Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2116/2025 06.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızının, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızının Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binəqədi Südçülük sovxozu, Əli İsazadə küçəsində hal hazırda yaşadıqları evin tikintisinə xərclənmiş 95000 manat pulun 50000 manatını və 240 manat dövlət rüsmunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə cavabdehin yaşadığı, tikintinin yerləşdiyi Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. Xəzər Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli e-2(003)-1271/2025 saylı qərardadı ilə aiddiyyat qaydalarına əməl edilmədiyini qeyd edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Qəradaddan verilmiş şikayətləri təmin edilməyərək, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsi 2(103)- 1822/2025 saylı qərardadı ilə Xəzər Rayon Məhkəməsinin qəradadı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, Masallı Rayon Məhkəməsinə müracət edilir. 2009-cu ilin aprel ayının 19-da qeyri rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Masallı rayonu Təzəkənd kəndinə gəlin köçmüşdür. 2014-cü ilin 14 sentyabr tarixində rəsmi nikaha daxil olmuşlar. Bu nikadan uşaqları olmuşdur. Hal hazırda nikahları pozulmuşdur. 2012-ci iln may ayında Bakı şəhərinə köçmüşlər kirayadə yaşamışlar. Bunan sonra 2013-cü ilin 12 mart tarixində X2 0.2 ha torpaq sahəsi almışlar. 2013-cü il ərzində həmin evi tikmişlər. 2014-cü ilin yanvar ayından başlayaraq birgə nikah dövründə tikdikləri evdə yaşamışlar. Evin tikintisi zamanı həmçinin ona cehiz gətirilmiş zinət əşyaları satılmışdır. Aralarında münasibətlər pozulduqdan və məhkəmə çəkişməsi olduğu dövrdə onların tərəfindən tikilmiş evin komunal ödəmələri X6 adına keçirilmişdir ki, ona birgə nikah dövründə tikdikləri evdən heç bir şey çatmasın. Evin tikilməsinə sərf edilmiş 99000 manatın 50000 manatını mediyasiya qaydasında istəsə də, mediyasiyada razılaşmaları olmamışdır. 27 may 2024-cü il tarixdə nikahları Xəzər Rayon Məhkəməsində pozulmuşdur. Bu nikahdan üç uşaqları olmuşdur. Faktiki olaraq bu gündə uşaqları ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, məhkəmədə işin olması haqqında məlumatı xx.xx.2025-ci il tarixində mobil nömrəsinə daxil olam sms vasitəsilə xəbərdar olmuşdur. Odur ki, Mülki Prosessual Məcəllənin tələbinə uyğun olaraq iddia ərizəsinə etiraz etmə hüququndan istifadə edərək, rəsmi qaydada etirazını təqdim edir. Belə ki, iddiaçı ilə 2009-cu ilin aprel ayında faktiki ailə münasibətlərinə daxil olmuş, həmin ilin iyul ayından isə Bakı şəhərində xalasının evində müvəqqəti yaşamışlar. 2011- 2012-ci ildən isə Həzi Aslanov ərazisində kirayədə yaşamağa başlamışlar, iddiaçı ilə rəsmi nikaha 2014-cü ildə daxil olmuşlar. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Ailə Məcəlləsinin tələblərinə, Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin mövcud qərarlarına əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak onların birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Yuxarıda yazılanlardan da aydın olur ki, əmlakın birgə mülkiyyət və ya ərin (arvadın) əmlakı olması üçün həmin əmlak qanunla müəyyən edilmiş qaydada qazanılmış əmlak olmalı və əmlaka dair mülkiyyət hüquqi mövcud olmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddia ərizəsinə hər hansı sübutlar təqdim edilməmişdir. Hazırda mübahisələndirilən əmlakın mülkiyyət hüququ ona və ya birgə nigah dövründə əldə edilməklə iddiaçıya və ona məxsus deyildir, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən də görünür ki, mübahisələndirilən əmlak digər şəxsin mükiyyətində olub və hal-hazırda həmin şəxsin mülkiyyətindədir. Məhkəmə iclasında iddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2009-cu ildə faktiki nikaha daxil olmuşlar. Nikahları 2012-ci ildə rəsmiləşdirilmişdir. Torpaq sahəsi alınmış və mübahisəli ev tikilmişdir. Uşaqlar onunla yaşayır. Özü və cavabdeh mübahisəli evdə yaşayırlar. İki boşanan insan bir evdə yaşaya bilməz. Onların problemləri var. Ev etibarnamə əsasında onlarındır. Onun məqsədi cavabdehdən pulu alıb, uşaqlarla başqa evdə yaşamaqdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Nigarın yaşadığı evi o tikmişdir. Səhv etmirsə 2012-ci ildə Nigarın atası ona müraciət edərək bildirmişdir ki, onun yeznəsi Elgün torpaq sahəsi almış, gedək orda ev tik. Elgünlə görüşüb, qiymətlə bağlı razılaşmışlar. Evi tikmiş və damını örtmüşdür. Onları maliyyələşdirən Elgün olmuşdur. Ev onun idi. Torpaq sahəsini ona verən Dursun müəllim olmuşdur. O riyaziyyat müəllimidir. 5-6 il sonra Nigargil orda yaşayarkən hasarın suvanmasını o etmişdir. Hətta sonra Elgün onun pulunu gecikdirmişdir. Həmin ev Elgünün olmuşdur. Evdə başqa işlərdə görüləndə onunla məsləhətləşmişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Nigar onun qızıdır. Onların evi birgə yaşayarkən 2013-2014-cü illərdə tikilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və onun vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Abşeron Rayon X12 üzrə 09 dekabr 2000-ci il tarixli 16 saylı əmrdən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin 22 avqust 2000-ci il tarixli, 171 saylı sərəncamı, X12 Həmkarlar komitəsinin 08 dekabr 2000-ci il tarixli, 21 saylı protokoluna əsasən sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən X4 0.12 hektar torpaq sahəsi ayrılması əmr edilmişdir. 12 mart 2013-cü il tarixli, AR-İ № 247474 saylı etibarnamədən görünür ki, X1 Elgün Qafil oğluna Abşeron rayonu, X12 ərazisində istifadəsində olan 0.02 ha torpaq sahəsinə dair zəruri sənədlər toplamağı, tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, bütün idarə və təşkilatlara müraciət etməyi, Dövlət torpaq və xəritəçəkmə komitəsinin Bakı şəhər şöbəsinə plan almağı, Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin Bakı Şəhər Ərazi idarəsindən çıxarış, arayış aldıqdan sonra torpaq sahəsinə və mövcud tikiliyə dair sərəncam verməyi, satmağı, bağışlamağı, müqavilə imzalamağı, bununla bağlı adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısı aparatının 14 fevral 2025-ci il tarixli, 02 saylı qısamüddətli mühafizə orderindən görünür ki, Binə qəsəbəsi, X12 ərazisində yaşayan Cəfərova (Ağayeva) X9 Rayon icra Hakimiyyətinə müraciət edərək keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən məişət zorakılığına məruz qaldığını bildirmişdir. Xəzər Rayon icra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu tərəfindən aparılmış araşdırmaya əsasən müəyyən olunmuşdur ki, İddiaçı həqiqətən də keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən məişət zorakılığına məruz qalmışdır. Məişət zorakılığını törətmiş Cavabdeh məişət zorakılığına məruz qalmış Cəfərova (Ağayeva) Nigar Mirhamil qızına qarşı məişət zəminində fiziki zorakılıq zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, qəsdən sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması; Məişət zəminində psixi zorakılıq qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər; Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi-məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsi, iqtisadi asılılıq yaradılması, belə asılılığın saxlanılması və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərin edilməsi qadağan edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-ci il tarixli, 1/2024 saylı qərarının: 4.11-ci bəndinə əsasən Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı ilə Cavabdeh nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dövründə rəsmi olmasada faktiki olaraq, Abşeron Rayon X12 üzrə 09 dekabr 2000-ci il tarixli 16 saylı əmr əsasən X3 istifadəsində olan torpaq sahəsini almışlar və onun üzərində özbaşına fərdi yaşayış evi inşa etmişlər. Hazırda tərəflər arasında olan nikah pozulsa da hər iki tərəf mübahisəli evdə yaşayırlar. İşin tədqiq olunan faktiki və hüquqi hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı mübahisə predmeti olan özbaşına tikintinin faydalı xassələrindən istifadə etdiyindən və istifadə etmək imkanlarından məhrum olmadığından iddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızının Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi» tələbi barədə iddiası rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 190 manat və mediasiya prosesi zamanı ödənilmiş 50 manat pul vəsaiti onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızının Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi» tələbi barədə iddia rədd edilsin. Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 190 manat və mediasiya prosesi zamanı ödənilmiş 50 manat pul vəsaiti onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-2116/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2116/2025
06.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver