Məhkəmə qərarları › İş №e-2(051)-2737/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2737/2023

17.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2737/2023 17.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı, İddiaçılar X2, İddiaçı cavabdeh X1 qarşı 20 kv.m torpaq sahəsi ayrılması barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 178 saylı sərəncamının və həmin torpağa əlavə edilməsi üçün 30 kv m. torpaq sahəsinin ayrılması barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 106 saylı sərəncamının etibarsız hesab edilməsi, 50 kv.m torpaq sahəsinin və üzərində tikilmiş tikintinin onun adına rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X2, İddiaçı cavabdeh X1 qarşı 20 kv.m torpaq sahəsi ayrılması barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 178 saylı sərəncamının və həmin torpağa əlavə edilməsi üçün 30 kv m. torpaq sahəsinin ayrılması barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 106 saylı sərəncamının etibarsız edilməsi, 50 kv.m torpaq sahəsinin və üzərində tikilmiş tikintinin onun adına rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn münasibətlərin məhkəməyə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №li qərarının 5.1-ci bəndində göstərilir ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndində göstərilir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iddia tələbindən görünür ki, iddiaçı inzibati orqanın sərəncamının etibarsız hesab edilməsi və torpaq sahəsinin, tikintinin onun adına rəsmiləşdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət orqanının sərəncamının etibarsız hesab edilməsi və torpaq sahəsinin, tikintinin onun adına rəsmiləşdirilməsi tələbinə dair iddiaya mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyrimümkünlüyü başa düşülür. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Həmçinin, iddiaçıya aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X2, İddiaçı cavabdeh X1 qarşı “20 kv.m torpaq sahəsi ayrılması barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 178 saylı sərəncamının və həmin torpağa əlavə edilməsi üçün 30 kv m. torpaq sahəsinin ayrılması barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 106 saylı sərəncamının etibarsız hesab edilməsi, 50 kv.m torpaq sahəsinin və üzərində tikilmiş tikintinin onun adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar