Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2003/2024 29.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş оlduğu mаddi ziyаnа görə 13100 (on üç min bir yüz) mаnаt pulun, hüquqi хidmətə görə ödəmiş оlduğu 400 (dörd yüz) mаnаt pulun, dövlət rüsumu kimi ödəmiş оlduğu 130 (bir yüz otuz) mаnаt pulun, notariat xidmətlərinə görə ödənilmiş 20 (iyirmi) manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, həmkəndlisi оlаn cаvаbdеh 2022-ci ilin avqust ayında ona zəng edərək, 15000 manat pul lazım olduğunu demiş, ferması olduğunu və qoyun-quzu alıb bir qədər saxladıqdan sonra satıb qazanc etmək istədiyini, lakin pulunun az olduğunu bildirərək, 15000 manat pul verərsə, həmin pulla alınmış qoyun-quzunun satışından əldə edəcəyi qazancın yarısını ona verəcəyini vəd etmişdir. Həmin günün sabahı iddiaçı cəmi 13100 manat pul əldə edib, cavabdehlə görüşərək pulu ona vermişdir. Həyətdə pulu Əsgərə verəndə yanlarında qardaşı və bacısı da olmuşdur. Həmin vaxt da Əsgər bir daha vəd etmişdir ki, ona verdiyi pulla qoyun-quzu alıb-satacaq və əldə etdiyi qazanca onu şərik edəcəkdir. Lakin pulu verdikdən bir müddət sonra əlaqə saxlamaq istədikdə cavabdeh zənglərini açmamış, iddiaçıdan gizlənmişdir. Daha sonra isə cavabdehin həmkəndliləri Cəlil Rəhimovdan da borc pul alıb qaytarmadığını eşitmişdir. Cəlillə bir yerdə cavabdehin işlədiyi məktəbin qarşısına gedib, pulları nəyə görə qaytarmadığını aydınlaşdırmaq istəsə də, cavabdehin atası gəlib onları söyüb təhqir etdiyindən mübahisənin böyüməməsi üçün oradan çıxıb getmişlər. Sonradan isə aydın olmuşdur ki, cavabdehin atası barələrində əsassız şikayət etmişdir. Həmin şikayət üzrə araşdırma zamanı cavabdeh özü də izahatında iddiaçıdan qeyd olunan vaxtda 13100 manat pul aldığını etiraf etmişdir. Lakin həmin pulu iddiaçıya qaytardığını qeyd etmişdir. Halbuki o, pulu qaytarmamışdır. Nəticədə cavabdeh vəsаiti hеsаbınа əsаssız vаrlаnmаqlа ona ziyаn vurmuşdur. İddiaçı qеyd оlunаn pulunu dəfələrlə tələb еtsə də, cavabdeh pulu vеrmədiyindən məhkəməyə mürаciət еtmək məcburiyyətində qаlmışdır. Bunа görə isə 130 mаnаt məhkəmə rüsumu və vəkilin hüquqi хidmətinə görə 400 mаnаt, notariatla bağlı 20 manat pul ödəməli оlmuşdur. Bu xüsusatlar dövlət rüsumunun ödənilməsi bаrədə qəbz, notariat xidmətləri ilə bağlı ödənişə dair qəbz, hüquqi xidmətlə bağlı müqavilə və ödənişə dair qəbz cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapır. İddiaçı və onun nümayəndə-vəkili Nümayəndə1 ayrı-ayrılıqda məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdilər. Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı cavabdehə faizlə pul verdiyindən, tələb etdiyi məbləğdə haqlı deyildir. Belə ki, onun oğlu cavabdehdən 1000 manat pul almışdır. Həmin pulu da qaytarmışdır. Məhkəmə iş materiallarında olan və tərəfin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 fevral 2024-cü il tarixli qərardan görsənir ki, aparılmış araşdırma zamanı, izahatı alınmış Cavabdeh izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə özü müraciət etmişdir. Bildirmişdir ki, İddiaçı və X1 həmkəndliləridir. Onlarla arasında heç bir ədavət və düşmənçilik yoxdur. 2021-ci il tarixdə Aynurun evinə gedərək, ondan borc pul istəmişdir. Aynur 5000 (beş min) manat pul vermişdir. Pulu verəndə Aynur demişdir ki, o, bu pullarla qazanc edir. Axırda bu puldan qazanc verməsini istəmişdir. Pulu alan zaman 3 ay ərzində qaytaracağını demişdir. Birinci ayın pulunu yəni 1000 (min) manat pul verdiyi zaman Aynur demişdir ki, “bu verdiyin pul qazancdır, sənin pulun azalmadı”. Həmin zaman Aynurla mübahisə etmiş, belə razılaşmadıqlarını bildirmişdir. Bundan sonra 2021-ci ilin dekabr ayına kimi İddiaçı ümumilikdə 9000 (doqquz min) manat pul vermişdir. Borc pulunu bitirib onunla borc məsələsini bağlamışdır. Bundan sonra ehtiyacları olduğu üçün ayrı-ayrı vaxtlarda ümumilikdə Aynurdan yaşadığı evdə 13100 (on üç min yüz) manat borc pul almışdır. Pulları alarkən onunla 5-6 faizə razılaşmışdır. Pulları qaytaran zaman demişdir ki, “sənə pulu 20 faizə vermişəm və sən o faizlə də pulumu qaytaracaqsan”. Hər ay müxtəlif məbləğlərdə İddiaçıa olan borcunu qaytarmışdır. 2022-ci ilin sentyabr ayına kimi İddiaçı ümumilikdə 29152 (iyirmi doqquz min yüz əlli iki ) manat pul qaytarmışdır. 2022-ci ilin sentyabr ayında İddiaçı olan borcunu yekunlaşdırmışdır. xx.xx.2024-cü il tarixdə məktəbdə olarkən görmüşdür ki, Cəlil və Aynur məktəbin qarşısında duraraq, onu gözləyirlər. Atasına zəng edərək, bu barədə məlumat vermişdir. Atası Fazil gəlib onları uzaqlaşdırmışdır. Atasına Aynur söyüş-söyüb və demişdir ki; “Əsgəri asacağıq”. Bundan sonra atası DİN-in 102 zəng xidmətinə müraciət etmişdir. Aparılmış təhqiqat zamanı izahatı alınmış İddiaçı xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə barəsində edilmiş şikayətlə tanış olmuş və iddia ərizəsində qeyd edilən məzmunda izahat vermişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 130 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Belə ki, Mülki Məcəllənin 739.2-ci maddəsində qeyd edilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan başqa tərəflər arasında bağlanmış 13100 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdehin iddiaçıdan 13100 manat pul almış olması öz izahatına əsasən öz təsdiqini tapmışdır. Odur ki, tərəflər arasında bağlanmış 13100 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 13100 manat pulu ona geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumu, hüquqi xidmətə görə ödənilmiş 400 (dörd yüz) manat pul və notariat xidmətlərinə görə ödənilmiş 20 (iyirmi) manat cavabdehə adi edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13100 (on üç min bir yüz) manat pul, hüquqi xidmətə görə ödənilmiş 400 (dörd yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 130 (bir yüz otuz) manat və notariat xidmətlərinə görə ödənilmiş 20 (iyirmi) manat alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-2003/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2003/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver