Məhkəmə qərarları › İş №e-2(050)-105/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-105/2025

01.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-105/2025 01.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı və gediş-gəliş yolunun açılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkilişlə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Yaşadığı Masallı rayonunun Qızılağac kəndində əvvəldən istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsini Masallı rayon Qızılağac bələdiyyəsindən alqı-satqı edərək, mülkiyyətinə almışdır. Bu barədə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, **********47 saylı Çıxarış qeydə alınmış, çıxarışa əsasən 0.06 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmkəndlisi, qonşusu Masallı rayonu, Qızılağac kənd sakini, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh heç bir əsas olmadan həyətyanı torpaq sahəsinə gələn gediş-gəliş yolunu kəsərək, zəbt etmişdir. Ona bu barədə dəfələrlə şifahi müraciət etsə də, hegemonluq edərək, öz qolunun gücünə sözügedən gediş-gəliş yolunu zəbtdən azad etməmişdir. Məcburiyyət qarşısında qalıb, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının tələbi: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, **********47 saylı Çıxarışına əsasən həyətyanı torpaq sahəsinə gələn gediş-gəliş yolunun açılması və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh, Masallı rayonunun Qızılağac kənd sakini Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin qanuni mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə gələn gediş-gəliş yolu cavabdehin qanunsuz istifadəsindədir. Bu isə iddiaçının qanunla mühafizə edilən mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının atası tərəfindən onun yaşayış sahəsinə gedən yol zəbt edilmişdir. Bu səbəbdən o və digər qonşular hazırda mübahisə edilən yoldan istifadə edir. Onlar yolu tutanda iddiaçının həmin torpaq sahəsində evi olmamışdır. Ev sonradan tikilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonu, Qızılağac kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyindən məlum olur ki,

1. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Qızılağac kendində İddiaçı **********47 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin koordinatlarının faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmə (üst-üstə düşmə) vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır.

2. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Qızılağac kəndində İddiaçı **********47 reyestr nömrəli Çıxarışla mülkiyyətində və istifadəsində olan 0.06 ha heyətyanı torpaq sahəsinə tələb etdiyi, naturada mövcud olan mübahisəli gediş geliş yolu (dalanı) hissəsinin ümumi istifadəli yol kimi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin yerləşmə vəziyyəti ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.

3. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialina görə Masallı rayonu Qızılağac kəndində İddiaçı **********47 reyestr nömrəli Çıxarışla mülkiyyətində və istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsinə tələb etdiyi gediş-gəliş yolu (dalanı) hissəsinin, ümumi istifadəli yol kimi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir.

4. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Qızılağac kəndində İddiaçı **********47 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinə tələb olunan gediş-gəliş yolunun (dalanın) giriş hissəsinin Cavabdeh tərəfindən gediş-gəlişə maneə yaradan hasarla bağlanıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 28 aprel 2025-ci il tarixli, 10/2210 saylı rəyindən məlum olur ki; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1137/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Qızılağac kəndində İddiaçı **********47 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin koordinatlarının faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudları daxində yerləşmə (üstüstə düşmə) vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1137/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Qızılağac kəndində İddiaçı **********47 reyestr nömrəli Çıxarışla mülkiyyətində və istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsinə tələb etdiyi, naturada mövcud olan mübahisəli gediş geliş yolu (dalanı) hissəsinin ümumi istifadəli yol kimi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin yerləşmə vəziyyəti ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1137/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Qızılağac kəndində İddiaçı **********47 reyestr nömrəli Çıxarışla mülkiyyətində və istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsinə tələb etdiyi gediş-gəliş yolu (dalanı) hissəsinin, ümumi istifadəli yol kimi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin Cavabdeh Rahim oğlunun faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1137/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Qızılağac kəndində İddiaçı **********47 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinə tələb olunan gediş-gəliş yolunun (dalanın) giriş hissəsinin Cavabdeh tərəfindən hasarla bağlanıldığı müəyyən edilmişdir. Qeyd: Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin alınması üçün 95 manat rüsum İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və tədqiq olunmuş sübutlara əsasən məlum olur ki, İddiaçı xüsusi mülkiyyətində Masallı rayonunun Qızılağac kəndində yerləşən 0.06 ha torpaq sahəsi vardır, buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********47 saylı çıxarış alınmışdır. Hazırda iş üzrə iddiaçının mülkiyyətində olan 0.06 hektar torpaq sahəsinə gediş-gəliş yolunda cavabdeh tərəfindən yaradılmış maneələrin aradan aldırılmaqla yolun açılmasını tələb edir. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış, mühəndis-texniki ekspertizası təyin edilmiş və qeyd edilənlərin əsasında müəyyən olmuşdur ki, İddiaçı mülkiyyətində olan Masallı rayonunun Qızılağac kəndində yerləşən 0.06 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu bələdiyyə mülkiyyətində olan torpaqlara aiddir və hazırda cavabdeh tərəfindən istifadə edilir. Mülki hüquq nəzəriyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçının qanuni sahiblik etdiyi torpaq sahəsinə gediş-gəliş yolunu bağlamaqla onun öz mülkiyyətindən istifadəsinə mane olur ki, bu da Mülki Məcəllənin 157.4-cü və 157.8-ci maddələrinin tələbi baxımından yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, **********47 saylı Çıxarışına əsasən Masallı rayonunun Qızılağac kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə gələn gediş-gəliş yolunun açılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0. və 115.0.1-ci maddələrinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti və 95 manat mütəxəssis rəyinin alınmasına görə rüsum Cavabdeh İddiaçı xeyrinə tutulmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat Cavabdeh oğlundan tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, **********47 saylı Çıxarışa əsasən Masallı rayonunun Qızılağac kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə gələn gediş-gəliş yolunun açılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti və torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcə görə 95 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar