Məhkəmə qərarları › İş №e-2(051)-1477/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1477/2023

05.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1477/2023 05.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilər arasında paylara mütənasib olaraq bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilər arasında paylara mütənasib olaraq bölünməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsaitin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs ünvan 1 ünvanında yaşayır. Cavabdehlər onun oğullarıdır və qeyd edilən mənzil vərəsəlik qaydasında onlar arasında bölünmüşdür. Bundan sonra mənzil paylı mülkiyyət üzrə 1/4 hissədə təmsil etdiyi şəxsin, qalan hissələrdə digər cavabdehlərin adına dövlət reyestrindən çıxarış verilməklə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2011-ci il tarixli **********32-05101-093008 reyestr nömrəli çıxarışdan görünür ki, paylar tərəflər arasında 1/4 hissədə bölünmüşdür. Cavabdehlər təmsil etdiyi şəxsin həmin mənzildən sərbəst istifadə etməyinə, həmin mənzildə yaşamağına icazə vermirlər. Beləcə, təmsil etdiyi şəxs qanuni əsaslarla özünə məxsus mənzildən faktiki olaraq istifadə edə bilmir və mülkiyyət hüquqları qəsdən pozulur. Təmsil etdiyi şəxs bu məsələnin həlli üçün cavabdehlərlə dəfələrlə danışmağa çalışsa da müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də, payın naturada bölünməsi ilə bağlı müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-38/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiası təmin olunmamışdır. Daha sonra qanunvericiliyin tələbinə uyğun olaraq təmsil etdiyi şəxs kompensasiya ilə bağlı iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-998/2023 saylı qətnaməsi ilə sözügedən iddia tələbi də rədd edilmişdir. Bu səbəbdən də təmsil etdiyi şəxs növbəti mərhələ olan hərrac məsələsinə dair iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, xx.xx.2011-ci il tarixli **********32-05101-093008 reyestr nömrəli çıxarışdan da göründüyü kimi ünvan 2 ünvanında yerləşən mənzil paylı mülkiyyət üzrə tərəflər arasında 1/4 hissədə bölünmüşdür. O, İddiaçı həmin mənzildə yaşamağına, həmin mənzildən sərbəst istifadə etməyinə etiraz etmir. Həmin mənzilin açıq hərracda satılmasına və satışdan əldə ediləcək vəsaitin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməsinə razı deyil, çünki onun mübahisəli mənzildən başqa yaşayış sahəsi yoxdur. Eləcə də, satışdan əldə olunacaq vəsait onun yeni mənzillə təmin olunması üçün kifayət deyildir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı digər Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış ******* saylı, MA seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, üç otaqlı, ümumi sahəsi 68.30 kv.m., yaşayış sahəsi 47.69 kv.m., yardımçı sahəsi 20.61 kv.m. olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hər birinin payı ¼ hissədə müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11573 saylı inventar nömrəsi ilə xx.xx.2009-cu il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********32-05101-093008 olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 52/1 saylı binanın 9 saylı mənzilinin texniki pasportundan görünür ki, hüquq subyekti ¼ hissədə İddiaçıdır. Mənzil haqqında məlumatdan görünür ki, yerləşdiyi mərtəbə 3, otaqların sayı 3, ümumi sahəsi 68.30 kv.m, yaşayış sahəsi 47.69 kv.m, inventar dəyəri 5163 manatdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-38/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiası təmin olunmamışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(051)-998/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan mənzildə olan payın dəyərinin cavabdehlərdən alınıb verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan "xxxx" MMC-nin ƏQ-254/2023 saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 68.30 kv.m ümumi sahədən, 47.69 kv.m yaşayış sahəsindən, 20.61 kv.m. yardımçı sahədən ibarət, beş mərtəbəli binanın 3-ü mərtəbəsində yerləşən üç otaqlı mənzilin xx.xx.2023-cü il tarixə likvid dəyəri 45 970 manat, real bazar dəyəri 54 500 manat təşkil edir. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarının, həmçinin təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində tərəflərin hər birinin payı ¼ hissədə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmişlər, həmçinin payın naturada ayrılması texniki cəhətdən mümkün olmamış, eyni zamanda aralarında münaqişə olduğuna görə iddiaçının ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Eləcə də, tərəflər payın kompensasiya ilə əvəzləşdirilməsi barədədə razılığa gələ bilməmişlər. Ona görə də iddiaçı həmin mənzilin hərraca çıxarılaraq satılması və satışdan əldə edilmiş vəsaitin paylarına mütənasib qaydada bölünməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq, iddiaçının və cavabdehlərin bölünməsi mümkün olmayan mənzildən birlikdə istifadə edə bilməmələrini ağlabatan hesab edir. Bunun davamı olaraq, mənzilin 1/4 hissəsinin mülkiyyətçisi olan iddiaçının mənzilə dair sərəncam verə və ondan istifadə edə bilməməsini onun mülkiyyət və mənzil hüquqlarının pozulması kimi qiymətləndirərək, hüquqlarını həyata keçirə bilməsi üçün ona müvafiq şərait yaradılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış ******* saylı, MA seriyalı çıxarışdan da göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hər birinin payı ¼ hissədə müəyyən edilmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respubliksının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsində qeyd olunur ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respubliksının Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. (1-ci hissə). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. (2-ci hissə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 214.1–ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan mənzilin açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdehlər paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan mənzildən iddiaçının payının naturada ayrılması mümkün olmamış, həmçinin cavabdehlər iddiaçıya payının əvəzinə pul kompensasiyası verməkdən imtina etmişlər. Ona görə də iddiaçının tələbi əsaslıdır. Mübahisəli mənzil açıq hərracdan satılmalı və əldə edilmiş satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli mənzilin açıq hərracdan satılması paylı mülkiyyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehlərin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə, həmçinin qeyd edir ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 52/1 saylı evin, 9 saylı mənzilinin açıq hərracdan satılmaqla, satışdan əldə edilən vəsaitin 1/4-in iddiaçıya ödənilməsi, 1/4-in Cavabdeh1, 1/4-in Cavabdeh2 və 1/4-in Cavabdeh3 ödənilməsi, qanuni, ədalətlidir və tərəflərin mənafelərinə uyğundur. Bununla yanaşı, məhkəmə, mübahisəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, "xxxx" MMC-nin ƏQ-254/2023 saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ilə ünvan 1 ünvanında yerləşən, 68.30 kv.m ümumi sahədən, 47.69 kv.m yaşayış sahəsindən, 20.61 kv.m. yardımçı sahədən ibarət, beş mərtəbəli binanın 3-ü mərtəbəsində yerləşən üç otaqlı mənzilin xx.xx.2023-cü il tarixə likvid dəyəri 45 970 manat, real bazar dəyəri isə 54 500 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda paylı mülkiyyətdə olan əmlakın ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır və məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə tətbiq edilən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında formalaşmış hüquqi mövqeyinə qiymət verərək, belə qənaətə gəlir ki, sözügedən mübahisəli mənzilin ilkin satış qiymətinin qiymətləndirilməsi analoji qaydada həyata keçirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli mənzilin ilkin satış qiyməti 45970 manat dəyərində qiymətləndirilməlidir. İş materialarında olan "xxxx" MMC-nin ƏQ-254/2023 saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat İddiaçı tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, üç otaqlı, ümumi sahəsi 68.30 kv.m., yaşayış sahəsi 47.69 kv.m., yardımçı sahəsi 20.61 kv.m. olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 45970 (qırx beş min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilməli və açıq hərracdan satılmalıdır. Satış pulu iddiaçı və cavabdehlər arasında hər birinə ¼ hissədə olmaqla, yəni onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011ci il tarixdə verilmiş, **********32-05101-093008 reyestr nömrəli çıxarış əsasında İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ¼ hissədə ümumi paylı mülkiyyətlərində olan, 68.30 kv.m., ümumi, 47.69 kv.m.yaşayış, 20.61 kv.m. yardımçı sahədən ibarət, ünvan 1 ünvanında yerləşən üç otaqlı mənzil açıq hərracdan satılsın və ilkin satış qiyməti 45970 (qırx beş min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilsin. Satış pulu paylı mülkiyyətçilər olan İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında ¼ hissədə paylarına mütənasib surətdə bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar