Məhkəmə qərarları › İş №e-2(053)-634/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-634/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-634/2025 29.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5.000 manat məbləğində “lotereya pulunun”, habelə iddia ilə məhkəməyə müraciət etməsi üçün ödədiyi 70 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı iddia tələblərinə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən bir neçə dəfə dəyişiklik etmişdir. İddiaçının son iddia tələbi Cavabdeh1 4.250 manat məbləğində pulun, habelə iddia ilə məhkəməyə müraciət etməsi üçün ödədiyi 70 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlıdır. Həmçinin qeyd olunur ki, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair sonuncu ərizəsində Cavabdeh2 cavabdehlər sırasından çıxarmışdır. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 “WhatsApp” tətbiqindəki qruplarda lotereya oyunu ilə bağlı tanıyıb. 2024-cü ilin iyul ayında Turanənin vasitəçiliyi ilə lotereya oyununa qoşulmuş, 3 ayrı-ayrı qrupda, 1-ci qrupla 500 manatdan, 2-ci qrupla 400 manatdan və 3-cü qrupla 300 manatdan lotereya oynamışlar. Hər bir qrupda 2 nəfərin, yəni həm özünün, həm də X7 yerinə oynayıb. Aygün Əhədova lotereya ilə bağlı verməli olduğu pul məbləğlərini onun kartına atmış, o, da həmin məbləğləri özünün verməli olduğu pulla birlikdə lotereya oyununa vermişdir. İyul, avqust və sentyabr aylarında hər ay 2.400 manat olmaqla, 3 ay ərzində ümumilikdə 7.200 manat lotereya pulu ödəyib. Lotereya oynadıqları müddətdə Cavabdeh1 kart hesabına ümumilikdə 5.600 manat məbləğində pul köçürüb. Lotereya pulunu götürmək növbəsi çatdıqda Cavabdeh1 ilə əlaqə saxlayıb pulunu istəmiş, buna cavab olaraq Səbinə bildirmişdir ki, pulu o, deyil, Cavabdeh2 ödəməlidir. Bununla bağlı Səbinəyə bildirmişdir ki, bütün lotereya pullarını onun (Cavabdeh1) kartına ödəyib və bu səbəbdən də pulu Turanədən deyil, məhz ondan tələb edir. Sonradan məlum olmuşdur ki, onun (iddiaçının) Cavabdeh1 kart vasitəsilə göndərdiyi pul məbləğlərini Cavabdeh1 Cavabdeh2 razılığı ilə öz borclarına çıxıb. Bu səbəbdən Cavabdeh2 ilə əlaqə saxlamış və sonuncu ona bildirmişdir ki, pulu Səbinənin əvəzinə o, ödəyəcək. Cavabdeh2 eyni zamanda bildirmişdir ki, sözügedən məsələ açılsa bunu Səbinənin əri onun ərinə bildirəcək və ailələrində münaqişə yaranacaqdır. Lakin xeyli müddət keçdiyinə baxmayaraq istər Səbinə, istərsə də Turanə onun pullarını qaytarmamışlar. Ona görə də məcburiyyət qarşısında qalıb Neftçala Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Lakin şikayəti ilə bağlı araşdırma aparılsa da, cinayət işinin başlanması təhqiqatçının 12 noyabr 2024-cü il tarixli qərarı ilə rədd edilmiş, müvafiq münasibət mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehlər Neftçala Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı ona borclu olduqlarını etiraf ediblər. Hazırda Cavabdeh2 anası Nərminə həmin 5.600 manat məbləğində borcun 600 manatını ona ödəyib. Məhkəmənin təşəbbüsü ilə kart hesablarının sahibləri barədə müvafiq banklardan alınmış məlumatlardan görünür ki, o, Cavabdeh1 kartına 2.150 manat, Cavabdeh1 bacısı X1 2.100 manat və Cavabdeh2 kartına 500 manat məbləğində pul köçürüb. Bundan başqa onun oyuna cəlb etdiyi X10 da Cavabdeh1 kartına 400 manat məbləğində pul köçürmüşdür. Həmin vaxt öz kartında problem olduğuna görə o, Səbinəyə məxsus bank kartının nömrəsini Aygünə göndərmiş, Aygün isə özünə məxsus olan kartdan Səbinəyə məxsus olan kart hesabına 400 manat köçürmüşdür. Bu pul məbləğini Aygünə özü qaytarıb. Hazırda Cavabdeh1 bank kartına ödədiyi 2.150 manat və onun bacısı X2 bank kartına ödədiyi 2.100 manat məbləğində pul məbləğlərinin Cavabdeh1 alınaraq ona verilməsini tələb edir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddiaçının bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmənin 10 iyun 2025-ci il və 24 iyun 2025-ci il tarixli hazırlıq iclaslarında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçını ümumiyyətlə tanımır. Sadəcə olaraq oynadıqları lotereya oyununda bir neçə dəfə aralarında telefon danışığı olmuşdur. Oynadıqları lotereya oyununu isə Cavabdeh2 təşkil edib. Turanə onun ərinin xalası qızıdır. O, iddiaçı ilə lotereya oyununda ümumiyyətlə iştirak etməmişdir. Belə ki, iddiaçının da olduğu lotereya qrupundan əvvəl 2024-cü ilin mart ayında başqa bir lotereya oyunu olmuş və onun özü, anası və digər yaxın qohumları da həmin oyuna qoşulmuş və oyuna pul qoymuşlar. Lakin onların pul götürmək sırası gəldikdə məlum olmuşdur ki, lotereya oyununu təşkil edən şəxs ölüb və qızı da pulu götürərək çıxıb gedibdir. Bundan sonra o, Turanəyə onları qrupa qoşduğuna görə cavabdehlik daşıdığını və onun oyuna qoşduğu adamlara pulun geri qaytarılmasının lazım olduğunu bildirmişdir. Turanə də onun oyuna qoşduğu adamlara olan borclarını geri qaytaracağını demişdir. Daha sonra Turanə onu iddiaçının da olduğu lotereya qrupuna daxil etmiş və hər ay qrupa kartını atmasını bildirmişdir. Belə ki, Turanə ona əvvəlki qrupda onun oyuna qoşduğu adamlara olan borcunu həmin pullar vasitəsilə qaytaracağını demişdir. Beləliklə o, Turanə hər dəfə ona dedikdə kartını iddiaçının da olduğu qrupa atmış, pullar da onun kartına atılmışdır. Həmin qrupdan onun kartına ümumilikdə 3.100 manat məbləğində pul atılmış, bu puldan 1.600 manatını əvvəlki lotereya oyununda Turanənin borclu olduğu və onun oyuna qoşduğu adamlara atmış, geri qalanını isə Turanənin özünə vermişdir. O, heç vaxt iddiaçı ilə lotereya oyununa qoşulmamış, onun kartına atılan pullardan isə ona ümumiyyətlə pul çatmamışdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının 12 noyabr 2024-cü il tarixli qərarının və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Qərarın məzmunundan görünür ki, Cavabdeh1 müvafiq araşdırma zamanı məhkəmədə bildirdikləri ilə eyni məzmunlu izahat vermişdir. İddiaçı tərəfindən təqdim olunmuş, “WhatsApp” tətbiqindən çıxarılmış mesajlardan görünür ki, “Səbinə Turanə” adlı şəxs tərəfindən ayrı-ayrılıqda olmaqla müvafiq qruplara kart şəkilləri atılmış və pul məbləğlərinin həmin kart hesablarına köçürülməli olduğu bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə müvafiq ödəniş qəbzləri təqdim olunub. Həmin ödəniş qəbzləri üzrə aşağıdakı qaydada pul məbləğləri köçürülmüşdür: 1) 1-19652272 nömrəli qəbz (Tarix: xx.xx.2024, 22:46; Məbləğ: 300 AZN; Komissiya: 0 AZN; Ümumi məbləğ: 300 AZN; Vəsait silinən: 416973******5728; Vəsaiti alan: 541124******8663); 2) 1- 19657870 nömrəli qəbz (Tarix: xx.xx.2024, 22:53; Məbləğ: 300 AZN; Komissiya: 0 AZN; Ümumi məbləğ: 300 AZN; Vəsait silinən: 416973******5728; Vəsait alan: 541124******8663); 3) 1-22250476 nömrəli qəbz üzrə (Tarix: xx.xx.2024, 20:31; Məbləğ: 1.000 AZN; Komissiya: 0 AZN; Ümumi məbləğ: 1.000 AZN; Vəsait silinən: 523915******0035; Vəsait alan: 416973******6406; Qəbul edən: RA******* G*******); 4) 1- 22261346 nömrəli qəbz üzrə (Tarix: xx.xx.2024, 20:41; Məbləğ: 500 AZN; Komissiya: 0 AZN; Ümumi məbləğ: 500 AZN; Vəsait silinən: 523915******0035; Vəsait alan: 416973******6406; Qəbul edən: RA******* G*******); 5) 1-22390513 nömrəli qəbz üzrə (Tarix: xx.xx.2024, 22:52; Məbləğ: 400 AZN; Komissiya: 0 AZN; Ümumi məbləğ: 400 AZN; Vəsait silinən: 523915******0035; Vəsait alan: 523915******1511; Qəbul edən: TU******* M*******); 6) 1-22438434 nömrəli qəbz üzrə (Tarix: xx.xx.2024, 23:54; Məbləğ: 100 AZN; Komissiya: 0 AZN; Ümumi məbləğ: 100 AZN; Vəsait silinən: 523915******0035; Vəsait alan: 523915******1511; Qəbul edən: TU******* M*******); 7) 1-23804728 nömrəli qəbz üzrə (Tarix: xx.xx.2024, 13:30; Məbləğ: 400 AZN; Komissiya: 0 AZN; Ümumi məbləğ: 400 AZN; Vəsait silinən: 523915******0035; Vəsait alan: 416973******7194; Qəbul edən: SA******* M*******); 8) **********6 nömrəli qəbz üzrə (Əməliyyat tarixi: xx.xx.2024, 21:47; Vəsait silinən kart/hesab: 416973******3034; Vəsaiti alan kart/hesab: 416973******7194; Məbləğ: 400 AZN; Ödəniş məbləği: 400 AZN; Komissiya: 0 AZN); 9) 1-48477972 nömrəli qəbz üzrə (Tarix: xx.xx.2024, 17:00; Məbləğ: 300 AZN; Komissiya: 0 AZN; Ümumi məbləğ: 300 AZN; Vəsait silinən: 523915******0035; Vəsait alan: 416973******6406; Qəbul edən: RA******* G*******); 10) **********1 nömrəli qəbz (Əməliyyat tarixi: xx.xx.2024, 20:13; Vəsait silinən kart/hesab: 416973******5728; Vəsaiti alan kart/hesab: 416973******6406; Məbləğ: 300 AZN; Ödəniş məbləği: 300 AZN; Komissiya: 0 AZN); 11) 1-51784109 nömrəli qəbz üzrə (Tarix: xx.xx.2024, 20:33; Məbləğ: 500 AZN; Komissiya: 0 AZN; Ümumi məbləğ: 500 AZN; Vəsait silinən: 523915******0035; Vəsait alan: 416973******7305; Qəbul edən: SA******* M*******); 12) 1-51908225 nömrəli qəbz (Tarix: xx.xx.2024, 22:13; Məbləğ: 150 AZN; Komissiya: 0 AZN; Ümumi məbləğ: 3150 AZN; Vəsait silinən: 416973******5728; Vəsaiti alan: 416973******7305); 13) 1-80800998 nömrəli qəbz (Tarix: xx.xx.2024, 17:13; Məbləğ: 500 AZN; Komissiya: 0 AZN; Ümumi məbləğ: 500 AZN; Vəsait silinən: 416973******5728; Vəsait alan: 416973******7305; Qəbul edən: SA******* M*******). Məhkəmənin 24 iyun 2025-ci il tarixli qərardadına əsasən "xxxx" ASC tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, 4169 73** **** 5728 və 5239 15** **** 0035 nömrəli kartlar İddiaçı, 4169 73** **** 7305 və 4169 73** **** 7194 nömrəli kartlar Cavabdeh1, 4169 73** **** 6406 nömrəli kart X2, 5239 15** **** 1511 nömrəli kart Cavabdeh2, 4169 73** **** 3034 nömrəli kart isə X7 adınadırlar. Məhkəmənin 24 iyun 2025-ci il tarixli qərardadına əsasən "xxxx" KB ASC tərəfindən təqdim olunmuş məktubdan görünür ki, 5411 24** **** 8663 nömrəli kart Cavabdeh1 adınadır. Yuxarıda qeyd olunan ödəniş qəbzlərini və bank sənədlərini müqayisəli şəkildə təhlil etdikdə görünür ki, İddiaçı özünə məxsus olan 4169 73** **** 5728 nömrəli bank kartından Cavabdeh1 məxsus olan 4169 73** **** 7305 nömrəli bank kartına 150 manat və 500 manat olmaqla ümumilikdə 650 manat məbləğində pul köçürüb. Bununla yanaşı, İddiaçı özünə məxsus olan 5239 15** **** 0035 nömrəli bank kartından Cavabdeh1 4169 73** **** 7194 nömrəli bank kartına 400 manat məbləğində pul köçürüb. Bunlardan başqa, İddiaçı özünə məxsus olan 5239 15** **** 0035 nömrəli bank kartından Cavabdeh1 4169 73** **** 7305 nömrəli bank kartına 500 manat məbləğində pul köçürüb. Həmçinin, İddiaçı özünə məxsus olan 4169 73** **** 5728 nömrəli bank kartından Cavabdeh1 5411 24** **** 8663 nömrəli bank kartına 300 manat və 300 manat olmaqla ümumilikdə 600 manat məbləğində pul köçürüb. Göstərilənlərlə yanaşı, X10 özünə məxsus olan 4169 73** **** 3034 nömrəli bank kartından Cavabdeh1 4169 73** **** 7194 nömrəli bank kartına 400 manat məbləğində pul köçürüb. Ödəniş qəbzlərini və bank sənədlərini müqayisəli şəkildə təhlil etdikdə həmçinin görünür ki, İddiaçı özünə məxsus olan 5239 15** **** 0035 nömrəli bank kartından Cavabdeh2 5239 15** **** 1511 nömrəli bank kartına 400 manat və 100 manat olmaqla ümumilikdə 500 manat məbləğində pul köçürüb. Ödəniş qəbzlərini və bank sənədlərini müqayisəli şəkildə təhlil etdikdə eyni zamanda görünür ki, İddiaçı özünə məxsus olan 5239 15** **** 0035 nömrəli bank kartından X2 4169 73** **** 6406 nömrəli bank kartına 300 manat, 1.000 manat və 500 manat olmaqla ümumilikdə 1.800 manat məbləğində pul köçürüb. Həmçinin, İddiaçı özünə məxsus olan 4169 73** **** 5728 nömrəli bank kartından X2 4169 73** **** 6406 nömrəli bank kartına 300 manat məbləğində pul köçürüb. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunur ki, İddiaçı özünə məxsus olan bank kartlarından Cavabdeh1 bank kartlarına ümumilikdə 2.150 manat, X2 bank kartına ümumilikdə 2.100 manat, Cavabdeh2 bank kartına isə 500 manat məbləğində pul köçürmüşdür. Bununla yanaşı, X10 özünə məxsus olan bank kartından Cavabdeh1 bank kartına 400 manat məbləğində pul köçürüb. İddiaçı yekun iddia tələbində özünə məxsus olan bank kartlarından Cavabdeh1 və X2 bank kartlarına ümumilikdə köçürdüyü 4.250 manat məbləğində pulu tələb edir. İddiaçı məhkəmədə qaldırdığı iddia üzrə iddia ərizəsinə verdiyi son dəqiqləşmədə Cavabdeh2 bank kartına köçürdüyü 500 manata və X7 bank kartından Cavabdeh1 bank kartına köçürülmüş 400 manata dair tələb (iddia ərizəsinə sonuncu dəqiqləşmə nəzərə alınmaqla) irəli sürməyib. Məhkəmənin müvafiq sorğusuna əsasən təqdim olunmuş doğum haqqında akt qeydlərinin surətlərindən görünür ki, X4 və X5 xx xxxx 1999-cu il təvəllüdlü X3 və 24 may 2004-cü il təvəllüdlü X2 valideynləridirlər. Beləliklə, X6 Cavabdeh1 bacısıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsini və s. aidiyyəti müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfin tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Tərəflərin izahatlarına və işin digər faktik hallarına əsaslanaraq məhkəmə onların bildirdikləri “lotereya oyunun” qaydalarının aşağıdakı kimi olduğunu qeyd edir. “Oyunun” qaydalarına görə “lotereyaya” qoşulan hər bir iştirakçı (məsələn, “oyuna” qoşulmuş 10 nəfər iştirakçının hər biri) “oyunçular” arasında əvvəlcədən razılaşdırılmış məbləği (məsələn, 100 manatı), əvvəlcədən razılaşdırılmış vaxtaşırılıqla (məsələn, ayda bir dəfə) “ümumi büdcəyə” ödəməlidir. İştirakçıların sayı və ödəniş vaxtaşırılığı nəzərə alınmaqla “oyun” əvvəlcədən razılaşdırılmış müddətdə davam edir (məsələn, əgər iştirakçıların sayı 10 nəfərdirsə və hər bir iştirakçı 100 manat məbləğində ödənişi ayda bir dəfə etməlidirsə, oyun 10 ay müddətində davam edəcək). Başqa sözlə desək, yuxarıda göstərilən misala münasibətdə 10 iştirakçıdan hər biri “ümumi büdcəyə” hər ay 100 manat olmaqla 10 ay ərzində ödənişlər etməlidir. İştirakçıların ödənişləri nəticəsində “ümumi büdcəyə” toplanan vəsait isə növbə ilə hər ay bir iştirakçı tərəfindən götürülür. Yəni, göstərilən misala münasibətdə hər bir iştirakçı 10 ay ərzində “ümumi büdcəyə” ayda bir dəfə 100 manat məbləğində ödəniş etməli, “ümumi büdcəyə” hər ay toplanan 1.000 manatı (10 nəfər x 100 manat = 1.000 manat) isə növbəlilik əsasında iştirakçılardan biri götürməlidir. Burada iştirakçıların məqsədi bir dəfəyə daha “böyük” məbləğdə pul əldə etməkdən ibarətdir. Yuxarıda göstərilən misala münasibətdə hər bir iştirakçı hər ay 100 manat olmaqla 10 ay ərzində “ümumi büdcəyə” ödənişlər edəcək (ümumilikdə 1.000 manat), növbəsinin çatdığı ayda isə “ümumi büdcəyə” toplanmış 1.000 manatı “küt” şəkildə ələ alacaqdır. Bu zaman nəzərə alınmalıdır ki, iştirakçılar “ümumi büdcəyə” toplanmış vəsaiti götürmək növbələri çatanda aylıq ödənişi faktik olaraq etmirlər (çəkilmiş misala münasibətdə hər bir iştirakçı faktik olaraq 9 ay müddətində hər ay 100 manat olmaqla ödənişlər edəcək, “ümumi büdcəyə” toplanmış vəsaiti götürmək növbəsi çatanda isə hər ay etməli olduğu 100 manat məbləği dərhal özünə qaytarılmalı olduğuna görə, bu ödənişi etməsinə lüzum qalmayacaq). Proses iştirakçılarının bildirdiyi “lotereya oyununun” qaydalarını nəzərdən keçirdikdə görünür ki, həmin “oyunun” iştirakçıları arasındakı münasibətlər mahiyyət etibarilə borc münasibətidir. Belə ki, yuxarıda göstərilən misala münasibətdə 10 iştirakçıdan hər biri digər 9 iştirakçının hər birinə 100 manat olmaqla borc verir (və ya “ümumi büdcədə” toplanmış vəsaiti götürmək növbəsində digər 9 iştirakçının hər birindən 100 manat məbləğində borc alır), “ümumi büdcədən” vəsaiti götürmək növbəsində isə həmin 9 iştirakçının hər biri tərəfindən ödənilməli olan 100 manatı (ümumilikdə 900 manatı) daha əvvəl verdiyi borcun əvəzi kimi qəbul edir (və ya digərlərinin “ümumi büdcədən” vəsait götürmək növbəsində onlara daha əvvəl aldığı borcun əvəzini ödəyir). Beləliklə, tərəflərin bildirdiyi “lotereya oyununun” qaydalarına görə hər bir iştirakçının hissə-hissə borc verdiyi pul məbləğləri son nəticədə tam olaraq və “küt” şəkildə onun özünə qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, İddiaçı qeyd olunan “lotereya oyununda” iştirakı ilə bağlı özünə məxsus olan bank kartlarından Cavabdeh1 bank kartlarına ümumilikdə 2.150 manat, sonuncunun bacısı X2 bank kartına isə ümumilikdə 2.100 manat məbləğində pul köçürüb (cəmi 4.250 manat). Cavabdeh bildirir ki, iddiaçının iştirak etdiyi “lotereya oyununda” ümumiyyətlə iştirak etməyib. Sadəcə olaraq Cavabdeh2 ona borcu olmuş və sonuncu həmin borcu ödəmək məqsədilə ona təklif etmişdir ki, kart nömrəsini “lotereya oyunu” iştirakçılarının “WhatsApp” qrupuna atsın ki, karta iştirakçılar tərəfindən ödənişlər edilsin. Beləliklə də, iddiaçı tərəfindən köçürülmüş pul məbləğləri faktik olaraq Cavabdeh2 ona borclu olduğu məbləğlərdir. İddiaçı bildirir ki, X2 bank kartının nömrəsi cavabdeh tərəfindən təqdim olunmuş və müvafiq pul məbləğlərinin məhz həmin karta ödənilməli olduğunu bildirmişdir. X2 “lotereya oyununun” müstəqil iştirakçısı olması və cavabdehin ona hər hansı başqa əsasla pul ödəməli olduğu iş materialları ilə müəyyən edilmir (məhkəmə bir daha vurğulayır ki, Cavabdeh1 yalnız 10 iyun 2025-ci il və 24 iyun 2025-ci il tarixli məhkəmə iclaslarında iştirak etmiş, sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir). Beləliklə, məhkəmə iddiaçı tərəfin iddia tələblərinin əsası kimi istinad etdiyi müvafiq halı, yəni iddiaçının cavabdehin və sonuncunun bacısının bank kartlarına “lotereya oyunu” ilə bağlı ümumilikdə 4.250 manat məbləğində pul köçürdüyünü, bu məbləğin son nəticədə məhz cavabdehə çatdığını sübuta yetirilmiş (müəyyən edilmiş) sayır. Bu halı müəyyən etməklə yanaşı məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı hər iki tərəfin dəlillərini nəzərdən keçirməyi zəruri sayır. Məhkəmə iddiaçı tərəfin dəlillərini və yuxarıda göstərilən qiymətləndirməni nəzərə alıb mülki qanunvericiliyin borc münasibətlərinə (o cümlədən öhdəliklərə) tətbiq olunan normalarını nəzərdən keçirir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Beləliklə, mübahisəyə iddiaçının bildirdiyi münasibət (mahiyyət etibarilə borc münasibəti) nöqteyi-nəzərdən yanaşdıqda görünür ki, o, cavabdehdən 4.250 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Cavabdeh tərəfin dəlillərinə münasibət bildirərək məhkəmə vurğulayır ki, cavabdehin iddiaçıdan pul alması, son nəticədə iddiaçının 4.250 manat məbləğində pul vəsaitindən məhrum olması üçün hər hansı hüquqi əsas mövcud olmayıb. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə əsasən “1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. İşin faktik hallarını və mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə yekun qərar qəbul edilərkən hətta cavabdehin gətirdiyi dəlillər əsas götürülsə belə iddianın rədd olunması mümkün sayıla bilməz. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları və işin faktik halları istənilən bir halda cavabdehin iddiaçının (pul vəsaitindən hüquqi əsas olmadan məhrum olunanın) hesabına əsassız varlanmış şəxs sayılması üçün əsas verir. Başqa sözlə desək, hətta Cavabdeh2 cavabdehə pul borcu olmuşsa da belə, bu hal sonuncunun müvafiq pul məbləğini iddiaçının hesabına əldə etməsi (qaytarması) üçün əsas vermir. Cavabdeh2 borclu olduğu məbləğin qaytarılması üçün Cavabdeh1 zəruri sübutları toplamaqla ona qarşı məhkəmədə müvafiq məzmunlu iddia qaldıra bilər. Azərbaycan Respublikası MM-nin 1092.1-ci maddəsinə əsasən “Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır...”. Beləliklə, məsələnin həllinə cavabdehin dəlilləri nəzərə alınmaqla yanaşılacağı təqdirdə belə iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin olunmasını qanuna və işin faktik hallarına uyğun sayır. İddiaçı məhkəməyə müraciət etmək üçün 70 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 4.250 (dörd min iki yüz əlli) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar