Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-549/2024 02.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi və (vəkil) Vəkil1, Cavabdeh: “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi və (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktorunun ona “töhmət verilməsi barədə” xx.xx.2023-cü il tarixli 1274 saylı və ƏM-in 186.2-ci maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət haqqında xx.xx.2023-cü il tarixli 1580 saylı əmlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Laboratoriya müdiri vəzifəsində işləyir. İşlədiyi dövr ərzində vəzifə təlimatlarına uyğun olaraq laboratoriya işini təşkil etmiş, tabeliyində olan işçilərin təlimatlandırılması, iş yerində nizam-intizam qaydalarının gözlənilməsi, xəstələrlə tibbi protokollara münasib qaydada davranılmasını tələb etmişdir. Cavabdeh təşkilatda kadrlar dəyişikliyi ilə əlaqədar yeni təyin edilmiş direktor Faiq Abdullayev işə başladıqdan sonra hər həftə keçirilən iclaslarda onunla işləmək istəmədiyini, heç bir hüquqi əsas olmadan ərizə yazıb Laboratoriya müdiri vəzifəsini təhvil verməsini tələb etməklə ona qarşı qərəzli mövqe nümayiş etdirməyə davam etmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 adına xx.xx.2023-cü il tarixdə qeydiyyat aparmaqla başqa şəxsin laborator analizlərinin rəsmiləşdirilməsini onun tərəfindən təşkil edilməsində ittiham etmişdir. xx.xx.2023-cü il tarixdə vətəndaşın gizli yolla laboratoriyada zibil qutusuna pul qoyulması faktına görə xx.xx.2023-cü il tarixdə işinə səhlənkar yanaşdığı əsası ilə ƏM-in 186.2-ci maddəsinin “a” bəndinə əsaslanaraq töhmət elan edilmiş, eləcə də xx.xx.2023-cü il tarixdə laborant Gülhəyat İbrahimovanın xəstədən pul alması faktına görə axırıncıya əmək haqqının 1\4 hissəsinin tutulması, ona isə ƏM-in 186.2-ci maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət haqqında 1580 saylı, xx.xx.2023-cü il tarixli əmr verilmişdir. Əmrdən şikayət vermək məqsədi ilə o, Mingəçevir Şəhər Mərkəzi X3 İttifaqının Şurasına müraciət etmiş, lakin SHİ-nin rəhbəri məsələni araşdırmadan müvafiq qurumlara müraciət etməyi tövsiyə etmişdir. Hesab edir ki, ƏM-in 186.2-ci maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət haqqında 1580 saylı, xx.xx.2023-cü il tarixli əmr qanunsuz və əsassızdır, bu səbəbdən ləğv edilməlidir. Belə ki, əmr əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməyib, cavabdeh təşkilat ona qarşı açıqaşkar qərəzli mövqe nümayiş etdirir və onun vəzifədən azad edilməsində israrlıdır. Bu hal iş materiallarına əlavə edilmiş səs yazısında öz əksini tapmışdır. Belə ki, səs yazısından da göründüyü kimi cavabdeh təşkilat nə olursa-olsun onu işdən çıxaracağını, ərizə yazıb özü çıxmasa, ƏM-in 70-ci maddəsinin “c” bəndinə əsasən onu işdən çıxaracağını kollektif qarşısında dəvələrlə bildirmişdir. Ona cavabdeh tərəfindən “töhmət verilməsi barədə” xx.xx.2023-cü il tarixli 1274 saylı əmrdə intizam məsuliyyətinə hüquqi əsas verən əməlin, eləcə də işinə səhlənkar yanaşmasının nədən ibarət olması, həmin əməlin kim tərəfindən aşkar edilməsi və ya rəsmiləşdirilməsi qeyd edilməmiş və yeganə əsas olaraq onun izahatı göstərilmişdir. Ona ƏM-in 186.2-ci maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və intizam tənbehi barədə xx.xx.2023-cü il tarixli əmrin verilməsinə Ucar rayon sakini Y.V.Məmmədovun şikayət ərizəsi və G.F.İbrahimovanın izahatı əsas olaraq göstərilmişdir. Göründüyü kimi cavabdeh onun rəhbərlik etdiyi laboratoriya işçilərindən olan ayrı-ayrı şəxslərin pul alması faktını səhlənkarlıq kimi qiymətləndirir. Onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsində onun yerinə yetirməli olduğu işlər (xidmətlər) göstərilmişdir. Bu səbəbdən o, başqa işçinin inzibati, cinayət və ya əmək məsuliyyətinə əsas ola biləcək hərəkətə və ya hərəkətsizliyə görə məsuliyyətə cəlb edilə bilməz. Ona işçisinin məsuliyyətə cəlb olunmalı hərəkətinə görə intizam məsuliyyətinə cəlb edilərək töhmət, daha sonra ay yarım müddət keçmədən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Göründüyü kimi onun konstitusion hüququ olan əmək hüquqları cavabdeh tərəfindən kobud surətdə pozulmuş, qanunsuz əmrlər qəbul olunmaqla o, intizam məsuliyyətinə cəlb edilmişdir. Beləliklə hesab edir ki, cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən qanunsuz olaraq “töhmət verilməsi barədə” xx.xx.2023-cü il tarixli 1274 saylı əmr və ƏM-in 186.2-ci maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət haqqında xx.xx.2023-cü il tarixli 1580 saylı əmr verilmişdir. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və (vəkil) Vəkil1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, təmsil etdiyi şəxslə eyniməzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi Vəkil2 məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı Namazova X5 ŞMX PHŞ-in Laboratoriya şöbəsinin müdiridir. İşlədiyi müddət ərzində tabeliyində olan laborantların xəstələrdən dəfələrlə pul alması ilə bağlı laboratoriyada baş verən anormal hadisələrin qarşısının alınması, şöbədə şəffaf tibbi xidmətin göstərilməsi ona bildirilsə də, ancaq öz işinə səhlənkar yanaşdığından xx.xx.2023-cü il tarixdə ona töhmət elan edilmişdir. Bundan başqa qeyd olunan vəziyyətə nəzarət edilməsi üçün aldıqları siqnallara müvafiq olaraq laboratoriya tam nəzarətdə saxlanılması üçün müşahidə altına alınmış, bu proseslərdə də yenə qan analizlərinin tez alınması üçün laboratoriyada olan analiz qutularının içinə və altına pul qoyularaq iddiaçının nəzarətində olan işçilərin öz qanuna zidd hərəkətlərini davam etdirməsi müəyyən olunmuşdur. Bütün bunlar ərizə və izahatlarla təsdiq edilir. Laboratoriya işçilərinin xəstələrə istiqamət verərək pulu analiz qutularının altına və içinə qoymaları videodisklə tam təsdiq edilir. Hətta müşahidə altında olan otağa mühafizəçi belə daxil olaraq qoyulmuş pulu kamera qarşısına çıxarır. Bütün bunlardan da yenə laboratoriya müdiri nəticə çıxarmadığından, xəsətələrdən qanunsuz olaraq pul alındığından xx.xx.2023-cü il tarixdə İddiaçı şiddətli töhmət elan edilir. İddiaçı bütün bunları özü belə vermiş olduğu rəsmi izahatında qismən etiraf etmişdir. Onun nəzarətində olan Gülhəyat İbrahimova özü izahatında da xəstədən pul aldığını rəsmən etiraf etmişdir. Hətta Ucar rayon sakini Yusif Məmmədov xəstəxanaya rəsmi müraiət edib. Bildirir ki, laboratoriyaya pul ödəyib, ancaq analizin cavabını vaxtında almayıb. Şəxs elə bilib ki, xəstəxanaya mütləq qaydada pul ödəməlidir. Ancaq bütün bunları laboratoriyanın işçiləri edərək iddiaçının bu işlərə nəzarət etmədiyini və yaxud da müştərək qaydada bu işləri gördüyünü bir daha müəyyən edir. Ona görə də şəxsin öz işinə səhlənkar yanaşmağı səbəbindən laboratoriyada olan qanunsuzluğun qarşısını ala bilmədiyindən, şəffaf tibbi xidmətə rəhbərlik etdiyi şöbənin qeyd etdiyi şəkildə iş fəaliyyətini qurduğundan haqlı olaraq şiddətli töhmət almışdır. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1274 saylı əmrdən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Laboratoriya şöbəsinin müdiri İddiaçı işinə səhlənkar yanaşdığı üçün AR ƏM-in 186.2-ci maddəsinin “a” bəndinə əsasən ona töhmət elan edilmişdir. Əsas olaraq İddiaçı izahatı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1580 saylı əmrdən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Laboratoriya şöbəsinin müdiri İddiaçı işinə səhlənkar yanaşdığı üçün AR ƏM-in 186.2-ci maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla ona şiddətli töhmət elan edilmiş və Laboratoriya şöbəsinin laborantı X4 əmək funksiyasını pozduğu üçün AR ƏM-in 186-cı maddəsinin “c” bəndinə əsasən noyabr ayının əmək haqqısının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edilmişdir. Əsas olaraq Ucar rayon sakini Y.V.Məmmədovun şikayət ərizəsi və G.F.İbrahimovanın izahatı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Yusif Məmmədov tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, uşağının analizinin cavabının tez çıxması üçün laboranta 5 manat pul ödədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş Laboratoriya şöbəsinin laborantı Gülhəyat İbrahimova tərəfindən Mingəçevir ŞMX PHŞ-in Baş həkiminə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, xəstə telefon nömrəsinin olduğu kağızın arasına 5 manat pul qoymuş, o, pulu geri qaytaranda israrla ona deyilmişdir ki, pulu o, uşağından rahat analiz götürdüyü üçün verir. Üzrlü hesab edilməsini xahiş etmiş, bu halın bir də baş verməyəcəyini bildirmişdir. İşdə olan Laboratoriya şöbəsinin müdiri İddiaçı tərəfindən “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Həmkarlar komitəsinin sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində ona şiddətli töhmət laborant Gülhəyat İbrahimovanın xəstədən pul almasına görə verilmişdir. Çıxarılmış həmin əmri qanunsuz hesab edir. Onun tabeliyində olan işçinin pul alması ilə heç bir əlaqəsi yoxdur. Əmrin ləğvi ilə əlaqədar araşdırma aparılmasını göstərmişdir. İşdə olan Laboratoriya şöbəsinin müdiri İddiaçı tərəfindən “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoruna ünvanlanmış izahatdan görünür ki, dəfələrlə iclas çağırıb laborantları neqativ hallar yaratmamaq üçün təlimatlandırmışdır. Onlar belə hallara yol vermədiklərini israrla deyirlər. Buna baxmayaraq belə hallar haqda məlumatlar gəldiyinə görə onlarla ciddi formada söhbət etmişdir. Birdə belə neqativ hallara yol verilməyəcəyini bildirmişdir. İşdə olan Mingəçevir ŞMX PHŞ-in Laboratoriya şöbəsi yığıncağının 04 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, İddiaçı sədrliyi ilə keçirilmiş iclasda Laboratoriyada əmək intizam qaydalarının gücləndirilməsi və neqativ hallara yol verilməməsi istiqamətində diqqətli və vəzifə təlimatlarına uyğun olaraq hərəkət etmələri tövsiyə olunması, ayrı-ayrı işçilərin işində yol verdiyi nöqsanlar barəsində ölçü götürülməsinə dair Baş həkimə məlumat verilməsinin təmin olunması qərara alınmışdır. İşdə olan Mingəçevir ŞMX PHŞ-in Laboratoriya şöbəsi yığıncağının 10 oktyabr 2023cü il tarixli protokolundan görünür ki, İddiaçı sədrliyi ilə keçirilmiş iclasda gələcəkdə belə halların təkrarlanması təqdirində vəzifədə qalıb-qalmaması müzakirəyə çıxacağı tənbeh olunan işçilərə bir daha bildirilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir ŞMX PHŞ-in Laboratoriya şöbəsi yığıncağının 07 noyabr 2023cü il tarixli protokolundan görünür ki, İddiaçı sədrliyi ilə keçirilmiş iclasda Gülhəyat İbrahimova haqqında Baş həkimə məlumat verilməsi, yeni formaların paylanması təsərrüfat bacısına həvalə olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş audio diskə qeyd edilmiş səs yazılarında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayevin müxtəlif tarixlərdə işçilərlə aparılan söhbətlər (müzakirələr) zamanı iddiaçıya xitabən bildirmişdir: “İradə xanım mən sizi şöbə müdiri kimi görmürəm, növbəti bir səhv olsa, mən səni 70-ci maddənin ç bəndi ilə işdən çıxaracam, dünya aləm yığılıb gəlsə də, bu xəstəxananı od vurub odlasalar da, mən səni 70-ci maddənin ç bəndi ilə işdən çıxaracam, yaxşısı budur ki, özün ərizə yaz çıx. Mənim üçün İradə xanım yoxdur, bir boşluqdur”. İş materiallarına əlavə edilmiş Laboratoriya müdirinin nümunəvi vəzifə Təlimatından görünür ki, Laboratoriyanın həkimlərinin, orta və kiçik tibb heyətinin işinə müntəzəm nəzarəti həyata keçirməsi, Laboratoriyanın işçilərinin əmək qanunvericiliyinin və əməyin mühafizəsinin tələblərinə riayət etməsini təmin etməsi, Laboratoriyanın işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının, tədqiqatların, ölçmələrin, sınaqların standartlaşdırılması və metroloji təmin olunma tələblərinin yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görməsi və digər öhdəliklər Laboratoriya müdirinin vəzifə öhdəliklərinə daxildir. Həmçinin həmin Təlimatda göstərilmişdir ki, Laboratoriya müdiri əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı hazırki iş üzrə cavabdeh olan “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində Laboratoriya müdiri vəzifəsində işləyir. “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktorunun xx.xx.2023-cü il tarixli 1274 saylı əmri ilə işinə səhlənkar yanaşdığı üçün ona AR ƏM-in 186.2-ci maddəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Ondan sonra Laboratoriya şöbəsinin laborantı X4 xəstədən pul aldığına görə yenidən iddiaçıya xx.xx.2023-cü il tarixli 1580 saylı əmrlə AR ƏM-in 186.2-ci maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Bununla yanaşı, həmin tarixli əmrlə Laboratoriya şöbəsinin laborantı X4 da əmək funksiyasını pozduğu üçün AR ƏM-in 186.2-ci maddəsinin “c” bəndinə əsasən noyabr ayının əmək haqqısının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edilmişdir. Əsas olaraq Ucar rayon sakini Y.V.Məmmədovun şikayət ərizəsi və G.F.İbrahimovanın izahatı qeyd edilmişdir. Belə ki, Yusif Məmmədov uşağının analizinin cavabının tez çıxması üçün Laboratoriya şöbəsinin laborantı Gülhəyat İbrahimovaya 5 manat pul ödəmişdir. Bu halı Gülhəyat İbrahimova etiraf etmiş, lakin həmin pulun alınmasında iddiaçının hər hansı bir formada iştirakının olmasını göstərməmiş, nə də işəgötürən tərəfindən o hallar araşdırılmamışdır. Onun əksinə olaraq, iddiaçı dəfələrlə iclas çağırıb laborantları neqativ hallar yaratmamaq üçün təlimatlandırdığını bildirmiş və o barədə protokollar tərtib etmişdir. Ona görə də iddiaçı həmin əmrlərin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı ilə cavabdeh publik hüquqi şəxsin direktoru arasında qərəzli münasibət möcuddur. Belə ki, cavabdeh publik hüquqi şəxsin direktoru dəfələrlə tibb işçiləri ilə keçirdiyi iclaslarda iddiaçıya öz ərizəsi ilə işdən çıxmağı təklif etmiş, əks təqdirdə onu əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracağı ilə xəbərdar etmişdir. Bu halları iddiaçı audio yazı ilə qeydə almışdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə “töhmət verilməsi barədə” və “şiddətli töhmət verilməsi və intizam tənbeh tədbirləri” haqqında əmrlərin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının işinə səhlənkar yanaşdığı üçün intizam tənbehinin verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmrlər, əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, işçi Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. İddiaçı “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində Laboratoriya müdiri vəzifəsində işləyir. Laboratoriya müdirinin nümunəvi vəzifə Təlimatında göstərilmişdir ki, Laboratoriya müdiri əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktorunun “töhmət verilməsi barədə” xx.xx.2023-cü il tarixli 1274 saylı və “şiddətli töhmət verilməsi və insan (intizam) tənbehi barədə” xx.xx.2023-cü il tarixli 1580 saylı əmrlərindən görünür ki, intizam tənbehi iddiaçıya işinə səhlənkar yanaşdığı üçün verilmişdir. Lakin həmin səhlənkarlığın nədən ibarət olması göstərilməmiş, yalnız əsas olaraq Ucar rayon sakini Y.V.Məmmədovun şikayət ərizəsi və G.F.İbrahimovanın izahatı qeyd edilmişdir. Halbuki, Yusif Məmmədov uşağının analizinin cavabının tez çıxması üçün 5 manat pulu Laboratoriya şöbəsinin laborantı Gülhəyat İbrahimovaya ödəmişdir. İddiaçı isə dəfələrlə iclas çağırıb laborantları neqativ hallar yaratmamaq üçün təlimatlandırmışdır. Əmək funksiyası iddiaçının nəzarətində olan bütün Laboratoriya işçiləri tərəfindən deyil, yalnız bir işçi, Laboratoriya şöbəsinin laborantı Gülhəyat İbrahimova tərəfindən pozulmuşdur. Ona görə də ona intizam tənbehi verilmiş, AR ƏM-in 186.2-ci maddəsinin “c” bəndinə əsasən noyabr ayının əmək haqqısının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edilmişdir. Göründüyü kimi intizam xətası törətmiş işçi işəgötürən tərəfin təqsirli olduğuna görə intizam məsuliyyətinə cəlb edilmişdir. Lakin iddiaçının həmin intizam xətasının törədilməsində təqsirli olması, yəni hüquqa zidd hərəkət və hərəkətsizliyi ilə törədilmiş intizam xətası arasında səbəbli əlaqənin olması müəyyən edilməmiş, yalnız formal mülahizələrə istinad edərək iddiaçının barəsində şiddətli töhmət növündə intizam tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə əmək və icra intizamının pozulmasına görə işçiyə tətbiq edilən intizam məsuliyyətinin məzmunu ilə bağlı qeyd edir ki, intizam məsuliyyəti hüquqi məsuliyyətin müstəqil növüdür, intizam xətası törətmiş işçi, İşəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb oluna bilər. İntizam xətası isə işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetiriİməməsinə görə tətbiq edilir. Əmək funksiyasının yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi o halda təqsirli sayılır ki, işçinin əməlində qəsd və ya ehtiyatsızlıq olsun, işçidən asılı olmayan səbəblərdən əmək funksiyasının yerinə yetilrilməməsi və ya lazımınca yerinə yetirilməməsi intizam xətası sayıla bilməz. İntizam xətası işəgötürənlə əmək münasibətlərində olan işçi tərəfindən qəsdən və ya ehtiyatsızlıq formasında təqsirli olaraq hərəkət və ya hərəkətsizliklə törədilən hüquqa zidd əməldir. İntizam xətası digər xətalar kimi tərkib əlamətlərinin məcmusuna, yəni subyektə, subyektiv cəhətə, obyektə və obyektiv cəhətə malik olmalıdır. İntizam xətasının subyekti konkret işəgötürənlə əmək hüquq münasibətində olan, əmək və icra intizamını pozan işçidir, subyektiv cəhəti isə qəsd və ya ehtiyatsızlıq formasında ifadə olunan təqsirdir, obyekti müəssisədaxili intizam qaydalarıdır, obyektiv cəhəti isə zərərli nəticə ilə işçinin hərəkəti (hərəkətsizliyi) arasında birbaşa səbəbli əlaqənin olmasıdır. İşçinin hərəkət və ya hərəkətsizliyinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, intizam nizamnamələrinə, vəzifə təlimatlarına uyğun gəlməməsidir. Əksinə, işçinin qanunlara və digər normativ hüquqi aktlara müvafiq olan istənilən əməli hüquqauyğundur və intizam xətası kimi tövsif edilə bilməz. Bağlanmış əmək müqaviləsinə müvafiq olaraq işəgötürən işçidən əmək vəzifələrinin yerinə yetirilməsini tələb edə bilər. İntizam xətası törətmiş işçini intizam məsuliyyətinə cəlb etmək işəgötürənin vəzifəsi deyil, hüququdur. Yalnız işçinin əmək vəzifələrinin icrası ilə bilavasitə bağlı olan hüquqa zidd hərəkətləri (və ya hərəkətsizliyi) intizam xətası sayıla bilər. Göründüyü kimi işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün onun əməlində intizam xətasının tərkib əlamətləri məcmu halında mövcud olmalıdır. Əks halda, işçi intizam məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə, həmçinin nəzərə alır ki, publik hüquqi şəxsin direktoru, yəni işəgötürənin iddiaçıya münasibəti qərəzli və neqativ olmuşdur. İşəgötürən təşkilati-sərəncamverici səlahiyyətlərindən istifadə edərək dəfələrlə ümumi iclaslarda və yığıncaqlarda çəkinmədən iddiaçıya öz ərizəsi ilə vəzifəsindən çıxmağa təkid etmiş, əks halda onun əmək intizamını kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə birtərəfli qaydada xitam verəcəyini bidirmişdir. Hansı ki, işçi işəgötürənə münasibətdə daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Ona görə də cavabdeh publik hüquqi şəxsin direktoru iddiaçının barəsində istənilən intizam tənbeh tədbirini tətbiq etməkdə və yaxud onun əmək müqaviləsinə birtərəfli qaydada xitam verməkdə real imkanlara malikdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh publik hüquqi şəxsin direktoru iddiaçının barəsində şiddətli töhmət verilməsi növündə intizam tənbeh tədbiri tətbiq edərkən qərəzli olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Həmin Məcəllənin 190.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının işinə səhlənkar yanaşdığının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Laboratoriya müdirinin nümunəvi vəzifə Təlimatında Laboratoriyanın işçilərinin əmək qanunvericiliyinin və əməyin mühafizəsinin tələblərinə riayət etməsini təmin etməsi iddiaçının vəzifə öhdəliyi kimi göstərilmiş, iddiaçı da bu öhdəliyini yerinə yetirmiş, iş materiallarına əlavə edilmiş iclas protokollarından da göründüyü kimi dəfələrlə iclas çağırıb laborantları neqativ hallar yaratmamaq üçün təlimatlandırmışdır. İşçilərdən biri, Laboratoriya şöbəsinin laborantı Gülhəyat İbrahimova tərəfindən isə əmək funksiyası pozulmuş, bu səbəbdən də ona intizam tənbehi verilmişdir. Buradan da belə qənatə gəlmək olar ki, cavabdeh tərəf iddiaçının konstitusion hüququnu pozmuşdur. Bu hal ondan irəli gəlir ki, işçi əmək hüquq münasibətlərində işçi işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malikdir. Cavabdeh tərəf bu hüququndan sui-istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəf iddiaçıya intizam tənbehi verərkən, Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş hallar olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya intizam tənbehi verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə intizam tənbehi verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi üçün əsasdır. Bununla yanaşı məhkəmə, cavabdeh tərəfin öz etirazının əsası kimi istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh etirazının əsası kimi ilk növbədə iddiaçıya işlədiyi müddət ərzində tabeliyində olan laborantların xəstələrdən dəfələrlə pul alması ilə bağlı laboratoriyada baş verən anormal hadisələrin qarşısının alınması, şöbədə şəffaf tibbi xidmətin göstərilməsi bildirilsə də, ancaq onun öz işinə səhlənkar yanaşmasına istinad edərək, intizam tənbehinin haqlı olaraq verilməsi kimi yanaşmışdır. İddiaçının nəzarətində olan laborant Gülhəyat İbrahimovanın əmək funksiyasını pozmasını iddiaçının işinə səhlənkar yanaşması kimi qiymətləndirmişdir. Halbuki, həmin işçiyə əmək funksiyasını pozduğu üçün intizam tənbehi verilmişdir. Hazırki mübahisə üzrə də işdən görünür ki, iddiaçı dəfələrlə iclas çağıraraq laborantları neqativ hallar yaratmamaq üçün təlimatlandırmış, öz vəzifə öhdəliyini yerinə yetirmişdir. Cavabdeh publik hüquqi şəxs hazırki etirazında laborant Gülhəyat İbrahimovanın əmək funksiyasını pozmasını, iddiaçının işinə səhlənkar yanaşması kimi qiymətləndirmişdir. Halbuki, tabeliyində olan işçinin intizam xətası törətməsi və intizam məsuliyyətinə cəlb edilməsi, iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi üçün törədilmiş intizam xətasında o da təqsirli hesab edilməli və onun da əməlində də intizam xətasının bütün tərkib əlamətləri məcmu halında mövcud olmalıdır. X8 tərəfindən törədilmiş intizam xətasında iddiaçının iştirakı və yaxud hər hansı bir formada təqsirli olmasımüəyyən edilmədən, iddiaçı intizam məsuliyyətinə cəlb edilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş intizam xətasına görə tətbiq edilmiş intizam tənbeh tədbiri iddiaçıya münasibətdə əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə iddia tələbinin “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin “töhmət verilməsi barədə” xx.xx.2023-cü il tarixli 1274 saylı əmrin ləğv edilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190.1–ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Odur ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin “töhmət verilməsi barədə” xx.xx.2023-cü il tarixli 1274 saylı əmrinə əsasən iddiaçı işinə səhlənkar yanaşdığı üçün AR ƏM-in 186.2-ci maddəsinin “a” bəndinə əsasən töhmət elan edildiyindən, həmin gündən də altı aydan çox müddət keçdiyindən, əmr qüvvədən düşmüş hesab olunur. Həmin əmrin məhkəmə tərəfindən ləğv edilməsinə zərurət qalmamışdır. Hazırda həmin əmrin hüquqi qüvvəsi yoxdur. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlir ki, cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin “şiddətli töhmət verilməsi və insan (intizam) tənbehi barədə” xx.xx.2023-cü il tarixli 1580 saylı əmri iddiaçıya münasibətdə ləğv edilməlidir. İddia tələbi qalan hissədə, yəni “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin “töhmət verilməsi barədə” xx.xx.2023-cü il tarixli 1274 saylı əmrin ləğv edilməsi hissəsində və xx.xx.2023-cü il tarixli 1580 saylı əmr isə X2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin “şiddətli töhmət verilməsi və insan (intizam) tənbehi barədə” xx.xx.2023-cü il tarixli 1580 saylı əmri İddiaçı aid hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-549/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-549/2024
02.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver