Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-232/2023 25.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanmış “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 22 sentyabr 2021-ci il tarixli, ÖM/144 saylı müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx6) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inəyin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi X6 izahat verərək bildirdi ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 sentyabr 2021-ci il tarixli, ÖM/144 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh iribuynuzlu maldarlıq təsərrüfatı zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək və 400 kq qarışıq yem natura şəklində təhvil verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən aktivlərin təhvil verilməsinə dair imzalanmış 22 sentyabr 2021-ci il tarixli aktla vətəndaş Cavabdeh “iribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı X1 filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 15 aprel 2022-ci il tarixli aralıq monitorinqi aktına əsasən Cavabdeh verilmiş “iribuynyzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək aşkar edilməmişdir. Cavabdeh aralıq monitorinqi zamanı ona verilmiş 3 baş inəyin təsərrüfata yararsız olduğu üçün satdığını, yerinə 1 baş yanı balalı, 1 baş boğaz inək aldığını, lakin həmin inəklərin evdə olmadığını bildirmişdir. 18 noyabr 2022-ci il tarixdə özünüməşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin yekun monitorinqi keçirilərkən Cavabdeh 3 baş inəyi oğlunun xəstəliyi ilə əlaqədar satdığını bildirmişdir. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış 27 dekabr 2022-ci il tarixli, **********8 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin 30 gün ərzində natura şəklində Agentliyə geri qaytarılması, bu mümkün olmadıqda həmin əmlakın dəyərinin orta bazar qiymətinə uyğun olaraq hesablanmaqla Agentliyin xəzinə hesabına pul vəsaiti şəklində köçürmək təklif edilmiş, əks halda məhkəmə qaydasında dəymiş ziyanın tələb ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Nümayəndə iddianın təmin edilməsini, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 (üç) baş inəyin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 sentyabr 2021-ci il tarixli, ÖM/144 saylı müqavilədən görünür ki, həmin müqavilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 11 saylı Ərazi Məşğulluq Filialı ilə Cavabdeh arasında “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uiyğun olaraq, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi məqsədilə bağlanmışdır. Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə iş materiallarına əlavə edilmiş 22 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Gürcüstan Respublikasından gətirilmiş 3 baş inək və 400 kq qarışıq yem Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 11 saylı Ərazi Məşğulluq Filialının nümayəndəsi tərəfindən Filial adından AQTA-nın arayışı ilə birgə məşğulluğa cəlb olunmuş şəxs Cavabdeh təhvil verilmiş, foto-video görüntülər şəxsi kabinetə əlavə olunmuş, əmlak kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olduğundan akt həm nümayəndə, həm də Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş özünüməşğulluğun təşkili üçün şəraitin təmin ediləcəyi barədə iltizamdan görünür ki, özünüməşğulluğa cəlb edilmiş şəxs Cavabdeh kənd təsərrüfatı sahəsi üzrə özünüməşğulluğun təşkili üçün əmlakı təhvil aldıqda iltizamda göstərilən şərtlərə əməl edəcəyini bildirmişdir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin iş materiallarına əlavə edilmiş 15 aprel 2022-ci il tarixli aralıq monitorinqi aktından görünür ki, yoxlama zamanı 3 baş inək aşkar edilməmiş, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh ona verilmiş 3 baş inəyi təsərrüfata yararsız olduğundan satıb yerinə 1 baş yanı balalı, 1 baş boğaz inək aldığını bildirmişdir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin iş materiallarına əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli yekun monitorinqi aktından görünür ki, yoxlama zamanı 3 baş inək aşkar edilməmiş, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh ona verilmiş 3 baş inəyi oğlunun xəstəliyi ilə əlaqədar satdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialı tərəfindən Cavabdeh ünvanlanmış 27 dekabr 2022-ci il tarixli, **********8 saylı məktubdan görünür ki, Cavabdeh ilə özünüməşğulluğunu təmin etmək məqsədi ilə 22 sentyabr 2021ci il tarixdə ÖM/144 saylı müqavilə bağlanaraq kənd təsərrüfatı istiqamətləri üzrə “iribuynuzlu heyvandarlıq” zərfi çərçivəsində əmlak təqdim edilmişdir. “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 24.1.5-ci bəndinə uyğun olaraq monitorinq zamanı Cavabdeh verilmiş əmlakdan sözügedən müqavilənin 3.2-ci bəndinin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyi (özgəninkiləşdirdiyi) aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü bəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq ƏƏSMN tabeliyində X2 hesabına köçürməlidir. Qeyd olunanları nəzərə alaraq, Agentlik tərəfindən verilmiş əmlakın məktub ona təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarılması, bu mümkün olmadıqda isə əmlakın dəyərini məktub alınan tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanaraq Agentliyin xəzinə hesabına (əlavə olunur) pul vəsaiti şəklində köçürülməsi tələb olunmuşdur. Əks təqdirdə sözügedən Qaydanın 9.2-ci bəndinə və bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsilə tələb ediləcəyi bildirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, “X5” PHŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, özünü məşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. “Məşğulluq haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı “X5” PHŞ tərəfindən 22 sentyabr 2021ci il tarixli, ÖM/144 saylı özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən “iribuynuzlu heyvandarlıq” zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək və 400 kq qarışıq yem natura şəklində Cavabdeh verilmişdir. Lakin monitorinq yoxlamaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh “X5” PHŞ tərəfindən özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən ona natura şəklində verilmiş 3 (üç) baş inəyi satmışdır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydalarına uyğun olaraq iddiaçı cavabdehə eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək vermiş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə riayət etməyərək heç bir əsas olmadan özünün deməsinə görə hər üç inəyi satmışdır. Bu hal işə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməli və Cavabdeh “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 sentyabr 2021-ci il tarixli OM/144 saylı müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək alınaraq natura şəklində “X5” PHŞ-nə verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.7-ci maddəsinə görə sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. İddia tələbinin ikinci hissəsinə əsasən iddiaçı məhkəmə xərclərinin cavabdehdən tutulub Agentliyə ödənilməsini xahiş etsə də, həmin xərclərə dair sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.1965-ci ildə Oğuz rayonu Padar kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 sentyabr 2021-ci il tarixli, ÖM/144 saylı müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək alınaraq natura şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X5” PHŞ-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-232/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-232/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver