Məhkəmə qərarları › İş №e-2(053)-1132/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1132/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1132/2024 03.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmənin 15 oktyabr 2024-cü il tarixli hazırlıq iclasında iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh aqlay ustasıdır. Bakı şəhəri, Novxanı bağlarında yerləşən mülkündə yeni tikilmiş söhbətgahın üzünün aqlaylanması məqsədilə cavabdehlə tanış olmuş və onunla 01 iyul 2024-cü ildə şifahi olaraq 1.000 manat zəhmət haqqı razılaşmışlar. Lakin cavabdeh işə başlamadan, müxtəlif bəhanələrlə (qardaşının avtomobil qəzasına düşməsi və təcili pula ehtiyacının olması) pul istəmiş, o, da həmin bəhanələrə inanaraq cavabdehə müxtəlif tarixlərdə və fərqli məbləğlərlə kartdan karta köçürmə yolu ilə ümumilikdə 500 manat pul ödəmişdir. Buna baxmayaraq Cavabdeh işə başlamamış, şəxsən gəlib işi görə bilməyəcəyini deyərək, eyni işi görmək üçün qardaşı Şamxalı göndərəcəyini bildirmişdir. Bununla bağlı telefon danışıqları və «WhatsApp» proqramı vasitəsilə yazışmaları olub. Məsələ ilə bağlı cavabdehin atası və qardaşı ilə də dəfələrlə danışıqları olmuş, lakin cavabdeh razılaşdıqları işi görməməklə yanaşı, aldığı pul məbləğini qaytarmaqdan da qərəzli olaraq yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. İddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı sonradan məhkəmə iclaslarına gəlməmiş, 02 dekabr 2024-cü ildə məhkəməyə elektron qaydada ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında Cavabdeh dəfələrlə lazımi qaydada xəbərdarlıqlar göndərilmiş, qohumları vasitəsilə şifahi məlumat verilmiş, lakin o, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini üzrsüz saymış və işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, 01 iyul 2024-cü ildə 416973******0656 nömrəli kart hesabından 461386******0574 nömrəli kart hesabına 20 manat və 380 manat, 05 iyul 2024-cü ildə isə 523915******0094 nömrəli kart hesabından 409858******4093 nömrəli kart hesabına 40 manat və 60 manat məbləğlərində pul vəsaitləri köçürülüb (ümumilikdə 500 manat). İddiaçı ilə cavabdeh arasında «WhatsApp» proqramı vasitəsilə qeydə alınmış yazışmalardan görünür ki, cavabdeh görməli olduğu iş müqabilində iddiaçıdan pul istəmiş, iddiaçı kartdan karta köçürmə üsulu ilə ona ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərlə ümumilikdə 500 manat pul köçürmüş, ödədiyi pul vəsaitlərinə dair qəbzləri «WhatsApp» proqramı vasitəsilə cavabdehə göndərmişdir. Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin təhqiqatçısının 11 avqust 2024-cü il tarixli qərarından görünür ki, iddiaçının şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunub. İddiaçının məhkəməyə təqdim etdiyi kompakt diskdəki səs yazılarından cavabdehin iddiaçıdan pul aldığını etiraf etməsi, pulu qaytaracağını, pulun bir hissəsini Şamxal adlı şəxsə verdiyini bildirməsi və s. görünür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. Toplanmış sübutlarla bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən iddiaçının cavabdehə dörd dəfəyə ümumilikdə 500 manat məbləğində pul verdiyi müəyyən olunur. Bununla yanaşı, «WhatsApp» proqramı vasitəsilə qeydə alınmış yazışmalardan cavabdehin iddiaçıdan pul istədiyi, iddiaçının onun kart hesabına ümumilikdə 500 manat məbləğində pul ödədiyi, bununla bağlı qəbzləri cavabdehə «WhatsApp» proqramı vasitəsilə göndərdiyi görünür. İddiaçı tərəfin təqdim etdiyi kompakt diskdəki səs yazılarından da cavabdehin iddiaçıdan pul almasını etiraf etdiyi müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh lazımi qaydada məlumatlandırıldığına baxmayaraq heç bir məhkəmə iclasına gəlməmiş, iddiaçının bildirdiklərini təkzib edə biləcək hər hansı sübut təqdim etməmiş, dəlil gətirməmişdir. Göstərilənləri və işin s. araşdırılmış hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan, Bakı şəhəri, Novxanı bağlarında yerləşən söhbətgahın üzünün aqlaylanması məqsədilə iddiaçı ilə cavabdeh arasında razılaşmanın mövcud olması, bu razılaşmaya əsasən cavabdehin həmin işi görmək öhdəliyini üzərinə götürməsi, lakin iddiaçının əvvəlcədən razılaşdıqları 1.000 manat zəhmət haqqı hesabına cavabdehə 500 manat məbləğində pul verdiyinə baxmayaraq, sonuncunun üzərinə götürdüyü işi görməməsi və aldığı pulu qaytarmaması halları iddiaçının təqdim etdiyi sübutlarla müəyyən edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 752.1-ci maddəsinin tələbinə əsasən “Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür”. Həmin Məcəllənin 759.1, 759.2 və 760.1-ci maddələrinə görə “Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir”, “Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun”, “Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun”. İşin faktik hallarından görünür ki, cavabdeh (podratçı) iddia ərizəsində təsvir olunmuş işi icra etmək, iddiaçı (sifarişçi) isə həmin işin görülməsi müqabilində ona (cavabdehə) 1.000 manat məbləğində muzd ödəmək öhdəliyini üzərlərinə götürmüşlər. İddiaçı cavabdehə razılaşdıqları 1.000 manatın hesabına 500 manat ödəmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş (hərəkətsizliyə yol vermiş), bu öhdəliyin icrasına ümumiyyətlə başlamamış, yəni iddiaçının xeyrinə heç bir iş görməmişdir. Beləliklə işin faktik hallarını və qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı MM-nin 759.1 və 759.2-ci maddələrinə əsasən podrat müqaviləsindən imtina etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə əsasən “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə “Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır...”. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehə ödədiyi 500 manat məbləğində pulu geri tələb etmək hüququna malikdir. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar