Məhkəmə qərarları › İş №e-2(053)-83/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-83/2024

01.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-83/2024 01.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə ümumi birgə mülkiyyətlərində olan JN 883F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən evə köçürülmələrinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin e-2(053)-1179/2023 nömrəli mülki iş üzrə 18 dekabr 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-1111/2023 nömrəli iş üzrə yekun qərar çıxarılıb, qanuni qüvvəyə minənədək dayandırılmışdır. Qeyd olunan qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayət vermişdir. Neftçala Rayon Məhkəməsinin e-2(053)-83/2024 nömrəli mülki iş üzrə 18 yanvar 2024-cü il tarixli qərardadı ilə məhkəmənin e-2(053)-1179/2023 nömrəli mülki iş üzrə 18 dekabr 2023-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-523/2024 nömrəli iş üzrə 09 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(053)1179/2023 saylı qərardadı ləğv edilmiş, Cavabdeh iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, 50 nömrəli mənzilə köçürülmə» tələbinə dair mülki iş materialları məhkəmə baxışı iclasının davam etdirilməsi üçün Neftçala Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi, vəkil Nümayəndə oğlna məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nümayəndə məhkəməyə ərizə göndərərək Cavabdeh oğluna qarşı “Cavabdeh ilə ümumi birgə mülkiyyətlərində olan JN 883F seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş torpaq sahəsində ünvan 1-də yerləşən evə köçürülmələri” tələbinə dair iddia ərizəsinin hazırda icraatda olduğunu, iddianı müdafiə etdiklərini və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Əlavə olaraq qeyd etmişlər ki, iddiaya əlavə edilmiş qətnamədən də göründüyü kimi Cavabdeh məxsus birgə nikah dövründə əldə edilmiş JN 883F olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ünvan 1-də yerləşən 0.06 ha torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərindədir və Neftçala Rayon Məhkəməsinin müfaviq qətnaməsi ilə analarının fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə hazırda Neftçala rayon İcra və probasiya şöbəsinin icraatındadır. Üzrlü səbəbdən xx.xx.2024-cü il tarixdə, saat 11-00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmirlər, bu səbəbdən iştirakları olmadan iclasın keçirilməsini, yuxarıda qeyd olunanları məhkəmə çıxışı kimi nəzərə almaqla iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, X7 ilə 11 oktyabr 1999-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü Ülvi və xx.xx.2003-cü il təvəllüdlü Mələk adlı iki övladları doğulmuşdur. Qeyd edir ki, Təranə Əhmədova ilə nikah bağladıqları ilk vaxtlar yaxşı münasibətləri olmuş, lakin sonra münasibətləri kəskinləşmiş, ailədə çoxsaylı mübahisələr olmuş və keçmiş arvadı Təranənin və hazırkı iddiaçıların, yəni övladlarının əsassız şikayətləri nəticəsində dəfələrlə polis orqanlarına çağırılmışdır. 2020-ci ilin sentyabr ayında nikahın pozulması tələbi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmiş, onlara üç aylıq müddət verilsə də barışıq olmadığından aralarında olan rəsmi nikah məhkəmənin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmçinin yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 anası İddiaçı1 və İddiaçı2 yanında qalması müəyyən edilmişdir. İddiaçı1 və İddiaçı2 evə köçürülmə tələb etdiyi ünvan 1-də yerləşən fərdi yaşayış evinin ona və ailəsinə heç bir aidiyyatı yoxdur. Ev Naibə Babaşova adlı şəxsin adınadır. Həmin evi atası Naibə adlı şəxsdən şifahi razılaşma əsasında almış, pulundan borclu qaldığı üçün heç bir sənədləşmə işləri aparılmamışdır. Evin hüquqi sənədi yoxdur. Təranə Əhmədova ilə nikahları pozulduqdan sonra yeni ailə qurmuş və hazırda atası və arvadı ilə birlikdə həmin evdə yaşayır. Keçmiş arvadı Təranə Əhmədovanın da həmin məzilə köçürülməsinə dair Neftçala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da mülki iş icra mərhələsindədir. Əvvəllər də aralarında keçmiş arvadı və uşaqları ilə çoxsaylı münaqişələr olduğundan onların qeyd olunan mənzilə köçürülmələri yenidən münaqişələrə səbəb olacaqdır. İddiaçılar hər ikisi yetkinlik yaşlarına çatmış şəxslərdir. Onun özünə məxsus evi yoxdur. Qızı Mələk həmin evdə doğulub, oğlu isə üç yaşından orada yaşayıb. Ev 2 mərtəbədən ibarətdir. Birinci mərtəbə 1 mətbəx, 1 otaqdan ibarətdir. İkinci mərtəbədə yaşayış yoxdur. İddiaçılar ona qarşı aqressivdirlər. Onların həmin evdə yaşamalarına heç vaxt icazə verməyəcəkdir. Onların məqsədi evə köçüb, orada dava-dalaş salmaqdır. Hazırda onlar Bakı şəhərində kirayədə qalırlar. Oğlu Ülvi narkotik istifadəçisidir. Odur ki, oğlu İddiaçı1 və qızı İddiaçı2 həmin evə köçürülməsi və onlarla birlikdə yaşaması mümkün deyil. Belə olan halda böyük münaqişələrin olacağı qaçılmazdır. Ona görə də göstərdiklərinin nəzərə alınb iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdeh tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Neftçala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE № ******** və AA ******* saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı1 06 avqust 2000-ci ildə, İddiaçı2 isə xx xxxx 2003-cü il tarixdə Neftçala rayonu Xoltəzəkənd kəndində doğulmuş və hazırda həmin kənddə qeydiyyatdadırlar. Neftçala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(053)-17/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında 18 oktyabr 1999-cu il tarixdə Neftçala rayonu Xol Qarabucaq kənd İƏN tərəfindən 19 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx xxxx 2003-cü il təvəllüdlü İddiaçı2 yetkinlik yaşına çatanadək anası İddiaçı1 və İddiaçı2 yanında saxlanılması qət edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-33/2023 nömrəli iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh - ünvan 2 ünvanında yerləşən torpaq sahəsi vardır. Torpaq sahəsinə dair vətəndaşın adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən elektron çıxarış tərtib olunmuşdur. Torpaq sahəsi vətəndaşın mülkiyyətinə Neftçala rayonu, Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclas protokoluna əsasən verilmişdir; JN: 883F olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Neftçala şəhərində yerləşən, 3 (üç) nəfər ailə üzvü ilə birlikdə ümumi birgə mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə verilmişdir. İddiaçı1 və İddiaçı2 JN: 883F olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Neftçala şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin hər biri ayrılıqda 3 (üç) nəfər ailə üzvü ilə birlikdə ümumi birgə mülkiyyətçisidir. Həmçinin qətnamədən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı “Evə köçürülmə” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X1 şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən 50 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1328/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(053)-33/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirlmədən saxlanılmışdır. Beləliklə, məhkəmədə tərəflərin izahatları, həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, X7 ilə Cavabdeh nikahlarını 18 oktyabr 1999-cu ildə bağlamışlar. Onların birgə nikahlarından 06 avqust 2000-ci il tarixdə Ülvi və xx xxxx 2003-cü il tarixdə isə Mələk adlı iki uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah 09 fevral 2021-ci ildə pozulmuşdur. İddiaçıların köçürülmək istədiyləri ev ünvan 1-də yerləşən 0,06 ha torpaq sahəsi seriya nömrəsi JN: 883F olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Neftçala şəhərində yerləşən 3 (üç) nəfər ailə üzvü ilə birlikdə ümumi birgə mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə İddiaçı1 və İddiaçı2 verilməklə hər biri ayrılıqda 3 (üç) nəfər ailə üzvü ilə birlikdə ümumi birgə mülkiyyətçisidir. Eyni zamanda Babaşova Naibə Eldar qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli qərarı ilə verilmiş Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi 23 fevral 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin hakimi Fehruz Abbasovun icraatına qəbul edilmiş və hazırda ekspertiza mərhələsində baxılmağa davam etdirilir. Həmçinin müəyyən olunur ki, X2 Aydın Hüseynağa oğlu ilə 18 oktyabr 1999-cu ildə nikah bağladıqdan bir müddət sonra 2002-ci ildə mübahisəli mənzilə köçmüş və daimi olaraq orada yaşamış, qızı Mələk də həmin evdə yaşayarkən doğulmuşdur. Hazırda iddiaçıların anasına məxsus cehiz əmlakı da həmin evdədir. Tərəflərin nikahı pozulduqdan sonrakı dövrdə də cavabdeh orada yaşamaqda davam etmiş, lakin arvadı ilə uşaqlarını evə buraxmamışdır. X6 həmin mənzilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamə Neftçala rayon İcra və probasiya şöbəsinin icraatındadır. Beləliklə, İddiaçı1 mübahisəli mənzilə dair münasibətləri doğulduğu 06 avqust 2000-ci, İddiaçı2 isə doğulduğu xx xxxx 2003-cü ildən sonra yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən “Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır”. 01 oktyabr 2009-cu ilədək, o cümlədən, mübahisəli münasibətin yarandığı 2000-ci və 2003-cü illlərdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən “Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır». Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, “İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər”. Beləliklə, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi mülkiyyətçinin arvadını və uşaqlarını mülkiyyətçinin ailə üzvləri sırasına bilavasitə aid etməklə, onların mülkiyyətçi ilə bərabər istifadə etmək ixtiyarını təsbit edir. Bununla yanaşı, 01 sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Azərbaycan Respublikası MM-nin 228.1, 228.2 və 228.5-ci maddələrinə əsasən "Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın", "Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər", "Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır". Göründüyü kimi MM-nin 228-ci maddəsi də yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin arvadını onun ailə üzvləri sırasına bilavasitə aid etməklə onun mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququnu birbaşa təsbit edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli qərarında belə bir hüquqi mövqedən çıxış etmişdir ki, "Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır". X2 Aydın Hüseynağa oğlunun arvadı olmuşdur. Onlar evlilik dövründə mübahisəli mənzildə yaşamış, nikahları pozulduqdan sonra da Təranə Əhmədova yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamağa cəhd etsə də cavabdeh buna mane olmuşdur. Hazırda tərəflərin birgə nikah münasibətlərindən doğulmuş hər iki uşaqları yetkinlik yaşlarına çatmışdırlar. Beləliklə, iddiaçıların həmin mənzildən faktiki mülkiyyətçi ilə bərabər istifadə etmək hüquqları yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ilə ümumi birgə mülkiyyətlərində olan JN 883F seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan torpaq sahəsinin üzərində Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yerləşən 50 nömrəli mənzilə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar