Məhkəmə qərarları › İş №e-2(053)-1080/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1080/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1080/2024 12.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.800 manat məbləğində borc pulun və 58 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.858 manat məbləğində pulun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 21 noyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 2.600 manat məbləğində pulu geri qaytardığını, bu səbəbdən iddia tələbinin azaldılaraq cavabdehdən 1.200 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclaslarında iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh onun yaşadığı ünvana gələrək icarəyə verdiyi 4 minik markalı avtomobilinin təmiri üçün 3.000 manat məbləğində borc pul istəmişdir. O da cavabdehlə tanış olduğu üçün 06 mart 2024-cü ildə 2 ay müddətinə qaytarmaq şərtilə ona 3.000 manat məbləğində borc pul vermişdir. Pulu verərkən cavabdeh öz xətti ilə «Mən Quliyev X1 Zaurdan Mövlüdoviçdən borca pul götürmüşəm. (3000) üç min manat. Bu pulu 2 ay müddətinə götürmüşəm. Yanımızda tanışımız şahid var idi. Bu ərizəni öz xoşumla yazmışam. Pulu aldım saydım hər şey düzdür. Narazıçılığım yoxdur» məzmunlu qəbz yazıb imzalamışdır. Həmin qəbzi cavabdehlə birlikdə o və şahid X2 da imza etmişlər. Daha sonra cavabdeh ona yenə borc pul lazım olduğunu bildirmişdir. O da hissə-hissə kart vasitəsilə 800 manat məbləğində borc pulu onun kartına göndərmişdir. Lakin cavabdeh ona olan borcunu geri qaytarmamışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, cavabdeh 400 manat və 2.200 manat məbləğlərində pulu ona geri qaytarmışdır. Qalan 1.200 manat məbləğində pulu da tez bir zamanda geri qaytaracaqlarına dair cavabdehin anası ilə qardaşı söz vermişlər. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışında iştirak etməmiş, lakin 10 dekabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini bildirib, iddianın təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 06 mart 2024-cü il tarixli qəbzdə qeyd olunur: «Mən Quliyev X1 Zaurdan Mövlüdoviçdən borca pul götürmüşəm. (3000) üç min manat. Bu pulu 2 ay müddətinə götürmüşəm. Yanımızda tanışımız şahid var idi. Bu ərizəni öz xoşumla yazmışam. Pulu aldım saydım hər şey düzdür. Narazıçılığım yoxdur» Cavabdeh həmin qəbzi öz imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışlardan görünür ki, iddiaçı 25 mart 2024-cü ildə 416973****7982 nömrəli kart hesabına 300 manat, 10 aprel 2024-cü ildə 416973****7531 nömrəli kart hesabına 250 manat, 15 aprel 2024-cü ildə isə 416973****7982 nömrəli kart hesabına 350 manat məbləğində pul köçürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş 03 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, cavabdehin anası ilə qardaşı iddiaçı ilə görüşmüş, borc məbləğindən 2.200 manat iddiaçıya geri qaytarmış və bunu qəbzdə öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». İddiaçı məhkəməyə müraciət edərkən 58 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia olunan pul məbləğini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin olunmalıdır. İddiaçı cavabdehin ona olan borcundan 2.600 manat məbləğində pulu geri qaytardığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.200 (min iki yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 58 (əlli səkkiz) manat tutularaq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar