Sütəmurdov kəndində **********66 reystr nömrəli 1.5 ha torpaq sahəsindən Lənkəran- Astara magistral yoluna doğru və əks istiqamətdə piyada və nəqliyyat vasitəsi ilə hərəkət etmək üçün X4 məxsus qonşu torpaq sahəsindən (“MONO” otel yerləşən) servitut hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdehin nümayəndəsinin vəsatətinə cavab olaraq isə bildirmişdir ki, cavabdehin ünvanı elektron sistemdə Lənkəran rayonu kimi göstərilmiş, mübahisələndirilən torpaq sahəsi də Lənkəran rayonunda yerləşdiyindən iddia ərizəsini Lənkəran Rayon Məhkəməsinə vermişlər. Vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya münasibət bildirərək hesab etmişdir ki, ərazi aiddiyyat qaydaları pozulmuş, cavabdeh Astara rayonunda qeydiyyatda olduğu halda iddiaçı onun rəsmi qeydiyyta ünvanını Lənkəran rayonu göstərdiyindən, məhkəmə hazırlıq iclasının bildirişi Lənkəran rayonu Sütəmurdov kəndinə göndərilmiş, cavabdeh Sütəmurdov kəndində yaşamadığından və həmin bildirşin ona çatdırılması mümkün olmadığından kənd icra nümayəndəliyi həmin bildirşi özündə saxlamış, bundan sonra məhkəmə baxış iclasını təyin edilmiş, cavabdehin ünvanı səhv göstərildiyindən, cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərək öz sübutlarını təqdim edə bilməmişdir. Buna görə də hesab edir ki, iddia ərizəsi aidiyyatı üzrə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında 3-cü şəxs "Bank Respublika ASC nin nümayəndəsi vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər 3-cü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 10 saylı Lənkəran Ərazi İdarəsinə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasa gəlmiş tərəflərin nümayəndələrini dinləyib, mülki işi nəzərdən keçirərək, hesab edir ki, vəsatət təmin olunmalı, mülki iş aidiyyəti üzrə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə elektron sistemində, şəxsi məlumatlar bölməsində cavabdeh barəsində harada rəsmi qeydiyyatda olması barədə hər-hansı bir məlumat aşkar olunmaşdır. Yalnız onun soyadı, adı və atasının adı, eləcə də VÖEN nömrəsi barədə məlumatlar vardır. Lakin, məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, cavabdeh Asatara rayonu, Şahağac kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Plenum sonda qərara almışdır ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Məhkəmə iclasında müəyyən eildi ki, iddiaçının tələbi Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində göstərilmiş tələblərin təsir altına düşmür. Həmin maddədə “sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan)” dedikdə, iddiaçının hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar nəzərdə tutulur. Hazırki iddia tələbində isə o, başqa şəxsin torpaq sahəsindən özünə yolun açılmasını tələb edir. Bu tələbə isə cavabdehin rəsmi qeydiyytda olduğu rayon məhkəməsində baxılmamlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Bunun nəticəsində məhkəmə hazırlıq iclasının bildirişi cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilməmiş, nəticədə cavabdeh məhkəmə hazırlıq iclasında öz sübutlarını təqdim etmək hüququndan məhrum olunmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32, 35, 36, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin olunsun. İddiaçı 3-cü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 10 saylı Lənkəran Ərazi İdarəsinin cəlb etməklə cavabdeh X4 qarşı servitut hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, surəti tərəflərə rəsmi qaydada verildiyi andan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar