Məhkəmə qərarları › İş №e-2(051)-1360/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1360/2022

01.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1360/2022 01.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi,vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında iddiaçının nümayəndəsi,vəkil Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 15 sentyabr 2006-cı ildə Sukanal İdarəsində abonent xidməti şöbəsinə su müfəttişi vəzifəsinə qəbul edilmişdir. 01 aprel 2007-ci ilin may ayında həmin idarədə su təchizatı və nasos stansiyaları istismarı və təmiri idarəsinə usta qəbul olunmuşdur. 01 yanvar 2013-cü ildə X5 İdarəsi Cavabdeh ASC-nin tərkibinə verildiyinə görə iddiaçı da digər işçilər kimi, Cavabdeh ASC-nin X5 İdarəsinin işçilərinin siyahısına daxil edilmişdir. 01 noyabr 2016-cı ildən isə Cavabdeh ASC-nin X5 İdarəsi Cəmiyyətin tərkibindən çıxarılaraq "xxxx" MMC-nin tərkibinə daxil edilmişdir. 2019-cu ilin yay aylarında idarəyə Maarif Məmmədov rəis təyin edilmişdi. M.Məmmədov rəis təyin edildikdən təxminən 1 ay sonra işçilərə bildirmişdi ki, idarədə struktur dəyişikliyi olur, ona görə də hər kəs işdən azad olunmalı, yeni idarə ilə əmək müqaviləsi bağlanmalıdır. 30 avqust 2019-cu ildə 209-k saylı əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən iddiaçı ilə əmək müqaviləsi ləğv edilmişdir ki, guya iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır. 02 sentyabr 2019-cu ildə iddiaçı ilə işəgötürən arasında yenidən əmək müqaviləsi bağlanmış, o, əvvəlki kimi su və kanalizasiya sisteminin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. Halbuki hər iki halda işəgötürən "xxxx" MMC olmuşdur. 02 mart 2022-ci il tarixli əmrlə də iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqəda ləğv edilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, işəgötürən tərəfindən aldadılaraq onunla, digər işçilər kimi müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı müddətsiz əmək müqaviləsi ilə işlədiyi halda müddətli əmək müqaviləsinə razı ola bilməzdi və işəgötürənin təkidi ilə yazmış olduğu ərizədə də müddətli əmək müqaviləsi bağlanmasını göstərməmişdir. Müdiriyyətin təkidi ilə iddiaçı yazmış olduğu 29 avqust 2019-cu il tarixli ərizədə qeyd etmişdir ki, “Mingəçevir Sukanal” İdarəsinin "xxxx" MMC-nin tərkibinə verilməsi ilə əlaqədar 30 avqust 2019-cu il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunmasını xahiş edir. X4 İdarəsi "xxxx" MMC-nin tərkibinə 01 noyabr 2016-cı ildə verilmişdir. İşəgötürən kütləvi şəkildə işçiləri aldadaraq onlarla bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsi kimi bağlanmışdır. Bu səbəbdən də iddiaçının işəgötürən ilə bağlamış olduğu müddətli əmək müqaviləsi, əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müqavilənin ləğv edilməsi barədə əmr qanunsuzdur. Belə ki, iddiaçı 15 ildən artıq müddətdir ki, fasiləsiz olaraq həmin idarədə işləmişdir. Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab olunur. Bundan əlavə müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 47ci maddəsi ilə müəyyən edilmiş, hallarda bağlanılır. Odur ki, iddianın təmin olunmasını, Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal idarəsinin 02 mart 2022-ci il tarixli 01k saylı əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla iddiaçının işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı uzun müddət qeyd edilən idarədə ilşəmiş olsa da, 02 sentyabr 2019-cu ildə işəgötürənlə iddiaçı arasında müddətli, yəni 3 ay müddətə əmək müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanmışdır. Əgər iddiaçı müddətli əmək müqaviləsinin bağlanmasına razı olmasaydı, həmin müqaviləni imzalamazdı. Lakin iddiaçı bu vaxta kimi həmin müqaviləni mübahisələndirməmiş, fəaliyyətini davam etdirmişdir. Hesab edir ki, hazırda müddətli müqavilənin mübahisələndirilməsi üçün müddət ötmüşdür. Ona görə də iddia müddətini tətbiq etməklə iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan əmək kitabçasından görünür ki, İddiaçı, xx.xx.2016-cı ildə “Sukanal” idarəsinə abonent xidməti şöbəsinə su müfəttişi işinə qəbul edilmişdir. 01 may 2007-ci ildə “Sukanal” idarəsinə su təchisatı və nasos stansiyalarının istismarı və təmiri sahəsinə usta qəbul edilmişdir. Mingəçevir Sukanal İdarəsi Cavabdeh ASC-nin birbaşa tabeliyinə verildiyinə görə xx.xx.2013-cü il tarixli əmrlə Cavabdeh ASC-nin Mingəçevir Sukanal idarəsinin işçilərinin siyahısı tərkibinə daxil olmuşdur. xx.xx.2015-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişikliyə 8-ci dərəcə ilə nasos qurğularının istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC-nin 01 noyabr 2016-cı il tarixli 467 №-li əmrinə əsasən CavabdehSC-nin Mingəçevir Sukanal idarəsi Cəmiyyətinin strukturundan çıxarılaraq "xxxx" MMC-nin tərkibinə daxil edilmişdir. Mingəçevir Sukanal İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlanmış Əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmişdir. Mingəçevir Sukanal İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı 8-ci dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilib. xx.xx.2022-ci il tarixli 01-k №-li əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ləğv edilmişdir. İşdə olan İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinə yazmış olduğu xx.xx.2019-cu il tarixli ərizədə göstərilir ki, “Mingəçevir Sukanal” İdarəsinin "xxxx" MMC-nin tərkibinə verilməsi ilə əlaqədar 30 avqust 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinin ləğv olunmasın xahiş edir. İşdə olan İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinə yazmış olduğu 30 avqust 2019-cu il tarixli ərizədə göstərilişdir ki, xx.xx.2019-cu il tarixdən su və kanalizasiya sisteminin istismarı sahəsinə 8-ci dərəcə ilə usta vəzifəsinə təyin olunmasını xahiş edir. İşdə olan Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisi ilə İddiaçı aasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 8-ci dərəcə ilə usta işinə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə, 02 dekabr 2019-cu il tarixədək bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə üəyyən edildi ki, İddiaçı xx.xx.2006-cı ildə “Sukanal” idarəsinə abonent xidməti şöbəsinə su müfəttişi işinə qəbul edilmişdir. 01 may 2007-ci ildə “Sukanal” idarəsinə su təchizatı və nasos stansiyalarının istismarı və təmiri sahəsinə usta işinə təyin edilmişdir. xx.xx.2013-cü ildə Mingəçevir Sukanal idarəsi Cavabdeh ASC-nin tabeliyinə verilmiş, iddiaçı da Cavabdeh ASC-nin Mingəçevir Sukanal İdarəsinin işçilərinin siyahısına daxil edilmişdir. 01 noyabr 2016-cı ildə isə Mingəçevir Sukanal idarəsi Cavabdeh ASC-nin strukturundan çıxarılaraq "xxxx" MMC-nin təkibinə daxil edilmişdir. 3.08.2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yəni işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilişdir. Lakin iş materialları ilə iddiaçının həmin vaxt başqa işəgötürənlə əmək müqaviləsi bağlaması müyyən edilmir. Ancaq müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı həmin idarəyə 8-ci dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası işinə qəbul edilmişdir. Əsas İddiaçı ərizəsi və əmək müqaviləsi, İddiaçı ərzəsində 02 sentyabr 2019-cu il tarixdən su və kanalizasiya sisteminin istismarı sahəsinə 8-ci dərəcə ilə usta təyin olunmasını xahiş etmişdir. 02 sentyabr 2019-cu il tarixdə də Mingəçevr Sukanal idarəsinin rəisi ilə İddiaçı arasında 3 ay müddət olmaqla müddətli əmək müqaviləsi bağlanmışdı. Halbuki iddiaçı ərizəsində müddətli əmək müqaviləsi bağlanmasını xahiş etməmişdir. Cavabdehin 01-K №-li xx.xx.2022-ci il tarixli əmri ilə də müqavilənin müddəti qurtardığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilməklə (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsi bağlanan hallar Əmək Məcəlləsnin 47-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən aşağıdaki hallarda əmək müqaviləsi müəyyən müddətə bağlana bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehin - işəgötürənin təkidi ilə 30 avqust 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə ərizə yazmışdır. 30 avqust 2019-cu il tarixli ərizəsində isə işə qəbul olunmasını xahiş etmiş, lakin iddiaçı ərizədə əmək müqaviləsinin müddətli bağlanmasını göstərməsə də, onunla xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdı. Cavabdeh etirazında İddiaçı öz razılığı ilə işəgötürənlə əmək müqaviləsi bağladığını, müqavilənin müddətli bağlanmasından məlumatı olmasını bildirir. Lakin məhkəmə hesab edir ki, müddətsiz əmək müqaviləsi ilə 13 ildən çox eyni müəssisədə işləyən işçinin müddətli əmək müqaviləsi bağlamaq istəməsi, razılaşması inandırıcı deyil. İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamaq üçün də Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən digər hər hansı hallardan biri mövcud deyil. Məhkəmə, həmçinin, hesab edir ki, uzun üddət, 13 ildən çox eyni idarədə işləyən işçi ilə müddətli əmək müqaviləsi bağlanması onun hüquqlarının pozulmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam veilməsi qeyri-qanunidir. Ona görə də iddia təmin olunmalı, Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal idarəsinin 02 mart 2022-ci il tarixli 01-K saylı əmri ləğv edilməli, müddətsiz əmək müqaviləsi bağlanmaqla iddiaçı işə bərpa edilməli, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal idarəsinin 01-k saylı 02 mart 2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar