Məhkəmə qərarları › İş №e-2(051)-1361/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1361/2022

15.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1361/2022 15.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 15 fevral 2015-ci il tarixdə doğulmuş qızı X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınmaqla köçürülmələri, mediasiya xərci kimi ödənilmiş 60 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdehla 05 may 2014-cü ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə evlilikdən 15 fevral 2015-ci il tarixdə doğulmuş Nərgiz adlı uşaqları olmuşdur. O, cavabdehlə ailə qurduqdan sonra Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri, A. Məmmədov küçəsi, 15 saylı evin 11 saylı mənzilinə cehiz əşyaları ilə birlikdə gəlin köçmüşdür. Qızı Nərgiz də həmin mənzildə doğulmuşdur. Həmin mənzil 30 aprel 2011-ci ildən Cavabdeh adınadır və 2 otaqlıdır. Mənzildə ancaq onlar yaşamışlar. O da, qızı da həmin mənzildə qeydiyyatdadırlar. Ancaq Cavabdeh onu qızı ilə birlikdə qovub həmin mənzildən çıxarmışdır. Ona məxsus əmlaklar isə hazırda da həmin mənzildədir. Onun başqa yaşayış yeri yoxdur. Adına hər hansı yaşayış yeri yoxdur. Odur ki, məhkəmədən 15 fevral 2015-ci il tarixdə doğulmuş qızı X5 ilə birlikdə Cavabdeh adına qeyd edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınmaqla köçürülmələri, mediasiya xərci kimi ödənilmiş 60 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, iddiaçı evdən hara çıxıb gedibsə, orada da qalsın. İddiaçı mənzilə köçürülsə, o, baş verəcəklərə dair cavabdehlik daşımır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 50,38 kvadrat metr olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx.xx.2014-cü il tarixdə Mingəçevir nikah evində 194 nömrə ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 15 fevral 2015–ci il tarixdə Nərgiz adlı uşaqları doğulmuşdur. İşdə olan Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2015-ci il və xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı və qızı X1 şəhəri, A.Məmmədov küçəsi, ev 15, mənzil 11 ünvanında yerləşən mənzildə yaşamışlar. İşdə olan 4 saylı Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı 2014-cü il tarixdən ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Nadirova X4 şəhəri, Puşkin küçəsi, ev 14/3, mənzil 19 ünvanında qeydiyyatsız yaşayır. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İşdə olan xx.xx.2022-ci il tarixli qaimənin surətindən görünür ki, İddiaçı mediasiya xərci olaraq mediatora xidmət haqqı üçün 50 manat, kargüzarlıq xərcləri üçün 10 manat məbləğində pul ödəmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından 15 fevral 2015–ci il tarixdə Nərgiz adlı uşaqları doğulmuşdur. İddiaçı evlənən vaxt ünvan 1 ünvanında yerləşən, cavabdehə məxsus 2 otaqlı mənzilə köçmüş, 2014–cü ildən həmin mənzildə yaşamışdır. Eləcə də iddiaçı yaşayış yeri üzrə mübahisəli mənzilə qeydiyyata alınmışdır. Ancaq Cavabdeh onu qızı ilə birlikdə qovub həmin mənzildən çıxarmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri xx.xx.2014-cü il tarixdən yarandığından və yaşayış sahəsindən istifadə etmək hüququ ilə bağlı mübahisə olduğundan, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquqlarını tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə iddiaçının cavabdehə məxsus mübahisəli mənzildən istifadə etmək hüququnun tanınmasına qiymət verərkən, hesab edir ki, ilk növbədə iddiaçının cavabdehə qarşı hazırkı iddianı irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub–olmaması ilə bağlı məsələ araşdırılmalı, həmçinin mübahisənin düzgün həll edilməsi baxımından mübahisəli mənzilin hansı hüquqi statusda olması müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli mənzil üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi müəyyən olunmalıdır. İşdə olan sənədlərə əsasən, iddiaçı ilə cavabdeh evlənən vaxt mübahisəli mənzil cavabdehin mülkiyyətində olmuş, eləcə də iddiaçı yaşayış yeri üzrə mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmuşdur. Belə ki, iş üzrə araşdırılmış sübutların tədqiqi nəticəsində məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ailə üzü olduğundan və tərəflər arasında başqa razılaşma olmadığına görə iddiaçı və onun cavabdehlə birgə nikahından doğulmuş azyaşlı uşağının cavabdehin mülkiyyətində olan mənzildən istifadə etmək hüquqları vardır. Məhkəmə öz qənaətini belə əsaslandırır ki, iddiaçı ilə cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, həmin tarixdən iddiaçı cavabdehin mülkiyyətində olan mənzilə köçmüşdür. Onların birgə nikahından 15 fevral 2015–ci il tarixdə Nərgiz adlı uşaqları doğulmuşdur. Hazırda onlar arasında olan nikah qüvvədə olduğundan, onlar arasında olan ailə münasibətlərinə xitam verilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə etmək hüququ yaranmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının 15 fevral 2015-ci il tarixdə doğulmuş Nərgiz adlı uşağı ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etmək hüquqları tanınmalı və onlar həmin mənzilə köçürülməlidirlər. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiya sessiyanın keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərcinin yarısı, yəni 30 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş mədaxil qəbzi ilə təsdiq edilir ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə 50 manat pul ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəmədə iddia qaldırarkən dövlət rüsumu kimi ödədiyi 50 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməli və cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı 15 fevral 2015-ci il tarixdə doğulmuş Nərgiz adlı azyaşlı uşağı ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etmək hüququ tanınsın və onlar həmin mənzilə köçürülsün. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altmış) manat məbləğində pulun yarısı, yəni 30 (otuz) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 50 (əlli) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar