Məhkəmə qərarları › İş №e-2(053)-798/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-798/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-798/2024 29.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 nümayəndəsi, vəkil X1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı2 xeyrinə 13.700 manat məbləğində pulun, İddiaçı1 xeyrinə isə 4.000 manat pulun, maddi ziyan olaraq hər birinə 500 manat, mənəvi ziyan olaraq hər birinə 500 manat pulun və eyni zamanda ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun tutularaq onların xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar ərizəni onunla əsaslandırmışlar ki, onlar Cavabdeh ilə Yasin Zeynalov vasitəsi ilə tanış olmuşlar. Əlavə olaraq qeyd etmişlər ki, Farız ilə Yaşin vaxtı ilə bir yerdə işləmişdir. Həmin vaxtdan onların arasında mehriban münasibət yaranmışdır. Onlar tez-tez görüşmüş və növbəti görüşlərdən birində Fariz Yasinin evində, Rövşən ilə tanış olmuşdur. Həmən vaxt Rövşənə məlum omuşdur ki, Cavabdeh biznes ilə məşğul olur və aralarındakı söhbət əsnasında Fariz bidirmişdir ki, birlikdə mal-qara alveri ilə məşğul olarlarsa yaxşı gəlir əldə etmək olar və bunun ucun 20-25 min manat pul lazımdır. Rövşən bunu eşidərkən 10.000 dollar pulun onda olduğunu Farizə bildirmiş və əgər Fariz razılıq verərsə birgə biznes qurmağa hazır olduğunu söyləmiş və beləliklə də Farizə ümumilikdə 17.000 manat pul vermişdir. Daha dəqiq deyilərsə, həmin pulları Rövşən Farizə hissə-hissə 2021ci ilin yanvar ayının 20-dən 27-dək ödəmiş, aralarında olan razılaşmaya görə Fariz hər ay Rövşənə 7.000 manat pul verməli olmuş, Rövşən pulu Farizə verəndən bir ay sonra, Rövşən Farizə zəng eləmiş və Fariz onunla görüşərək ona 6.300 manat pul vermişdir. Həmin pulu Fariz Rövşənə verəndən sonra Rövşəndən əlavə olaraq 3.000 manat pul istəmiş və Rövşən 2021-ci ilin mart ayında yaşadığı mənzildə Farizə 3000 manat pul vermişdir. Növbəti dəfə Fariz Rövşənə aylıq pulu 2021-ci ilin aprel ayının 20-dək verməli idi. Lakin, sonradan Fariz ona pul qaytarmadığından Rovşən ondan bütün pulunu tələb etməyə başlamış, lakin uzun müddət keçməsinə baxmayaraq Fariz müxtəlif bəhanələr gətirərək bu günə kimi onun pulunu qaytarmamışdır. Eyni ilə Fariz iddiaçi İddiaçı1 da aldadaraq iş qurmaq adı ilə sonuncunun 4.000 manat pulunu onun evində almış və bu günə kimi ödəməmişdir. Cavabdeh hər iki iddiaçıya yazılı qəbzlər verərərək, zamanı, məbləği göstərilməklə, onlardan pul aldığını və gaytaracağını da qəbzdə qeyd etmişdir. İddiaçılardan İddiaçı2 Binəqədi Rayon Polis İdarəsinə Fariz tərəfindən aldadılması ilə əlaqədar şikayət etmiş, lakin Fariz polis orqanından yayındığından onun ifadələrini almaq mümkün olmamış və nəticədə barəsində cinayət işi başlanmamışdır. Cavabdeh ilə iddiaçların və ataları Mənsim Zeynalovun coxsaylı görüşləri və telefon danışıqları olmuş, lakin bu göruşlərin də müsbət nəticəsi olmamış, Fariz hər zaman yalan vədlər vermişdir. Cavabdeh öz hərəkətləri ilə onlara maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, onlar uzun müddət, mənəvi əzab çəkərək, ailənin, dostların yanında özlərini təhqir olunmuş kimi hiss etmişlər. Rövşənin təhsili üçün ayırdığı pulu Farizə verməsi ata-ana qarşısında onu sarsıltmış, ruhdan salmışdır. Digər tərəfdən Farizin iddiaçılardan aldığı pul onlarda qalsaydı onlara gəlir də gətirə bilərdi. Bu səbəbdən pulların cavabdehdən məhkəmə qaydasında qaytarılmasını mümkün saymışlar. İddiaçı1 03 sentyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia ərizəsində dəqiqləşdirmə apardığını, cavabdehin ona olan 4.000 manat borcundan 2.000 manatını ona qaytardığını, bu səbəbdən iddia ərizəsinin xahiş edirəm hissəsində ona aid məbləğin 4.000 manat deyil, 2.000 manat onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 09 oktyabr 2024-cü ildə məhkəməyə ərizə göndərərək iş qurmaq məqsədilə Cavabdeh 17.000 manat pul verdiyini, Cavabdeh həmin puldan ona 4.500 manat geri qaytardığını, hazırda cavabdehin ona 12.500 manat borcu qaldığını bildirmişdir. İddiaçı X4 11 oktyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia ərizəsində dəqiqləşdirmə apardığını, cavabdehin ona olan 2.000 manat borcundan 03 sentyabr 2024-cü il tarixdə 100 manat ödəniş etdiyini, hazırda cavabdehin ona 1.900 manat borclu qaldığını və qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı İddiaçı1 bildirmişdir ki, cavabdehlə münasibətləri olmuşdur. O, iş qurmaq üçün onlardan borc istəmiş və onlarda güvən yaradaraq istədiyi məbləği almışdır. Əvvəlcə 8.000 manat ondan, qalan pulu isə qardaşından götürmüşdür. Qardaşının ona borc verməsindən xəbəri olmamışdır. Onlar cavabdehə borcu heyvan saxlamaq məqsədilə vermişlər. Sübut kimi aralarında yazışmalar vardır. Bundan başqa əlyazma şəklində qəbzlər var. Onları məhkəməyə təqdim etmişdir. Cavabdeh ona borclu qaldığı 4.000 manat puldan bu ilin sentyabr ayında, 2.000 manat qaytarmış, qardaşından aldığı 17.000 manatdan isə 4.500 manat qaytararaq ona 12.500 manat borclu qalmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh ona olan borcundan 03 sentyabr 2024-cü il tarixdə 100 manat ödəniş etmiş və bununla bağlı 11 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim etmişdir. Həmçinin bildirir ki, cavabdeh keçən həftə ona olan borcundan 150 manat ödəniş etmiş, hazırda cavabdehdən onun xeyrinə 1.750 manat pulun tutulmasını xahiş edir. İddiaçıların nümayəndəsi vəkil X3 işin məhkəmə baxışı zamanı cavabdehin məhkəmə baxışı iclası ilə bağlı məlumatlı olduğunu, onlarda olan məlumata görə cavabdehin başqa şəxslərə də borcu olduğunu, iddiaçıların cavabdehə kənd təsərrüfatı ilə məşğul olmaq məqsədilə pul verdiklərini, hazırda cavabdehin İddiaçı2 12.500 manat, İddiaçı1 isə 1.750 manat borcunun olduğunu bildirmişdir. Bundan başqa nümayəndə iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə də təqdim etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçıların isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və iddiaçıların nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş 19 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı Surəc Niyazovun icraatında olan İddiaçı2 müraciəti əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, təhqiqat zamanı Cavabdeh yerinin müəyyən edilərək izahatının alınması üçün təhqiqata təqdim edilməsindən ötrü binəqədi RPİ-nin 7-ci PB-nə əməliyyat tapşırığı verilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Qeyd olunan faktda Cinayət Qanunvericiliyinə əsasən dələduzluq-etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və yaxud əmlak hüquqlarını əldə etmə kimi hallar mövcud deyil, belə ki, toplanmış təhqiqat materiallarından görünür ki, konkret halda vətəndaş İddiaçı2 etdiyi şikayətə əsasən Cavabdeh əməlində hər hansı cinayət tərkibi yoxdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş Cavabdeh və İddiaçı2 tərəfindən imzalanmış 29 mart 2021-ci il tarixli qəbzdə aşağıdakılar qeyd edilmişdir: “Mən Cavabdeh (Şəxsiyyət vəsiqəsinin Seriya № ********) xx.xx.2021 tarixində iş qurmaq üçün İddiaçı2 Mənsum oğlundan 17000 manat( 10000 dollar ) pul aldım iş anlaşmasına görə Hər ay 7000 manat verməli idim. 20.21. 02.20 həmən 7000 qazancın 4500 manatın verdim. 2021. 03 . 20 Mən heç bir xeyr verəmədim. Mən, Söz Verirəmki borc aldığım əsas pul 17000 nən(10000 dollar) pulu xx.xx.2021 tarixdə tam şəkildə verəcəm. Qarşı tərəf mənə güzəştə gedərək qazanc olan 10000 Aznin 5000 Azni mənə bağıldı. Qalan 5000 manatı isə 30.05 2021 tarixdə 3000 Aznin verəcəm, qalan 2000 manatı da xx.xx.2021-ci il tarixndə tam verəcəm. Biz aşağıdakılar qəbzin doğruluğunu təsdiq edir:” İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılaraq imzalanmış digər qəbzdə aşağıdakılar qeyd edilmişdir: “Mən Cavabdeh: Şəxsiyyət Seriya № ********. xx.xx.2021 tarixdə X2 iş qurmağcın 4000 Azn pul aldım, həmən pulu 20.08. 2021 ci il tarixdə tam şəkildə ödəyrəm. İmza” Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o, cümlədən yuxarıda göstərilən “Qeydlər”lə, cavabdehin İddiaçı1 ilkin olaraq 4000 manat təsərrüfat qurmaq məqsədilə aldığı, sonra isə 2024-cü ilin sentyabr ayının əvvəlində 2.100 manat qaytarmaqla 1900 manat borclu qalması və 2024-cü ilin oktyabr ayında əlavə 150 manat qaytarmaqla 1750 manat borclu qalması, digər İddiaçı2 isə eyni məqsədlərlə 17000 manat alması, 2024-cü ildə isə 4.500 manat qaytarmaqla 12.500 manat borclu qalması müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Yuxarıda qeyd olunanları və işin s. faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin İddiaçı1 olduğu borcun 2.250 manatlıq hissəsini qaytarması halı, eyni zamanda cavabdehin İddiaçı2 olduğu borcun 4.500 manatlıq hissəsini qaytarması halı sübuta yetirilmiş hesab olunmalıdır. Cavabdeh hər hansı formada qalan məbləğləri iddiaçılara qaytarmamışdır. İşin məhkəmə araşdırması müddətində iddiaçı tərəflər qarşı tərəfin hərəkətlərini nəzərə alaraq iddia tələblərinə dəqiqləşdirilmə edərək cavabdehdən ümumilikdə 16.500 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2 və 740.1-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır», «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçılar cavabdehdən ümumilikdə 16.500 manat məbləğində pulu tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia bu hissədə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlə müəyyən olunur ki, İddiaçı1 məhkəməyə müraciət etmək üçün bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi 142 manat məbləğində pul ödəyib. Lakin iddiaçılar ərizəyə dəqiqləşmə verərəkən iddia tələbinin həcminin azaldılmasını istəsə də maddi ziyan olaraq hər birinə 500, mənəvi ziyan olaraq hər birinə 500 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 141 manatın tutulmasını tələb etməmişlər. Eyni zamanda iddiaçılar iddia tələbində hər birlərinə 500 manat maddi və 500 manat məbləğində mənəvi ziyanın dəyməsi hallarını təsdiq edə biləcək sübutlar təqdim etməmiş, iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizələrində dəqiqləşdirmə apararaq tələbin bu hissəsini nəzərə almamışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı iş üzrə iddia qiyməti, tələb olunan məhkəmə xərcinin məbləği istisna olmaqla 16.500 manat təşkil edir. Hazırkı qətnamə ilə iddianın əsas etibarilə təmin olunduğunu və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş məhkəmə xərci (139,50 manat) cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.750 (min yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı1, 12.500 (on iki min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Cavabdeh ödənilmiş 139,50 (yüz otuz doqquz manat əlli qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar