Məhkəmə qərarları › İş №e-2(054)-16/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-16/2024

28.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-16/2024 28.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçi İddiaçı nümayəndəsi Nümayəndə2 oğlunun, Cavabdeh2, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan 0,627 ha və 0,3764 ha, Cavabdeh1 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahələrinin iddiaçıya təhvil verilməsi, Cavabdeh2 1440 manat, Cavabdeh1 480 manat maddi ziyanın alınıb ona verilməsi və dövlət rüsumunun tutulması tələbinə dair mülki işə 28 fevral 2024-cü il tarixdə Oğuz şəhərində məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan 0,627 ha və 0,3764 ha, Cavabdeh1 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahələrinin iddiaçıya təhvil verilməsi, Cavabdeh2 1440 manat, Cavabdeh1 480 manat maddi ziyanın alınıb ona verilməsi və dövlət rüsumunun tutulması tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh1 iş materiallarında göstərilmiş ünvanına göndərilmiş məhkəmə bildirişləri zərflərin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarıldığından onun qeydiyyat ünvanı üzrə ünvan 1 cavab olaraq nümayəndəlik xx.xx.2023-cü il tarixli, 5-68-12/2-136/2023 saylı və xx.xx.2024-cü il tarixli, 5-68-12/2- 136/2023 saylı məktublarla Cavabdeh1 ərazidə qeydiyyatda olmasına baxmayaraq kənddə yaşamadığını, bu səbəbdən məhkəmə sənədinin ona çatdırılmasının mümkün olmadığını bildirmişdir. Bundan əlavə cavabdehlə telefon əlaqəsi saxlanılmış, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsi ilə tələbini əsaslandıraraq bildirmişdir ki, Oğuz rayonu Xaçmaz Qışlaq kənd sakinidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və A 677512 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,627 ha, xx.xx.2020-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və AA 508743 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,3764 ha, xx.xx.2022-ci il tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və A 845280 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdeh2 tərəfindən mülkiyyətində olan 0,627 ha və 0,3764 ha, Cavabdeh1 tərəfindən isə 1,1257 ha torpaq sahəsi zəbt edilmişdir. Torpaqdan çıxmaq təklif edildikdə isə torpaq sahəsinin onlara məxsus olduğunu iddia edir və torpaqdan qeyriqanuni istifadə edirlər, yəni torpaq sahəsində yerləşən fındıq məhsulunu yığır və ona maddi ziyan vururlar. Əvvəllər də eyni tələblə məhkəməyə müraciət etmiş, 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilənlərə uyğun olaraq iddia ərizəsini geri götürmüşdür. Həmin rəydə göstərilirdi ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli, 07 mart tarixli, 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 aprel tarixli, 250s saylı sərəncamına uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətində və qanuni istifadəsində olan, eyni zamanda torpaq islahatı zamanı verilmiş pay torpaqlarına aid hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı Oğuz rayon Xaçmaz kəndinə aid layihələr tərtib olunmuş və hazırda həmin layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların sistemə daxil edilməsi təmin olunur. Bu mərhələ başa çatdıqdan sonra məsələ həllini tapacaqdır. Keçən müddət ərzində torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatlar artıq öz təsdiqini tapdığından yenidən məhkəməyə müraciət edilmişdir. Cavabdehlərin sözügedən torpaq sahələrindən çıxarılması, torpaq sahələrinin ona təhvil verilməsi, vurulmuş maddi ziyana görə Cavabdeh2 1440 manat, Cavabdeh1 480 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununu təsdiq etdi, mütəxəssis rəyini qəbul etdiyini bildirdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, onun dövlət aktı aktı var. Onun torpağı ilə iddiaçının torpağı üst-üstə düşə bilməz. Mütəxəssis rəyinə etiraz edir. 9 saylı Qəbələ Ərazi İdarəsində ona əvvəl başqa söz söyləsələr də rəyi iddiaçının maraqlarına uyğun vermişlər. Dürüstləşməni qəbul etmir. Uzun illərdir ki, torpaq sahəsindən olduğu yerdə istifadə edir, torpağa əziyyət çəkib. Torpaqdan çıxmayacaq. Verilmiş rəy saxtadır. Onun mülkiyyətində olan torpaqla qonşu torpaq sahəsi başqasına verilə bilməz. 30 ildir ki, həmin bağda zəhmət və əziyyəti var. Ölçü onun iştirakı ilə aparılmayıb. İddiaçıya da maddi ziyan vurmayıb. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil bildirdi ki, iddiaçının təqdim etdiyi çıxarışların mötəbərliyi şübhə doğurur, onların mənbəyi şübhəlidir, nömrə və sənədlərin saxtakarlıqla əldə edildiyi aydın görünür. Buna görə mütəxəssis rəyi də saxtadır və həqiqəti əks etdirmir. Həmin torpaq illərdir ki, cavabdehin istifadəsində olub. Qanuni qüvvəyə minmiş 2022-ci il tarixli məhkəmə qətnaməsi ilə də torpağın cavabdehə məxsus olduğu təsdiq edilir. Cavabdeh iddiaçının torpaq sahələrini tutmamış, maddi ziyan da vurmamışdır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqiqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin (9 saylı Qəbələ Ərazi İdarəsi) Yerquruluşunun təşkili şöbəsinin müdiri X1 bildirdi ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli, 07 mart tarixli, 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 aprel tarixli, 250s saylı sərəncamına uyğun olaraq torpaq sahələri üzrə dürüstləşdirilmiş məlumatlar sistemə yerləşdirildikdən sonra mütəxəssis rəyi hazırlanmışdır. Ölçülər peyk vasitəsilə dəqiqləşdirilib. Rəy çıxarışlara əsasən verilib. Rəylərin saxtalığı barədə deyilənlər həqiqəti əks etdirmir. Verilmiş rəyi tam müdafiə edir və onun nəticələrinə cavabdehdir. Məhkəmə iclasında 9 saylı Qəbələ Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi X3 eyni məzmunlu izahat verdi. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehi, onun vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 677512 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,627 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və AA 508743 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 845280 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-97/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı, Oğuz rayonu Xaçmaz Bələdiyyəsi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə xx.xx.2022-ci il tarixdə baxılaraq iddia qismən təmin edilmiş, Cavabdeh2 Oğuz rayonu Xaçmaz kəndində yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,627 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 0,0971 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-557/2024 saylı məktubu ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planlarından görünür ki, işin araşdırılması məqsədilə DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Xaçmaz kəndində yerləşən əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Oğuz rayonu Xaçmaz kəndi inzibati ərazisində yerləşən, **********, ********** və ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,3764 ha, 0,627 ha və 1,1257 ha torpaq sahələrinin sənəd üzrə koordinatları ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etdiyi torpaq sahələri ilə iddiaçının adına tərtib edilmiş reyestr sənədi və iddia etdiyi torpaq sahələrinin koordinatları üst-üstə düşür. Həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları sxemlərdə göstərilmişdir. **********, ********** və ********** nömrəli çıxarışlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,3764 ha, 0,627 ha və 1,1257 ha torpaq sahələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən istifadə olunan torpaq sahələri ilə iddiaçının adına tərtib edilmiş **********, ********** və ********** nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahələri üst-üstə düşür. Torpaq sahələrinin koordinatları göstərilməklə sxemlər çəkilmişdir. Oğuz şəhər bazarının işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 11 saylı arayışından görünür ki, Oğuz şəhər bazarında 2023-cü ilin sentyabr-oktyabr aylarında 1 kq fındıq məhsulunun orta satış qiyməti 3 manat olmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Oğuz X4 Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-22-3-48/2-55/2023 saylı məktubu ilə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı xüsusi mülkiyyətində olan 0,67 ha, 0,3464 ha və 1,1257 ha fındıq bağına baxış keçirilmiş, bağda olan fındıq topalarının tam məhsula düşdüyü, 0,67 ha sahədə 90, 0,3464 ha sahədə 50, 1,1257 ha sahədə 140 topa fındıq kolunun mövcud olduğu, fındıq topalarının hər birindən 5-6 kq fındıq yığmağın mümkün olduğu, bağın məhsulunun yığıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yenə həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsidə daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz rayonu Xaçmaz kəndi inzibati ərazisində yerləşən, **********, ********** və ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,3764 ha, 0,627 ha və 1,1257 ha torpaq sahələrinin sənəd üzrə koordinatları ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etdiyi torpaq sahələri ilə iddiaçının adına tərtib edilmiş reyestr sənədi və iddia etdiyi torpaq sahələrinin koordinatları üst-üstə düşür. Həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları sxemlərdə göstərilmişdir. **********, ********** və ********** nömrəli çıxarışlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,3764 ha, 0,627 ha və 1,1257 ha torpaq sahələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən istifadə olunan torpaq sahələri ilə iddiaçının adına tərtib edilmiş **********, ********** və ********** nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahələri üst-üstə düşür. Torpaq sahələrinin koordinatları göstərilməklə sxemlər çəkilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Oğuz Rayon Məhkəməsinin 2(054)- 97/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı, Oğuz rayonu Xaçmaz Bələdiyyəsi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə xx.xx.2022-ci il tarixdə baxılaraq iddia qismən təmin edilmiş, Cavabdeh2 Oğuz rayonu Xaçmaz kəndində yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,627 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 0,0971 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.Həmin qətnamə hazırda qanuni qüvvəyə minmişdir. Məhkəmə tərəfindən göstərilən xüsusat nəzərə alınmaqla xx.xx.2024-cü il tarixli qərardadla Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0,627 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması tələbinin həmin torpaq sahəsinin 0,0971 ha hissəsinə münasibətdə iş üzrə icraata xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qüvvədə olan qətnamə nəzərə alınmaqla iddiaçının hüquqlarının Cavabdeh2 tərəfindən qismən pozulduğu müəyyən edildiyindən iddia tələbi 0,627 ha torpaq sahəsinə münasibətdə qismən təmin edilməli, Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0,627 ha torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş cizgilər daxilində olan 0,5299 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməli, iddia tələbinin 0,0971 ha torpaq sahəsindən çıxarılma hissəsində iş üzrə icraata xitam verildiyi nəzərə alınmalıdır. İddia tələbinin Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0,3764 ha hissəsindən çıxarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməli, Cavabdeh2 mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş cizgilər daxilində olan 0,3764 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Məhkəmə mütəxəssis rəyini sübut kimi qəbul edərək həmçinin bildirir ki, iddia tələbinin Cavabdeh1 iddiaçının mülkiyyətində olan 1,1257 ha torpaq sahəsindən çıxarılmasına dair hissəsi də təmin olunmalı, Cavabdeh1 mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş cizgilər daxilində olan 1,1257 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. İddia tələbinin Cavabdeh2 1440 manat, Cavabdeh1 480 manat maddi ziyanın tutulub iddiaçıya verilməsi hissəsinə münasibətdə məhkəmə bildirir ki, iddiaçı həmin tələblə bağlı mötəbər sübutlar təqdim etmədiyindən tələb həmin hissədə təmin edilməməlidir, çünki Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(054)-08/2023 saylı qərardadı ilə ərizəçi İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyətində olan 0,627 ha və 0,3764 ha torpaq sahələrinə Cavabdeh2 və onun ailə üzvlərinin girişinin və həmin torpaq sahəsində yerləşən fındıq ağaclarından məhsulun yığılmasının qadağan edilməsi, mülkiyyətində olan 1,1257 ha torpaq sahəsinə Cavabdeh1 və onun ailə üzvlərinin girişinin və həmin torpaq sahəsində yerləşən fındıq ağaclarından məhsulun yığılmasının qadağan edilməsi barədə qərardad çıxarılmasına dair ərizəsi qismən təmin olunmuş, qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən qərardad dərhal icraya yönəldilmişdir. Həmin qərardaddan verilmiş şikayət təmin edilməmiş, xx.xx.2023-cü il tarixli qərardadla iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərardaddan verilmiş şikayət onun icrasını dayandırmadığından cavabdehlərin fındıq məhsulunun yığılmasına dair fəaliyyətləri mümkün olmamış, şikayət təmin edilməklə xx.xx.2023-cü il tarixdə ərizənin təmin edilməməsi barədə qərardad çıxarılarkən isə fındıq mövsümü bitdiyindən cavabdehlər tərəfindən 2023-cü il fındıq sezonu vaxtı iddiaçıya maddi ziyan vurduqlarına dair arqument öz təsdiqini tapmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən tələbin təmin edilmiş hissəsinə uyğun olaraq 100 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və A 677512 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndində yerləşən, İddiaçı mülkiyyətində olan 0,627 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,5299 ha hissəsindən, xx.xx.2020-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və AA 508743 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın, torpaq sahələri iddiaçıya təhvil verilsin. Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 845280 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndində yerləşən, yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş, İddiaçı mülkiyyətində olan 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi iddiaçıya təhvil verilsin. İddia tələbinin Cavabdeh2 0,627 ha torpaq sahəsinin 0,0971 ha hissəsindən çıxarılması hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. İddia tələbi Cavabdeh2 1440 manat, Cavabdeh1 480 manat maddi ziyanın və 40 manat dövlət rüsumunun tutulması tələbinə dair hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar