Məhkəmə qərarları › İş №e-2(053)-652/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-652/2024

19.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-652/2024 19.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə vurduğu maddi zərərə görə 21.986,79 manat, müstəqil auditora xidmət haqqı kimi ödənilən 1.200 manat, mediasiya xərcləri üçün ödənilən 50 manat pul vəsaitinin və 134 manat ödənilmiş dövlət rüsumunun, cəmi 23.370,79 manat pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq cəmiyyətin satış şöbəsinə müdir vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehlə eyni tarixdə tam maddi məsuliyyət və kommersiya sirrlərinin yayılmaması barədə müqavilə də bağlanmışdır. Cavabdeh Cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən “Xirdalan-3” adlı marketində müdir olaraq fəaliyyət göstərmiş və xx.xx.2022-ci il tarixdə müvafiq aktı imzalayaraq marketi təhvil almışdır. Cavabdehin 2023-cü ilin iyun və 2024-cü ilin oktyabr aylarındakı fəaliyyəti ilə bağlı müdir olduğu marketdə mal çatışmazlıqlarının olması ilə bağlı məlumatlar daxil olmuşdur. Bundan sonra marketdə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində sayım yoxlaması aparılmış və cavabdeh həmin yoxlamada iştirak etmişdir. Cavabdehin müdir olduğu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində sayım aktına əsasən “Xirdalan-3” adlı marketdə 21.986,79 manat həcmində mal-pul çatışmamazlığı aşkar edilib, müvafiq akt imzalanıb və cavabdeh də həmin aktları imzalamışdır. Bundan sonra cavabdehə təklif olunmuşdur ki, o könüllü şəkildə vurduğu ziyanı ödəsin. Cavabdeh isə ödəmədən imtina etmiş və 2024-cü il tarixdə ərizə yazaraq könüllü şəkildə işdən çıxmışdır. Cavabdeh işdən ayrıldıqdan sonra müstəqil auditin aparılması üçün sərbəst auditor X2 ilə İddiaçı MMC arasında müqavilə bağlanmıs və “Xirdalan-3” adlı marketin xx.xx.2023- xx.xx.2023-cü il tarixləri dövrü əhatə edən auditinin aparılması ona tapşırılmışdır. Sərbəst auditor tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 57 saylı audit rəyi və audit prosedurlarının aparılmasına dair akta əsasən Cavabdeh müdir olduğu dövr üzrə “Xırdalan-3” adlı marketdə xx.xx.2023-cü il tarixi üçün öhdəsindəki 21.986,79 manat məbləğində çatışmazlıq müəyyən olunmuşdur. Ona görə də Cavabdeh vurduğu maddi zərərə görə 21.986,79 manat, müstəqil auditora xidmət haqqı kimi ödənilən 1.200 manat, mediasiya xərcləri üçün ödənilən 50 manat məbləğində pul vəsaitinin və eyni zamanda ödənilmiş 134 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Anc Group» MMC-nın nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən də iddiaçı “Anc Group" MMC ilə arasında 01 iyun 2017-ci il tarixdə əmək müqaviləsi, 10 avqust 2022-ci ildə isə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Bir il həmin şirkətdə anbardar vəzifəsində, sonra isə 10 avqust 2022-ci ildə “Xırdalan 3” marketə mağaza müdiri təyin edilmişdir. Həmin vaxtlarda mağazanın müştərisi çox olmuş, xəzinədar oğurluq edərkən rəhbərliyə müraciət etmişdir. Sadəcə mağazada olanlara tam nəzarət edə bilməmişdir. O bu barədə rəhbərliyə məlumat versə də rəhbərlikdən dəstək ala bilməmişdir. Bir qəpik də olsun kassadan mənimsəmə etməmişdir. Ona rəhbərlik tərəfindən 21.900 manat borcu olduğu bildirilmişdir. Dəfələrlə rəhbərliyə məruzə etmişdir ki, işçi çatışmazlığı var. Mağazada üç nəzarətçi ştatı olmalı olduğu halda, şirkətin isə nə gecə nə gündüz nəzarətçisi olmuşdur. O, mağazanı təhvil alanda mağazanın borcu olmayıb. O mağazaya təyin olunanda çatışmazlıq olmamışdır. Onun dövründə əməkdaşlar tərəfindən oğurlüq halları olmuşdur. Bundan əlavə mağazada oğurluğu 20 faiz müştərilər edirlər. O rəhbərliyə məlum vatçap vasitəsilə bu barədə dəfələrlə məlumatlar vermişdir. O, 2014-cü ildə “Rahat Market” də müxtəlif vəzifələrdə işləmiş, 2018-ci ildə mağaza müdiri vəzifəsinə keçmiş, bu mağazada da həmin çatışmazlıqlar olmuş, kamera olmamış və bu kimi hallar barədə rəhbərliyə məlumat vermişdir. İşçi çatışmazlığı ucbatından və kameranın olmamasından mağazada oğurluq halları aşkarlanmışdır. 2023-cü ilin mart ayında firma əməkdaşı tərəfindən ***-**** manat məbləğində oğurluq edildiyini aşkar edib bu barədə rəhbərliyin bölgə müdiri Səxavət Məmmədova məlumat vermişdir. Səxavət Məmmədov bildirmişdir ki, məsələ tərəfindən aydınlaşdırılacaq və dəymiş zərər ödəniləcəkdir. Mağazaya nəzarətin tam həyata keçirilməsində olan problemlər barədə rəhbərliyə məlumat vermişdir. Nəzarət xidmətində olan çatışmazlıqlar və vaxtında rəhbərlik tərəfindən tədbir görülməməsi bu kimi hallara səbəb olmuşdur. Hazırda işsizdir. Bu tələb üzrə özünü borclu hesab etmir. Məbləğlə bağlı onun günahı yoxdur. Market rəhbərliyi onun verdiyi məlumatlar əsasında oğurluq edənləri aşkar edə bilərdi. Lakin bunu etməmiş, bütün borcları onun üzərinə yükləmişlər. Mağaza müdiri kimi vaxtı-vaxtında işinə gəlmiş, ona mağazanın əskikliyi barədə imzalamağa sənəd verilmiş, o da əskiklik mövcud olduğu üçün sənədi imzalamışdır. Lakin həmin əskiklik ona aid deyil. Qeyd etdikləri ilə bağlı şahidlər olsa da onları məhkəməyə gətirə bilməmiş, onlar telefonlarına cavab verməmişlər. Qeyd etdiklərinin nəzərə alınıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan 10 avqust 2022-ci il tarixli Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar və 14 may 2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 iyun 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış, Cavabdeh həmin tarixdə baş ofisdə satış şöbəsində işə başlamış, aylıq əmək haqqı üzrə vəzifə maaşı 990 manat müəyyən olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqvilədən görünür ki, İddiaçı MMC-nin direktoru X1 şəxsində “İşəgötürən”, digər tərəfdən İddiaçı MMC-nin satış şöbəsində müdir vəzifəsində çalışan “İşçi” Cavabdeh müqavilədə qeyd edilən şərtlər çərçivəsində üzərinə tam maddi məsuliyyət götürmüşdür. İşdə olan 22 iyul 2022-ci il, 22 iyun 2023-cü il və 24 oktyabr 2023-cü il tarixli aktlardan görünür ki, 2022-ci ilin iyul ayı üzrə “Rahat Xırdalan 3” mağazasında -121,67 manat, 2023-cü ilin iyun ayı üzrə -12.397,17 manat və 2023-cü ilin oktyabr ayı üzrə - 11.391,31 manat əskikgəlmə aşkar edilmişdir. İşdə olan 12 mart 2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 1253/k saylı əmrdən görünür ki, “Baş ofis/Satış şöbəsi” bölməsində “Müdir müavini” vəzifəsində işləyən Cavabdeh ilə bağlanmış xxxxxxx000300 saylı əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “a”- tərəflərin birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Audit prosedurlarının aparılmasına dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh cəmiyyətdə maddi-məsul şəxs olmaqla, onunla bağlanmış fərdi əmək müqaviləsinin şərtlərini pozmaqla, satmaq məqsədilə öhdəsinə götürdüyü malın pulunu tam olaraq Cəmiyyətə təhvil verməmiş, cəmiyyət tərəfindən aparılan daxili audit yoxlamasında iştirak etmiş və aktları imzalamışdır. Nəticədə audit olunan xx.xx.2023-cü il tarixə öhdəsində qalan 10.323,44 manat, audit olunan xx.xx.2023-cü il tarixə öhdəsində qalan 11.663,35 manat əskiklik müəyyən olunmuşdur. Beləliklə, cəmiyyətin mağaza müdiri, maddi məsul şəxs Cavabdeh xx.xx.2023-cü il tarixə öhdəsində 21.986,79 (iyirmi bir min doqquz yüz səksən altı manat yetmiş doqquz qəpik) manat məbləğində ehtimal olunan mal çatışmazlığı aşkar edilmişdir. Audit xx.xx.2024-cü ildə başlanmış və xx.xx.2024-cü ildə başa çatmışdır. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 134 manat dövlət rüsumu iddianın əsas etibarilə təmin olunduğu nəzərə alınaraq iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən tam maddi məsuliyyət haqqında müqavilənin tələbləri pozulmuş, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurduğu maddi zərərə görə 21.986,79 manat, mediasiya xərcləri üçün ödənilən 50 manat məbləğində pul vəsaitinin və ödənilmiş 134 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İddia tələbinin müstəqil auditora ödənilən 1.200 manat xidmət haqqı hissəsi ilə bağlı iddiaçı tərəfindən təsdiq edici sənədlər iş materiallarına əlavə edilmədiyindən məhkəmə qeyd olunan məbləğin real olaraq ödənildiyini müəyyən edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-214, 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurduğu maddi zərərə görə 21.986,79 (iyirmi bir min doqquz yüz səksən altı manat yetmiş doqquz qəpik) manat, mediasiya xərci üçün ödənilən 50 (əlli) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 134 (yüz otuz dörd) manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar