Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-510/2024 18.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.920 manat məbləğində borcun və 40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh 09 dekabr 2023-cü ildə «JAC T8 minik» markalı 10PM960 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir edilməsi üçün İddiaçı MMC-nin Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 88D, məhəllə 3166 ünvanında yerləşən servis mərkəzinə sifariş vermişdir. Cavabdehin sifarişi qəbul edilərək mərkəzin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə baxış keçirildikdən sonra qüsur aktı tərtib olunmuşdur. Həmin qüsur aktına əsasən «JAC T8 minik» markalı 10PM960 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 4.920 manat qiymətləndirilmiş və zərər aktı cavabdehə təqdim edilmişdir. Cavabdeh həmin aktla tanış olaraq, göstərilmiş qiymətlə razılaşmış və qeyd olunan məbləği ödəməyi öhdəsinə götürərək təmir işlərinə başlanmasını təsdiq etmişdir. Həmçinin o, 3000 manat məbləğində ilkin ödəniş edərək qalan məbləği isə daha sonra ödəyəcəyini bildirmişdir. Bundan sonra əməkdaşlar tərəfindən təmir işlərinə başlanılmışdır. 02 fevral 2024-cü ildə təmir işləri başa çatmış və bu barədə cavabdehə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh qalan 1.920 manat məbləğində borcu ödəməmişdir. Bununla bağlı cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilsə də o, öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Beləliklə məlum olmuşdur ki, cavabdehin ümumiyyətlə borcu qaytarmaq niyyəti yoxdur. Cavabdeh bu hərəkətləri ilə iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərildiyinə baxmayaraq, o, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş «Preyskurant» (qüsur aktı) adlı sənəddən görünür ki, Cavabdeh «JAC T8 minik» markalı 10PM960 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar iddiaçıya müraciət etmişdir. Nəqliyyat vasitəsinin giriş tarixi 09 dekabr 2023-cü il, ehtiyat hissələrinin dəyəri 2.305,10 manat, xidmət haqqı 1.864,40 manat və 18 faizlik ƏDV olaraq 750,50 manat, yekun məbləğin isə 4.920 manat hesablanaraq göstərildiyi həmin sənəd Cavabdeh tərəfindən sifarişçi qismində imzalanmış, həmçinin sonuncu tərəfindən sənədə əlyazma ilə «təmirə başlanılsın» sözləri yazılmışdır. İş materiallarına əlavə olunmuş kassa mədaxil tələbnamələri ilə, həmçinin iddiaçının nümayəndəsinin bildirdikləri ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə «JAC T8 minik» markalı 10PM960 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı ümumilikdə ödəməli olduğu 4.920 manat məbləğində pul vəsaitindən 09 dekabr 2023-cü ildə 1.000 manat, 13 dekabr 2023-cü ildə 2.000 manat ödəmiş, 1.920 manat məbləğində borclu qalmışdır. İş materiallarına əlavə olunmuş 21 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh borcun ödənilməsi üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda göstərilən normalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.920 (min doqquz yüz iyirmi) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat tutularaq İddiaçınə ödənilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdirlər. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-510/2024
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(053)-510/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver