Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-222/2025 12.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9556.84 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GT/2020/01/29 saylı distribütorluq müqaviləsinə əsasən ona Mingəçevir şəhərində, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar rayonlarında “Çıt-A-Çıt” günəbaxan tumlarının (20 qr, 35 qr, 80 qr, 100 qr, duzlu 80 qr) satış hüququ verilmişdir. O cümlədən, cavabdehin xx.xx.2020-ci il tarixli, GT/2020/01/29 saylı distribyutorluq müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli mühasibat hesablamasına əsasən 9556.84 manat borcu yaranmışdır ki, həmin borcu cavabdeh ödəməmişdir. xx.xx.2020-ci il tarixli, GT/2020/01/29 saylı distribyutorluq müqaviləsinin 1.2-ci bəndinə əsasən müqavilədə göstərilmiş Mingəçevir şəhərində, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar rayonlarında “Çıt- A-Çıt” günəbaxan tumlarının (20 qr, 35 qr, 80 qr, 100 qr, duzlu 80 qr) satışının illik hədəfi 18000 qutu təşkil etməlidir. Həmin müqavilənin 2.1, 2.3, 3.2.9-cu bəndlərinə əsasən cavabdeh malın satışını təmin etməklə ayın sonuna öz borcunu sıfırlamalı, ümumiyyətlə isə cavabdeh borc öhdəliyini xx.xx.2020-ci il tarixinədək tam icra etməlidir. Həmin müqavilənin 3.2.11-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 3.1.9-cu bəndinə əsasən istehsalçıdan aldığı vitrinləri təhvil götürməklə paylayır və həmin vitrinlərin vəziyyətinə nəzarət edir və əgər vitrinlərdə hər hansı zərəri müəyyən edərsə həmin zərəri alıcılardan tələb etmək hüququna malikdir. Müqavilənin 6-cı maddəsinə əsasən tərəflər arasında malın qəbulu, onun satışı aylıq dövriyyəsi üzrə malın qalığı və borc məbləği müqavilə tərəflərinin iştirakı ilə üzləşmə aktına və qaiməyə əsasən hesablanmaqla haqqhesablaşma aparılır. Hazırda iddia ərizəsinə əlavə edilmiş qaimə-faktura, aktdan və göndərilən pul ödənişlərindən, mühasibatlıq sənədlərindən məlum olur ki, cavabdehin ona 9556.84 manat borcu vardır və həmin borc ona ödənilməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, aralarında bağlanan xx.xx.2020-ci il tarixli müqavilənin şərtləri iddia ərizəsində qeyd edildiyi kimi onun tərəfindən deyil birbaşa iddiaçının özü tərəfindən pozulmuşdur. Belə ki, Distribyutorluq müqaviləsinə görə istehsalçı çeşidi bu müqavilənin ayrılmaz hissəsi olan əlavələri ilə müəyyən edilmiş qovrulmuş günəbaxan tumlarını istehsal edir və satışı üçün distribütora təqdim edir. Müqavilənin qeyd edilən şərtinin əksi olaraq sonradan günəbaxan tumlarının əvəzinə satış üçün cipsilər və suxariklər təqdim edilmişdir ki, mağazalara da qalan borclarda, günəbaxan tumlarının deyil suxarik və cipsilarin satışı ilə bağlı borclardır. O, qeyd edilən müqavilənin 1.2-ci bəndinə əsasən distribyutor olaraq istehsalçının təqdim etdiyi günəbaxan tumlarının rayonlar üzrə satışı ilə bağlı üzərinə məsuliyyət götürmüşdür. Yəni müqavilədə suxariklərin və cipsilərin satışı ilə bağlı bənd nəzərdə tutulmamışdır. Təqdim etdiyi qaimələrdə günəbaxan tumlarla bərabər cipsi və suxariklərdə var. O müqavilədə nəzərdə tutulmayan məhsulun satışı ilə bağlı məsuliyyət daşımaq istəmir. Bundan əlavə müqavilənin sonuncu səhifəsində olan imza ona məxsusdur və digər səhifədə onun imzası olmadığına görə müqavilənin şərtlərinin dəyişdirilə biləcəyini hesab etmişdir. Şirkətin uzun müddətdir ki, dükanlarda qalan pulların yığılması üçün heç bir addım atmadığını bildirərək, iddiaçının qeyd edilən pulları onun mənimsəmədiyini, müqavilədə qeyd edilən regionlarda fəaliyyət göstərən mağazalarada qaldığını qeyd etmişdir. Həmin məhsullar şirkətə təhvil verilmək üçün aparılarkən heç bir məsul şəxs olmadığından həmin məhsulların qaytarılması ilə bağlı əllərində nə akt, nə də qaimə yoxdur. Qeyd edilən tələb üzrə iddia müddətinin keçməsi nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları xx.xx.2020-ci il tarixli GT/2020/01/29 saylı distributorluq müqaviləsindən görünür ki, istehsalçı İddiaçı tərəfindən distributor Cavabdeh Mingəçevir şəhərində, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar rayonlarında qovrulmuş günəbaxan tumlarının satış hüququ verilmişdir. xx.xx.2020-ci il tarixli 05 №li vitrinlərin təhvil-təslim aktından görünür ki, “Çıt-A-Çıt” günəbaxan tumlarının istehsalçısı İddiaçı tərəfindən günəbaxan tumların satışı və reklamı ilə məşğul olan Cavabdeh 16 №li qaiməyə əsasən ticarət obyektlərində yerləşdirmək üçün vitrinlər təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli V-16 №li Qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 5 gözlü 25 ədəd vitrin verilmişdir. xx.xx.2020-ci il tarixli 019104 №li Qaimə-Fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh günəbaxan tumlarından əlavə rus suxarik və cipsi təhvil verilmişdir. İşin müəyyən olunmuş halı Tərəflər arasında rəsmi olaraq xx.xx.2020-ci il tarixdə 1 il müddətinə distributorluq müqaviləsi imzalanmışdır. İddiaçı cavabdehə (distributora) günəbaxan tumlarının Mingəçevir şəhərində, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar rayonlarında satışı hüququnu vermişdir. İddiaçı cavabdehdən ona olan 9556.84 manat məbləğində yaranmış borcunu tələb edir. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçıya qarşı borcunun olmamasını, iddiaçının iddia müddətinin keçməsi ilə müraciət etdiyini bildirmişdir. İddiaçı borcun qaytarılması üçün 2024-cü ilin noyabr ayının 16-da məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 789.1. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. 794.1. Ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə, əgər müqavilənin qüvvədə olması konkret müddətlə məhdudlaşdırılmayıbsa, müqavilədə müəyyənləşdirilmiş müddətdə xitam verilir. Lakin əgər tapşıranın dinməz və ya birbaşa razılığı ilə ticarət agenti öz fəaliyyətini davam etdirirsə və ya əgər ilkin müqavilədən sonra yeni müqavilə bağlanırsa, hesab edilir ki, müqavilə lap əvvəldən qeyri-müəyyən müddətə bağlanmışdır. 794.2. Qeyri-müəyyən müddətə bağlanmış müqaviləni istənilən iştirakçı ləğvetmə haqqında xəbərdarlıq edilməsinin ağlabatan müddətini gözləməklə ləğv edə bilər. Ağlabatan müddət birinci il ərzində azı 1 ay, ikinci il ərzində azı 2 ay və əgər müqavilənin qüvvəsi iki ildən çox davam edirsə, 3 ay təşkil edir. Əgər müddətli müqavilə bu Məcəllənin 794.1-ci maddəsinə uyğun olaraq müddətsiz müqaviləyə çevrilirsə, ləğvetmə haqqında xəbərdarlıq müddəti hesablanarkən müqavilənin bütün qüvvədə olma müddəti əsas götürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.https://e-qanun.az/framework/46945 Məhkəmənin mövqeyi: Tərəflər arasında xx.xx.2020-ci il tarixdə distributorluq müqaviləsi bağlanmışdır. İddiaçı həmin tarixdən cavabdehə Mingəçevir şəhərində, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar rayonlarında qovrulmuş günəbaxan tumlarının satış hüququnu vermişdir. İddiaçı cavabdehin xx.xx.2020-ci il tarixədək borc öhdəliyini tam icra etməli olduğunu, lakin icra etmədiyini bildirmişdir. Cavabdeh iddiaçı sahibkara distributorluq müqaviləsinə əsasən heç bir borcunun qalmadığını qeyd etmişdir. İddiaçı cavabdehə qarşı həmin pulun qaytarılması tələbi ilə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbindən də göründüyü kimi xx.xx.2020-ci il tarixədək borclu tərəfindən öhdəlik yerinə yetirilmədiyindən həmin vaxtdan 4 il sonra məhkəməyə borcun qaytarılması tələbi ilə müraciət etmişdir. İddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə olan halda iddiaçının həmin tələb üzrə iddiası iddia müddətini ötürdüyündən təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Cavabdeh qarşı 9556.84 (doqquz min beş yüz əlli altı manat səksən dörd qəpik) manat pulun ödənilməsi tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-222/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-222/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver