Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-602/2022 26.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdehlər: Cavabdeh1 və onun vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 11723.88 manat məbləğində maddi zərərin və 125.57 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və "xxxx" QSC arasında 03.09.2013-cü il tarixli 213/2013 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə Cavabdeh1 oğlu ilə bank arasında 03.09.2013-cü il tarixli 213/2013 saylı tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər, əlavə olaraq borcalanın 03.09.2013-cü i tarixli 213/2013 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 03.09.2013-cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh2 Əlihüseyin oğlu arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 Əlihüseyin oğluna məxsus “X1” minik markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz ökdəliklərini lazımınca yerinə yetirmədikləri üçün "xxxx" QSC məhkəməyə iddia ərizəsiylə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 18.09.2019 cu il tarixli 2(107)-889/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 müştərək qaydada cəmi 44460,13 ABŞ dolları borc pulun və 46,50 manat digər xərclərin iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh2 Əlihüseyin oğluna məxsus "X1" minik markalı **-FJ-*** dövlət nömrə nişanlı minik markalı avtomobilə yönəldilməsini, ipoteka predmetinin ilkin satış qiymətinin 80000 manat müəyyən edərək acıq hərracdan satılmasını, satışdan əldə olunmuş pul vəsaitilə "xxxx" QSC-ə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Xətai rayon İcra və Probasiya şöbəsinə və Mingəçevir İcra və Probasiya şöbəsinə yönəlmişdir. İddiaçı "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 04.07.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.2 maddəsinə əsasən məhkəmə qərarı üzrə borcun tələbini, ipoteka predmetinin axtarışını bir sözlə qətnamənin icra edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məcburi icra işlərinin təşkil edərək öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 Əlihüseyin oğluna məxsus “X1” minik marka **-FJ-*** dövlət nömrə nişanlı avtomobilinin yerini aşkar etmiş və həmin avtomobili qanunda nəzərdə tutulmuş halda Xətai rayon İcra və Probasiya şöbəsinə təhvil verərək duracağa yerləşdirmişdir. Qeyd edilən 04.07.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.2 maddəsinə əsasən, iddiaçı tərəf "xxxx" MMC-yə Cavabdeh2 Əlihüseyin oğlunun mülkiyyətində olan “X1” minik markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobilin cərimə meydançasına yerləşdilməsi ilə əlaqədar qətnamə üzrə 78159,23 AZN borcun xidmət haqqının 15%-i olaraq 11723,88 (on bir min yeddi yüz iyirmi üç manat 88 qəpik) manat məbləğində xidmət haqqı ödəmişdir. Odur ki, cavabdehlərdən müştərək qaydada 11723.88 manat məbləğində maddi zərərin və 125.57 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X2 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə Fazil oğlu iştirak etdiyi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, cavabdehlər müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə təmsil etdiyi hüquqi şəxs "xxxx" MMC ilə hüquqi xidmət haqqında müqavilə bağlamış və icra sənədinin icra olunması üçün "xxxx" MMC-nin hesabına 11723.88 manat məbləğində vəsait ödəmişdir. Göründüyü kimi təmsil etdiyi hüquqi şəxs cavabdehlərin təqsirli hərəkətləri nəticəsində maddi zərərə məruz qalmışdır. Hesab edi ki, həmin maddi zərər cavabdehlər tərəfindən ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 Əlihüseyin oğlu məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, iddiaçı tərəf və ya icra məmuru avtomobilin təhvil verilməsi barədə heç bir məlumat vermədən avtomobili DNPB-nin vasitəsilə saxlatdıraraq duracağa yerləşdirmişdir. "xxxx" MMC-nin xidmət haqqı kimi ödədiyi 11723,88 manat məbləğində pulu tələb etsə də, lakin gördüyü işi təsdiq edən sübutlar təqdim etməmişdir. Sözügedən avtomobil axtarışda olmayıb, nə də ki, avtomobilin iddiaçı tərəfə təhvil verilməsi barədə nə şifahi, nə də rəsmi qaydada xəbərdar edilməmişdir. Həmin avtomobilin saxlanmasında və duracağa yerləşdirilməsində "xxxx" MMC-nin heç bir fəaliyyəti olmamışdır. Mübahisəli avtomobil icra məmurunun məktubu əsasında DNPB-nin əməkdaşları tərəfindən saxlanmış və duracağa yerləşdirilmişdir. Ondan sonra icra məmurunun sifarişi əsasında hərrac keçirilmiş və satılmışdır. Həmin əməliyyatların aparılması səlahiyyətli dövlət orqanları və hərrac komissiyası tərəfindən həyata keçirilmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Cavabdeh1 məhkəmə iclası zamanı Cavabdeh2 Əlihüseyin oğlu ilə eyni məzmunlu izahat verdi və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı “X2 Azərbaycan” QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan 03.09.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh2 36 ay müddətinə illlik 16 faiz dərəcəsi ilə 64000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 03.09.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bankla Cavabdeh2 arasında bağlanmış eyni tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə onunla zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan 03.09.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, 03.09.2013-cü il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 məxsus “X1” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İşdə olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 04.07.2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, məhkəmə qərarı üzrə borcun tələbini, ipoteka predmetinin axtarışını bir sözlə qətnamənin icra edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. İşdə olan 18.05.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 məxsus “X1” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobilin saxlanca yerləşdirilməsi ilə əlaqədar qətnamə üzrə 78159.23 manat borcun xidmət haqqının 15 faiz avansı olaraq 11723.88 manat icra edilərək "xxxx" QSC-yə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmişdir. İşdə olan Bakı şəhər Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən AR DİN BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinə ünvanlanmış 04.02.2021-ci il tarixli məktubundan görünür ki, “X1” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi və sözügedən avtomobilin "xxxx" QSC-nin adına sənədləşdirilməsinə etiraz etməmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş, həmçini məhkəmə iclasında təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 04.01.2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi ilə 45976.02 ABŞ dollarə məbləğində borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 müştərək qaydada alınıb "xxxx" QSC-nin hesabına ödənilməsi, borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh2 Əlihüseyin oğluna məxsus, **-FJ-*** dövlət qeydiyyat nişanlı, "X1" markalı minik avtomobilinə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi, avtomobilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 banka olan borcunun ödənilməsi, girov predmetinin satışından əldə edilən vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qalan hissədə Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 ümumi qaydada tutulması, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul və 16.50 manat poçt xidmət haqqının cavabdehlərdən tutulub "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2(107)-889/2019 saylı qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 04.01.2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi “Cavabdeh2 Əlihüseyin oğluna məxsus, **-FJ- *** dövlət qeydiyyat nişanlı, "X1" markalı minik avtomobilinin ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi” hissəsində dəyişdirilərək, avtomobilin açıq hərracdan ilkin satış qiymətinin 83000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, avtomobil saxlanılaraq cərimə meydançasına yerləşdirilmiş, daha sonra keçirilmiş ilkin və təkrar hərracda avtomobil satılmadığından, avtomobil 52912.50 manat qiymətlə ipoteka saxlayan- «X2 Azərbaycan» QSC-yə təklif olunmuş, tələbkar təklifi qəbul etmişdir. Daha sonra iddiaçı «X2 Azərbaycan» QSC, onunla Cavabdeh2 arasında bağlanmış 03.09.2013-cü il tarixli müqavilənin 5.5-ci bəndini və "xxxx" MMC arasında bağlanmış 04.07.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.2-ci bəndini rəhbər tutaraq hazırki iş üzrə cavabdehlərdən iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş xidmət haqqının əvəzini ödəməyi tələb etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, iddiaçı «X2 Azərbaycan» QSC-nin tələbini əsaslandırdığı iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 03.09.2013-cü il tarixli müqavilənin 5.5-ci bəndi və həmin bənddə iddiaçı üçün müəyyən edilmiş hüququ rəhbər tutaraq iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 04.07.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilə hazırki iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, istinad olunan kredit müqaviləsinin 5.5-ci bəndində qeyd olunur ki, “bu müqavilə üzrə verilmiş kreditlə bağlı “Borcverənin” tələb hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə satıla və ya digər üsulla verilə (güzəşt edilə) bilər. Bu müqavilə üzrə “Borcalanın” öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən ayrılmış kreditin geri qaytarılmasının təmin edilməsi məqsədilə kredit borcunun qaytarılması və\və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi “Borcverən” tərəfindən üçüncü şəxslərə də tapşırıla bilər. Bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilməli olan məsrəflər “Borcalandan”, zaminlərdən və yaxud da girova (ipotekaya) verilmiş və\və ya kreditin təminatı kimi çıxış edən digər əmlak (əşyalar) hesabına tutulacaq. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi “Borcverən”- hazırki iş üzrə iddiaçı X2 Azərbaycan» QSC cavabdehlərlə bağladığı müqavilələr üzrə tələb hüquqlarını hər hansı şəxsə güzəşt etməmiş, onlardan alacaqlarını özü tələb etmişdir. Kredit müqaviləsinin 5.5-ci bəndinin 2-ci cümləsində isə “Borcverən” tərəfindən “kredit borcunun qaytarılması və\və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi”nin üçüncü şəxslərə tapşırıla biləcəyi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş qətnamələrin surətindən isə görünür ki, iddiaçının cavabdehlərə qarşı “kredit borcunun qaytarılması və/və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi” tələbinə dair qaldırdığı iddia Bank tərəfindən verilmiş, həmin işlərdə bankı öz işçiləri olan nümayəndələri təmsil etmiş, nəticədə iddia təmin edilərək icraya yönəldilmişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 04.07.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 2-ci hissəsində göstərilir ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və/və ya təminatı avtomobil, nəqliyyat vasitələri və.s. olan kreditləri, kredit kartları və/və ya kredt kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Həmin müqavilənin 4-cü hissəsinin 6-cı abzasında isə qeyd olunur ki, Bank, başlanılmış və ya başlanılacaq məhkəmə işlərini Büroya verib verməməkdə sərbəstdir. Göründüyü kimi, iddiaçının cavadehlərə qarşı məhkəmə işlərini aparmağı "xxxx" MMC-yə həvalə etməmiş, məhkəmə araşdırmasında "xxxx" MMC hər hansı şəkildə iştirak etməmişdir. Müvafiq məhkəmələrdə aparılmış mülki iş üzrə icraatın nəticəsində cavabdehlər Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 müştərək qaydada cəmi 45976.02 ABŞ dolları borc pul və 46,50 manat digər xərclər iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh2 Əlihüseyin oğluna məxsus "X1" markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı markalı minik avtomobilinə yönəldilməsi qət edilmişdir. Bundan başqa Məhkəmə iddia ərizəsində qeyd edildiyi ki, "xxxx" MMC-nin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus “X1” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin yerini aşkar edərək, həmin avtomobili qanunda nəzərdə tutulmuş halda Xətai rayon İcra və Probasiya şöbəsinə təhvil verərək duracağa yerləşdirməsi iddiası ilə inandırıcı olmadığına görə razılaşmır. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası qanununun 2.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin axtarışı işinin təşkili və bu işdə digər xidmətlərlə qarşılıqlı əlaqələrin təmin edilməsi isə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətinə aiddir. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş avtomobilin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi və icra məmuruna təhvil verilməsi yol patrul xidmətinin əməkdaşları tərəfindən, icra məmurunun qərarı əsasında baş verə bilərdi. İddia ərizəsinə isə "xxxx" MMC-nin bu cür səlahiyyətə- xüsusi mülkiyyət hüququ ilə başqasına məxsus olan əmlakı mülkiyyətçinin iradəsi əleyhinə ondan alaraq, başqa bir dövlət orqanına təhvil verməsi- malik olmasına dair hər hansı sənəd əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, bu cür səlahiyyətə malik olmadan - xüsusi mülkiyyət hüququ ilə başqasına məxsus olan avtomobilin mülkiyyətçinin iradəsi əleyhinə ondan alınaraq, icra qurumuna təhvil verilməsi bu səlahiyyətə malik dövlət orqanının səlahiyyətlərinin mənimsənilməsinə gətirib çıxarardı. Buna görə də Məhkəmə "xxxx" MMC-nin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus “X1” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini aşkar edərək saxlanmasını təşkil etməsi və icra məmuruna təhvil verməsi öz-özlüyündə özbaşınalığı ehtiva etməklə, ağlabatan deyil. Bundan başqa, qətnamənin icrası ilə bağlı icra orqanları ilə yazışmalardan da görünür ki, bu yazışmalarda «X2 Azərbaycan» QSC-nin adından öz işçiləri olan nümayəndələri iştirak etmişlər. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ nə məhkəmə xərclərinə, nə maddi zərərə aid deyildir. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, "xxxx" MMC iddiaçı bankı nə məhkəmədə, nə də icra sənədi üzrə icraatda təmsil etməmişdir. Belə olan halda iddiaçının bağlı "xxxx" MMC-nin hesabına ödədiyi 11723,88 manat məbləğdə pul məhkəmə xərcləri kimi qəbul edilib maddi zərər kimi cavabdehlərdən tələb edilə bilməz. Azərbaycan respublikası mülki Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə nümayəndələrə etdikləri kömək üçün ödənilən, vəkillərə etdikləri kömək üçün ödənilən, cavabdehin axtarılması ilə əlaqədar və qətnamənin icrası ilə əlaqədar xərclər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi işə baxılması ilə əlaqədar məsrəflərin, yəni məhkəmə xərclərinin dairəsi qanunverici tərəfindən konkret şəkildə müəyyən edilmiş, lakin hazırkı iş üzrə iddiaçının tələb etdiyi pul məbləği məhkəmə xərclərinin dairəsinə daxil deyildir. Belə ki, həm məhkəmə mübahisəsi zamanı, həm də qətnamənin icrası ilə əlaqədar aparılan prosessual hərkətlərdə iddiaçının öz işçiləri təmsil etmişdir. Belə olan halda iddiaçının tələb etdiyi məbləğdə maddi zərərə məruz qalması, işin həqiqi hallarına uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449–cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» (indiki “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM–in 449.1–ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu daha sonra müəyyən etmişdir ki, məhkəmə qərarlarının icrası haqqında (indiki icra haqqında) qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. İşin müəyyən olunmuş hallarından da görünür ki, tələbin ipoteka ilə yüklü edilmiş avtomaşına yönəldilməsinə dair məhkəmə qətnaməsi icra olunmuş, yəni ipoteka predmeti açıq hərracda bağlanmış alqı–satqı müqaviləsi əsasında iddiaçı bankın balansına keçmiş və cavabdehin kredit müqaviləsi üzrə iddiaçı banka olan əsas və faiz borcu tam şəkildə ipoteka predmetinin dəyərindən ödənilmişdir. İddiaçı bank kredit müqaviləsi üzrə məhkəmə qətnaməsində göstərilən borc məbləğinin əvəzinə ipoteka predmeti olan avtomaşını əldə etmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini icra etmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən həmin müqaviləyə istinad edərək cavabdehdən məhkəmə xərci, əldən çıxmış fayda və yaxud real zərər tələb etməsi, açıq–aşkar hüquqdan sui–istifadədir. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Çünki cavabdeh tərəf kreditin təminatı olaraq minik avtomobilini ipoteka ilə yüklü etmişdir. Kredit borcunu ödəmədiyi üçün tələb məhkəmə qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş minik avtomobilinə yönəldilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. Bu da onu deməyə əsas verir ki, ipoteka ilə yüklü edilmiş əmlakın iddiaçı bank tərərfindən əldə edilməsi ilə bağlı ləngimələr və sair pozuntular nəticəsində iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2–ci maddəsinə əsasən hüquqdan sui–istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.1–ci maddəsində qeyri–qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui–istifadə kimi müəyyən edilmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı X2 Azərbaycan QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 11723.88 manat məbləğində maddi zərərin və 125.57 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-602/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-602/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver