Məhkəmə qərarları › İş №e-2(054)-370/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-370/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-370/2024 19.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı 1360 manat məbləğində maddi ziyanın və 60 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair işə 19 avqust 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 1360 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron poçtuna daxil olmuş ərizəsi ilə işə iştirakları olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən administrator vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə tam maddi-məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 295 saylı əmrlə cavabdeh işdən azad edilmişdir. Cavabdeh onunla bağlanmış “Tam maddi-məsuliyyət haqqında” müqavilənin 1ci bəndinin tələblərinə görə ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işə götürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə görə işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 1225 əmrinə əsasən “Oba- Nardaran 2” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibuində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanılması tapşırılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlaması zamanı tərtib edilmiş “inventarizasiya komissiyasına iltizamnamə”ni imzalamaqla və müvafiq qeydlərini aparmaqla sayımda tam olaraq iştirak etdiyini, sayılan çəki və miqdarların sonda qarşılaşdırma vasitəsi ilə yoxlanıldığını, sayım qrupundan və komissiya üzvlərindən heç bir narazılığının olmadığını bildirmişdir. Həmin yoxlama zamanı siyahıya alınmış mal-material qiymətlərinə dair “xx.xx.2022-ci ilxx.xx.2022-ci il” tarixləri üzrə faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş “inventarizasiya nəticələrinə dair yekun akt”a əsasən cavabdehin Cəmiyyətə 1635,28 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh inventarizasiya nəticələrinin araşdırılmasına iştirak etməkdən, nəticələrlə tanış olmaqdan və yekun aktı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq imtina aktı tərtib edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəşt tərtib edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 1360 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq iddianın təmin olunması xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbi ilə bağlı araşdırma aparılmasına ehtiyac yoxdur, çünki iddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.Belə ki, iddiaçı ziyanın vurulmasını müəyyən etdiyi vaxtdan 1 il ərzində müraciət etməli idi. Bununla bağlı ərizəsini məhkəməyə təqdim edib. Bundan əlavə ondan tələb olunan ziyan məbləği mövcud deyil, çünki ilk sayım zamanı kəsiri müəyyən edilməyib. Sonra müəyyən edilmiş 1360 manat ziyan ona aid deyil.Sayımın yenidən keçirilməsini tələb etsə də onun xahişini qəbul etməyiblr. Buna görə də sənədlərə imza etməyib. Əslində bu səhvlik MMC-nin sistemində yaranan səhvdir. İşlədiyi 2 il yarim dövrdə kəsiri olmayıb. Valideynlərinin xəstəliyi ilə bağlı işdən çıxıb. xx.xx.2022-ci ildə onun əmək kitabçasını veriblər, lakin onun təqsirli olması ilə bağlı qeyd yoxdur. İddia müddətini nəzərə almaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İddiaçı MMC-nin işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 569-K saylı əmrindən çıxarışdan, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən, əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh həmin tarixdən 3 aylıq sınaq müddəti müəyyən edilməklə İddiaçın Satış Departamentinin Satış şöbəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı MMC-nin işə əlavə edilmiş vəzifə dəyişikliyi haqqında xx.xx.2020-ci il tarixli, 009 saylı əmrindən çıxarışdan, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən, əmək müqaviləsinə əlavənin və tam maddi məsuliyyət haqqında müqavilənin, vəzifə təlimatının surətindən görünür ki, Cavabdeh həmin tarixdən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində maddi-məsul vəzifə olan administrator vəzifəsinə keçirilmiş, işçinin işəgötürənə vurduğu ziyanla bağlı tam maddi məsuliyyət şərtlərini qəbul etmişdir. Oba Market” MMC-nin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 295 saylı əmrindən çıxarışdan, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin tarixdən Cavabdeh ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Cavabdeh İddiaçı MMC-nin inventarizasiya komissiyasına verdiyi və işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli iltizamnamədən görünür ki, yoxlama və araşdırma prosesi zamanı heç bir səhvlik aşkar olunmayıb, iltizamnamə maddi-məsul şəxs, bölgə müdiri və yoxlama işçi qrupunun rəhbəri tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş ”Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli əmrdən, “Oba-Nardaran 2” filialında aparılmış yoxlama nəticələrinə dair xx.xx.2022-ci il tarixli və aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2022-ci il tarixli yekun aktlarından görünür ki, yoxlama və inventarizasiya araşdırmaları ilə bağlı sənədlərə Cavabdeh tərəfindən imza edilməmişdir. İddiaçı MMC-nin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, Cəmiyyətin “Oba-Nardaran 2” mağazasında Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi-məsul şəxs Cavabdeh iştirak etməyinə baxmayaraq araşdırmanın nəticələri ilə tanış olmamış, heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-1635,28 AZN) səbəbi barədə izahat verməkdən imtina etmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, DN-3464 saylı xəbərdarlıq məktubundan görünür ki, inventarizasiya prosesinin nəticələrinin imzalanması üçün Daxili Nəzarət Departamentinə yaxınlaşması Cavabdeh tələb olunmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, DN-962 saylı xəbərdarlıq məktubundan görünür ki, faktiki qalıq borcu olan 1360 AZN pulun 3 gün ərzində ödənilməsi Cavabdeh tələb edilmiş, əks halda müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. İddiaçı MMC-nin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixdə 1635,28 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə onun xx.xx.2023-cü il tarixə iddiaçıya olan ümumi borcu 1360 manat təşkil edir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, e-2(054)-164/2024 saylı qərardadından görünür ki, iddiaçının tərəflər arasında razılıq olmadığı halda, ərazi aidiyyəti üzrə Oğuz Rayon Məhkəməsinə aid mübahisələrlə bağlı mediasiya sessiyasını aparmaq səlahiyyəti olmayan mediasiya təşkilatına müraciət etməsi, bununla da mediasiya prosesində iştirakla bağlı qanunvericilikdə müəyyən edilmiş qaydaları pozması nəzərə alınmaqla İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı 4 saylı Mediasiya Təşkilatının həmin iş materiallarına əlavə edilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/4-2023-0043 saylı arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə edilmişdir. Şəki 1 saylı Mediasiya Təşkilatının işə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞŞ/MT0182024-00703 saylı arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğ iddiaçının nümayəndəsi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsindən istifadə edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz rayon sakini Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən “Oba” Marketlər şəbəkəsinə kassir-satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, həmin vaxt onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cəmiyyətin “Oba-Nardaran 2” mağazasında Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi-məsul şəxs Cavabdeh iştirak etməyinə baxmayaraq araşdırmanın nəticələri ilə tanış olmamış, heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-1635,28 AZN) səbəbi barədə izahat verməkdən imtina etmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən onun iddiaçıya olan ümumi borcu 1360 manat təşkil etmişdir. İddiaçı tərəfindən xəbərdarlıq edilsə də həmin məbləğin ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.Belə ki, iddiaçı ziyanın vurulmasını müəyyən etdiyi vaxtdan 1 il ərzində müraciət etməli idi. Bundan əlavə ondan tələb olunan ziyan məbləği mövcud deyil, çünki ilk sayım zamanı kəsiri müəyyən edilməyib. Sonra müəyyən edilmiş 1360 manat ziyan ona aid deyil. Sayımın yenidən keçirilməsini tələb etsə də onun xahişini qəbul etməyiblr. Buna görə də sənədlərə imza etməyib. Əslində bu səhvlik MMC-nin sistemində yaranan səhvdir. İşlədiyi 2 il yarim dövrdə kəsiri olmayıb. xx.xx.2022-ci ildə onun əmək kitabçasını veriblər, lakin onun təqsirli olması ilə bağlı qeyd yoxdur. İddia müddətini nəzərə almaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ziyan vurulması faktını iddiaçı xx.xx.2022-ci il tarixdə aşkar etmişdir. Bakı 4 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/4-2023- 0043 saylı arayışına əsasən iddiaçı tərəfindən cavabdehə mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə, yəni ziyan vurulması aşkar edildikdən 1 il sonra edilmişdir. Daha sonra iddiaçı həmin sənədi əlavə etməklə 1360 manat ziyanın ödənilməsinə dair iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, artıq Bakı 4 saylı Mediasiya Təşkilatına müraciət edərkən iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasının aşkar edildiyi gündən 1 il müddət” ötürülmüşdür. Qanunvericilik “işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində” müraciət etməsini təsbit etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin qüvvədə olan normaları nəzərə alınmaqla iddiaçı müddəti keçirməklə məhkəməyə müraciət etdiyindən iddia tələbi təmin olunmamalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı MMC-nin Cavabdeh qarşı iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 1360 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar