Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-913/2025 11.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçının vəkili Vəkil iştirakları ilə. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı ödənilməmiş əmək haqqı tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8072.25 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40.73 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 fevral 2024-cü il tarixdən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 8072.25 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 8072.25 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən “İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda”. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişdir. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2025-ci il tarixli Arayış vermişdir. Mediasiya xərci olan 60 manat məbləğində pul tərəflərindən tam şəkildə ödənilmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı ödənilməmiş əmək haqqı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCdən ona ödənilməmiş əmək haqqına görə 4555 manat və dövlət rüsumuna görə 66 manat tutularaq ona ödənilməsi, ilk iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddiasını qəbul etmir. Belə ki, o, xx.xx.2024-cü il tarixdən etibarən İddiaçı MMC şirkətində satış nümayəndəsi vəzifəsində işləmiş və xx.xx.2024-cü il tarixdə ərizəsinə əsasən işdən azad olunmuşdur. İşlədiyi müddət ərzində cəmi 1 dəfə 345 manat kart hesabına köçmüş 700 manat nağd şəkildə bonus verilmiş, qalan aylarda yığımdan götürülən pul hesabına əmək haqqı ödənilmişdir. O, 4 ay şirkətdə işləmiş, 4 ay ərzində ona hər ay 1400 manat olmaqla 5600 manat əmək haqqı verilməli olduğu halda kartına cəmi 1045 manat pul verilmişdir. Qalan ayların əmək haqqısı yığım hesabına həyata keçirilmişdir. Ümumilikdə 4555 manat ona əmək haqqı əvəzinə nağd formada verilmişdir. Əslində şirkət tərəfindən qanunazidd olaraq ona əmək haqqı nağd formada verilmişdir. Bununla bağlı Əmək Müfəttişliyinə də şikayət etmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, iddiaçının hazırda tələb etdiyi pulların çox hissəsi mağazalarda borc kimi qalmışdır. Ondan tələb olunan pulun 3572 manat hissəsi mağazalarda borc kimi qalmışdır. Həmin pulun ondan tələb olunması qanuni deyildir. O, satışı şirkətin adından həyata keçirmiş, məhsul şirkətə məxsus olmuşdur, buna görə də həmin pulları şirkət mağazadan özü tələb etməlidir. O, işlədiyi zaman şirkət yığımdan gələn pul hesabına əmək haqqları ödəyirdi, indiki vəziyyətdə ondan həmin pulları tələb edirsə o zaman o da işlədiyi müddət ərzində ödənilməmiş əmək haqqına görə pulu tələb edir. Ümumiyyətlə şirkət vergidən yayınmaq məqsədi ilə işçilərə əmək haqqlarını aşağı məbləğdə göstərir, həmçinin, əmək haqqı çox zaman nağd formada yığım hesabına ödənilir. O, etiraf edir ki, o, bir dəfə 700 manat və 345 manat kart hesabına köçmüşdür, iddiaçı əmək haqqı ödənişlərini məhkəməyə təqdim etməlidir ki, ona nə qədər əmək haqqı ödənilməsi təsdiq olunmuş olsun. O, tələb edir ki, iddiaçı əmək haqqı ilə bağlı sənədləri məhkəməyə təqdim etsin, bu zaman ona cəmi 1 ay əmək haqqı ödənilməsi aşkar olunacaqdır. Həmçinin, onların arasında olan müqaviləyə əsasən əmək haqqından əlavə bonuslarda nəzərdə tutulmuşdur ki, həmin bonuslarla birgə şirkət ona 4555 manat pul ödəməlidir. Hazırda şirkət həmin pulun onun tərəfindən mənimsənildiyini göstərir və pulu ondan tələb edir, belə olan halda o da ödənilməmiş əmək haqqlarını tələb edir. Bundan başqa, iddiaçı göstərir ki, Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi tam məsuliyyət götürdüyü halda vurulmuş ziyana görə məsuliyyət daşıyır. Lakin iş materiallarında onun maddi məsul şəxs olmağı barədə hər hansı sübut yoxdur, həmçinin, ümumiyyətlə ona hansısa əmlak etibar olunması barədə sübut mövcud deyildir. Masallı Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(050)-913/2025 saylı qərardadı ilə Cavabdeh İddiaçı MMC-yə qarşı ödənilməmiş əmək haqqı tələbi barədə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin vəkili Vəkil ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılılqı iddianın məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhviltəslim edilməsinə dair aktdan görünür ki, həmin akt Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli vurulmuş zərərin təsdiq edilməsi barədə aktdan görünür ki, Cavabdeh öz vəzifə səlahiyyətlərinin icrası zamanı İddiaçı MMC-yə 8077.08 manat ziyan vurmasını təsdiq etmiş və zərərin şəxsi hesabına alınmasına etiraz etməmişdir. “Əmək müqaviləsi”ndən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən İddiaçı MMCdə kiçik satış nümayəndəsi vəzifəsinə işə qəbul olunmuş, 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh aylıq 345 manat məbləğində əmək haqqı ödənilir. Mükafat nəzərdə tutulmamışdır. Əmək müqaviləsinə 2 saylı Əlavədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən satış üzrə nümayəndə vəzifəsinə keçirilir və əmək haqqı ştat cədvəlinə uyğun olaraq 400 manat təyin edilir. Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. Əmək haqqının ödənilməsi cədvəlidən görünür ki, Cavabdeh bank kartına xx.xx.2024-cü il tarixdə 225.31 manat, xx.xx.2024-cü il tarixdə 315.87 manat, xx.xx.2024cü il tarixdə 348.11 manat və 14 iyun 2024-cü il tarixdə 51.14 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsində qeyd edilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 194-cü maddəsində qeyd edilir ki, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsində qeyd edilir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçinin tam maddi məsuliyyəti yaranır. Həmin Məcəllənin 200-ci maddəsində qeyd edilir ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Beləliklə məhkəmə iclasında maddi məsul şəxs Cavabdeh İddiaçı MMC-nin satış nümayəndəsi kimi işlədiyi dövrlər ərzində orada aparılmış inventarizasiya yoxlamaları nəticəsində ümumilikdə 8077.08 manat məbləğində kəsirinin olması, həmçinin qeyd edilən yoxlamanın (sayımların) cavabdehin şəxsən iştirakı ilə keçirilmiş olması və həmin ziyanın onun tərəfindən etiraf edilməsi müəyyən olunmuşdur. Odur ki, ilk iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona 4555 manat məbləğində əmək haqqı və əlavə mükafatların verilməməsi təsdiqini tapmamışdır. Bu səbəbdən də qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ilk iddia üzrə iddiaçı təşkilat tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat və dövlət rüsumu kimi ödənilmiş 40.73 manat ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçı təşkilata verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh 8072.25 manat pul, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu kimi ödənilmiş 40.73 manat məbləğində pul alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. Cavabdeh İddiaçı MMC-yə qarşı ödənilməmiş əmək haqqı tələbinə dair qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-913/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-913/2025
11.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver