Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1506/2025 05.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 və Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borca görə 33.890 manat, borcun qaytarılmasını gecikdirdiklərinə görə Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hər il üçün 5 faiz olmaqla 1.016 manat, mənəvi ziyana görə 5.000 manat, habelə məhkəmənin hesabına ödənilmiş 209,72 manat rüsum olmaqla, cəmi 40.115,72 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qardaşdırlar. Onlar heyvan alveri ilə məşğul olurlar. İddiaçı həmçinin qeyd edir ki, özü də heyvan alveri ilə məşğul olmaq qərarına gəlmiş və bu məqsədilə nisyə olaraq xeyli sayda heyvan almışdır. 2023-cü ilin noyabr ayının axırları və ya dekabr ayının əvvəllərində belə qərara gəlmişdir ki, banka olan borcunu ödəmək üçün 3 baş heyvanı satsın. Bununla bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə razılaşmış və həmin 3 baş heyvanı onlara 680 manata satmışdır. Lakin qısa müddət sonra cavabdehlər ona bildirmişlər ki, heyvanlarda “çiçək” xəstəliyi var və onları qısa müddətdə satmasa öləcəklər. Eyni zamanda cavabdehlər heyvanları satmaqda ona kömək edə biləcəklərini də bildirmişlər. Heyvanların tələf olacağından ehtiyat edib, belə qərara gəlmişdir ki, onların hamısını ən qısa müddət ərzində satsın. Cavabdehlər həmin heyvanları ondan almağı təklif etmişlər. Beləliklə, cavabdehlərlə ümumilikdə 51.090 manat qiymət razılaşıb, 130 baş qoyunu və 31 baş quzunu onlara satmışdır. Əldə etdikləri razılığa əsasən cavabdehlər həmin pul məbləğini hissə-hissə ödəməli idilər. Lakin onlar aldıqları heyvanların dəyərinin 17.200 manatını ödəsələr də, qalan 33.890 manatı ödəməkdən bu günədək müxtəlif bəhanələrlə yayınırlar. İddiaçı bildirir ki, yuxarıda qeyd etdiyi heyvanları nisyə almışdır və satıcıya onların dəyərini satdıqdan sonra ödəməyi planlaşdırırdı. Lakin cavabdehlərin satın aldıqları heyvanların dəyərini ödəməməsi səbəbindən heyvanları aldığı Rafael adlı şəxsə borclu qalmış, borcunu ödəməsi üçün məcburiyyət qarşısında qalaraq qohumlarından və tanışlarından borc pul alıb Rafaelə olan pul borcunu ödəmişdir. Cavabdehlərin göstərilən hərəkətləri nəticəsində xeyli psixoloji sarsıntılar keçirmişdir ki, bu da onun səhhətində müəyyən problemlərin yaranması ilə nəticələnib. Eyni zamanda aldığı heyvanların dəyərini ödəmək üçün qohumlarından və tanışlarından aldığı borc məbləğlərini bu günədək qaytara bilməməsi də onun psixoloji sarsıntılar keçirməsi ilə nəticələnir. Məsələnin həlli üçün polisə müraciət etmiş, lakin cavabdehlər barəsində cinayət işinin başlanması rədd edilərək, ona mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə da işin məhkəmə baxışı zamanı iddiaçının bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldıqlarına baxmayaraq gəlməmişlər. Cavabdeh1 16 dekabr 2025-ci ildə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 isə məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə heç bir məlumat verməyib. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehlərin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada xəbərdar olunduqlarına baxmayaraq gəlməmələrini üzrsüz saymış və işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Neftçala Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqinin 17 yanvar 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Material üzrə izahatı alınmış Cavabdeh1 iddiaçıdan qoyun aldığını, bunun müqabilində ona 17.200 manat məbləğində pul verdiyini və 33.890 manat borclu qaldığını etiraf etmişdir. İddiaçı tərəfindən məhkəməyə fləşkartda səs yazıları təqdim olunub. İddiaçı bildirir ki, həmin fləşkartdakı səs Cavabdeh2 məxsusdur. Səs yazılarının məzmunundan görünür ki, Elvin adlı şəxs əvvəl borcun bir hissəsini təşkil edən 16.000 manatı, yanvar ayının sonunda isə pulun qalan hissəsini ödəyəcəyini vəd edir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə və s. aidiyyəti müddəalarına əsasən iddiaçı tərəfin tələblərinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. O cümlədən iddiaçı cavabdehlərə ümumi dəyəri 51.090 manat təşkil edən 130 baş qoyun və 31 baş quzu satdığını və cavabdehlərin ona 33.890 manat məbləğində pul borclarının qaldığını sübuta yetirməlidir. Məhkəmə bir daha vurğulayır ki, cavabdehlər bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldıqlarına baxmayaraq gəlməmiş, həmçinin iddiaya qarşı etiraz bildirməmişlər (o cümlədən Cavabdeh1 da məhkəməyə ünvanladığı ərizəsində iddiaya qarşı etiraz bildirməyib). Məhkəmə yuxarıda göstərilənləri, o cümlədən iddiaçının məhkəməyə bildirdiklərini, bunların məhkəmə araşdırması dövründə istər cavabdehlərin özü tərəfindən, istərsə də iş materialları ilə təkzib olunmadığını, habelə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli qərarı (cavabdehin həmin qərarda əks olunmuş izahatını) və səs yazısını nəzərdən keçirərək hesab edir ki, iddiaçının cavabdehlərə qarşı pul tələbinin əsası kimi istinad olunan hallar sübuta yetirilmiş sayılmalıdır. Beləliklə, iddiaçının cavabdehlərə nisyə olaraq heyvanlar satması və cavabdehlərin buna görə iddiaçıya 33.890 manat borclu qalması yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 33.890 manat məbləğində pul tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən “Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər”. Həmin Məcəllənin 449.1 və 449.2-ci maddələrinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər”, “Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir”. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında yerləşdirilmiş məlumatdan görünür ki, bank uçot dərəcəsi (uçot faiz dərəcəsi) 05 fevral 2026-cı il tarixindən etibarən 6,5% olmaqla müəyyən edilib. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehlərdən mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından irəli gələn pul məbləğini də tələb edə bilər. Eyni zamanda qeyd olunur ki, müvafiq məbləğ MM-nin istər 449.1 və 449.2-ci maddələrinə, istərsə də 445.7-ci maddəsinə əsasən hesablanacağı təqdirdə iddiada tələb olunan 1.016 manatdan daha çox məbləğ təşkil edəcək. Lakin məhkəmə iddiaçı tərəfindən müvafiq əsasla məhz 1.016 manat tələb olunduğunu nəzərə alaraq hesab edir ki, işə həmin tələb çərçivəsində baxılmaqla cavabdehlərdən göstərilən əsasla məhz 1.016 manat tutulmalıdır. Vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbə münasibət bildirərək məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iddiaçıya cavabdehlərin hərəkətləri nəticəsində zərər vurulduğunu, həmin zərərlə bağlı iddiaçının hüquqlarının və qanuni mənafelərinin pozulması kimi qiymətləndirir və hesab edir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçı psixoloji sarsıntılar və iztirablar keçirmiş və ona mənəvi zərər vurulmuşdur. Məhkəmə vurulmuş mənəvi zərəri 500 manat miqdarında qiymətləndirir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduqları mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etmək üçün 209,72 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın qismən də olsa təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 33.890 (otuz üç min səkkiz yüz doxsan) manat, 1.016 (min on altı) manat, vurulmuş mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 209 (iki yüz doqquz) manat 72 (yetmiş iki) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1506/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1506/2025
05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver