Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2860/2025 25.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh Elçin oğlu 31 may 2023-cü il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 1868,89 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 1868,89 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. İddiaçının tələbi: Cavabdeh Elçin oğlundan 1868,89 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38.69 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. xx.xx.2025-ci il tarixli hazırlıq iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, İddiaçı MMC-də ekspeditor, yəni satış təmsilçisi işləmişdir. MMC elit içkilərin satışı ilə məşğul olur. Onun işi mağazalardan sifarişləri qəbul etmək olmuşdur. Növbəti gün sifariş olunmuş sayda məhsul kuryer vasitəsilə həmin mağazalara çatdırılırdı. O, ümumiyyətlə məhsulları birbaşa olaraq görməmiş, yalnız proqram vasitəsilə sifarişləri idarə etmişdir. Borclar onun şəxsi borcu deyil, müştərilərdə qalmış borclardır. İddiaçı tərəfindən ona ödənilməmiş 400 manat əmək haqqı məbləği vardır. Həmin məbləğin borcla əvəzləşdirilməsinə razıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən İddiaçı MMC-də əmək müqaviləsi üzrə 3 ay müddətinə kiçik satış nümayəndəsi vəzifəsinə işə götürülmüşdür. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən İddiaçı MMC-də əmək müqaviləsi üzrə satış nümayəndəsi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh ona verilən əmlaka qayğı ilə yanaşmaq və ona vurulan zərərin qarşısını almaq üçün bütün zəruri olan tədbirləri görmək; ona verilən əmlakın salamatlığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında işəgötürənə müəyyən olunmuş qaydada və vaxtında yazılı surətdə məlumat vermək; ona verilmiş əmlakın müntəzəm surətdə uçotunda iştirak etmək, əmlakın hərəkəti barəsində işəgötürənə müəyyən olunmuş qaydada hesablatlar tərtib və təqdim etmək; ona verilmiş əmlakın şirkətdə qəbul olunmuş bütün əşya-hesablama işlərində (o cümlədən onun inventarizasiyasında) iştirak etmək; ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır; idarənin, müəssisənin və təşkilatın rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlüksizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmağı, bununla bağlı tam maddi məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür; Satış üzrə nümayəndənin vəzifə təlimatı barədə sənəddəngörünür ki, Cavabdeh vəzifə təlimatı ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1684 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də işlədiyi dövr ərzində şirkətə 1868,89 manat ziyan vurulmuşdur. Qeyd olunanları nəzərə alaraq, hazırda faktiki qalıq borcun 1 iş günü ərzində ödənilməsini təmin etməsi ondan xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyinə dair sonuncuya xəbərdarlıq edilmişdir; xx.xx.2024-cü il tarixli, 158 saylı aktdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yoxlama aparılmış Cavabdeh kəsri müəyyən edilmişdir. Cavabdeh aktla tanış olmuş, aktı imza etmişdir. xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00569 saylı ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 60 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 38.69 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 199-cu maddəsinin “a” bəndində əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-cü maddənin 1 və 2-ci hissələrinə əssən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 202-ci maddənin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 205-ci maddənin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 294-cü maddənin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, tərəflər arasında fərdi əmək mübahisəsi vardır. Cavabdeh və iddiaçı hüquqi şəxs arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin mahiyyətinə görə əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərlə bağlı çatışmazlıqlara görə İbrahim İbrahimov cavabdehlik daşımışdır. Onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə görə, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürür, müəssisəyə ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, hesabatlar aparmalı, yaranmış təhlükələr barədə işəgötürənə məlumat verməli, ziyan vurma hallarına yol verməməlidir. Tərtib olunmuş İnventarizasiya aktına əsasən yoxlama zamanı Cavabdeh İddiaçı MMC-də tam maddi məsul şəxs kimi işlədiyi müddətdə 1868,89 manat maddi ziyan müəyyən edilmişdir. Ziyan məbləğindən cavabdeh tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh sifarişləri yalnız evdən telefon vasitəsilə qəbul edib kuryerlərə yönəltdiyini, birbaşa olaraq məhsullarla əlaqəsinin olmadığına və bunun onun səlahiyyətlərinə aid olmadığına dair izahat versə də, iş materiallarında olan satış üzrə nümayəndənin vəzifə təlimatlarına dair sənəddə satış nöqtəsinin anbardakı Avrora məhsullarının varlığına nəzarət etmək, şirkətin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək, onun məsuliyyətini daşımaq sonuncunun vəzifələri kimi təsbit edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1868,89 manat məbləğində əsas borc tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 38.69 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1868,89 manat məbləğində əsas borc və 38,69 manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-2860/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2860/2025
25.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver