Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-838/2025 10.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.700 manat məbləğində borcun və ödədiyi 135 manat məbləğində dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdeh, yəni xx xxxxxx 1972-ci il təvəllüdlü Cavabdeh ümumilikdə 15.900 manat məbləğində borc vermişdir. Belə ki, cavabdehlə arasında yaranmış qarşılıqlı razılaşma əsasında ona heyvan alğı-satqısı məqsədilə müxtəlif tarixlərdə ümumilikdə 15.900 manat məbləğində pul vermişdir. Bu vəsait ona 08 fevral 2025-ci il tarixdə 3.000 ABŞ dolları, 10 fevral 2025-ci il tarixdə əlavə 3.000 ABŞ dolları, 14 fevral 2025-ci ildə 1.700 manat və 26 fevral 2025-ci il tarixdə 4.000 manat olmaqla hissə-hissə təqdim edilmişdir. Həmin pul ödənişlərinin bəziləri cavabdehin oğlu Fərid Abbasovun bank kartı vasitəsilə həyata keçirilmişdir. Aralarında olan razılaşmaya görə cavabdeh bu pulları aldığı heyvanları sataraq gəlir əldə etdikdən sonra 20 faiz əlavəsi ilə geri qaytarmalı idi. Lakin cavabdeh yalnız 1.200 manat faiz borcunu qaytarmış, qalan 14.700 manat borcunu isə bu günədək ödəməmişdir. Pulun geri qaytarılması ilə bağlı dəfələrlə edilən xatırlatmalara və tələblərə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmiş, əksinə, özünün polis şöbəsində verdiyi izahata əsasən də etiraf etdiyi kimi, ona olan borcunu müxtəlif şəxsi səbəblərini və maddi çətinliklərini əsas gətirərək qaytarmadığını bildirmişdir. Hətta təhqiqat materiallarında da o, öz izahatında qeyd etdiyi kimi, onun tərəfindən yalnız 1.200 manat məbləğində pul vəsaiti hissə-hissə qaytarılmış, digər hissəsi isə ödənilməmişdir. Bununla bağlı etdiyi şikayət əsasında Neftçala Rayon Polis Şöbəsində toplanmış HK-1/333 nömrəli material üzrə araşdırma aparılmış, lakin qeyd olunan münasibətlərin mülki xarakterli olması əsas gətirilərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə cavabdeh tərəfindən ona olan borc məbləği rəsmi sənədlərlə və onun izahatı ilə təsdiqlənmişdir. Həmçinin eyni qərarda ona bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu da açıq şəkildə göstərilmişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlib. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul edərək həqiqətən də iddiaçıdan heyvan alğı-satqısı məqsədilə müxtəlif tarixlərdə ümumilikdə 15.900 manat məbləğində borc pul aldığını bildirmişdir. Həmin borcdan 1.200 manat məbləğində qaytarmış və hazırda iddiaçıya 14.700 manat borcu qalmışdır. Sonradan xəstə olduğu üçün, həmçinin işləyə bilmədiyi üçün borcu qaytara bilməmişdir. Lakin qalan borcu da iddiaçıya hissə-hissə ödəyəcək. İddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin müvafiq sorğusu əsasında Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının 12 aprel 2025-ci il tarixli qərarının və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Qərarın məzmunundan görünür ki, cavabdeh iddiaçıya borclu olması halını müvafiq material üzrə araşdırma dövründə də etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsini və s. aidiyyəti müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfin tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən «Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir». Qeyd olunur ki, hazırkı iş üzrə bütün məhkəmə iclaslarının fasiləsiz audio-video yazısı aparılıb. Cavabdeh məhkəmə iclaslarında iddianı qəbul etdiyini və həqiqətən də iddiaçıya borclu olduğunu etiraf etmişdir. Bundan başqa 12 aprel 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda cavabdehin verdiyi izahatın məzmunundan da bu faktın cavabdeh tərəfindən etiraf edilməsi halı görünür. Göstərilənlərə əsasən cavabdehin iddiaçıdan ümumilikdə 15.900 manat məbləğində borc pul alması, həmin borcdan 1.200 manat məbləğini qaytarması və iddiaçıya 14.700 manat miqdarında borcu olması halı sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 14.700 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etmək üçün 135 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.700 (on dörd min yeddi yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-838/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-838/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver