Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-993/2023 14.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil X1, Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və torpaq sahəsində inşa olunmuş evdən çıxarılma tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və torpaq sahəsində inşa olunmuş evdən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Mingəçevir şəhəri Samux küçəsində yerləşən torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə iddiaçı və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri Samux küçəsində yerləşən torpaq sahəsi İddiaçı məxsusdur. Sözügedən 0.06 ha, yaşayış məntəqələri torpaqları kateqoriyasına məxsus olan torpaq sahəsinin mülkiyyət sənədləri vardır. Bununla əlaqədar DƏDRX-dən RX ******* nömrəli çıxarış alınmış və sözügedən torpaq sahəsi tam olaraq İddiaçı mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı torpaqdan istifadə edə bilmir. Belə ki, cavabdehlər torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən istifadə etməyə imkan vermirlər. Bununla da iddiaçıya xeyli miqdarda ziyan dəymişdir. Cavabdehlərin sözügedən torpaq sahəsi ilə əlaqədar heç bir hüquqları yoxdur. Onlar bu və ya digər formada maneələr yaratmaqla torpaqdan və mükkiyyətindən lazımi qaydada istifadə etməyə imkan vermirlər. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Odur ki, məhkəmədən, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə Cavabdeh2 iddia tələbinin qəbul etməyərək bildirdi ki, mübahisəl torpaq sahəsi və onun üzərində tikilmiş ev əri Cavabdeh1 mülkiyyətində olmuşdur. Daşınmaz Əmlak qanunsuz olaraq Gülxanımın adına çıxarış vermişdir. Gülxanım onları aldadıb, belə ki, ailə prolblemlərini həll etmək üçün Jülxanımdan borc pul almışlar. Gülxanımda onların etibarından istifadə edərək mübahisəli torpaq sahəsi ilə bağlı ona bəzi sənədlərə qol çəkdirib. Onlar Gülxanıma inamış və bu səbəbdən də həmin sənədləri oxumamışdır. Odur ki,0 iddianın rədd edilməsi barədə qətnqamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi, vəkil Nümayəndə və Cavabdeh2 izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Samux küçəsində, 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan daşınmaz əmlakın 27 aprel 2017-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında Mingəçevir şəhəri, Samux küçəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə dair alqısatqı müqaviləsi bağlanmışdır. İşdə olan Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, əri Cavabdeh1 mülkiyyətində olan istəlinən bağ torpaq sahəsinin və onun üzərində yerləşən evin satılmasına etiraz etməmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri, Samux küçəsində, 0,06 ha torpaq sahəsinə xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına mülkiyyət hüququ qeydə alınmışdır. Mingəçevir şəhəri Samux küçəsində yerləşən torpaq sahəsi İddiaçı məxsusdur. Hazırda cavabdehlər torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən qanunsuz sahiblik etməklə iddiaçıya istifadə etməyə maneələr yaratmaqla torpaqdan və mükkiyyətindən lazımi qaydada istifadə etməyə imkan vermirlər. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırır ki, İddiaçı onun etibarından istifadə edərək mübahisəli torpaq sahəsi ilə bağlı onlara bəzi sənədlərə qol çəkdirmiş və onun mülkiyyət hüququnun əsasları yoxdur. Məhkəmə cavabdehin etirazına tənqidi yanaşaraq qeyd edir ki, cavabdehin etirazında göstərdiyi dəlillər əsassızdır. Belə ki, iş materiallarına əlavə edlmiş alqı-satqı müqaviləsinin və Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, cavabdeh əri Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində yerləşən evin satılmasına etiraz etməmişdir. Onun iradə ifadəsi notariat orqanı tərəfindən yoxlanılmış və təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş həmin hallarına qiymət verərək hesab edir ki, həmin mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsində olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. İş materiallarından da görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir və cavabdehlərin mübahisəli torpaq sahəsindən istifadəsi qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. “Torpaq islahatı haqqında” AR Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111–ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2–ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3–cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Mingəçevir şəhəri Samux küçəsində yerləşən torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Mingəçevir şəhəri Samux küçəsində yerləşən torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-993/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-993/2023
14.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver