Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-851/2023 01.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakları ilə. İddiaçı ASC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödəniməsi tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh 1 ədəd «Belarus-1221» markalı traktorun tam bərpası üçün hesablanmış 1240 manat dəymiş maddi ziyanın və ödənilmiş 32.40 manat dövlət rüsumunun, cəmi 1272.40 manat məbləğin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 7 may 2022-ci il tarixli 04/01764 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “Belarus-1221” markalı traktor ona istifadəyə verilmişdir. Bildirilir ki, müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş “Belarus-1221” markalı traktor bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 1240 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, “Belarus-1221” markalı traktorun tam bərpası üçün 1 240,00 manat dəymiş maddi ziyan hesablanmışdır. Odur ki, bir ədəd “Belarus-1221” markalı traktorun tam bərpası üçün 1240 manat maddi ziyanın və 32.40 manat dövlət rüsumunun cəmi 1272.40 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi İddiaçı ASC-nin nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək, Cavabdeh «Belarus-1221» markalı traktoru işlək vəziyyətdə apardığını və həmin traktoru təyinatı üzrə istifadə etmədiyini bildirmiş, ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. 7 may 2022-ci il tarixli 04/01764 nömrəli operativ lizinq müqaviləsinə və akta əsasən 1 ədəd “Belarus-1221” markalı traktor saz vəziyyətdə Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. 7 may 2022-ci il tarixli 04/01764 nömrəli iltizamdan görünür ki, Cavabdeh 1 ədəd “Belarus-1221” markalı traktoru saz vəziyyətdə təhvil almış və istifadə müddətində əmələ gələn nasazlığı aradan qaldırmağı öhdəsinə götürmüşdür. 24 may 2022-ci il tarixli, 04/01764 nömrəli aktdan məlum olur ki, traktor təhvil alınarkən baxış keçirilmiş, yanacaq sisteminin, hidravlik sisteminin, digər mexanizm və qovşaqların nasaz olması müəyyən edilmişdir. “Belarus-1221” markalı traktorun işlək vəziyyətə gətirilməsinə dair sərf olunacaq xərclər barədə arayışdan görünür ki, starterin alınmasına 190 manat, yanacaq nasosunun təmirinə 900 manat, nasos dozatorun alınmasına 150 manat, cəmi 1240 manat pul tələb olunur. 16 may 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ASC Cavabdeh maddi ziyanln qaytarılması, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 32.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, dəymiş ziyanla hüquqa zidd hərəkətlər arasında səbəbli əlaqə mövcuddur. Belə ki, işin faktiki hallarına və tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən, İddiaçı Açıq Səmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 07 may 2022-ci il tarixli, 04/01764 saylı müqaviləsindən görünür ki, İddiaçı Açıq Səmdar Cəmiyyəti tərəfindən tərəfindən Cavabdeh “Belarus-1221” markalı, 44-T-899 dövlət nömrə nişanlı traktor təhvil verilmiş, Cavabdeh nəqliyyat vasitəsini idarə etdiyi müddət ərzində yaranmış nasazlıqları təmir etdirmək öhdəliyini götürmüş, lakin bunu icra etməmişdir. Belə olan halda o, iddiaçı dəymiş ziyanla bağlı tələb irəli sürməkdə haqlı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1240 manat ziyan və ödənilmiş 32.40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-851/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-851/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver