Məhkəmə qərarları › İş №e-2(052)-21/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(052)-21/2025

06.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(052)-21/2025 06.03.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı cəmiyyətə vurulmuş 4890.47 (dörd min səkkiz yüz doxsan manat, qırx yeddi qəpik) manat maddi ziyanın və 55 (əlli beş) manat mediasiya rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “10” avqust 2019-cu il tarixdən Cavabdeh Qəbul və Qeydiyyat şöbəsinin otel xidmətçisi vəzifəsində işləmiş və müştərilərin mehmanxanaya qəbulu və qarşılanması (əmək funksiyasını, görülən işin xarakterini göstərmək) işini görmüşdür. Xidməti vəzifələrini yerinə yetirən vaxt cavabdeh qonaqlar tərəfindən hotelə ödənilən nağd vəsaitlərin əvəzində qazanc əldə etmək üçün şəxsi debet/keşbek kartları vasitəsilə ödənişlər icra etmişdir. Bilindiyi kimi qonaqlar tərəfindən kredit kartları vasitəsilə nağdsız qaydada edilən ödənişlər zamanı, həmin ödənişin müəyyən faizi bank tərəfindən kəşbek şəklində kart sahibinə geri qaytarılır. Cəmiyyətin bankla olan razılaşmasına əsasən qonaq kartından ödənilən hər vəsaitə görə 0,2% kəşbek verilir. Həmin vəsait şirkətin hesabından ödənilir. Cavabdeh isə bundan istifadə edərək qonaqlar tərəfindən nağd şəkildə ödənilən vəsaitləri öz kartı ilə ödəmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, əgər qonaq nağd şəkildə ödənişi tamamlasa idi, şirkətdə 0,2% məbləğində maliyyə itkisi yaranmamış olardı. Nəticədə cavabdeh tərəfindən əməliyyatlar aparılan zaman bank komissiyası xərci ilə iddiaçıya 5190.47 manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdeh öz əməlini xx.xx.2023-cü il tarixli izahatı və xx.xx.2023-cü il tarixli öhdəliklərin icrasına dair təminat ərizəsində təsdiqləmişdir. Belə ki, cavabdeh təminat ərizəsi ilə iddiaçıya dəyən 5190.47 manat həcmində maddi zərərin hissələrə bölünərək aylıq ödənişlər üzrə xx.xx.2025-ci il tarixinədək iddiaçıya ödənilməsini öhdəsinə götürmüş, ilk ödəniş olaraq xx.xx.2023-cü il tarixində 300 manat ödəmə həyata keçirmiş, lakin sonrakı dövrdə heç bir ödəniş həyata keçirməmişdir. Nəticədə onun tərəfindən vurulan zərərə uyğun olaraq 4890.47 manat məbləğində ödənişi hələ də həyata keçirməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən, işçi işəgötürənlə yazılı şəkildə X2 haqqında müqavilə bağladıqda, qanunazidd hərəkətləri nəticəsində vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Cavabdeh işə qəbul zamanı 10 avqust 2019-cu il tarixli 008 saylı "X2 haqqında Müqavilə"ni imzalamışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh iddiaçı təşkilata məxsus oteldə xidmətçi vəzifəsində işləmiş və müştərilər tərəfindən edilmiş ödənişləri qəbul edərək kassaya mədaxil etmişdir. Fəaliyyəti zamanı o, otelə gələn qonaqlar tərəfindən xidmət müqabilində ödənilməli olan pul vəsaitlərini müştəridən nağd şəkildə almış, daha sonra isə həmin vəsaitləri özünə məxsus 3 ədəd plastik kart, eləcədə başqa şəxsə məxsus 1 ədəd plastik karta yükləmiş və həmin kartlardan istifadə etməklə posterminal vasitəsilə şirkətin hesabına ödəmişdir. Qeyd edilən formada əməliyyat tək cavabdeh tərəfindən deyil, qeydiyyat şöbəsində işləyən başqa işçilər tərəfindən də, dəfələrlə icra edilmişdir. Bu səbəbdən cavabdeh və digər işçilər işdən azad edilmişlər. Cavabdeh tərəfindən ona məxsus 3 ədəd kart vasitəsilə edilmiş əməliyyatlar nəticəsində 3374.68 manat, başqa şəxsə məxsus 1 ədəd kart vasitəsilə edilmiş əməliyyatlar nəticəsində isə 1815.79 manat olmaqla, cəmiyyətə ümumilikdə 5190.47 manat maddi zərər vurulmuşdur. Cavabdehin etmiş olduğu əməlin aşkara çıxmasından sonra dərhal onun izahatı alınmış və o, izahatında həmin əməliyyatları həqiqətən də etdiyini boynuna almış və həmin məbləği aylara bölərək hissə-hissə olmaqla 17 ay müddətində cəmiyyətə geri ödəyəcəyini demişdir. Lakin cavabdeh yalnız bir dəfə 300 manat ödəniş etmiş, sonrakı dövrlərdə isə heç bir ödəniş etməmişdir. İddia ərizəsində zərərin yaranma əsası kəşbek kimi yazılmış olsa da, bu əslində terminal vasitəsilə ödəniş müqabilində şitkərin ödədiyi xidmət haqqıdır. Belə ki, bank və hotel arasında belə bir müqavilə vardır ki, əgər müştəri tərəfindən terminal vasitəsilə şirkətin hesabına ödəniş olarsa həmin məbləğin 1.8% dəyərində hotel tərəfindən Banka xidmət haqqı ödənilməlidir. Əgər qonaq nağd şəkildə ödənişi tamamlasa idi, şirkət üçün həmin faizdə maliyyə itkisi yaranmış olmayacaqdı. Daha sonra iddiaçı şirkət tərəfindən məsələyə hümanist yanaşılmış, cavabdehin ödənişləri etməsi üçün ona qarşılıqlı razılıq ilə 17 ay möhlət verilmişdir. Müddət başa çatdıqdan sonra onlar başa düşmüşlər ki, cavabdehin ödəniş etmək kimi bir niyyəti yoxdur. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin heç bir əsası yoxdur. Belə ki, Əmək Məcəlləsinin müvafiq maddələrindən görmək olar ki, tərəflər dəymiş zərərin ödənilməsi ilə bağlı razılığa gələ bilərlər və işəgötürən işçiyə bununla bağlı möhlət verə bilər. Göründüyü kimi şirkət tərəfindən cavabdeh ilə razılıq əldə edilmiş və cavabdehə 17 ay müddətə möhlət verilmişdir. Bu isə o deməkdir ki, iddia müddətinin axımı həmin müddət başa çatana kimi kəsilmişdir. Odur ki, məhkəmədən iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınmamasını və iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərərk bildirdi ki, o iddianı qismən qəbul edir. Belə ki, iddia ərizəsində göstərilən məbləğ əsassız yerə şişirdilmişdir. Oteldə işlədiyi vaxtlarda bayram ərəfələrində otelə gələcək qonaqlar əvvəldən pulu ödəməli olmuşlar. Həmin şəxslər ilə telefon vasitəsilə əlaqə saxlanılmış, ödəniş etmələri üçün onlara link göndərilmişdir. Lakin qonaqların əksəriyyəti orta yaşlı olduqları üçün link vasitəsi ilə ödəniş edə bilməmişlər. Bu səbəbdən ondan xahiş etmişlər ki, həmin məbləği onun kartına göndərsinlər, o isə kartı vasitəsi ilə ödənişləri etsin. O da, müştəri məmnuniyyəti üçün həmin kartına göndərilən pullar ilə həmin ödənişləri etmiş və ödəniş qəbzlərini qonaqlara göndərmişdir. Dəqiq sayını xatırlamasa da, bu əməliyyat ərizədə göstərilən qədər deyil, bir neçə dəfə baş vermişdir. Bir neçə dəfə isə müştərilərin nağd şəkildə vermiş olduğu pulları öz kartı vasitəsi ilə posterminala ödəniş etmişdir. Bu zaman 1000 manat ödənişə görə ona 15 manat kəşbek qayıtmışdır. Bu hadisənin ən çoxu 10 dəfə ola biləcəyini ehtimal edir. Ümumilikdə sözügedən əməliyyatlardan onun qazancı ən çoxu 300 manat olmuşdur ki, həmin məbləğ də onun tərəfindən şirkətə ödənilmişdir. Belə ki, o, işdən çıxdıqdan sonra əmək kitabçasını şirkətdən almaq istəmiş, şirkətdən isə 300 manat ödəniş etmədən kitabçanın ona verilməyəcəyi bildirilmişdir. O da, məcburiyyət qarşısında qalaraq həmin pulu ödəmiş və kitabçasını almışdır. Əslində həmin əməliyyatları edərkən məsələnin bu qədər ciddi olduğunu və bunun nəticəsində şirkətə ziyan dəyəcəyini bilməmişdir. Fikirləşmişdir ki, şirkətə çatası məbləğ tam şəkildə çatmışsa və kassada heç bir əksiklik olmamışsa, deməli onun keşbek qazanmasında da hər hansı qanunsuzluq olmamışdır. Öhdəliklərin icrasına dair təminat ərizəsində göstərilən 5190.47 manat məbləği ona görə etiraf etmiş və imzalamışdır ki, şirkət tərəfindən ona qarşı hədə qorxu gəlinmiş, həm özünün maddə ilə işdən çıxarılacağı, həm də oteldə işləyən bacı və qardaşının ona görə işdən qovulacağı bildirilmişdir. O da, məcburiyyət qarşısında qalaraq həmin sənədləri imzalamışdır. Hazırda təhdid olunmuş olmasına dair heç bir sübut təqdim edə bilmir. Lakin bu həqiqətdir. Həmin vaxt ona bildirilmişdir ki, o, öz təşəbüsü ilə işdən çıxsın. O da, ərizə yazaraq işdən çıxmışdır. Odur ki, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh səmimi olaraq etmiş olduğu əməli qismən qəbul edir. Lakin dəymiş zərərin iddia ərizəsində qeyd edilən kimi deyil, 300 manat civarında olduğunu qəbul edir. Əslində cavabdeh bu əməli edərkən belə nəticələr verə biləcəyini təxmin etməmişdir. Həmçinin o, izahat yazarkən məbləği bilməmiş və şirkət rəhbərliyi tərəfindən ona təzyiqlər olunmuşdur. O özü də cavabdehə məxsus kartalar vasitəsi ilə edilmiş ödənişlərlə tanış olmuşdur. Lakin həmin əməliyyatlar nəticəsində dəymiş zərərin məbləği 5190.47 manat deyildir. Orada göstərilən hansı ki, başqa şəxsə məxsus plastik kart ilə edilən əməliyyatların isə cavabdehə heç bir aidiyyəti yoxdur və həmin məbləğlər cavabdehin boynuna zorla qoyulmuşdur. Cavabdeh qanunu bilmədiyi üçün və ailə üzvlərinin həmin şirkətdə qalıb işləməsi üçün məbləği ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilməlidir ki, tərəflər arasında olan mübahisə əmək münasibətlərindən irəli gəlir. Əmək münasibətlərində isə tərəflər arasında dəymiş zərərin ödənilməsi ilə bağlı hər hansı mülki xarakterli müqavilənin razılaşdırılması yolverilməzdir. Həmçinin qeyd etdiyimiz kimi cavabdeh həmin izahatı verərkən nəticələrini dərk etmədən vermişdir. Odur ki, iddiaçı şirkət iddia müddəti bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Beləliklə vermiş olduqları vəsatətin ətmin edilməsi və iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin xx.xx.2019-cu il tarixli xxxxxxx000200 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh 10 avqust 2019-cu il tarixdən 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə İddiaçı MMC-də xidmətçi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsindən (kontraktdan) görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmış əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən etibarən yenilənmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X2 haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X2 barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, qonaqlar tərəfindən cash edilmiş ödənişləri kartla vurduğunu, qonaq erkən çıxan zaman qonağa cash qaytardığını və sənəd üzərində ödənişi geri kartına aldığını, bunu edərkən belə ciddi səhv olduğunu bilmədiyini, hotelə cash və yaxud Visa ödənişlərini fərq etmir kimi bildiyi üçün bu əməlləri etdiyini bildirmiş və bir daha belə bir halın baş verməyəcəyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Öhdəliklərin icrasına dair təminat ərizəsi”-dən görünür ki, Cavabdeh vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif qanunsuz yollarla İddiaçı MMC-yə ümumilikdə 5190.47 manat məbləğində ziyan vurduğunu, əməlindən səmimi peşman olduğunu etiraf etmiş və mənimsədiyi ümumilikdə 5190.47 manat məbləğin 300 manatını xx.xx.2023-cü il tarixdə, qalan ödəniş məbləğlərini isə tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə uyğun olaraq hər ayın 16-sı Şirkətin büdcəsinə qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli "xxxx" ASC tərəfindən təklif edilmiş xidmətdən və ona əlavə edilmiş 20 sentyabr 2021-ci il tarixli İddiaçı MMC-nun təklifin qəbul məktubundan görünür ki, tərəflər arasında POS Yerli Kartlar üzrə 1.80 faiz dərəcəsi ödəniləcəyi barədə razılıq əldə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsində qeyd edilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Eyni Məcəllənin 192-ci maddəsinə əsasən Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 199-cu maddəsində qeyd edilmişdir ki, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Eyni Məcəllənin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara, eləcədə tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən cəmiyyətə qeyd edilən məbləğdə zərər vurulmuşdur. Belə ki, iddiaçı təşkilat tərəfindən qeyd olunan pul vəsaitlərinin ödənilməsində məqsəd yalnız ödənişlər müştərilər tərəfindən kart vasitəsi ilə icra olunacağı təqdirdə olmuşdur ki, bunu etmək cəmiyyətin iqtisadi maraqlarına xidmət etmişdir. Hazırki işdən isə görünür ki, cavabdeh qazanc əldə etmək məqsədi ilə müştərilər tərəfindən nağd şəkildə ödənilmiş məbləğləri kartlar vasitəsi ilə iddiaçı təşkilatın hesabına ödəmiş, bunun da nəticəsi olaraq əsassız pul vəsaitləri əldə etmişdir. Cavabdehin yol verdiyi bu hərəkətlər cəmiyyətin iqtisadi maraqlarına xidmət etməməklə yanaşı, həm də onun əlavə xərclərə cəlb olunması ilə nəticələnmişdir. Bununla yanaşı məhkəmə həmçinin aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Odur ki, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən mövqeyini əsas tutaraq hesab edir ki, iddiaçı təşkilat ilə cavabdeh arasında işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsinə dair aralarında əldə olunmuş razılıq və buna dair tərtib edilmiş ödəniş cədvəli etibarlı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Eyni Məcəllənin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 269-cı maddəsinin 5-ci bəndəndə qeyd edilmişdir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Qanunvericiliyin normalarından müəyyən edilir ki, iddia müddətləri bir qayda olaraq, tələb hüquqları üçün xarakterikdir. Bu müddətin keçməsi tələb hüququnun özünü deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. Məhkəmə cavabdehin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsinə münasibətdə qeyd edir ki, iş materialları ilə vurulmuş ziyanın 07 sentyabr 2023-cü il tarixdə aşkar edilmiş olması müəyyən edilir. Belə ki, həmin tarixdə Cavabdeh izahat verərək etmiş olduğu əməli etiraf etmişdir. Beləliklə ilk olaraq iddia müddətinin axımı 07 sentyabr 2023-cü il tarixdə başlanmışdır. Bununla yanaşı iddia ərizəsində cavabdeh tərəfindən 16 sentyabr 2023-cü il tarixdə dəymiş ziyanla bağlı 300 manat ödənişin edildiyi qeyd edilmişdir. Həmin ödənişin edilməsi isə o deməkdir ki, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkət etmiş, bununla da iddia müddətinin axımı kəsilmiş və həmin tarixdən iddia müddətinin axımı yenidən başlanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı təşkilat xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif, xx.xx.2024-cü il tarixdə isə “İlkin mediasiya sessiyası” ilə bağlı ərizə ilə mediasiya təşkilatına müraciət etmiş, daha sonra xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətinin axımının xx.xx.2023-cü il tarixdən başlanmış olması nəzərə alınarsa, xx.xx.2024-cü il qanunvericiliklə müəyyən edilmiş 1 illik müddətin son tarixi olmuş və iddiaçı təşkilat tərəfindən mediasiya təşkilatına, habelə məhkəməyə müraciət edilən zaman iddia müddəti ötürülmüş olmuşdur. Beləliklə cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizəsi ilə məhkəməyə müraciət edərkən haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən iddiaçı cəmiyyət tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci cəmiyyətin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "dəymiş maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərci təşkilatın özüna aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar