Məhkəmə qərarları › İş №e-2(051)-1677/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1677/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1677/2023 01.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 419 (dörd yüz on doqquz) manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 19 (on doqquz) manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 150 manat (yüz əlli) məbləğin, cəmi 588 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bankla cavabdeh arasında xx.xx.2022-ci il tarixli, №**********17 saylı borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə borc məbləğinin faizsiz olaraq verilməsini və borc alan tərəfindən borc məbləğinin borc verənə vvəcədən müəyyən edilmiş dövr ərzində geri qaytarmalı olduğunu nəzərdə tutan xx.xx.2022-ci il tarixli, №**********17 saylı 12 aylıq ödəmə müddəti ilə Borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, müvafiq müqavilə borcun borc verən tərəfindən borc alana verildiyi gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirdiyi günə qədər qüvvədə qalır. Belə ki, hazırki müqavilə üzrə İddiaçı QSC 12 (on iki) ay müddətinə ödəmə şərti ilə, №**********17saylı müqaviləyə əsasən 503 (beş yüz üç) manat məbləğində cavabdehə borc vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, №1207 saylı maliyyə arayışına əsasən Cavabdeh tərəfindən mövcud borcdan ümumilikdə 84 manat ödənilmiş, lakin geriyə qalan 419 manat hələ də ödənilməmişdir. Şəxs tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixində həyata keçirilmişdir. Beləliklə, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli, №**********17 saylı müqavilə üzrə götürmüş olduğu 503 AZN məbləğində borcdan 84 AZN məbləğində ödəniş etdikdən sonra əsas borc məbləği 419 AZN təşkil etmişdir. Odur ki, iddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixli, №**********17 saylı borc müqaviləsi üzrə 419 (dörd yüz on doqquz) manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 19 (on doqquz) manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 150 manat (yüz əlli) məbləğin, cəmi 588 manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №**********17 saylı borc müqaviləsindən görünür ki, bank cavabdehə 12 ay müddətinə 503 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, №1207 saylı maliyyə arayışına əsasən Cavabdeh tərəfindən mövcud borcdan ümumilikdə 84 manat ödənilmiş, lakin geriyə qalan 419 manat hələ də ödənilməmişdir. Şəxs tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixində həyata keçirilmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, hüquqi xidmətin göstərilməsi üçün vəkilə 150 manat pul ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh verilmiş kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişlər vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməyərək, öhdəliyi icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə banka cəmi 618 manat borcu yaranmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 12 ay müddətinə 503 manat manat kredit vermişdir. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin olunmalıdır. Həmçinin işə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, hüquqi xidmətin göstərilməsi üçün vəkilə 150 manat pul ödənilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehdən ödənilməsi tələb olunan gecikdirilmiş dövr üçün hesablanan 19 (on doqquz) manat faiz məbləği ilə bağlı qeyd edir ki, 14 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 419 (dörd yüz on doqquz) manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 19 (on doqquz) manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 150 manat (bir yüz əlli) məbləğ olmaqla, cəmi 588 (beş yüz səksən səkkiz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli və cavabdehdən 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh 419 (dörd yüz on doqquz) manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 19 (on doqquz) manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 150 manat (bir yüz əlli) məbləğ olmaqla, cəmi 588 (beş yüz səksən səkkiz) manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar