Məhkəmə qərarları › İş №e-2(053)-805/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-805/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-805/2024 24.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC 3-cü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “müqavilə üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh GQPDN24/2012 saylı, xx.xx.2012-ci il tarixli müqavilə üzrə iddiaçıya ödəməli olduğu 5050 manat və 14.279 manat faiz borc olaraq, cəmi 19.329 manat borcun cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd edib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2012-ci il tarixində GQPDN24/2012 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Ə.Ələkbərov küçəsi 586-cı məhəllədə "xxxx" MMC-nin tikintisi həyata keçirdiyi 17 mərtəbəli yaşayış binasının “D” blokunun 10-cu mərtəbəsində yerləşən 24 №-li mənzil 13.7600 manata cavabdehə satılmışdır. Ödənişlər müqavilələrin 2 saylı əlavələrinə uyğun olaraq həyata keçirilməlidir. Lakin, qeyd edilən müqavilələrin şərtlərini, o cümlədən 3.2-ci bəndlərini və 2 saylı əlavələrini kobud şəklində pozaraq Cavabdeh üzərinizə düşən öhdəlikləri tam şəkildə icra etməmişdir. Müqavilənin şərtlərinə əsasən (əlavə 2) mənzil üzrə ödənişlər müqavilə bağlandığı gündən sonra 36 ay ərzində, yəni 2015-ci ilin oktyabr ayında başa çatmalıdır. Lakin ödənişlər müəyyən edilmiş qrafik üzrə vaxtı-vaxtında həyata keçirilməmişdir. Bu səbəbdən qeyd edilən mənzil üzrə hazırkı vaxta onun 5050 manat borcu yaranmışdır. Bundan başqa cavabdeh 2012-2015-ci illər arasında ümumilikdə 118.600 manat ödəniş etmişdir. Beləliklə, xx.xx.2016-cı il tarixə onun yuxarıda qeyd edilən mənzil üzrə ödənilməmiş 19.000 manat borcu qalmışdır. Bundan sonra cavabdeh 2016-cı ildən başlayaraq illər ərzində xırda-xırda ödənişlər edərək (50, 100 manat) borcunu 5050 manata endirmişdir. Sonuncu ödənişini, xx.xx.2024-cü il tarixində 100 manat miqdarında həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Mərkəzi Bank tərəfindən 2016-2024-cü illər üçün müəyyən edilmiş uçot dərəcəsinə əsasən cavabdeh tərəfindən vaxtında ödənilməmiş 19.000 manatın faiz məbləği 14.279 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, cavabdeh İddiaçı MMC-dən aldığı mənzilə görə 5.050 manat əsas məbləğdən və 14.279 manat faiz olaraq iddiaçıya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, tələb qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 13 aprel 2012-ci il tarixdə GQPDN24/2012 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya “İcraçı”nın 30 noyabr tarixli etibarnamayə əsasən, “ATLANT İNŞAAT" MMC-nin Ə.Ələkbərov küç., 586-cı məhəllədə tikintisini həyata keçirdiyi 17 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 Saylı texniki şərtlərə uyğun tikilmiş halda “Sifarişçi”yə satmasından, “Sifarişçi”nin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun “Sifarişçi”nin ödəniş qrafikinə əsasən ödəməsindən ibarətdir. Satışa qəbul edilmiş mənzil, mənzilin ünvanı, satış sahəsi, dəyəri və ödəniş məbləği 2.1. “İcraçı”nın “Sifarişçi” ilə tikintisini razılaşdığı yer, 17 mərtəbəli, bir bloklu bina, “D” bloku 10-cu mərtəbə, 24 №-li mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 137.600 AZN, ilkin ödəniş 30.000 AZN satış sahəsi 172 m2, 3 otaqdan ibarət mənzil olacaqdır. 2.2.Tərəflərin razılaşmasına əsasən ilkin ödənişin 28.000 AZN-ə bərabər məbləği xx.xx.2012-ci il tarixdə və qalan 2.000 AZN isə xx.xx.2012-ci il tarixədək ödəniləcəkdir. 2.3. Sonrakı aylıq ödənişlər 30 may 2012-ci il tarixdən gec olmayaraq 2 saylı əlavǝyǝ əsasən ödənilməlidir. 2.4. Aylıq ödəmə 1800-2000 AZN-dən aşağı olmayacaq və il ərzində 25000- 30000 AZN ödəniləcəkdir. 2.5. Müqavilənin 38-ci ayında borcun qalığı İcraçı tərəfindən müəyyən edilir. Həmin qalıq 42 ay müddətində ödənilmədiyi halda sifarişçi bank krediti götürməklə öhdəliyin icrasını təmin etməyi öz üzərinə götürür. Müqaviləyə 1 və 2 saylı əlavələrdən görünür ki, cavabdeh 13 aprel 2012-ci il tarixli müqavilə üzrə alacağı yaşayış sahəsinin vahid dəyəri razılaşdıqların qiymətin ümumi dəyəri 137.600 manat olaraq tam və nəğd şəkildə şifarişçinin ödəniş qrafikinə əsasən üzərinə düşən vəzifələri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Mədaxil qəbzlərindən görünür ki, cavabdeh tərəfindən 2012-2015-ci illər aralığında İddiaçı MMC-nin hesabına ümumilikdə 118.600 manat ödəniş etmişdir. İşdə olan tərəflər arasındakı müqavilədən həmçinin görünür ki, müqavilənin şərtlərində hesablanacaq faiz nəzərdə tutulmamışdır. Bununla da cavabdehdən tələb edilən faiz məbləğini təsdiq edə biləcək sənədlər iş materialına əlavə edilmədiyindən və bu hal müqavilədə nəzərdə tutulmadığından hazırkı vəziyyətdə iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən “Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”, “Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”, “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə borclunun üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh ilə bağladığı müqavilə üzrə əsas borcun ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı MMC məhkəməyə müraciət edərkən 155 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddianın təmin olunmuş məbləğinə uyğun olaraq Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5.050 (beş min əlli) manat məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş 70,50 (yetmiş manat əlli qəpik) tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar