Məhkəmə qərarları › İş №e-2(051)-2388/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2388/2025

12.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2388/2025 12.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı(Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bidirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh X1 qarşı əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bidirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, fərdi sahibkar X2 ilə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi, həmin tarixli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsi barədə məlumatın elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi məsələsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmkəndliləri Şamaxı rayonunda tikintilərdən birində usta, fəhlə kimi işləyirmişlər. Ötən ilin avqust ayında onlar zəng edərək işlədikləri tikintidə alçipan işinin olmasını və işləyə bilib-bilməyəcəyini soruşmuşlar. O, razılıq verəndən sonra bildirmişlər ki, cavabdeh şəxsə adını qeydiyyata almaq üçün şəxsiyyət vəsiqəsinin surətini göndərsin, o da şəxsiyyət vəsiqəsinin surətini göndərmiş və özü də sözügedən tikinti sahəsinə getmişdir. Burada cavabdehi şəxsən tanımışdır. Ona təklif edilən iş, yaşayış şəraiti və s. onu qane etmədiyi üçün bir gündən sonra yaşadığı rayona qayıtmışdır. Təxminən 4-5 ay əvvəl başqa bir şirkətə işə qəbul olmaq üçün müraciət etmiş, onunla əmək müqaviləsi bağlamaq istəyərkən bildirmişlər ki, cavabdeh, fərdi sahibkar X2 xx.xx.2024-cü il tarixdə onu işçi kimi adına əmək müqaviləsi bağlayaraq adını sistemə salmışdır. Məhz buna görə də həmin və ya başqa şirkətlə əmək müqaviləsi bağlaya bilməmişdir. Həmin qüvvədə olan əmək müqaviləsi ilə iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Belə ki, bu məsələ ilə bağlı ilkin olaraq adiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Aran Regional Şöbəsinə müraciət etmişdir. X4 3-17-5/2-S-63016/2025 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəmə qaydasında əmək müqaviləsinin qüvvədə salınması iddia tələbi ilə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə ümumi qaydada məhkəməyə müarciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan "Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqavilə bildirişi"dən göründüyü kimi, xx.xx.2024-cü ildən müddətsiz Alçpan ustası kimi adına əmək müqavilə rəsimləşdirilib. Əmək haqqı kimi hər ay 345 manat olmaqla minimum əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 X6 Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-S- 63016/2025 nömrəli məktubdan görünür ki, əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir.bu səbəbdən işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət etməli olduğu izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş İddiaçı adına "Əmək və Məşğulluq" altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatdan görünür ki, X2 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və həmin müqavilə qüvvədədir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (45.2.). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır (68.2 b). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (73.1). Əmək Məcəlləsində həmçinin göstərilmişdir ki, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (5-1.). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7.2.). Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir (12.1 h). İşdən göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi barədə müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində bildiriş qeydə alınmışdır. Əmək müqaviləsinə faktiki olaraq xitam verilməsinə baxmayaraq cavabdeh elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması barədə bildirişi ləğv etməmişdir. Bu isə iddiaçının hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməli, İddiaçı X2 ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar “Əmək və Məşğulluq” altsistemində bildirişin daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı X2 ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar “Əmək və Məşğulluq” altsisteminə bildirişin daxil edilməsi vəzifəsi X3 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar