Məhkəmə qərarları › İş №e-2(053)-888/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-888/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-888/2024 21.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 manat məbləğində pulun, ödənilmiş 135 manat dövlət rüsumunun, hüquqi yardım üçün nümayəndəyə etibarnamə verilməsinə görə ödənilmiş 17 manat dövlət rüsumunun,ümumilikdə 15.152 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin sentyabr ayında birlikdə işlədiyi X3 “gözəllik salonu” açmağı təklif etmişdir. Həmçinin Səbinə rəfiqəsi kimi təqdim etdiyi Cavabdeh da həmin salona işə götürməyini ondan xahiş etmişdir. Həmin vaxt o, Aygünlə də tanış olmuşdur. Sonra Səbinə və Aygünü lazer aparatından istifadə qaydalarını öyrənmələri üçün şəxsi vəsaiti hesabına kursa göndərmişdir. Lakin kursu bitirdikdan sonra Aygün ona bildirmişdir ki, “mən əvvəllər gül dükanında işləmişəm və bu sahəni yaxşı bacarıram, həm də gül biznesində gəlir daha çoxdur. Sən mənə bir az pul ver, gül dükanı açım, qazancdan sənə də verərəm”. Aygündən ona nə qədər pul lazım olduğunu soruşmuşdur. O da ondan alacağını işin başlanğıcı üçün 5000-6000 manat, sonra da nə qədər lazım olarsa alacağını bildirdi. O də ona inanmış və sentyabr ayının sonuncu həftəsində hissə-hissə Aygünə 6.000 manat pul vermişdir. 02 oktyabr 2023-cü il tarixdə Aygün gül dükanını açıb, fəaliyyətə başlamış və noyabr ayı ərzində gül və sair mallar almaq adı ilə ondan hissə-hissə 9.000 manat da əlavə pul almışdır. 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarında cavabdeh işləsə də ona pul verməmişdir. O, cavabdehdən pulunu tələb etdikdə bildirmişdir ki, “səbrli ol 14 fevralda yaxşı alver olacaq sənin pulunun çox hissəsini qaytaracam”. Lakin 14 fevralda da ona heç bir ödəmə etməmişdir. Sonra söz vermişdir ki, “8 Mart bayramı da işləyim 15.000 manatını birdəfəlik qaytaracam”. Lakin yenə də pul məbləğini qaytarmamışdır. Nəhayət mart ayının 26-da onun ofisinə gəlmiş və bildirmişdir ki, “pulu qaytarmıram, sənin məndə pulun yoxdur. Pulun dükandadır, get götür”. O da Aygünə demişdir ki, o, dükana pul qoymamışdır, pulu ona vermiş, o da 5 aydır pulu qaytaracağını deyib onu aldadır və ona dərhal pulunu qaytarmasını bildirmişdir. Aygün də ona demişdir ki, “vermirəm, get nə edirsən et.” Bundan sonra o, polisə şikayət etmək qərarına gəlmişdir. Qeyd edilən bu xüsusatların əksər hissəsi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı Kənan Hacıyevin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 aprel 2024-cü il tarixli qərarında öz əksini tapmışdır. Cavabdeh ondan aldığı məbləğin 15.000 manat deyil, 13.500 manat olmasını polis bölməsində etiraf etsə də, əslində aralarında mübahisə yaranmazdan əvvəl özü şəxsən yazılı qəbz verərək 15.000 manatı da ondan almasını etiraf etmişdir. Cavabdeh həmçinin ona mənəvi zərər də vurmuşdur. Çünki bu neçə müddət ərzində dəfələrlə onu aldatmış, hər dəfə qaytaracağına söz vermiş, vədinə əməl etməmiş, bu isə onun əsassız olaraq əsəb və stres keçirməsilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitutsiyasını, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanı, bu konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habele Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Əlavə olaraq qeyd etmişdir ki, o özü İkinci Qarabağ müharibəsi veteranıdır. Əziyyətlə topladığı pulları cavabdeh onu aldadaraq mənimsəmiş və sonda qaytarmaqdan imtina etmişdir. Bundan əlavə cavabdehin təqsiri üzündən o, məhkəmədə iddia qaldırmaq üçün nümayəndəyə etibarnamə verilməsinə görə 17 manat, iddia ərizəsinin verilməsi görə 135 manat dövlət rüsumu ödəmiş, cəmi 152 manat vəsait xərcləmişdir. Qanunvericiliyin tələbinə görə həmin xərclər də cavabdehdən alınaraq ona qaytarılmalıdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbi üzrə hazırlıq iclasının 20 avqust 2024-cü il tarixə təyin edildiyini, həmin iddia ərizəsində hüquqi yardıma görə çəkilən xərclərin cavabdehdən alınması qeyd edilmədiyindən hazırda iddia tələbində dəqiqləşdirmə aparmaq və tələbin həcmini artırma zərurəti yarandığını və yekun məhkəmə aktı qəbul edilərkən hüquqi yardım üçün ödənilmiş 200 manat pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsinin tədqiq edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı iclasına iddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə gəlməmiş, elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə, saat 16:40-a təyin edildiyini, indiyə kimi beş dəfə məhkəmə iclası keçirildiyini, üç dəfə iddiaçı tərəf olaraq məhkəmə iclasında iştirak etsələr də, lakin cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hər hansı üzürlü səbəb olmadan heç bir məhkəmə iclasında iştirak etmədiyini bildirmişdir. Qeyd etmişdir ki, iddiaçı tərəf olaraq hesab edirlər ki, iddianın əsaslarını təşkil edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında şahidlər də dindirilmiş və onlar da ifadələrində iddiada qeyd edilən xüsusatları təsdiq etmişlər. Əlbəttə ki, bütün təqdim edilən sübutlar və işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və sair tədqiq olunaraq məhkəmə tərəfindən iddiaya hüquqi qiymət veriləcəkdir. Lakin hazırda məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, dəfələrlə Abşeron rayonundan Neftçala rayonuna gəlib qayıtmaq iddiaçıya həm maddi, həm də fiziki çətinliklər yaradır. Odur ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı xəstə oldğu üçün, nümayəndəsi olaraq o isə digər məhkəmədə iclası olduğu üçün iştirak edə bilmir. Ona görə də məhǝkəmədən bugünkü məhkəmə iclasında işə iddiaçı tərəf olaraq onların iştirakları olmadan və iddia ərizəsinə əlavə edilmiş və məhkəmə prosesində təqdim edilmiş sübutlar əsasında baxaraq iddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişlər. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşin məhkəmə hazırlıq iclası zamanı İddiaçı idda ərizəsinin məzmununa uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası zamanı İddiaçı nümayəndəsi, vəkli Nümayəndə idda ərizəsinin məzmununa uyğun məzmunlu izahat verərək növbəti məhkəmə iclasında şahidlərin də iştirak edəcəyini bildirmişdir. İşin 30 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, tərəflərin öz aralarında anlaşması var idi ki, iş görsünlər. Cavabdeh İddiaçı iş qurmaq adı ilə 15.000 manat pul almışdır. Cavabdeh İddiaçı pulu hissə-hissə aldığı üçün o da bəzi vaxtlarda pul məbləğinin verilməsi zamanı iddiaçının yanında olmuşdur. İddiaçı salon açmaq istəyirdi. Sonra isə işin gedişatı zamanı cavabdeh ona gül biznesindən səriştəsi olduğunu və gül dükanı açmasını təklif etdi. Belə də oldu, yaxşı da qazanc əldə edilirdi. Dükan açılışına İddiaçı cavabdehə 5.000-7.000 manat pul verdi. Məqsəd gül dükanı açmaq idi. Dükan Sumqayıt şəhərində açılmalı idi. İddiaçı gül dükanını icarəyə götürəcəkdi. O özü təxminən 1.500-1.700 manat iddiaçıya aid pulu 2023-cü ilin oktyabr ayında əlbəəl cavabdehə vermişdir ki, mağazanın işləməsi üçün təbii gül alınmalı idi. Cavabdeh açılışdan sonra mərhələli şəkildə iddiaçıdan pul almışdır. 14 fevral 2024-cü ildə İddiaçı Cavabdeh pulunu istəmiş, Aygün isə aprel ayının 30-a kimi 15.000 manat pulu qaytaracağını, lakin dükandan çıxmayacağını bildirmiş və elə orada bununla bağlı əlyazma ilə qəbz yazaraq vermişdir. Bəzi vaxtlarda Əli kart vasitəsilə pulları atmışdır. Cavabdeh hətta ondan da əl ilə aldığı 1.700 manat pulu qaytarmamışdır. İşin 30 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, özü fərdi sahibkarlıqla məşğul olur. Cavabdeh Səbinə xanımın vasitəsi ilə tanımışdır. İddiaçı ilə uşaq vaxtlardan dostdur. Aygün özünü onların yanında doğrultmuşdur. Ona inanmışlar. O, ilk vaxtlar Əlinin etibarını qazanmışdır. İş birliyi əsnasında o, “8 Mart Beynəlxalq qadınlar bayramı günündə” gül biznesindən yaxşı qazanc olduğunu bildirmiş, Əli onun yanında ona bir-iki dəfə 3.000-5.000 manat pul verib. Eşitdiyinə görə Əli Aygünə ayrı vaxtlarda da pul məbləğləri vermişdir. Lakin Aygün ona verilmiş 15.000 manat pulu hələ də iddiaçıya qaytarmamışdır. Məhkəmə iddiaçını, onun nümayəndəsini şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası Mülki-Prosessual Qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, Pİ-nin 4-cü PB-nın təhqiqatçısı X1 icraatında olmuş NK-1/1125 nömrəli yoxlama materialının nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış təhqiqat materialında cinayət tərkibinin əlamətləri olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, “4 ilə yaxın müddətdir ki, Sumqayıt şəhəri 45-ci məhəllə ilə 5-ci Mkr. arasında yerləşən Viktoriya gul salonunda florist işləyirmiş. 2023-cü ilin sentyabr ayında Əli ona zəng edərək gözəllik salonu açmasını bildirmişdir. Əli onun rəfiqəsi Səbinənin müdiridir. O, həmin ərəfədə Əliyə gözəlik salonundan anlayışı olmadığını, gülçülük sahəsində təcrübəsi olduğunu bildirmişdir. Əli ona ziyana yox xeyirə şəriksən demiş, bundan sonra Sumqayıt səhəri, 10-cu məhəllə ərazisində obyekt tapıb orada gül dükanı açmaq qərarına gəlmişdir. Həmin dükanın açılışı üçün 13.500 manat ilkin olaraq xərc çəkilmiş, dükan açıldıqdan sonra o, gündəlik olaraq hesabat aparmış, 2024-cü ilin mart yının 25-dən alver getmədiyi üçün dükanı bağlamaq qərarına gəlmiş, Əli həmin dükana 15.000 AZN xərcləməsini bildirərək həmin pulu ondan tələb edir. Əlidən 15.000 pul almamış, Əlinin iddiaları şər-böhtan xarakterlidir”. İş materiallarına əlavə edilmiş tarixi qeyd edilməyən əlyazmadan görünür ki, Heybətova X2 Əli Saleh oğlundan 02 oktyabr 2023-cü ildə almış olduğu 15.000 manat pulu aprel ayının 30-da qaytarmağı öhdəsinə götürmüş və Səbinə Maxsudovanın iştirakı ilə əl yazma yazaraq imzalamışdır. İş materiallarına əlavə edilmiş 1272 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım almaq üçün 200 manat ödəniş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də İddiaçı izahatı və şahid ifadələri, eyni zamanda işdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq cavabdehin təklifi ilə ona gül dükanı açmaq üçün hissə-hissə 6.000 manat, 02 oktyabr 2023-cü ildə gül dükanı açılıb fəaliyyətə başladıqdan sonra noyabr ayı üzrə gül və sair malları alması üçün hissə-hissə 9.000 manat da əlavə pul vəsaiti vermiş, cavabdeh 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları üzrə işləsə də iddiaçıya aldığı pulu qaytarmamış, ondan vaxt istəmiş, verilmiş müddət tamam olduqdan sonra cavabdeh iddiaçıya borclu olduğunu inkar etmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, cavabdehin iddiaçıdan gül dükanı açmaq məqsədi ilə qabaqcadan razılaşaraq ondan hissə-hissə ümumilikdə 15.000 manat pulu aldığı və qaytarmadığı müəyyən olunur. Yuxarıda qeyd olunanları və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də yuxarıda qeyd olunan əsaslarla cavabdehin iddiaçıya 15.000 manat borcunun yaranması halı sübuta yetirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 15.000 manat məbləğində pulu, hüquqi yardım üçün vəkilin müvafiq hesabına ödənilmiş 200 manat xərci və nümayəndəyə etibarnamə verilməsinə görə ödədiyi 17 manat dövlət rüsumunu tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi 135 manat məbləğində pul ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı iş üzrə iddia qiyməti, tələb olunan məhkəmə xərcinin məbləği ilə birlikdə 15.352 manat təşkil edir. Hazırkı qətnamə ilə iddianın əsas etibarilə təmin olunduğunu və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş məhkəmə xərci (135 manat) cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul, 200 manat hüququ yardım üçün vəkilə ödənilən xərc, nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 17 manat və ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar