Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1800/2024 23.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı İntizam məsuliyyətinə cəlb edilməyə dair əmrin ləğv edilməsi, əvvəlki böyük tibb bacısı vəzifəsinə işə bərpa olunma, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X3 intizam məsuliyyətinə cəlb edilməyə dair xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-665/2024 nömrəli əmrinin ləğv edilməsi, cərrahiyə şöbəsinə tibb bacısı vəzifəsinə keçirilməyi barədə xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-700/2024 nömrəli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş xx.xx.2014-cü il tarixli xxxxxxx000110 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi, onun “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X6 Təcili yardım bölməsinin Tibb bacıları şöbəsinə böyük tibb bacısı işinə bərpa edilməyi və ona xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X6 (bundan sonra “Xəstəxana”) Terapiya şöbəsinin tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavə imzalanmaqla həmin tarixdən Təcili yardım bölməsinin Tibb bacıları şöbəsinə böyük tibb bacısı vəzifəsinə keçmişdir. Xəstəxanada işlədiyi müddət ərzində öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, işini daim vicdanla görmüşdür. Lakin son zamanlar Xəstəxananın sabiq direktoru Faiq Abdullayev və onun katibəsi Aynur Əliyeva tərəfindən vəzifəsindən daha aşağı vəzifəyə keçirilməyi üçün dəfələrlə təzyiqlərə və hədə-qorxuya məruz qalmışdır. Belə ki, onun iş saatları gün ərzində saat 09:00-dan saat 16:00-a kimi idi. xx.xx.2024-cü il tarixdə işə gedəndə ona bildirildi ki, gecə növbəsində işləyən Xəstəxananın Təcili yardım bölməsinin tibb bacısı təxminən gecə saat 23:10 radələrində müəssisədaxili intizam qaydalarını pozaraq yardım göstərdiyi xəstədən pul vəsaiti almışdır. Həmin bölmənin böyük tibb bacısı o olduğundan ona da izahat yazdırdılar. Daha sonra xəstəxananın xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-665/2024 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” (töhmət vermə) bəndinə əsasən intizam məsuliyyətinə məruz qalmışdır. Bunran sonra Xəstəxanada daha aşağı vəzifəyə keçirilməyi üçün yuxarıda adları çəkilən əməkdaşlar tərəfindən ona daha da şiddətli təzyiqlər edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Xəstəxananın sabiq direktoru Faiq Abdullayev onu xidməti otağına çağıraraq ondan cərrahiyə şöbəsinin tibb bacısı vəzifəsinə keçirilməyi barədə ərizə yazmağını tələb etdi. O, bunun səbəbini soruşduqda, Faiq Abdullayev ona dedi ki: - “narahat olma, bu müvəqqətidir, 3-4 gün sonra səni yenidən təcili yardım bölməsinin böyük tibb bacısı vəzifəsinə keçirəcəm”. Dəfələrlə ona sual verdi nə əsasla ondan bunu tələb edir. Bu zaman Faiq Abdullayev ona söylədi ki:-“Ay qız, narahat olma deyirəm, mən sənin kimi güclü, savadlı işçini işdən çıxararammı? Sadəcə indi yaranmış zərurətlə bağlı bu ərizə yazılmalıdır”. Bundan sonra Faiq Abdullayevin katibəsi Aynur xanımın onun başının üstündə duraraq: “Sən kimlə nə danışdığını başa düşürsən? Yaz deyirlər yazmalısan, tez ol, yaz, yazmasan, Faiq müəllimə deyəcəm səni lap pis yerə atsın. Səni işdən azad eləmək, QRES-dəki poliklinikaya atmaq əlimizdə iki vur ikidir”. O, Aynurun ona qarşı saatlarla etdiyi təzyiqlərə və hədə-qorxulara daha çox tap gətirə bilmədi və sonda bir daha əlacsız şəkildə soruşdu ki, onu həqiqətən 3-4 gün sonra təcili yardım bölməsinin böyük tibb bacısı vəzifəsinə yenidən rəsmiləşdirəcəksinizmi? ”Aynur cavabında “hə narahat olma, qazilər səni işdən çıxartdırmaq istəyirlər, Faiq müəllimdən əl çəkmirlər, sənə ərizə yazdıraq həmin ərizəni qazilərə göstərək, amma sən qalıb yenə də təcili yardım bölməsində işləyəcəksən” dedi. Bundan sonra həmin gün ona Aynur diqtə edərək, xx.xx.2024-cü il tarixli cərrahiyə şöbəsinə tibb bacısı keçməyi ilə və xx.xx.2024-cü il tarixli təcili yardım bölməsinin böyük tibb bacısı vəzifəsini müvəqqəti icra etməyi ilə bağlı iki ərizə yazdırdı. Ərizələri yazdıqdan sonrakı 2 gün əvvəlki qaydada təcili yardım bölməsində işə çıxdı. 2 gün keçdikdən sonra onun işlərinin təhvil-təslim olunması məsqəsilə Maliyyə şöbəsinin müdiri Vüsal müəllimin yanına göndərdilər. O, Vüsal müəllimdən soruşdu ki, bəs Aynur xanım ona demişdi sən heç yerə getmiyəcəksən indi niyə mənim sənədlərimi təhviltəslim edirsiniz? Vüsal müəllim dedi ki: - “mən bilmirəm, Faiq müəllim mənə göstəriş verib ki, tez təhvil-təslim edin". O, dərhal Faiq müəllimin xidməti otağına yollandı. Qapının qarşısında onu Aynur xanım saxladı, o, ona Faiq müəllimlə görüşmək istədiyini bildirdi. Aynur səbəbi soruşduqda nə üçün onui aldatdıqlarını soruşdu, Aynur xanım “bəs nə bilmişdin, nə gözləyirdin?” şəklində ona etinasız cavab verdi. Bundan sonra o, bir qrup şəxs tərəfindən aldadıldığını başa düşdü və ağlayaraq Faiq müəllimin xidməti otağına daxil oldu. Ona dedi ki, “Faiq müəllim, mən şəhid bacısıyam, kasıb işçiyəm, kirədə qalıram, məni niyə aldatdınız, niyə çörəyimlə oynayırsınız, sizə güvənmişdim siz mənə demişdiniz ki, ərizəni yaz amma səni acildən çıxarmayacam, niyə indi, məni acildən çıxardıb çörəyimlə oynayırsınız?”. Faiq müəllim cavabında “mənə sənin dediklərin maraqlı deyil, get təhvil-təslim et, şöbəni tərk et, sənə görə mənim başım ağrıyası deyil”. Daha sonra “Aynur bunu otaqdan çıxart, bir də bu otağa girməsin heş vaxt”. Bunu eşidən kimi Aynur xanım gəlib onu qolundan tuturaraq otaqdan çıxartdı və 3-cü mərtəbəyə bir daha gəlməyi ona qadağan etdilər. Çarəsiz və ümidsiz şəkildə aşağı düşüb Vüsal müəllimin yanına getdi və təhvil- təslim sənədlərini tərtib etdi. Axşam iş saatının bitməsinə az qalmış yenidən Faiq müəllimin yanına getmək məqsədilə 3-cü mərtəbəyə qalxdı. Burada onu yenə Aynur qarşıladı və ona “səni bura gəlməyə qadağa qoymamışam mən?" deyərək üstünə qışqırdı. “Mən haqqımı tələb edirəm, siz psixoloji təzyiqlər edərək məni aldatmısınız, məni yüksək maaşlı işdən əhəmiyyətli dərəcədə aşağı maaşlı işə keçməyə məcbur etdiniz və aldatdınız” - dedi. Aynur onu Faiq müəllimin xidməti otağına girməyə qoymayanda o təkid etdi, bundan sonra Aynur ona daha müdaxilə etmədi. Faiq müəllimin xidməti otağına keçdikdə ondan xahiş etdi ki, onun ərizəni etibarsız hesab etməsini xahiş etdi, Faiq müəllim onun üzünə baxmadan Aynur xanıma baxaraq qışqırdı “bir də bu qadının ayağı bura dəyməyəcəkdir, nəinki bu otağa ümumiyyətlə 3-cü mərtəbəyə”. Bundan bir neçə gün sonra Aynur xanım ona Əmək müqaviləsini gətirərək imzalamağa məcbur etdi, lakin o, onun bu tələbini yerinə yetirmədi. Bir neçə gün həm Aynur xanım, həm də Faiq müəllim ona hədə-qorxu gələrək, psixoliji təzyiqlər edərək əmək müqaviləsini imzalamağa məcbur etdilər, lakin o, bu dəfə bütün hədələrə, təzyiqlərə dözdü və heç yerə imza etmədi. Lakin imza etməməyinə baxmayaraq, Xəstəxana tərəfindən qanunvericiliyin tələbləri pozularaq nə onunla, xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə vəzifənin dəyişdirilməsi ilə bağlı qeydlər daxil edilmədən, nə də vəzifənin dəyişdirilməsi ilə bağlı yenidən tərtib edilmiş ilkin əmək müqaviləsi və ya ayrılıqda tərtib edilmiş əmək müqaviləsinə əlavə rəsmiləşdirilmədən onun cərrahiyə şöbəsinin tibb bacısı vəzifəsinə keçirilməyi barədə əmr verilmiş və AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək və Məşğulluq altsisteminə əmək müqaviləsi bildirişi daxil edilmişdir. Ona qarşı bir qrup şəxs tərəfindən edilən kobud qanun pozuntuları ilə bağlı AR ƏƏSMN DƏMX Mərkəzi Aran regional şöbəsinə və cinayət işinin başlanılması ilə bağlı aidiyyəti qrumlara müraciətlər etdi. Birinci qrum tərəfindən araşdırma aparılarkən Xəstəxanadan bildirildi ki, guya o, vəzifəsiin dəyişdirilməsi ilə bağlı ayrılıqda tərtib edilmiş əmək müqaviləsinə əlavəni imzası ilə təsdiq etmiş, lakin həmin sənədin möhürlə təsdiq edilməsi məqsədilə rəhbərliyə təqdim olunduqdan sonra qaytarılmamasına və tapılmamasına görə təkrar tərtib edilmiş sənədi isə imza ilə təsdiq etməkdən imtina etməyi barədə akt tərtib edilmişdir. Həmin qrum qanun pozuntusunu aşkar edərək, Xəstəxananın direktoru X4 barəsində inzibati xəta haqqında protokol tərtib edərək inzibati xəta haqqında iş uzrə icraata başlamış və daha sonra Abdullayev Faiq tutduğu direktor vəzifəsindən azad edilmişdir. Həmin qrum onun işə bərpa olunmağı ilə bağlı mübahisə olduğunu nəzərə alaraq məhkəməyə müraciət etməyini tövsiyə etdi. Hazırda işə başqa qaydada bərpa olunmağı qeyri-mümkün olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edlməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, təmsil etdiyi şəxslə eyniməzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı xx.xx.2024 - cü il tarixdə töhmət verilən zaman, xx.xx.2024-cü il tarixdə cərahiyyə şöbəsinə tibb bacısı keçirilməsi haqqında əmr barədə məlumatı olmuşdur. Belə ki, vəzifəsinin dəyişdirilməsi haqqında ərizə yazmış, 16 aprel 2024-cü il tarixli, 18- 1-61/3-1-709/2024 saylı əmrlə Təcili yardım bölməsinin böyük tibb bacısı vəzifəsi boş vəzifənin icrası həvalə olunmuşdur. İddiaçı tərəfindən vəzifəni müvvəqqəti icra etmək barədə rəhbərliyin adına ərizə yazmışdır. Yuxarıda qeyd olunanları əsas tutaraq bildirir ki, hər iki halda (töhmət və vəzifə dəyişikliyi) iddiaçının məlumatı olmuş, razılıq ərizəsi yazılmışdır. Hazırki iş üzrə mübahisəsiz qəbul olunan faktlardan biri iddiaçının qanunu mənafeyinin pozulmasına səbəb olan hallar barədə ərizə yazdığı andan olmuşdur. Lakin iddiaçının Mediasiya prosesinin tətbiq barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Halbuki, yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı konkret bir müddətlə məhdudlaşdırıldığından iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. AR Əmək Məcəlləsinin 296-cı maddəsində “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” göstərilmişdir. ƏM-nin 296.2 maddəsində fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edir ki, əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün ciddi əsasdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiadan imtina edilməlidir. Beləliklə məhkəmə iş materiallarını araşdırıb tərəfləri dinləyib hesab edir ki, iddiaçınını subyektiv cəhətdən hal-hazırki iddianı qaldırmaq hüququ vardır. İş materiallarından da görününr ki, iddiaçı həmin dövrlərdə bu barədə digər orqanlara müraciət etsədə məhkəməyə müraciət etməmişdir. Hal hazırda cavabdehin nümayəndəsi isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan bir aylıq iddia müddəti buraxıldığı üçün iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iddia qaldımağa subyektiv hüququ olduğuna baxmayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsindəsində nəzərdə tutulan iddia müddətini ötürdüyü üçün iddia müddəti tətbiq edilməli və idiadan imtina edilərək iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcələnin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcələnin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı İntizam məsuliyyətinə cəlb edilməyə dair əmrin ləğv edilməsi, əvvəlki böyük tibb bacısı vəzifəsinə işə bərpa olunma, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-1800/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1800/2024
23.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver