Məhkəmə qərarları › İş №e-2(050)-2339/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2339/2025

17.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2339/2025 17.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimi Famil Ələskər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “intizam tənbehinin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh qarşı “intizam tənbehin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı Rayon Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli 25 №-li əmrin qanunsuz hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Masallı Rayon Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən qəbul edilmiş 26 dekabr 2024-cü il tarixli əmrin də qanunsuz hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə Masallı şəhərində kirayədə yaşayır. 26 ildir ki, Masallı Rayon Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. İşlədiyi dövr ərzində hər hansı bir nöqsana yol verməmişdir. Dioqnostik qiymətləndirmədən yüksək bal topladığına baxmayaraq (ixtisasdan 32, ümumi 41) 16-25 arası bal toplayan müəllimlər ondan artıq dərs saatı ilə təmin edilsələr də, o, heç bir etiraz etməmişdir. Lakin, Cavabdeh məktəbin direktoru təyin ediləndən sonra onun problemləri başlamışdır. Belə ki, cavabdeh olan Masallı Rayon Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh yuxarıda qeyd edildiyi kimi məktəbə direktor təyin ediləndən sonra onun üçün problemlər yaratmağa başlamış və müəllimləri də ona qarşı qaldırmağa çalışmışdır. 2023-2024-cü il tədris ilinin oktyabr ayında məktəbin direktoru olan Cavabdeh tərəfindən Elm və Təhsil Nazirinin əmri ilə təsdiq edilmiş qaydaların şəxsi və maddi maraqlara görə pozulması ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X12-Astara Regional Təhsil İdarəsinin müdiri X2 qəbulunda olmuş və Cavabdeh məktəbə direktor təyin edildikdən sonra ona qarşı yol verdiyi haqsızlıqlar barədə məlumat verdmişdir. Bəhruz Mehdiyev onu dinlədikdən sonra dediklərinin obyektiv araşdırılacağını və haqlı olacağı halda, pozulmuş hüquqlarının bərpa ediləcəyinə söz vermişdir. Məktəbin direktoru Cavabdeh 2024-2025-ci tədris ilinin sentyabr ayında 13 şagirddən ibarət 4b sinfini ona vermişdir. Hansı ki, həmin sinifdə 5 uşaq kitab oxuya bilmir, 2 uşaq hərfləri tanımır, 1 uşaq isə çətin tərbiyə olunan uşaqdır. O, bu barədə yenidən məktəbin direktoru Cavabdeh yanında olmuş, lakin o, bununla bağlı heç bir tədbir görmədiyi üçün o, yuxarı təşkilatlara onun bu hərəkətləri barədə şikayətlər etmişdir. Cavabdeh də qisas almaq üçün hər cür tədbirlərə əl almışdır. Beləliklə də, məktəbin direktoru Cavabdeh onun xəbəri olmadan xx.xx.2025-ci il tarixdə onun barəsində intizam tənbehinin verilməsi barədə 25 nömrəli əmr imzalamış və həmin əmrdə qeyd edilmişdir ki, “məktəbin ibtidai sinif müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinin tələblərini pozulması hallarına yol verərək məktəbin Vİ “b” sinif şagirdi X7 əli ilə vuraraq və kobud ifadələrlə təhqir etmişdir. İddiaçı 26 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndi ilə intizam tənbehi olmasını nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndi ilə (sonuncu xəbərdarlıqla) şiddətli töhmət verilsin. Qeyd olunan əmr 27 fevral 2025-ci il tarixdə verilsə də, rəsmi qaydada ona təqdim edilməmiş və ancaq həmin əmrin mövcudluğundan xx.xx.2025-ci il tarixdə məlumat lövhəsində görərək tanış olmuşdur. Bundan sonra o, məktəbin direktoru Cavabdeh ona qarşı bu qanunsuz hərəkətləri barədə Masallı Rayon Prokurorluğuna müraciət etmiş, orada onun əməllərində hər hansı bir cinayət tərkibi olmadığını əsas gətirilərək 10 aprel 2025-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarın surəti də ona rəsmi qaydada xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Bundan sonra o, da qanunvericiliyin tələbinə görə bununla əlaqədar ilkin olaraq Medasiya Şurasına müraciət etmiş, Medasiya Şurası tərəfindən mediator təyin edilmiş və hər ikisi oraya dəvət edilmişdir. Orada nümayəndəsi və vəkili ilə birlikdə iştirak etsələr də, iş üzrə cavabdeh olan Masallı Rayon Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh mediasiyaya gəlməmişdir. Ona görə də bu barədə ona arayış verilmiş və o, məcburiyyət qarşısında qalaraq hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək əlavə olaraq bildirdi ki, o, 26 ildir həmin məktəbdə müəllim işləyir. Bu vaxta kimi onun işində qüsur olmamışdır. Hesab edir ki, məktəbin direktoru ona qarşı qərəzli olduğundan onun barəsində intizam tənbehləri vermişdir. Həmin intizam tənbehləri ona qanunsuz olaraq verilmişdir. O, Vİ “b” sinif şagirdi Fatimə Dadaşovanı sillə ilə vurmamışdır. xx.xx.2025-ci il tarixdə növbətçi olduğu zaman sinifin uşaqları dəhlizdə səs-küy salmışlar, onlara sinifə keçmələrini bildirmiş, uşaqlar qaçışdıqlarına görə o, Fatimənin qolundan tutaraq onları ayırmış və sinifə girmələrini bildirmşdir. Həmin vaxt dəhlizdə müəllimlərdən heç kim olmamışdır. O, uşaqları sinifə saldıqdan sonra həmin sinifə dərs keçən Şahid2 sinifə gəlmişdir. O, Şahid2 irad bildirərək demişdir ki, dərsə vaxtında gəlsəydi uşaqlar arasında belə bir hal da baş verməzdi. Azər həmin vaxt dərsə gecikmişdir. Bu zaman o, gedib direktor müavinləri Rəşad və Bəsirə müəllimi çağırıb həmin sinifə gətirmiş və Azərin dərsə gecikməsi barədə iradını bildirmişdir. Onun barəsində müəllimlər tərəfindən verilmiş izahatlar tərtib edilmiş aktlar, həmçinin əmrlər hamısı saxtadır. Həmin sənədlər qərəzli olaraq hazırlanmışdır. Həmçinin, onun barəsində qeyd edilən sənədlərin tərtib olunmasında iştirak etməmiş, bunlardan məlumatsız olmuşdur. Sənədlər hamısı sonradan hazırlanmışdır. Əmrlər kitabı da cavabdeh tərəfindən dəyişdirilmişdir. O, eyni zamanda 26 dekbabr 2024-cü il tarixli əmrin verilməsindən məlumatlı olmamış, əmrdə göstərilən pozuntuların heç biri baş verməmişdir. Belə ki, həmin əmrin məzmununda göstərilmişdir ki, İddiaçı direktorun xidməti otağında yüksək səs və kobud ifadələrlə əsassız ittihamlar səsləndirmiş, otağı tərk etdikdən sonra məhktəbin dəhlizində məktəb sosial-pedaqoqu Şahid1 qarşı etik davranış qaydalarını pozaraq kənar davranışlara yol vermişdir. Qeyd edilən halların heç biri baş verməmiş, direktorun otağında olduğu zaman etik davranış qaydalarını pozmamış, sadəcə ona bildirilmiş iradlarla razılaşmayaraq etirazını bildirmişdir. Şahid1 ilə arasında sözlü mübahisələri olsa da, həmin mübahisə 26 dekabr 2024-cü il tarixdə baş verməmiş, 28 dekabr 2024-cü il tarixdə baş vermişdir. Göründüyü kimi, əmr verilərkən əmrdə qeyd edilən hadisələrin heç biri baş vermədiyi halda barəsində intizam tənbehi tətbiq edilmiş, həmçinin həmin əmrlə tanış edilməmiş, yalnız xx.xx.2025-ci il tarixli əmrdən məlumatlı olduğu vaxt həmin əmr qəbul edilməsi ona məlum olmuşdur. İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək əlavə olaraq bildirdi ki, tərtib edilmiş intizam tənbehinin verilməsi barədə əmrlər saxtadır. Hesab edir ki, həmin əmrlər sonradan tərtib edilmişdir. Onların tələb etdiyi əmrlərin yazıldığı kompyuter məhkəməyə təqdim edilməmişdir. Həmin kompyuter məhkəməyə təqdim olunsaydı, sənədin hansı vaxt tərtib olunduğu bəlli olacaqdı. Bundan başqa əmrlər kitabı təqdim edilsə də, həmin əmr kitabının dəyişdirilmə ehtimalı vardır. İddiaçı göstərilən hərəkətləri etməmişdir. Onun barəsində verilmiş əmrlər qanunsuz olmuşdur və ləğv edilməlidir. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı barəsində verilmiş intizam tənbehləri qanunidir. Belə ki, bununla bağlı məktəb müəllimlərinin izahatları alınmış, müvafiq aktlar tərtib edilmişdir. Onun İddiaçı ilə şəxsi qərəzliliyi yoxdur. O, öz vəzifəsini icra etmişdir. Bundan başqa Vİ “b” sinif şagirdi X9 Ağayeva tərəfindən sillə ilə vurulması hadisəsi üzrə humanistlik göstərərək hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Əgər onun İddiaçı ilə qərəzi olsaydı, bu barədə məlumat verərdi. Bundan başqa iddiaçının əmrlər kitabının dəyişdirilməsinə cavab olaraq bildirmişdir ki, əmrlər kitabı Regional Təhsil idarəsi tərəfindən qaytanlanır və möhürlə möhürlənir. Əmrlər kitabının dəyişdirilməsi onun tərəfindən mümkün olmayan haldır. Çünki əmrlər kitabına möhür özü tərəfindən deyil, Təhsil idarəsi tərəfindən vurulur. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Şahidlərin izahatları: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, əvvəllər Ərkivan qəsəbə 3 saylı tam orta məktəbində həmkarların sədri vəzifəsində işləmişdir. Həmçinin, riyaziyyat və informatika müəllimi olmuşdur. Hazırda isə işləmir. 27 fevral 2025ci il tarixdə 4-cü saatdan çıxıb jurnalı gətirib, digər sinif Vİ “a” sinifinə getmişdir. Sinifə daxil olduqda Fatimə Dadaşovanın ağladığını görmüşdür. Onun niyə ağladığını soruşduqda uşaqlar onu Laləzar müəllimənin sillə ilə vurmasını və saçından tutub sürümələrini bildirmişlər. O, dərsə başladıqdan sonra Rəşad və Bəsirə müəllimə Laləzar müəllimə ilə sinifə gəlmişlər. Həmin vaxt onlar dərsə gecikməsini irad olaraq bildirdikdə, dərsə vaxtında gəldiyini, onlara dərsi pozmamalarını bildirərək, onların sinifi tərk etmələrini xahiş etmişdir. Onlar da getmişlər. Laləzar müəllimə həmin gün növbətçi olmuşdur. Laləzar müəllimənin Fatiməni döyməsini şəxsən özü görməmiş, uşaqların dediyinə görə məlumatlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərkivan qəsəbə 3 saylı tam orta məktəbində sosial pedoqoq vəzifəsində işləyir. Əvvəllər ibtidai sinif müəllimi işləmişdir. Xəstəliyi səbəbindən imtahanda istənilən nəticəni göstərə bilmədiyindən işdən çıxmış, lakin sonradan onu həmin məktəbə sosial pedoqoq kimi qəbul etmişlər. Laləzar müəllimə ilə münasibətləri yaxşı olmuşdur. Laləzar müəllimənin nəticəsi yaxşı olduğundan onun sinifini Laləzara vermişlər. Onun otağı direktor otağı ilə üzbəüz yerləşir. Riyaziyyat aylığı ilə əlaqədar Famil müəllim məktəbin müəllimlərini otağına çağırmışdır. Həmin vaxt otaqda edilən söhbətləri eşitmişdir. Laləzar müəllimə ona verilən sinifin səviyyəsinin aşağı olduğunu bildirərək, direktora iradlarını bildirmişdir. Sonra otaqda səs-küy olmuş və Laləzar otaqdan çıxmışdır. O, Laləzar otaqdan çıxarkən yaxınlaşmış və direktor otağında onun adını niyə çəkdiyini soruşmuşdur. Laləzar onunla da mübahisə etmiş və sonra ayrılmışlar. Laləzarla Famil müəllim sonradan yenə mübahisə etmişlər. Mübahisə zamanı Laləzar onun da üzərinə qışqırmış və savadsız deyərək onu təhqir etmişdir. O, da bu barədə məktəbin direktoruna şikayət etmişdir. O, Laləzarla iki dəfə mübahisə etmişdir. Ərizəni ikinci dəfə mübahisədən sonra vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ərkivan qəsəbə 3 saylı tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. Laləzar müəllimə ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. Hazırda isə münasibətləri yaxşı deyil. Laləzar müəllimənin məktəbin direktoru arasında mübahisələrinin şahidi olsa da, aralarında hansı məzmunda söhbət edildiyini xatırlamır. Məhkəmə iddiaçını, onun vəkilini və cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına olan: Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, 130 nömrəli “intizam tənbehinin verilməsi barədə” əmrdən çıxarışdan görünür ki, 26 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin pozulması hallarına yol verərək, məktəbin direktoru Cavabdeh qarşı direktorun xidməti otağında yüksək səs və kobud ifadələrlə əsassız ittihamlar səsləndirmişdir. İddiaçı direktor otağını tərk etdikdən sonra məktəbin dəhlizində məktəb sosial-pedaqoqu Şahid1 qarşı müəllimlərin etik davranış qaydalarından kənar davranışlara yol vermişdir ki, nəticədə bu da məktəbin İ korpusunda tədrisin pozulmasına səbəb olmuşdur. Baş verən bu hadisə işçi tərəfindən məktəbdə nizamintizam pozulması kimi qiymətləndirilir. ARƏM-nin 10-cu və 186-cı maddəsinin İİ hissəsinin "a" bəndini əsas tutaraq əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə məktəbin ibtidai sinif müəllimi İddiaçı ARƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin "a"bəndi ilə töhmət verilmişdir. Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin direktoru Cavabdeh, məktəbin təşkilati işlər üzrə direktor müavini X4, İİİ “a” sinifinin rəhbəri X5, İİ “a” sinifinin rəhbəri Şahid4, İV “a” sinifinin rəhbəri Şahid3 tərəfindən təsdiq edilmiş aktdan görünür ki, 26 dekabr 2024 tarixdə saat 12:45 radələrində məktəbin direktoru ibtidai sinif müəllimləri ilə "Masallıda riyaziyyat" ayı ilə əlaqədar iclas keçirilmışdir. İclas sona çatdıqda məktəbin direktoru Cavabdeh müəllimlərə mövzu ilə əlaqədar sualın olub olmadığını soruşmuşdur. Məktəbin İV sinif müəllimi İddiaçı söz olaraq mövzudan kənar olaraq məktəbin direktoruna qarşı ittihamla danışaraq bildirmişdir ki, təqribən oktyabr aylarında məktəbin direktoru Cavabdeh təhsil sektoruna aparıcı məsləhətçisi olan X10 xidməti otağında ona rüşvət verməsinin şahidi olduğunu iddia etmişdir. İddiaçı direktora qarşı etik qaydaları pozaraq yüksək səslə kobud ifadələrdən istifadə etmişdir. Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin əmrlər kitabının surətindən görünür ki, 26 dekabr 2024-cü il tarixdə İddiaçı direktorun xidməti otağında ona qarşı yüksək səs və kobud ifadələrlə əsassız ittihamlar səsləndirmişdir. Həmçinin o, otağı tərk etdikdən sonra məktəbin dəhlizində Şahid1 qarşı müəllimlərin etik davranış qaydalarından kənar danışıqlara yol verməsi, nəticədə bu da məktəbin birinci korpusunda tədrisin pozulmasına səbəb olmuşdur. Baş verən hallar məktəbdə nizam-intizam qaydalarının pozulması kimi qiymətləndirilmişdir. Buna görə də İddiaçı töhmət verilmişdir. Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 25 nömrəli “intizam tənbehinin verilməsi barədə” əmrdən görünür ki, məktəbin ibtidai sinif müəllimi İddiaçı 27 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinin tələblərini pozulması hallarına yol verərək məktəbin Vİ “b” sinif şagirdi X7 əli ilə vuraraq və kobud ifadələrlə təhqir etmişdir. İddiaçı barəsində 26 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndi ilə intizam tənbehi olmasını nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndi ilə (sonuncu xəbərdarlıqla) şiddətli töhmət verilmişdir. Masallı Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Masallı rayon Ərkivan qəsəbə sakini İddiaçı Masallı rayon Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin direktoru Cavabdeh vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dərs saatlarının düzgün bölünməməsi və.s hərəkətləri barədə müraciəti araşdırılmış, onun əməllərində hər hansı bir cinayət tərkibi olmadığı əsas gətirilərək cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Ərkivan qəsəbə 3 saylı tam orta məktəbinin Vİ “b” sinifinin rəhbəri X1, məktəbin riyaziyyat müəllimi Şahid2, məktəbin ingilis dili müəllimi X11 tərəfindən təsdiq edilmiş aktdan görünür ki, 27 fevral 2025-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi İddiaçı məktəbin İİ korpusunda İV-V saatların fasiləsində növbətçi olduğu vaxt Vİ “b” şagirdi X6 üzünə əli ilə vuraraq şagirdə qarşı təhqiramiz ifadələr işlətməsi barədə məlumatı təsdiq etmişlər. Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Şahid2 tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli izahatdan görünür ki, o, izahatında 27 fevral 2025-ci il tarixdə 4-cü saatda 11:50-də X “a” sinifindən çıxıb müəllimlər otağına gedib, jurnalı götürüb Vİ “b” sinfinə gələrkən, sinifə daxil olduqda Laləzar müəllimənin sinifin şagirdi X8 qarşı deyindiyini, Fatimənin isə ağladığını görmüşdür. Uşaqlardan nə baş verdiyini soruşduqda, uşaqlar Laləzar müəllimənin Fatiməni sillə ilə vurduğunu və saçından tutub sürüdüyünü bildirmişlər. O, Laləzar müəlliməni yola Salıb dərsdinə başlamışdır. Dərsin gedişində sonradan Laləzar müəllimə direktor müavinləri Rəşad Abiyev və Bəsirə Cəlilova ilə sinifə gəlmişlər. O, həmin müəllimlərə dərsə maneə törətməmələrini və sinifi tərk etmələrini bildirmişdir. Dərs bitdikdən sonra, uşaqlar yenidən ona yaxınlaşaraq, Laləzar müəllimənin onlardan əl çəkməyəcəyini bildirmişdir. Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin ingilis-dili müəllim Şükufə Məmmədli tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli izahatdan görünür ki, 27 fevral 2025-ci il tarixdə saat 11:55-də zəng içəri vurularaq şagirdlər sinifə qaçaraq daxil olarkən, Laləzar müəllimə Vİ “b” sinif şagirdi X8 dəhlizdə sillə vuraraq qaçmamağını bildirib. Sonra sinifə daxil olaraq uşaqlara kobud şəkildə qışqıraraq “tərbiyyəli olun, siz evdə deyilsiz” ifadələrini işlətmişdir. Sonra isə “tərbiyyəsiz sizin valideyninizdir” demişdir. Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin müəllimi, Vİ “b” sinifinin rəhbəri Vəfa Mirzəyeva tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli izahatdan görünür ki, 27 fevral 2025-ci il tarixdə saat 11:55-də zəng içəri vurularaq şagirdlər sinifə qaçaraq daxil olarkən, Laləzar müəllimə Vİ “b” sinif şagirdi X8 dəhlizdə sillə vuraraq qaçmamağını bildirib. Sonra sinifə daxil olaraq uşaqlara kobud şəkildə qışqıraraq “tərbiyəli olun, siz evdə deyilsiz” ifadələrini işlətmişdir. Sonra isə tərbiyəsiz sizin valideyninizdir demişdir. Onu da sinifə çağıraraq uşaqlara tərbiyyə ver, ağıllandır demişdir. Dərs bitdikdən sonra Vİ “b” sinif şagirdi 3 qız ona yaxınlaşaraq Laləzar məllimənin onlara –“gör sizin başınıza nə oyun açacam” demişdir. 27 fevral 2025-ci il tarixli 2 nömrəli protokoldan görünür ki, həmin tarixdə Ərkivan qəsəbə 3 saylı tam orta məktəbində növbədənkənar şura iclası keçirilmişdir. İclasda ibtidai sinif müəllimi İddiaçı Vİ “b” sinif şagirdi Fatimə Dadaşovanı əli ilə vurması hərəkəti intizam pozuntusu olması müəyyən edilərək, ona töhmət verilməsi qərara alınmışdır. Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin direktoru Cavabdeh, məktəbin təlimtərbiyyə üzrə direktor müavini X15, məktəbin riyaziyyat müəllimi X3 tərəfindən təsdiq edilmiş aktdan görünür ki, 27 fevral 2025-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi İddiaçı məktəbin İİ korpusunda İV-V saatların fasiləsində növbətçi olduğu vaxt Vİ “b” sinif şagirdi X6 üzünə əli ilə vurmuşdur. Məktəbin direktoru İddiaçı hadisə barədə izahat yazmasını istəsə də, İddiaçı izahat yazmaqdan imtina etmişdir. Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin direktoru Cavabdeh, məktəbin təşkilati işlər üzrə direktor müavini X4, İİİ “a” sinifinin rəhbəri X5, İİ “a” sinifinin rəhbəri Şahid4, İV “a” sinifinin rəhbəri Şahid3 tərəfindən təsdiq edilmiş aktdan görünür ki, 27 fevral 2025-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi İddiaçı məktəbin İİ korpusunda İV-V saatların fasiləsində növbətçi olduğu vaxt Vİ “b” şagirdi X6 üzünə əli ilə vurmuşdur. Məktəbin direktoru İddiaçı hadisə barədə izahat yazmasını istəsədə İddiaçı izahat yazmaqdan imtina etmişdir. Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin əmrlər kitabının surətindən görünür ki, İddiaçı barəsində 26 dekabr 2024-cü il tarixli 130 nömrəli və 27 fevral 2025-ci il tarixli 25 nömrəli əmrlərin məzmunu əmrlər kitabında qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, 3 saylı məktəbin direktoru Cavabdeh həmin məktəbdə müəllim işləyən İddiaçı barəsində 26 dekabr 2024-ci il tarixdə “töhmət” tənbehinin, xx.xx.2025-ci il tarixdə isə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” tənbehinin tətbiq edilməsi ilə bağlı əmrlər qəbul etmişdir. İddiaçı qeyd edilən əmrlərin qəbul edilməsi əsasları ilə razılaşmayaraq, həmin əmrləri əsassız və qanunsuz hesab etdiyindən ləğv edilməsini tələb etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi işçilərin: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək kimi əsas vəzifələri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin Maddə 186-cı maddəsində əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri nəzərdə tutulmuşdur:

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

Təhsil haqqında Azərbaycan Respublikasının qanunu: Qanunun 32-ci maddəsində təhsilalanların hazırki hüquq mübahisəsi ilə bağlı hüquq və vəzifələri aşağıdakı kimi göstərilmişdir: 32.3.3. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; 32.3.10. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq; 32.3.11. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq; Həmin qanunun 33-cü maddəsində təhsilverənlərin hüquq və vəzifələri hazırki hüquq mübahisəsi ilə əlaqədar aşağıdakı kimi göstərilmişdir: 33.3.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 33.3.5-1. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; 33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; 33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; Məhkəmə əvvəlcə 26 dekabr 2024-cü il tarixli məhkəmə əmrinin qəbul edilmə əsasları və iddiaçının əmrin qanunsuz olması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, həmin əmrin məzmunundan görünür ki, İddiaçı direktorun xidməti otağında yüksək səs və kobud ifadələrlə əsassız ittihamlar səsləndirmiş, o, direktor otağını tərk etdikdən sonra məktəbin dəhlizində məktəb sosial-pedaqoqu Şahid1 qarşı müəllimlərin etik davranış qaydalarından kənar davranışlara yol vermişdir ki, nəticədə bu da məktəbin İ korpusunda tədrisin pozulmasına səbəb olmuşdur. Bununla bağlı Laləzar Novruzova tərəfindən təqdim edilmiş 26 dekabr 2024-cü il tarixdə direktorun otağında keçirilən iclasın müəyyən hissəsini əks etdirən səs yazısına məhkəmə iclasında qulaq asılarkən müəyyən edilmişdir ki, məktəb direktoru dərs zamanı İddiaçı yol verdiyi pozuntuları sadalayarkən, o, uca səslə onunla danışaraq elan edilmiş pozuntularla razılaşmayaraq sərt şəkildə etirazını bildirmiş, direktorun dediklərini dinləmədən özü də onunla yanaşı danışmaqla, iclasın aparılmasına mane olmuşdur. Həmin səs yazısı direktorun otağında keçirilmiş iclası tam şəkildə əhatə etməmiş, iddiaçı bütün iclasın vaxtını əhatə edən səs yazısının onda oduğunu, yalnız özünə aid olan hissəsini kəsərək məhkəməyə təqdim etdiyini bildirmişdir. İddiaçı bunu onunla izah etmişdir ki, direktorla iclas zamanı aralarında məhz həmin mübahisənin baş verdiyini, səs yazısında qeydə alınmış səslərdən başqa hər hansı mübahisəsi olmadığından səs yazısını bütöv şəkildə təqdim etməyə zərurət görmədiyini bildirmişdir. Cavabdeh həmin səs yazısına münasibət bildirərək, iddiaçının həmin iclas zamanı demək olar ki, ona danışmağa imkan vermədiyini, ona rüşvət alması ilə bağlı ittihamlar səsləndirdiyini, məhz bu səbəbdən də həmin iclasın qısa bir hissəsini əhatə edən səs yazısınının məhkəməyə təqdim etdiyini bildirmişdir. O, həmçinin elə məhkəməyə təqdim edilmiş səs yazısından da Laləzar müəlimənin ona qarşı etinasız yanaşaraq müəllimlərin yanında iclası pozduğunu, uca səslə danışaraq iclasın aparılmasına qəsdən mane olmaq niyyəti ilə hərəkət etdiyi açıq-aşkar görünür. Həmin iclasda iştirak etmiş müəllimlərin də izahatı alınarkən, həqiqətən də, müəyyən edilmişdir ki, İddiaçı 26 dekabr 2024-cü il tarixli əmrin məzmununda qeyd edilən hərəkətlərə yol vermişdir. Şahid qismində izahatı alınmış Pərvanə Bağırova özü də izahatında icas qurtardıqdan sona Laləzar müəllimədən hansı səbəbdən iclasda onun adını çəkdiyinin səbəbini soruşduqda, sonuncu onunla kobud danışaraq ona qarşı hörmətsizlik etdiyini bildirmişdir. Cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş səs yazısının tədqiqi zamanı müəyyən edilmişdir ki, direktorun 26 dekabr 2024-cü il tarixdə keçirdiyi iclasdan sonra İddiaçı iclas zamanı yol verdiyi etik davranış pozuntularına görə izahatı verməsi tələb edilsə də, o izahat verməkdən qəti şəkildə imtina etmişdir. Bu halın özü də təsdiq edir ki, 26 dekabr 2024-cü il tarixdə direktorun otqağında iclas keçirilərkən yol verdiyi pozuntularla əlaqədar barəsində intizam qaydasında araşdırma aparılmasından və bununla bağlı intizam qaydasında cəzalandırılmasından İddiaçı tam şəkildə məlumatlı olmuşdur. Ona görə də onun 26 dekabr 2024-cü il tarixli əmrlə tanış olmaması ilə bağlı dedikləri həqiqəti əks etdirən məlumatlar kimi qəbul edilə biləməz. Çünki bir şəxsin barəsində yol verdiyi intizam pozuntusuna görə barəsində araşdırma aparılması ona açıq aşkar bəlli olduğu halda, həmin araşdırmanın nəticəsindən də məlumatlı olması heç bir halda istisna edilmir. Həm də ki, İddiaçı özünün dediyi kimi, həqiqətən də heç bir pozuntuya yol verməmişdirsə, bununla bağlı barəsində aparılan araşdırma ilə bağlı izahat verməkdən imtina etməzdi. Hadisə baş verdikdən sonra tərtib edilmiş aktların da məzmunundan da görünür ki, İddiaçı əmək intizamını kobud şəkildə pozmuşdur. Məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, məktəb direktorunun İddiaçı yol verdiyi pozuntulara görə barəsində ən yüngül, yəni töhmət intizam tənbehinin tətbiq edilməsi ilə bağlı qəbul etdiyi əmri tam qanuni və əsaslı olmuşdur. Məhkəmə xx.xx.2025-ci il tarixli əmrin qanuniliyi və əsaslılığına qiymət verərək qeyd edir ki, həmin əmrin məzmunundan göründüyü kimi İddiaçı məktəbin Vİ b sinif şagirdi X7 əli ilə vuraraq və kobud ifadələrlə təhqir etdiyinə görə əvvəl ona verilmiş töhmət intizam tənbehinin olması nəzərə alınmaqla, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir. İddiaçı əməlini qismən etiraf edərək şagirdi əli ilə vurmadığını, sadəcə olaraq dəhlizdə qaçışdığına görə şagirdin qolundan tutub saxladığını və irad tutduğunu bildirsə də, iddiaçının şagirdi vuraraq fiziki təsir etdiyi və valideynlərinin ünvanına sərt sözlər işlətdiyi müəyyən edilmişdir. Belə ki, İddiaçı şagirdə qarşı hər hansı formada zor tətbiq etmədiyini bildirsə də, iş üzrə toplanmış sənədlər və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçının qeyd eidlən tarixdə şagirdə qarşı zor tətbiq etməsi faktı tam şəkildə təsdiqini tapmışdır. Belə ki, məktəb daxilində aparılmış araşdırma ilə əlaqədar direktora izahat vermiş Şahid2 məhkəmə iclasında izahatı alınarkən əvvəlki izahatını təsdiq edərək bildirmişdi ki, 27 fevral 2027-ci il tarixdə Vİ b sinifinə dərs keçməli olduğundan dərs vaxtında sinifə daxil olduğu zaman İddiaçı sinifdə olduğunu və uşaqlara iradlarını bildirdiyini, Fatimə Dadaşovanın isə ayaqüstə ağlayan vəziyyətdə dayandığını görmüşdür. O, Fatimədən hansı səbəbdən ağladığını soruşduqda, uşaqlar Laləzar müəlimənin onun sifətinə sillə ilə vuraraq saçından tutaraq sürüdüyünü bildirmişdilər. Eyni zamanda X11 da direktora verdiyi izahatını təsdiq edərək, İddiaçı Fatimə Dadaşovanı sillə ilə vuraraq dəhlizdə qaçdığına görə iradlarını bildirdiyini, eyni zamanda kobud şəkildə “tərbiyəsiz sizin valideyninizdir” ifadəsini işlədərək etik davranış qaydalarını pozduğunu qeyd etmişdir. Baş vermiş hadisənin həqiqətən də baş verdiyini təsdiqi üçün məktəb direktoru tərəfindən təqdim edilmiş səs yazısı da məhkəmə iclasında tədqiq edərkən müəyyən edilmişdir ki, hadisə baş verdikdən bir neçə gün sonra məktəbin dorektoru ilə Fatimənin atası baş vermiş hadisəni müzakirə edərkən Fatimənin atası da qızının Laləzar müəllimə tərəfindən vurulduğunu təsdiq etmiş, lakin uzaq qohum olduqlarından bu barədə hüquq mühafizə orqanlarına müraciət etməyə ehtiyac olmadığını bildirmişdir. İddiaçı şagirdi döyməsi ilə bağlı da akt tərtib edilmiş, İddiaçı həmin hadisə ilə bağlı izahat verməsi təklif edilsə də, o yenə də izahat verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2025-ci il tarixli əmrin məzmununda göstərilmiş pozuntulara yol verdiyi bir daha təsdiqini tapmışdır. Göründüyü kimi, məktəb direktorunun 26 dekabr 2024-cü il tarixli əmri ilə töhmət intizam tənbehinin olduğunu nəzərə alaraq, xx.xx.2025-ci il tarixdə İddiaçı barəsində növbəti ağır tənbeh növü kimi nəzərdə tutulmuş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehini tətbiq etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “intizam tənbehinin verilməsi barədə əmrlərin ləğv edilməsi” tələbinə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “intizam tənbehinin verilməsi barədə əmrlərin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar