Məhkəmə qərarları › İş №e-2(053)-69/2024

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(053)-69/2024

11.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-69/2024 11.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi, Vəkil iştirakı ilə iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.826 manat məbləğində əsas borc, 50 manat məbləğində ilkin mediasiya sessiyası üzrə ödənilmiş xərc, habelə vəkilə xidmət haqqı olaraq ödənilmiş 150 manat olmaqla, cəmi 2.026 manat məbləğində pulun tutularaq "xxxx" QSC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi, Vəkil işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək İddiaçı QSC ilə Cavabdeh arasında 24 mart 2023-cü il tarixli müddətsiz əmək müqaviləsinin bağlandığını bildirmişdir. Müqavilədə cavabdehin əsas iş yeri kimi İddiaçı QSC, vəzifə olaraq isə satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman ona 30 may 2023-cü il tarixində №000095 saylı təhvil-təslim aktı ilə 4.000 manat pul məbləği dəyərində bilet təhvil verilmişdir. Bir müddət sonra cavabdehə təhvil verilmiş biletlərin sonuncu tərəfindən mənimsənildiyi müəyyən olunmuşdur. Belə ki, lotereya biletlərinin sayımı zamanı cavabdeh qaçaraq iş yerini tərk etmişdir. Sayım zamanı cavabdehə təhvil verilmiş 4.000 manatlıq lotereya biletlərindən 2.174 manat dəyərində biletlərin yerində olduğu, 1.826 manat dəyərində biletlərin isə əskik olduğu aşkar edilmişdir. Cavabdeh onunla aparılmış telefon danışığı zamanı iş yerinə gəlməkdən utandığını bildirmiş, şirkətə vurduğu maddi zərəri rayonda olan torpaq sahəsini sataraq ödəyəcəyini vəd etmişdir. Bu hərəkətləri ilə də cavabdeh əmək funksiyasını yerinə yetirən zaman qanun pozuntusuna yol verdiyini etiraf etmişdir. Buna baxmayaraq o, hal-hazıradək borcundan heç bir ödəniş etməyib. 29 avqust 2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin İddiaçı QSC-yə olan borcu 1.826 manat təşkil edir. Beləliklə cavabdeh tərəfindən iddiaçıya 1.826 manat məbləğində maddi zərər vurması müəyyən olunur. İddiaçının mübahisə ilə əlaqədar ilkin mediasiya sessiyası üzrə çəkdiyi 50 manat xərc və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödəmiş olduğu 150 manat məbləğində haqq nəzərə alındıqda isə cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin ümumi məbləği 2.026 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Cavabdehlə mübahisənin mediasiya vasitəsilə həll olunmasına səy göstərilsə də heç bir müsbət nəticəsi olmamışdır. Əldə olunmuş 25 sentyabr 2023-cü il tarixli, MŞS/MT 028/2023/150K nömrəli «İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışdan da görünür ki, 25 sentyabr 2023-cü il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. İlkin mediasiya zamanı mübahisənin qarşılıqlı razılaşma yolu ilə həlli mümkün olmadığından hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərildiyinə baxmayaraq, o, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi, Vəkil işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsini, Vəkil dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. 24 mart 2023-cü ildə "xxxx" QSC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, sonuncu həmin müqaviləyə əsasən İddiaçı QSC-yə satıcı vəzifəsinə işə götürülmüşdür. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 27 mart 2023-cü il tarixli «tam maddi məsuliyyət haqqında» nümunəvi fərdi müqaviləyə əsasən satıcı ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Həmçinin müqavilənin 3-cü bəndinə əsasən «Maddi məsul şəxsin günahı üzündən müəssisəyə, idarəyə, təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir». 30 may 2023-cü il tarixli 000095 nömrəli təhvil-təslim aktından görünür ki, "xxxx" QSC tərəfindən ümumi dəyəri 4.000 manat olan mallar (müxtəlif adlı lotereya biletləri) satıcı Cavabdeh təhvil verilmişdir. 21 iyun 2023-cü il tarixli aktın məzmunundan görünür ki, aktın tərtib edildiyi tarixdə "xxxx" QSC-nin baş mühasibi Ramin Kazımovun, sürücü-ekspeditor Zaur Əmiraslanovun, satış təmsilçisi Aslan Əmirquliyevin və satış meneceri Anar Hüseynovun iştirakı ilə "xxxx" QSC-nin satış məsləhətçisi Cavabdeh işlədiyi dövr yoxlanılmış və yoxlama nəticəsində 1.826 manat çatışmazlıq aşkar edilmişdir. 29 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh arayışın tərtib olunduğu tarixə İddiaçı QSC-yə borcu 1.826 manat təşkil edir. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Beləliklə, işin faktik halları, o cümlədən iş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında 24 mart 2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və cavabdeh həmin müqaviləyə əsasən cəmiyyətdə satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Bununla yanaşı, 27 mart 2023-cü il tarixində "xxxx" QSC ilə Cavabdeh arasında «tam maddi məsuliyyət haqqında» nümunəvi fərdi müqavilə bağlanıb. 30 may 2023-cü il tarixində işçi Cavabdeh eyni tarixli təhvil-təslim aktına əsasən, satmaq məqsədilə "xxxx" QSC-dən ümumi dəyəri 4.000 manat olan müxtəlif adlı lotereya biletlərini təhvil almışdır. Həmin mallar (lotoreya biletləri) cavabdeh tərəfindən satılsa da, onların dəyəri cəmiyyətə ödənilməmişdir. Bununla da cavabdeh tərəfindən "xxxx" QSC-yə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən «İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər». Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən «saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda» işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Eyni Məcəllənin 202-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən «İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir», «İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır». Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən «İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir», «Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər». Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən vurduğu zərərin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan 202-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, vurulmuş zərərin miqdarı müəyyənləşdirilərkən 30 may 2023-cü il tarixli təhviltəslim aktı və iş materiallarına əlavə edilmiş «keçirilmiş yoxlamanın yekun nəticələrinə dair» 21 iyun 2023-cü il tarixli akt əsas götürülməli, müvafiq məbləğ ziyanın vurulduğu vaxt mövcud olmuş bazar qiymətləri, yəni yuxarıda qeyd edilən sənədlərdə göstərilən 1.826 manat miqdarında müəyyən edilməlidir. İddiaçı ilkin mediasiya sessiyası üzrə 50 manat, məhkəməyə müraciət edilərkən hüquqi xidmətin göstərilməsindən ötrü vəkilə xidmət haqqı olaraq 150 manat pul ödəyibdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda göstərilən normalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş ilkin mediasiya sessiyası üzrə 50 manat xərcin, habelə məhkəməyə müraciət edilərkən hüquqi xidmətin göstərilməsindən ötrü vəkilə ödənilmiş 150 manat xidmət haqqının əvəzi cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.826 (min səkkiz yüz iyirmi altı) manat, ilkin mediasiya sessiyası üzrə ödənilmiş 50 (əlli) manat xərcin, habelə məhkəməyə müraciət edilərkən hüquqi xidmətin göstərilməsindən ötrü vəkilə ödənilmiş 150 (yüz əlli) manat xidmət haqqının əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar