Məhkəmə qərarları › İş №e-2(053)-670/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-670/2024

19.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-670/2024 19.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Torpaq sahəsindən qanunsuz istifadənin cavabdehə qadağan edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin mülkiyyətində olan Neftçala rayonu, Xəzər kəndində yerləşən Cavabdeh tərəfindən istifadə olunan 21,65 ha sahəsindən istifadənin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC-nın nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin 20 noyabr 2006-cı il tarixli, 1068/2- 2006 saylı qətnaməsinin icrası ilə əlaqədar kredit borcunun təminatı kimi ipoteka qoyulmuş X4 və onun ailə üzvlərinə məxsus Neftçala rayonu, Xəzər kəndində yerləşən 21,65 ha torpaq sahəsi İddiaçı Səhmdar Kredit Təşkilatının mülkiyyətinə keçmişdir. Bununla bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidimətinin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi ********** və ********** olan Çıxarışlara əsasən Neftçala rayonu, Xəzər kəndində yerləşən 21,65 ha torpaq sahəsi mulkiyyət hüququ əsasında İddiaçı Səhmdar Kredit Təşkilatının adına rəsmiləşdirilmişdir. İddiaçı Səhmdar Kredit Təşkilatının qeyd olunan torpaq sahələrinə mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdən etibarən Daşmaz Əmlakın Dövlət Reyestrində qeydə alındığından, əvvəlki mülkiyyətçilərin Neftçala rayonu, Xəzər kəndində yerləşən torpaq sahələrinə mülkiyyət hüququ itirilmişdir. İddiaçı QSC-nin Salyan filialının əməkdaşları tərəfindən İddiaçı QSC-nin mülkiyyətində olan yuxarda qeyd olunan torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən istifadə olunub-olunmamasına dair monitorinq aparılarkən müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi əvvəlki mülkiyyətçilərdən biri, mərhum X5 oğlu Cavabdeh tərəfindən QSC-nin razılığı olmadan qanunsuz istifadə edilir. Bununla bağlı Cavabdeh şifahi xəbərdarlıq edilməsinə baxmayaraq nəticə əldə olunmamışdır. Belə ki, İddiaçı QSC-yə məxsus əmlakların vəziyyətinin 21 noyabr 2023-cü il tarixli monitorinq aktına əsasən İddiaçı QSC-nin mülkiyyətində olan Neftçala rayonu, Xəzər kəndində yerləşən 21,65 ha torpaq sahəsinin monitorinqi aparılarkən həmin torpaq sahəsinə Cavabdeh tərəfindən arpa əkildiyi müəyyən olunmuşdur. Ona görə də QSC məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bu səbədən iddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş (nümayəndəsini göndərməmiş), məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialının mülkiyyətində olan Neftçala rayonu, Xəzər qəsəbəsində yerləşən 13.3047 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində 01 iyun 2012-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialının mülkiyyətində olan Neftçala rayonu, Xəzər qəsəbəsində yerləşən 8.3475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində 8 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində 01 iyun 2012-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 21 noyabr 2023-cü il tarixli İddiaçı QSC-yə məxsus əmlakların vəziyyətinin monitorinq aktından görünür ki, Neftçala rayonu, Xəzər kəndində yerləşən 21,65 ha torpaq sahəsi əmlakın əvvəlki mülkiyyətçisi Alıyev Alı (vəfat edib) olmaqla, hazırda Cavabdeh tərəfindən istifadə edilir və arpa bitkisi əkmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, “Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, “Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir”. Eyni Məcəllənin 111-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, “Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər”. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, “Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin Neftçala rayonu, Xəzər kəndində yerləşən İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialının mülkiyyətində olan 21,65 ha torpaq sahəsindən istifadə etməsi iddiaçının həmin sahəyə münasibətdə mülkiyyət hüququnu həyata keçirməsini əngəlləyir. Eyni zamanda cavabdeh iddia tələbini etiraf edir. Ona görə də iddia təmin edilməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Neftçala rayonu, Xəzər kəndində yerləşən mülkiyyət hüququ ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid olan 21,65 hektarlıq torpaq sahəsindən istifadə Cavabdeh qadağan edilsin. Cavabdeh dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar