Məhkəmə qərarları › İş №e-2(052)-34/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(052)-34/2025

04.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(052)-34/2025 04.11.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahları dövründə tikdirdiyi və onun mülkiyyətində olan Naftalan şəhəri, İsa Məmmədov məhəlləsində yerləşən fərdi yaşayış evinin dəyərinin 1/2 hissəsinin cavabdehə, 1/2 hissəsinin isə ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Naftalan şəhəri, İ.Məmmədov məhəlləsi Xaqani Şirvani küçəsində yerləşən 46 saylı əmlakın (torpaq sahəsi və fərdi yaşayış evi) üzərində payların müəyyən olunması və payların naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18 dekabr 2004-cü ildə rəsmi nikahlarını qeyd etdirməklə ailə qurmuș, daha sonra Naftalan Şəhər Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(052)-264/2018 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh ilə birgə yașadıqları müddətdə Naftalan şəhəri, İsa Məmmədov məhəlləsi, Xaqani Şirvani küçəsində yerləşən, 46 saylı evi inşa etmişlər. Lakin evə dair çıxarış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 03 noyabr 2023-cü il tarixdə alınmış və həmin əmlak mülkiyyət hüququ əsasında ona məxsusdur. Daha sonra o, həmin evi 32.000 (otuz iki min) manata başqa şəxsə satmış və şəxs hazırda ailəsi ila birlikdə həmin evdə yaşayır. Həmçinin cavabdeh də, məhkəmə qətnaməsi əsasında həmin evə köçürülmüşdür. Lakin cavabdehin hazırda həmin şəxslərlə birlikdə yașaması qeyri-mümkündür. Birgə nikah dövründə tikmiş olduğu və onların ümumi əmlakı sayılan evin bölünməsi barədə cavabdeh ilə aralarında razılıq əldə olunmamışdır. O, cavabdehə evin satış qiymətinin yarısını təklif etsə də, cavabdeh təklif ilə razılaşmamışdır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, o, iclasda iştirak etməmişdir. Məhkəmə prosesi zamanı onunla əlaqə saxlanılmış, bu zaman iddiaçı bildirmişdir ki, işi ilə əlaqədar məhkəmə iclasında iştirak etməyəcəkdir. Bu səbəbdən iclasın onun iştirakı olmadan keçirilməsini və iş üzrə yekun qərar qəbul edilməsini xahiş edir. İddiaçı həmçinin bildirmişdir ki, cavabdehə onun payı müqabilində hər hansı məbləğdə pul təklif etmək niyyətində deyildir. Əmlakın qapalı hərracdan deyil, açıq hərracdan satılmasını istəyir. Belə ki, onun mübahisəli əmlakı almaq fikri yoxdur. Həmçinin əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə ödənilməli olan 350 manat pul vəsaiti onun tərəfindən ödənilmişdir. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddiaçı ilə aralarında razılığa gəlmək üçün bir neçə dəfə cəhd göstərmiş olsa da, iddiaçı onunla əlaqə yaratmaqdan imtina etmişdir. Belə ki, mübahisəli əmlakın onun payına düşən hissəsi qarşılığında iddiaçıdan 25000 manat pul vəsaitinin ona verilməsini istəsə də, bununla bağlı razılıq yoxdur. Həmçinin onun mübahisəli əmlakı almaq niyyəti yoxdur. Bu səbəbdən qapalı hərracın keçirilməsini istəmir. Odur ki, iddianın təmin edilməsinə və Naftalan şəhəri, İsa Məmmədov məhəlləsi, Xaqani Şirvani küçəsində yerləşən torpaq sahəsinin və üzərində yerləşən 46 saylı evin açıq hərraca çıxarılaraq satılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin və iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Naftalan şəhəri, İsa Məmmədov məhəlləsi, Xaqani Şirvani küçəsi, ev 46-da yerləşən 0.0310 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2425 nömrəli ekspert rəyində qeyd edilmişidir ki, ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin tərəflər arasında 1/2 və 1/2 paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin üzərində yaşayış evinin və yardımçı tikililərin inşa edildiyini və torpaq sahəsinin qalan üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olduğunu, və həmin tikilinin planlı yerləşməsini nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən mübahisəli torpaq sahəsinin tərəflərin paylarına uyğun şəkildə iki hissəyə naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün deyildir. "xxxx" MMC-nin 15 sentyabr 2025-ci tarixli, 169/Mİ/25 saylı fərdi yaşayış evinin torpaq sahəsinin və üzərində inşa edilmiş tikilinin hazırkı bazar qiymətini müəyyən etmək üçün keçirilmiş qiymətləndirmə hesabatında qeyd edilmişdir ki, Naftalan şəhəri, İsa Məmmədov məhəlləsi, Xaqani Şirvani küçəsində yerləşən 46 saylı ümumi fərdi yaşayış evinin 15 sentyabr 2025-ci il tarixinə bazar qiyməti 40300 (qırx min üç yüz) manat (torpaq sahəsinin bazar qiyməti 9300 manat və tikilinin bazar qiyməti 31000 manat) təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli qərardadında aşağıdakılar qeyd edilmişdir: Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə, əmlak birgə nikah dövründə alınıbsa onun ər-arvadın ümumi mülkiyyəti hesab olunması prezumpsiyası vardır. Başqa sözlə, nə qədər ki əmlak birgə nikah dövründə əldə olunub, belə ehtimal olunur ki, həmin əmlak ər-arvadın ümumi vəsaiti hesabına əldə olunub və həmin əmlak üzərində ər-arvadın bərabər payı vardır. Hazırki iş üzrə əmlakın tərəflərin ümumi mülkiyyəti olması işin mübahisəsiz halıdır. Odur ki, Naftalan şəhəri, İ.Məmmədov məhəlləsi Xaqani Şirvani küçəsində yerləşən 46 saylı əmlakda tərəflərin hər birinin ½ hissədə payları müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2425 nömrəli ekspert rəyi ilə tərəflərlərin ümumi mülkiyyəti olan ünvan 2 ünvanında yerləşən əmlakın tərəflərin paylarına uyğun şəkildə iki hissəyə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Odur ki, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən mübahisəli əmlak ilkin satış qiyməti 40300 (qırx min üç yüz) manat olmaqla, açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman dövlət büdcəsinə ödənilən məbləğ 100 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat və "xxxx" MMC tərəfindən keçirilmiş fərdi yaşayış evinin qiymətləndirilməsinin dəyəri isə 350 manat məbləğində olmuşdur. Odur ki, həmin məbləğlər tərəflər arasında hər birinin payına uyğun olaraq bərabər şəkildə bölünməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. ünvan 2-da yerləşən əmlaka İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilsin. ünvan 2-da yerləşən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsaitin ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh verilsin. Əmlakın ilkin satış qiyməti 40300 (qırx min üç yüz) manat müəyyən edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun dəyərinə görə 50 (əlli) manat və əmlakın qiymətləndirilməsinin dəyərinə görə 175 (yüz yetmiş beş) manat alınaraq İddiaçı verilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyərinə görə İddiaçı 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat alınaraq X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT-CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar